Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri

 

XXI əsrin birinci onilliyi ölkənin tarixinə bir çox mühüm hadisələrlə yazıldı. Onlardan biri də çox böyük zəhmət və maliyyə vəsaiti hesabına paytaxt Bakıya Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsidir. Hələ 1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi şəhər əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı səylər göstərirdilər. Həmin dövrdə Bakını vəba xəstəliyi bürüyürdü. Səbəblərdən biri də Kürdən gələn suyun həddən artıq çirkli olması idi. Hacı Zeynalabdin Tağıyev çıxışlarından birində deyirdi: "Bir halda ki, Tiflisdə çaya kanalizasiya suyu axıdılır, onu xalqa vermək olmaz".

1898-ci ildə Hacı öz vəsaitindən 3 min manat qızıl pul ayırır və şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Orada hidravliklərin beynəlxalq qurultayı keçirilirdi. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir. Qurultayda iştirak edən milliyyətcə isveç, ingilis təbəəsi, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik mühəndis L.Lindley bu təklifi qəbul edir, Azərbaycanda içməli su mənbələri axtarır və Şollar bulaqlarını bəyənir. Şəhərə təmiz su daşıyıb satan erməni Adamyan-Babayan qardaşları və Saruxanyan kəmərin çəkilişinin əleyhinə kampaniyalara başlayır. Lakin Hacı buna baxmayaraq işə başlayır. 1904-cü ildə Şollar-Bakı su kəmərinin çəkilişinə başlanılır və 1916-cı ildə ilk dəfə Bakıya tər-təmiz içməli Şollar suyu verilir.

Azərbaycanda içməli su mənbəyi kimi ən çox transsərhəd çayları sularından istifadə edilir. Ölkənin əsas su mənbələrini Kür və Araz çayları təşkil edir. Bu çaylar Şirvan, Muğan, Mil və ölkənin qərb zonasını əhatə etməklə Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərinin bir hissəsinin suya olan ehtiyacını ödəyir. Bir hissəsi də Şollar və Xaçmaz su mənbələrinin yeraltı sularından istifadə etməklə ödənilir. Lakin uzun illərdir içməli su kimi şəhər əhalisinə paylanan su nə qədər nəzarətdə saxlansa və ya bir neçə dəfə yuyularaq təmizlənsə də, tərkibindəki ağır metalları təmizləmək praktik olaraq mümkün olmur. Çünki Kür və Araz çayları Ermənistan və Gürcüstandan keçdiyindən kimyəvi sənaye və məişət tullantıları ilə çirkləndirilir. Ona görə də mütəxəssislər bu çayların sularını içməli su kimi istifadəyə yararsız hesab edirdilər. Yerüstü sular nə qədər təmizlənsə də, mütəxəssislər içməli su mənbəyi kimi yeraltı suları üstün tuturdular. Çünki yerüstü sulardan fərqli olaraq yerin altındakı sular ekoloji cəhətdən təmiz, süzülmüş və tərkibi minerallarla zəngindir.

Həyatımız və sağlamlığımız üçün ən dəyərli nemət olan təmiz içməli su problemi ulu öndər Heydər Əliyevi narahat etməyə bilməzdi. Odur ki, 2002-ci ilin dekabrında ümummilli lider insanların sağlamlığı, rifahı naminə Bakı şəhərinə təmiz su çəkilməsi ilə bağlı müvafiq tapşırıqlarını verir. Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında məsələ qaldırılmış və həmin bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü. Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Bu xeyirxah əməl ulu öndərin təşəbbüsü ilə başlayaraq Prezident İlham Əliyevin fəaliyyəti ilə başa çatdı.

2005-ci ilin avqustunda dövlət başçısı regionların, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdı. Həmin ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı müşavirə keçirildi. Müşavirədə Bakı şəhərinin su təchizatının təmin edilməsi məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazilərindən yeni su kəmərinin çəkilməsi üçün bir daha müzakirələr aparılmış, işlərin yerinə yetirilməsinə dair mühüm tapşırıqlar verilmişdi. Beləliklə, 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu, tikinti başladı. Mütəxəssislər Alazan-Əyriçay hövzəsinin Oğuz və Qəbələ ərazisində yeraltı suların kəşfiyyatını apararaq saniyədə 5 kubmetr həcmində istismar ehtiyatlarının hesablanması üzrə işləri həyata keçirdilər. 120-150 metr dərinliyində qazılmış müşahidə quyularında ekoloji cəhətdən saf, keyfiyyətinə görə bütün standartlara cavab verən hesabat hazırladılar. Məqsəd Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini Bakıya yönəltmək idi.

2010-cu il dekabrın 28-də dövlət başçısının iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirildi. Həmin toplantıda çıxış edən Prezident İlham Əliyev bu möhtəşəm layihənin həyata keçirilməsində güclü iradənin və düşünülmüş siyasətin olduğunu vurğuladı: "Kəmərin tikintisinə böyük maliyyə vəsaiti ayırdıq və bilirik ki, bu vəsait bəlkə də geri qayıtmayacaqdır. Çünki bildiyiniz kimi, bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir. Əgər iqtisadi imkanlarımız olmasaydı əlbəttə ki, biz bu layihəni həyata keçirə bilməzdik. ...Bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik. ...Bu, böyük maliyyə vəsaiti, böyük texniki, peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik..."

"Azərsu" SC-nin başçısı N.Rzayevin mətbuata verdiyi açıqlamadan məlum oldu ki, texniki tələblərə uyğun olaraq su kəməri bir neçə ay ərzində tam layihə gücündə işləməyə başlayacaq, şəhər əhalisinin 75 faizə qədəri fasiləsiz su ilə təmin olunacaq. Dəniz səviyyəsindən 410 m yüksəklikdə yerləşən sugötürücü qovşaqda hər birinin həcmi 10000 kubmetr olan iki su anbarı, xlorator qurğusu, inzibati və laboratoriya üçün binalar və sair qurğular tikilib. Ümumi uzunluğu 262,5 km olan 2000 mm diametrli şüşəlifli poliestr borulardan quraşdırılmış boru xətti vasitəsilə suyun nasoslardan istifadə edilmədən, öz axını ilə (elektrik enerjisi sərf etmədən) Bakı şəhərinə nəql olunması həyata keçirilir. Su kəməri xətti boyunca təzyiq nizamlayıcı qurğular tikilib. Kəmər boyu ümumi eni 25 m olan sanitar mühafizə zolağı yaradılmışdır. Bakı şəhərinin girişində dəniz səviyyəsindən 190 metr yüksəklikdə bu kəmərin istismarı ilə əlaqədar inzibati bina, xlorlama məntəqəsi, fiziki-kimyəvi laboratoriya, su bölüşdürücü kamera tikilmiş və su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə edilməsi məqsədilə SCADA sistemi tətdiq edilib. Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70.000 kubmetr tutumu olan yeni su anbarları yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş, digər işlər görülmüşdür.

Bu gün Azərbaycanda, onun paytaxtında çox mühüm, nəhəng layihələr həyata keçirilir. Ölkənin iqtisadi qüdrətini özündə əks etdirən həmin layihələrin hamısının isə bir məqsədi var - Azərbaycanı insanlar üçün bütün qayğılardan azad, yaşamaq və işləmək üçün ideal bir məkana çevirmək.

 

 

R.RZALI

 

Azərbaycan.- 2011.-1 fevral.- S. 3.