Azərbaycanda Layihələrin İdarə Edilməsi Məktəbi təsis edilmişdir

 

bp və onun "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda Layihələrin İdarə Edilməsi Məktəbinin təsis edilməsi üçün 1 milyon dollar vəsait ayıracaqlar.

Özəl və ictimai sektorlarda çalışanlar üçün nəzərdə tutulmuş bu layihə dünyada tanınmış, hərtərəfli layihə idarə edilməsi proqramına daxil olmaq imkanını təmin edir. Layihənin əsas məqsədi ölkədə layihə idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi və uzunmüddətli layihə idarə edilməsi biliklərini yaratmaqdır. Məktəbin tədris planı dünyada tanınmış 2 - Corc Vaşinqton Universiteti tərəfindən verilən "Layihələrin İdarə Edilməsi üzrə Magistr Sertifikatı" və Layihələrin İdarə Edilməsi İnstitutu tərəfindən verilən "Layihənin İdarə Edilməsi Mütəxəssisi" sertifikatlarının alınması üçün tərtib olunmuşdur.

Proqram 8 moduldan ibarət olacaq: layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və əlaqə, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmi və layihələrin idarə edilməsi mütəxəssisi imtahanına hazırlıq. Bundan başqa, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kurslar ingilis dilində keçiriləcək və 2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaq.

Layihə Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində, layihələrin idarə edilməsi və onunla bağlı problemlərin həlli sahəsində aparıcı şirkət olan ESİ İnternational tərəfindən icra ediləcək.

bp Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir yeni layihə barədə deyir: "Azərbaycana gəldiyimiz birinci gündən başlayaraq bp və onun tərəfdaşları bacarıqların yaradılması sahəsində ölkənin səylərinə qətiyyətlə kömək etmək niyyətini nümayiş etdirir. Biz sahibkarlığın inkişafına dəstək vermək üçün əsas bacarıqların yaradılması məqsədi ilə yüzlərlə layihə həyata keçirmişik ki, biznes fəaliyyətlərimizdə yerli şirkətlərin iştirakı genişlənsin. Ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə Elmlər Akademiyası, universitetlər və kolleclər də daxil olmaqla onlarla yerli təhsil və elmi institutlarla əməkdaşlıq etmişik. Biz Azərbaycanın uğurlu gələcəyinə töhfələr vermək öhdəliyimizə sadiqik və bu öhdəliyin bir hissəsi kimi, tərəfdaşlarımızla birgə yeni bir mühüm təhsil təşəbbüsünə dəstək veririk. Mən çox məmnunam ki, bu proqram vasitəsilə biz iqtisadiyyatın bütün sahələrindən 120 nəfərdən artıq orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcəyik".

Kadrlar üzrə vitse-prezident Syu Adlam Hill: "bp və onun Azərbaycandakı tərəfdaşları yerli istedadların inkişafını diqqət mərkəzində saxlayır. İxtisaslı işçi heyətimizin 88, ixtisaslı olmayan işçilərimizin isə 100 faizi Azərbaycan vətəndaşlarıdır. İşçilərimizin beynəlxalq ixtisaslar almaq imkanları da daxil olmaqla öz əməkdaşlarımız üçün bizim bir sıra təlim təşəbbüslərimiz var. Mən çox məmnunam ki, indi biz Layihələrin İdarə Edilməsi Məktəbinin əsasını qoymaqla Azərbaycanda peşəkarlara inkişaf imkanı verən mühüm bir addım atırıq".

 

 

Azərbaycan.- 2011.- 1 fevral.- S. 3.