İnkişafın Azərbaycan
modeli: regionların sürətli inkişafı
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit və tarazlı tempini qorumaq üçün regional inkişafda tarazlılığın, hər bir bölgənin tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdən biridir. Dövlət başçısı İlham Əliyevin ötən 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş xüsusi dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
2009-cu il 14 aprel tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ön söz və ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" əsərində də regional inkişaf tədbirləri milli iqtisadi inkişaf modelini səciyyələndirən əsas amil kimi önə çəkilmişdir. Kitabda regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektorunun tərəqqisi sahəsində həyata keçirilən tədbirlər əhatəli, dolğun və sistemli şəkildə əksini tapmışdır.
Əsərin
müzakirəsi ilə bağlı "Azərbaycan" qəzetinin
Yevlax şəhərində təşkil etdiyi "dəyirmi
masa" konkret bir bölgə timsalında Azərbaycanın
regional inkişaf sahəsində böyük uğurlar
qazandığını bir daha təsdiqləmişdir. Tədbirdə
Milli Məclisin deputatları, rayonun rəhbər şəxsləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri
iştirak etmişlər.
"Dəyirmi masa"nı giriş sözü ilə açan Milli
Məclisin deputatı, "Azərbaycan" qəzetinin
baş redaktoru Bəxtiyar SADIQOV
dedi:
- Hörmətli "dəyirmi masa" iştirakçıları!
Dinamik inkişaf göstəricilərinə malik Azərbaycan üçün ən xarakterik xüsusiyyət tərəqqi prosesinin davamlı xarakter daşımasıdır. Bunu şərtləndirən əsas amillərdən biri sözügedən inkişafı təmin edən mükəmməl xarakterli bazanın formalaşdırılması, onun bütün əsas sahələri, o cümlədən sosial-iqtisadi sferanı da özündə ehtiva etməsidir. Beləliklə, bir daha tarix əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilən inkişaf strategiyasının nə dərəcədə böyük uzaqgörənliklə müəyyənləşdirildiyini sübuta yetirir.
Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət bu gün həmin sferada Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarmışdır. Elə bunun nəticəsidir ki, iqtisadi inkişafdan danışarkən artıq Azərbaycan modelindən də bəhs olunur. İndi dünyanın da böyük maraq göstərdiyi bu modelin elmi-nəzəri əsaslarının mükəmməl bir formada işlənib hazırlanması isə günün vacib tələblərindən biridir. Bu, şübhəsiz ki, müvafiq sahədə fəaliyyət göstərən alimlər qarşısında duran prioritet vəzifələrdən olmalıdır.
İnkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətlərindən biri də yaşanan tərəqqinin bütün ölkə üzrə - proporsional qaydada paylanmasıdır. Yəni bu gün mövcud inkişaf təkcə mərkəzdə yox, siması günü-gündən dəyişən regionlarda da özünü qabarıq büruzə verir. Regionların inkişafı, onların potensialından səmərəli qaydada istifadəsi möhtərəm Prezident İlham Əliyevin hər zaman xüsusi diqqət mərkəzində yer almışdır. Fərəhli haldır ki, bu gün regionların inkişafı sahəsində Azərbaycan böyük nailiyyətlər əldə edə bilmişdir.
Regionların inkişafından danışarkən ilk növbədə dövlət başçısının 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və onun davamı kimi qəbul edilmiş ikinci proqram xüsusi qeyd olunmalıdır. İstər icrası başa çatmış ilk proqramın, istərsə də dövlət başçısının 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın məqsədləri genişdir. Burada regionların mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialından səmərəli istifadə, aqrar sektorda islahatların dərinləşdirilməsi kimi məqamları qeyd etmək olar. Eyni zamanda, regionlarla bağlı həyata keçirilən siyasət həm də iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, yoxsulluğun azaldılmasına, infrastrukturun yenilənməsinə, müasir istehsal obyektlərinin yaradılmasına xidmət edir.
Bütün bunlar ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsini göstərən daha bir önəmli faktor kimi çıxış edir. Çünki neft və qaz gəlirlərinin səmərəli istifadəsi, bölgələrə böyük həcmdə investisiya yatırılması nəticəsində regionlar bu gün sürətlə inkişaf edir. Onlar ümumi iqtisadiyyatda öz xüsusi çəkilərini davamlı olaraq yüksəldirlər. Hazırda özəl sektorda əsas pay sahiblərindən biri kimi məhz regionlar çıxış edir. O da xüsusi vurğulanmalıdır ki, regionlarda özəl sektorun inkişafı üçün böyük həcmdə və əsas etibarı ilə güzəştli şərtlərlə kreditlər ayrılmışdır.
Ölkənin regionlarının sürətli tərəqqisini nəzərdə tutan ikinci dövlət proqramının üstün cəhətlərindən biri həm də ondan ibarətdir ki, onun hazırlanması zamanı Prezident İlham Əliyevin göstərişi ilə regionlardan gələn təkliflər nəzərə alınmışdır. Məhz bunun nəticəsində bölgələrdə yaşayan insanların həllini prioritet hesab etdiyi məsələlər proqramda önə çəkilmişdir. Onların çözümü üçün həm icra mexanizmləri və vaxt müəyyən olunmuş, həm də lazımi maddi resursların hər il dövlət büdcəsində ayrılması nəzərdə tutulmuşdur. Bu zaman yenə də insan kapitalının inkişafı diqqət mərkəzində olmuş, sosialyönümlü siyasət prioritet istiqamət təşkil etmişdir. Bütün bunlar regionlara, bütövlükdə isə Azərbaycana daha parlaq gələcək, eləcə də daha sürətli inkişaf tempi və yeni nailiyyətlər vəd edir.
Azərbaycanın milli inkişaf modelinin ən səciyyəvi xüsusiyyətlərindən biri də regional inkişafa xüsusi qayğı və diqqətin göstərilməsidir. Təqdirəlayiq haldır ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ön söz və ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabında da bu məsələyə geniş yer ayrılmış, eyni zamanda milli inkişaf modelinin xüsusiyyətləri ilk dəfə olaraq praktik-nəzəri əsasda göstərilmişdir. Elmi sanbalı, sosial-iqtisadi islahatlara analitik yanaşması ilə diqqət çəkən bu əsər həm də inkişafın Azərbaycan modeli ilə bağlı maraqlı müzakirələrə, diskussiyalara yol açmışdır.
Bugünkü "dəyirmi masa"nın Yevlax rayonunda keçirilməsi də təsadüfi deyildir. Sevindirici haldır ki, Yevlax rayonu da son illərdə sürətlə inkişaf edir, respublikanın ümumi yüksəlişi və tərəqqisi prosesinə töhfəsini verir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçrilən siyasətin ən mühüm nəticələrindən biri də Yevlaxda son 7 ildə 13 mindən artıq yeni iş yerinin yaradılmasıdır. Eləcə də iqtisadiyyatın sürətli, dinamik inkişafı Yevlaxda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılmasına şərait yaratmış, şəhərin, qəsəbə və kəndlərin siması bütünlüklə dəyişmişdir.
Bu barədə danışmaq üçün söz Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar VƏLİYEVə verilir.
Elmar VƏLİYEV:
- Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin uzun illərə hesablanmış sosial-iqtisadi strategiyası respublikamızın hərtərəfli inkişafına əsaslı zəmin yaratmışdır. Bu kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli inkişafını təmin edən, dərin elmi əsaslara söykənən iqtisadi siyasəti nəticəsində respublikamız qısa zamanda nəinki regionun, eləcə də dünyanın sürətlə inkişaf edən diyarına çevrilmişdir və neçə illərdir ki, bu sahədə liderliyini davam etdirir. Bütövlükdə Azərbaycanın siması dəyişir, həyatımız daha gözəl və firavan olur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifliyi ilə çapdan çıxmış "İnkişafın Azərbaycan modeli" kitabı da məhz respublikamızın dinamik inkişaf salnaməsini özündə əks etdirir. Kitabda ölkənin iqtisadi tərəqqisinə şərait yaradan qanunlar, qərarlar, fərman və sərəncamlar, dövlət proqramları və digər mühüm sənədlərin izahı verilmiş, inkişafın Azərbaycan modelinin xüsusiyyətləri şərh edilmişdir. Kitabı oxuduqca ölkənin qısa dövrdə necə böyük inkişaf yolu keçdiyinin şahidi oluruq və bu, hamıda qürur hissi doğurur.
Möhtərəm Prezident 2004-cü ilin mart ayının 26-da mənə çox böyük etimad göstərərək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edərkən şəhərin respublikanın mühüm coğrafi mərkəzi, vaxtı ilə iri sənaye şəhərlərindən biri olduğunu vurğulamış, son illər buradakı sosial-iqtisadi geriliyi narahatlıqla qeyd etmişdir. Eyni zamanda qarşıya belə bir vəzifə qoymuşdur ki, qısa zamanda bütün sahələrdə ciddi dönüş yaradılmalı, adamları narahat edən problemlər, işsizlik aradan qaldırılmalıdır.
İşə başladığımız ilk gündən rayon fəalları, ziyalılar və ağsaqqallarla görüşüb vəziyyətdən çıxış yollarını müzakirə edərkən ümumi fikir belə oldu ki, intizam, işə məsuliyyət hissi gücləndirilməli, bütün qüvvə və ehtiyat mənbələri səfərbər edilməli, sahibkarlığın inkişafına münbit şərait yaradılmalı, yeni iş yerlərinin açılması üçün investorlarla iş aparılmalıdır. Şəhərin yaşayış məhəllələrində, ayrı-ayrı qəsəbə və kəndlərində insanlarla görüşlərimiz zamanı əhali elektrik enerjisi, təbii qaz, içməli su təminatından, yol və işsizlik problemlərinin olduğundan şikayətlənirdi. Vəziyyəti nəzərə alaraq gündəlik işlərə nəzarət edən, eyni zamanda qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə məşğul olan operativ qərargah yaratdıq. Qərargaha Yevlax Şəhər İcra Hakimiyyətinin, əlaqədar idarə və müəssisələrinin rəhbərləri, ziyalılar, ağsaqqallar daxil edildi. Yeri gəlmişkən deyim ki, qərargah 7 ildir öz işini fasiləsiz davam etdirir və uğurların, nailiyyətlərin əldə olunmasında bu qurumun rolu əvəzsizdir.
Qısa müddət ərzində insanların narahatlığına səbəb olan və uzun illər davam edən sosial problemlərin ardıcıllıqla həllinə çalışmaqla yanaşı, şəhərin iqtisadiyyatını gücləndirən yeni layihələrin həyata keçirilməsi, yeni iş yerlərinin açılması istiqamətində işlər apardıq. Ölkə rəhbəri 2004-cü ilin iyun ayında şəhərimizə səfər etdi, 2 ay ərzində görülən işlərlə tanış oldu, görülmüş işləri yüksək qiymətləndirdi, dəyərli tövsiyələrini verdi. Cənab Prezidentin tövsiyə və tapşırıqları bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil etdi.
Qısa müddətdə sahibkarların vəsaiti ilə "Lalə-tekstil" MMC Tikiş Fabriki, "Dan" Kərpic Zavodu, "Arfa" Mebel Fabriki, "Gilan" Dəri Emalı Fabriki, "Azərtoxum" MMC, iki asfalt zavodu, beton zavodu, makaron və çörək sexləri tikilib istifadəyə verildi. "Qida" kombinatı əsaslı şəkildə yenidən qurularaq təzə istehsal sahələri yaradıldı. Uzun müddət işləməyən "Təmir" ASC-nin fəaliyyəti bərpa edildi. Bu müəssisələr şəhərin iqtisadiyyatını gücləndirməklə yanaşı, məşğulluğun təmin olunmasında mühüm rol oynadı. Bütün bunların nəticəsi olaraq son 7 ildə 13 mindən artıq yeni iş yeri yaradılmışdır.
İnkişafın Azərbaycan modeli qeyri-neft sektorunun, xüsusilə regionların hərtərəfli inkişafını təmin edir. İcrası başa çatmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və bu gün icrası davam etdirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın regional inkişaf prosesində müstəsna əhəmiyyəti var. Məhz həmin dövlət proqramlarının, eləcə də tərəfimizdən qəbul edilmiş "Yevlax şəhərinin sosial-iqtisadi inkişafı Proqramı"nın icrası nəticəsində son 7 ildə Yevlaxda 2100-dən çox iri layihə həyata keçirilmişdir. Bunlardan 454-ü abadlıq, yenidənqurma, xiyaban və parkların salınması, küçələrin asfaltlanması, 234-ü təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi və təmiri, 439-u infrastrukturun yenidən qurulması və tikintisi, 187-si yaşayış binalarının tikintisi, təmiri, dam örtüklərinin dəyişdirilməsi, 31-i istehsal təyinatlı obyektlərin tikintisi, 58-i idarə, müəssisə, təşkilatların inzibati binalarının tikintisi və əsaslı təmiri, 761-i ticarət və xidmət obyektlərinin tikintisi və yenidənqurulması üzrə olmuşdur.
Bu müddətdə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 842 milyon manatdan çox olmuşdur. Ümumi daxili məhsul istehsalı 2010-cu ildə 548 milyon manat təşkil etmişdir və bu da 2003-cü ilə nisbətən 8,1 dəfə çoxdur. Yeni sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi hesabına sənaye məhsulu istehsalı 12 dəfədən çox artaraq 12 milyon manata çatmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı 2,5 dəfə artmış, əhalinin gəlirləri 2003-cü ildəki 46,5 milyon manatdan 7,1 dəfə artaraq 2010-cu ildə 329 milyon manata çatmışdır. İşçilərin orta aylıq əməkhaqqı 6,6 dəfə artaraq 2003-cü ildəki 31 manatdan 2010-cu ildə 171,4 manata yüksəlmişdir. 2003-cü ildə cəmi 3,2 milyon manat təşkil edən şəhərin büdcə xərcləri 2010-cu ildə 18 milyon manata yüksəlmişdir.
İqtisadiyyatın dinamik inkişafı Yevlaxda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılmasına şərait yaratmış, şəhərin, qəsəbə və kəndlərinin siması bütünlüklə dəyişmişdir. Heydər Əliyev, Nizami prospektləri, Füzuli, S.Vurğun, C.Mustafayev, C.Cabbarlı küçələri yenidən qurulmuş, prospekt və küçələrdə genişləndirmə və abadlaşdırma işləri aparılmışdır. Heydər Əliyev, Nizami prospektlərində yerləşən bütün binaların dam örtükləri mansar üslubunda yenidən qurulmuş, binaların fasadları milli ornamentli üzlük daşla üzlənmişdir. Şəhərin 2 prospekt, 102 küçəsi asfaltlanmışdır. Ümumilikdə prospekt, küçə və meydanlara 1,5 milyon kvadratmetr asfalt salınmış, 39,6 km yeni səkilər tikilmişdir. Şəhərdə 28 idarə, müəssisə və təşkilatların inzibati binaları inşa edilmişdir. Şəhər daxilində 97 km, kəndlərdə 28 km asfalt yol çəkilmişdir.
Yevlaxın isti iqlim şəraiti nəzərə alınaraq, yeni ağacların əkilməsinə xüsusi diqqət yetirilmişdir. Xüsusilə "Ekologiya ili" ərəfəsində şəhərdə, qəsəbə və kəndlərdə, Bakı-Qazax şose yolunun rayon ərazisindən keçən hissəsi boyunca yeni əkilən 2 milyondan çox ağac və gül kollarına qulluq məqsədilə yaşıllaşdırma və işıqlandırma idarəsi yaradılmışdır. Eyni zamanda, yaşıllıqların suvarılması üçün müxtəlif ölçülü borularla 14,6 km su xətti çəkilmiş, 6 ədəd yeni su avtomaşını alınmışdır.
Şəhərin elektrik enerjisi, təbii qaz və içməli su təminatındakı problemlərin aradan qaldırılması istiqamətindəki tədbirlər də davamlı xarakter daşıyır. Şəhərdə, qəsəbə və kəndlərdə 106 ədəd yeni güc transformatoru quraşdırılmış, paylayıcı elektrik şəbəkəsi yenidən qurulmuş, buradakı iki ədəd transformator yeniləri ilə əvəz olunmuş, mövcud güc 17 meqavat artırılaraq 40 meqavata çatdırılmışdır. Bu da əhalinin və istehsal müəssisələrinin etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına zəmin yaratmışdır.
II Dövlət Proqramına uyğun olaraq rayonun qaz təsərrüfatı tamamilə yenidən qurulur. Yevlax şəhərinə, habelə rayonun 20 qəsəbə və kəndlərinə qaz verilməsi başa çatmışdır. Digər yaşayış məntəqələrinin də qazlaşdırılması üçün tədbirlər görülür. Son 7 ildə 186,3 km daşıyıcı qaz xətləri, 8,3 km sənaye qaz xətti çəkilmiş, iki yeni qazpaylayıcı stansiya tikilmiş, 1 qazpaylayıcı stansiya əsaslı təmir olunmuşdur.
Əhalinin içməli su təminatındakı çətinlikləri aradan qaldırmaq üçün Kür çayı sahilində yeni nasos stansiyası tikilərək 530 mm-lik boru ilə şəhərə 3,1 km su xətti çəkilmişdir. Ümumilikdə şəhər və kəndlərdə 245,4 km içməli su xətləri çəkilmiş, 48 ədəd artezian və subartezian quyuları qazılmış, 44 ədəd subartezian bərpa edilmişdir. 3 kəndə isə Mingəçevir su anbarından içməli su çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, rayonun 14 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Hazırda daha 4 kənddə belə qurğular quraşdırılır.
Sosial obyektlərdə (məktəblər, səhiyyə müəssisələri, bağçalar) 10 ədəd qazanxana tikilmiş, 4-də isə əsaslı təmir və bərpa işləri görülmüşdür. Rayonun bütün qəsəbə və kəndləri telefonlaşdırılmış, elektron tipli ATS-lərlə təmin olunmuşdur. Şəhər və kəndlərdə 22 poçt binası tikilmişdir. Bu gün Yevlaxda 10 nazirliyin və dövlət komitələrinin regional müəssisələri fəaliyyət göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Yevlaxda təhsil, səhiyyə yenidən qurulmuş, bu istiqamətdə böyük işlər görülmüşdür.
Bizim üçün çox fərəhləndirici haldır ki, 7 il ərzində şəhərimizə 6 dəfə səfər etmiş möhtərəm Prezident və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir sıra obyektlərin açılışında iştirak etmişlər. Dövlət başçısının şəhərimizə hər səfəri bizim üçün tarixi hadisəyə çevrilmişdir. Cənab İlham Əliyevin görülmüş işlərə yüksək qiymət verməsi, rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında fəal iştiraklarına görə 12 yanvar 2011-ci il tarixdə 14 nəfər yevlaxlını fəxri adlara layiq görməsi, "Tərəqqi" medalı ilə təltif etməsi hər bir rayon sakinində ruh yüksəkliyi doğurmuş, daha yaxşı işləməyimizə böyük stimul vermişdir.
Ulu öndər Heydər Əliyevin "Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm" arzusu, sözün əsl mənasında, bu gün Yevlaxda öz reallığını tapmışdır. Sonda bildirmək istəyirəm ki, "İnkişafın Azərbaycan modeli" kitabı bir çox dövlətlərin onilliklərlə keçdikləri inkişaf yolunu qısa zamanda çox uğurla qət edən respublikamız, habelə onun əbədiyaşar lideri Heydər Əliyevin və möhtərəm Prezident cənab İlham Əliyevin titanik fəaliyyəti haqqında dəyərli tədqiqat əsəridir. Bu kitab vasitəsilə indiki və gələcək nəsillər Azərbaycanın intibah və çiçəklənmə dövrü olan son 17 illə yaxından tanış olacaqlar. Bu mənada kitabın hazırlanıb işıq üzü görməsində böyük əməyi olan akademik Ramiz Mehdiyevə və yaradıcı heyətə dərin təşəkkürümüzü bildiririk.
Bəxtiyar SADIQOV:
- Hər bir ölkənin davamlı və sabit inkişafında sahibkarlar sinfinin rolu birmənalıdır. Azərbaycanda son illərdə həyata keçirilən iqtisadi siyasət də məhz bu təbəqənin ümumi daxili məhsuldakı çəkisinin 85 faizə yüksəlməsi ilə nəticələnmişdir. Xüsusi vurğulamaq istərdim ki, Yevlax şəhərinin hazırkı dinamik inkişafında da ayrı-ayrı iş adamlarına göstərilən diqqət və qayğının xüsusi rolu vardır. Bu barədə məlumat vermək üçün söz Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının bölmə müdiri Qənimət QARAŞOVa verilir.
Qənimət QARAŞOV:
- Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində keçən əsrin 70-80-ci illərində Yevlaxda iri sənaye müəssisələri tikilmiş, güclü sənaye potensialı yaradılmışdır. Həmin dövrdə sənaye məhsulu istehsalının həcminə görə Yevlax respublikanın üçüncü şəhəri idi. 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində respublikaya rəhbərlik edənlərin yarıtmaz fəaliyyəti nəticəsində respublikanın hər yerində olduğu kimi, Yevlaxda da sənaye potensialı bütünlüklə dağılmış, minlərlə insan işsiz qalmışdı. Ölkədə baş verən xaos, özbaşınalıq adamlarda sabaha olan inamı azaltmış, yüzlərlə yevlaxlı şəhəri tərk etmişdi.
Ulu öndər Heylər Əliyev 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikanın hər yerində olduğu kimi, Yevlaxda da nizam-intizam, qayda-qanun möhkəmləndirildi. 90-cı illərin sonlarında rayonda aqrar islahatlara, özəlləşdirilmə ilə bağlı I Dövlət Proqramının icrasına başlanıldı. 33 min hektardan artıq torpaq sahəsi 13 min ailənin xüsusi mülkiyyətinə verildi. Dövlət mülkiyyətində olan istehsal və xidmət müəssisələri özəlləşdirildi.
Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətə uyğun olaraq Yevlaxda özəl bölmənin inkişafı, sahibkarlığın daha da genişləndirilməsi üçün münbit şərait yaradıldı. Son 7 ildə şəhərdə inşa edilmiş bütün istehsal müəssisələri, ticarət və xidmət obyektləri sahibkarların vəsaitləri hesabına tikilmişdir. Şəhərdə ənənəvi istehsal sahələri ilə yanaşı, gön-dəri, mebel, kərpic, qum-çınqıl istehsalı kimi yeni istehsal sahələri işə salınmışdır.
İnvestorlar o yerdə iş qururlar ki, orada normal infrastruktur, işləmək və yaşamaq üçün əlverişli şərait olur. Odur ki, ilk növbədə sahibkar obyektlərinin daimi enerji, təbii qaz və su ilə fasiləsiz təmin edilməsi üçün böyük işlər görülmüşdür. Şəhərdə bu sahədə aparılan böyük həcmli işlər bəhrəsini vermişdir. Məhz bunun nəticəsidir ki, cənab Prezident şəhərimizə səfəri zamanı sahibkarlara yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Sahibkarların istifadəyə verdiyi müəssisələrdə quraşdırılan avadanlıqlar qabaqcıl Avropa ölkələrindən alınmışdır. Buna görə də həmin müəssisələrdə istehsal olunmuş məhsullar rəqabətədavamlı və ixrac potensiallıdır. Hər il "Gilan" Dəri Emalı Zavodunda istehsal olunmuş məhsulların hamısı, "Lalə-tekstil" Tikiş Fabrikinin və "Dan" Kərpic Zavodunun məhsullarının bir hissəsi İtaliyaya, Rusiya Federasiyasına, Çinə, Ukraynaya, Türkiyəyə və s. ölkələrə ixrac olunur. Bütövlükdə istehsal olunmuş sənaye məhsullarının 50 faizdən çoxu xarici ölkələrə ixrac edilir.
Bu gün şəhərdə 581 hüquqi, 3964 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hazırda 124 fermer təsərrüfatı, 13 mindən artıq ailə-kəndli təsərrüfatı kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Son 7 ildə şəhərdə, qəsəbə və kəndlərdə 600-dən çox ticarət, iaşə və xidmət obyektləri tikilib istifadəyə verilmişdir. Bu məqsədlə onlara 5 min kvadratmetrdən artıq torpaq sahəsi ayrılmışdır.
Yevlaxlı sahibkarlara dövlət də böyük qayğı göstərir. Son 6 ildə 114 sahibkarlıq subyektinə rayonda fəaliyyət göstərən banklar 8 milyon 258 min manat güzəştli kredit vermişlər. Azərbaycan Prezidenti İlham Əliyevin "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına əsasən, hər il rayonun torpaq mülkiyyətçilərinə 2 milyona yaxın dövlət yardımı edilir. 1500-1600 ton gübrə dəyərinin yarısı dövlət büdcəsi hesabına ödənilməklə güzəştli şərtlərlə satılır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki xidmət göstərilməsi üçün "Aqrotexnika" MMC və "Aqroservis" müəssisəsi yaradılmışdır. Burada kənd təsərrüfatı işlərinin optimal müddətdə aparılması üçün hər markadan texnika var. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı məhsullarının həcmi və məhsuldarlığı, mal-qaranın baş sayı ilbəil artır. Rayon əhalisinin ət, süd, meyvə, tərəvəz, bostan məhsullarına olan tələbatı daxili istehsal hesabına ödənilir.
Bəxtiyar SADIQOV:
- Azərbaycanda həyata keçirilən iqtisadi siyasət sosialyönümlüdür və bu, ölkə Konstitusiyasında da birmənalı əksini tapmışdır. Dövlətin iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə də diqqət artır. İnsan amilinin tərəqqisinə xidmət edən bu sosialyönümlü siyasət Yevlax rayonunda da özünü qabarıq göstərir. Bu barədə məruzə etmək üçün söz Yevlax Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Feyzulla ABBASOVa verilir.
Feyzulla ABBASOV:
- Dövlət büdcəsindən sosial inkişaf məsələlərinə ayrılan vəsaitlərin ildən-ilə çoxalması nəticəsində sosial qayğıya ehtiyacı olanların pensiya və müavinətləri artırılır, onlar mənzillərlə, avtomaşınlarla təmin olunurlar. Bunu Yevlax şəhərinin timsalında da aydın görmək olar. Son illər Yevlax şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün bir 12 mənzilli, iki 16 mənzilli, bir 36 mənzilli yaşayış binaları, dörd fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Hazırda daha bir 36 mənzilli yaşayış binasının tikintisi aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 nəfər Qarabağ müharibəsi, 2 nəfər Böyük Vətən müharibəsi əlilinə minik avtomaşını vermişdir.
Yevlax Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi 252 tənha və ahıl vətəndaşa evində sosial xidmət göstərir. Şəhər icra hakimiyyəti və bələdiyyələr 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı, Qurban və Ramazan bayramlarında, digər əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlara bayram sovqatı göndərirlər. Bundan başqa, Yevlax Şəhər İcra Hakimiyyəti daxili imkanlar hesabına şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imkansız şəxslərə 2010-cu ildə 307,4 min manat maddi yardım etmiş, onların müalicəsi üçün pulsuz reseptlər əsasında 36 min manatlıq dərman və sarğı materialları verilmişdir.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"na əsasən Yevlax şəhərində Əlillərin Bərpa Mərkəzi tikilərək istifadəyə verilmişdir. Burada Qarabağ müharibəsi əlillərinə öz sağlamlıqlarını bərpa etmək üçün hər cür şərait yaradılmışdır. 2010-cu ildə şəhərin mərkəzində, Heydər Əliyev prospektində smeta dəyəri 1 milyon 202 min manat, tikintialtı sahəsi 396 kv.metr, ümumi sahəsi 1188 kv.metr olan Əhalinin Sosial Müdafiəsi Mərkəzi, habelə rayon Məşğulluq Mərkəzi üçün üçmərtəbəli bina tikilib istifadəyə verilmişdir. Burada sosial müdafiəyə ehtiyacı olan və iş axtaran insanlara xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
Bəxtiyar SADIQOV:
- Uzun illər Yevlaxda olmayan hər kəs bu gün şəhərə qonaq gələrkən əldə olunmuş uğurları, xüsusən də tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma işlərini böyük heyrətlə qarşılayır. Yüksək zövqlə aparılan işlər nəticəsində Yevlax bu gün Avropa şəhərlərini xatırladır. "Kür" qəzetinin baş redaktoru Əminə ƏHMƏDOVA həm şəhər sakini, həm də jurnalist həmkarımız kimi bizə bu barədə daha dolğun məlumat verəcəkdir.
Əminə ƏHMƏDOVA:
- Yevlax inzibati vahid kimi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 20 fevral 1935-ci ildə təşkil edilmişdir və şəhərin 76 yaşı var. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində ötən əsrin 70-ci illərindən başlayaraq Yevlaxda bir-birinin ardınca yeni çoxmərtəbəli yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, sosial obyektlər, ticarət, xidmət sahələri tikilmişdir.
2004-cü ildən Yevlax özünün yeni inkişaf mərhələsinə başlamışdır. Son 7 il ərzində şəhərdə əhalini ən çox narahat edən problemlər - içməli su, qaz və elektrik enerjisinin davamlı şəkildə verilməsi məsələləri həllini tapmışdır. Son illərdə şəhərdə 80 ha bataqlıq sahəsi qurudularaq yerində yaşıllıq salınmış, 2 milyondan çox ağac və gül kolu əkilmişdir. 25 yeni fəvvarə quraşdırılmış, 1 xiyaban, 10 park salınmışdır. Xiyaban, park, meydan və səkilərə, hasar divarlarına dekorativ və gülbağ plitələri döşənmiş, prospekt və küçələrə asfalt örtüyü salınmış, yeni səkilər çəkilmiş, müasir işıqlandırma nöqtələri quraşdırılmışdır.
Şəhərin ən böyük küçələrindən biri tamamilə yenidən qurularaq prospektə çevrilmiş, həmin prospektə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Ümummilli liderin əziz xatirəsini həmişə uca tutan yevlaxlılar bu gün Heydər Əliyev prospekti və meydanı ilə fəxr edirlər. 2004-cü ilin iyun ayında meydanın açılışında cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Bu gün meydanda hündürlüyü 65 metr olan Azərbaycanın əzəmətli üçrəngli bayrağı dalğalanır.
Şəhərin qərb və şərq hissələrində möhtəşəm giriş qapıları tikilmiş, dağ kompleksləri yaradılaraq Azərbaycanın bayrağı ucaldılmış, dövlət rəmzləri əks olunmuşdur. Nizami prospektində tikilmiş qala kompleksi, Nizami parkı açıq səma altında muzeylərdir. Heydər Əliyev xiyabanında min tamaşaçı yerlik konsert meydançasında, musiqili fəvvarənin ətrafında, Kür çayı sahilində salınmış bulvar kompleksində minlərlə yevlaxlı öz istirahətlərini maraqlı və şən keçirirlər.
Şəhərdə salınmış 5 abad məhəllədə quraşdırılmış karusellər və idman meydançaları, Uşaq Əyləncə Mərkəzi uşaqların, yeniyetmələrin ən sevimli yerləridir. Bu illər ərzində idarə və müəssisələr üçün onlarla yeni inzibati bina, 9 bank binası, 7 poçt binası, xüsusi zövqlə inşa edilmiş və şəhərə gözəllik verən 5 yeni şadlıq sarayı tikilmişdir. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş uşaq xəstəxanasının yeni binası istifadəyə verilmiş, kliniki xəstəxananın təməli qoyulmuşdur, şəhər poliklinikası əsaslı təmir edilərək yenidən qurulmuşdur.
Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, əhalinin sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən genişmiqyaslı texniki-abadlıq işlərində bələdiyyələr də fəallıq nümayiş etdirirlər. Şəhərdə "Bələdiyyə parkı" salınmışdır və bu parka müntəzəm qulluq göstərilir. 6 ildir ki, şəhərimiz Türkiyə Respublikasının Keçiörən bələdiyyəsi ilə dostluq əlaqəsi saxlayır. Şəhərin mərkəzində salınmış "Dostluq" parkı Türkiyə - Azərbaycan dostluğunun bariz nümunəsidir. Son 7 il ərzində simasını büsbütün dəyişərək regionun ən gözəl şəhərinə çevrilmiş Yevlaxla hər birimiz fəxr edirik.
Bəxtiyar SADIQOV:
- Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər bu gün respublikanın digər bölgələrində olduğu kimi, Yevlax rayonunda da sıx məskunlaşmışlar. Müsbət haldır ki, rayon rəhbərliyi səviyyəsində həmin insanların problemlərinin həllinə lazımi diqqət göstərilir. Bu barədə məlumat vermək üçün söz şəhər 2 saylı tam orta məktəbinin direktor müavini, qaçqın və məcburi köçkünlərin işləri üzrə komissiyanın üzvü Təranə MƏMMƏDOVAya verilir.
Təranə MƏMMƏDOVA:
- Mənfur qonşumuz Ermənistanın işğalı nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız digər şəhər və rayonlarda olduğu kimi, Yevlaxda da hər cür qayğı ilə əhatə olunmuşlar. Rayonda işğala məruz qalan 11 rayondan 11767 nəfər məcburi köçkün, habelə Ermənistandan didərgin salınmış 965 nəfər qaçqın məskunlaşmışdır. Onlar əsasən məktəblərdə, idarə və müəssisələrin inzibati binalarında, sonradan salınmış məcburi köçkün qəsəbələrində yerləşdirilmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda yerli icra hakimiyyətləri qarşısında qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün Yevlaxda komissiya yaradılmış, tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün bir sıra işlər görülmüşdür.
Şəhərin 10 saylı məktəbində və digər idarələrin binalarında məskunlaşmış Ermənistandan qaçqın düşmüş 66 ailə yaxın ərazidə salınmış qəsəbədə hər cür şəraiti olan yaşayış evləri ilə təmin olunmuşlar. Qəsəbədə orta məktəb, tibb məntəqəsi tikilmiş, əhali daimi işıq, qaz və içməli su ilə təmin olunmuş, evlərə telefon xətti çəkilmişdir. Hər bir ailəyə həyətyanı torpaq sahəsi verilmiş, sakinlərin mal-qarası üçün otlaq sahəsi ayrılmışdır.
Rayonun Aran qəsəbəsi ərazisində, EKO adlanan yaşayış düşərgəsində dəmir fin evlərdə, orta məktəblərin, idarə, müəssisələrin binalarında yaşayan və şəraiti çətin olan məcburi köçkün ailələri üçün Yevlax şəhərində 10 ədəd beşmərtəbəli yaşayış binaları tikilmiş, 612 ailə həmin binalara köçürülmüşlər. Həmçinin orta məktəb binası, uşaq bağçası, inzibati bina və digər infrastruktur obyektləri tikilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir. Məcburi köçkünlər daimi işıq, su və təbii qazla təmin olunmuşlar. Ölkə başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəhərciyin açılışında iştirak etmiş, məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
Rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər müəyyən edilmiş kvotaya uyğun olaraq işlə təmin olunur, onlar haqqı ödənilən işlərə, kütləvi məhsul yığımı dövründə hər il 1000-1200 nəfər olmaqla kənd təsərrüfatı işlərinə cəlb edilirlər. İndiyədək 600 nəfərdən çox qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Kənd yerlərində məskunlaşmış məcburi köçkünlərin mal-qarası üçün 2360 ha örüş-otlaq sahələri ayrılmışdır. Sahibkarlıq fəaliyyəti və ticarətlə məşğul olmaq istəyənlərə lazımi şərait yaradılır. Payız-qış mövsümündə təbii qazdan istifadə etməyən məcburi köçkünlərə ağ neft yanacağı verilir. Qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı düşərgələrdə məhəllədaxili yollara çınqıl döşənərək qaydaya salınmış, tibb məntəqələri yaradılmışdır. Bundan əlavə, Mərkəzi Şəhər Xəstəxanasının həkim briqadaları vaxtaşırı qaçqın və məcburi köçkünləri müayinə edir, onların müalicəsi üçün lazımi tədbirlər görülür. Yevlax Şəhər İcra Hakimiyyətində, rayonun aidiyyəti idarə və təşkilatlarında qaçqın və məcburi köçkünlərin müraciətlərinə həssaslıqla yanaşılır. İmkansız ailələrə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ünvanlı sosial yardım, eyni zamanda daxili imkanlar hesabına maddi yardımlar edilir.
İnanırıq ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq, məcburi köçkünlərimiz doğma yurd-larına qayıdacaqlar. Onlara göstərilən qayğı və diqqət isə sonadək davam edəcək, həyat şəraitlərinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Bəxtiyar SADIQOV:
- Prezident İlham Əliyevin bütün fəaliyyəti Azərbaycanda neftdən əldə olunan vəsaitləri insan kapitalına yönəltmək, ölkənin davamlı və sabit inkişafını təmin etməkdir. Yevlax rayonunun simasında demək olar ki, bu siyasətin mahiyyəti yerlərdə də düzgün dərk edilir, təhsilin inkişafı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu barədə danışmaq üçün söz şəhər 7 saylı tam orta məktəbinin direktoru Rəşad ƏSƏDOVa verilir.
Rəşad ƏSƏDOV:
- Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiliyini təmin edən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırda Yevlax təhsilində, mədəniyyətində də öz əksini parlaq şəkildə tapır. Son 7 ildə yeni inşa edilən və müasir texnologiyalarla, avadanlıqlarla təchiz olunan 13 ümumtəhsil məktəbi, o cümlədən Şahmat məktəbi, 640 şagird yerlik əlavə sinif otaqları, əsaslı təmir edilərək yenidən qurulan 8 məktəb və Uşaq gənclər idman məktəbi gənc nəslin elmli, bilikli, vətənpərvər, fiziki cəhətdən sağlam böyümələrində mühüm rol oynayır. İnşa edilən yeni məktəblərdən 2-si Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
Dünyanı bürümüş qlobal iqtisadi böhrana baxmayaraq, dövlət başçısının diqqəti sayəsində təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, təkcə 2010-cu ildə Yevlaxda 3 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Yeni inşa edilən Yuxarı Qarxun kənd və şəhər 1 saylı orta məktəbin, Şahmat məktəbinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da iştirakı, idmançıların qazandığı uğurlarla maraqlanması, müəllimlərə dəyərli tövsiyələr verməsi pedaqoji kollektivimizə böyük sevinc bəxş etməklə yanaşı, onların məsuliyyətini daha da artırmışdır.
Müharibə şəraitində yaşayan ölkədə vətənini, torpağını, dövlətçiliyini sevən, həm də müdafiəsini təmin etməyi bacaran gənclər yetişdirmək Yevlax təhsilində prioritet təşkil edir. Əgər 5 il bundan əvvəl hərbi təhsil verən məktəblərdə cəmi 2-3 nəfər yevlaxlı təhsil alırdısa, hazırda 116 nəfər məzunumuz hərbi bilik verən akademiya və liseylərdə hərbin sirlərinə yiyələnir.
Yevlax təhsilində əldə edilən uğurlarda böyük əməyi olan müəllimlərdən 10 nəfəri "Əməkdar müəllim", 5 nəfəri "Tərəqqi" medalına layiq görülmüşdür. Şəhərdə Avropa standartlarına uyğun inşa edilən 6 min yerlik şəhər stadionu, süni ot örtüklü stadion, idman meydançası və hər cür şəraiti olan "Gənclər evi" yeniyetmə və gənclərin intellektlərinin yüksəlməsində mühüm rol oynayır.
Ulu öndərin əbədiyaşar irsinin öyrənilməsi və təbliğində, bütün nəsillərə örnək olacaq həyat və fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan Heydər Əliyev Muzeyi məktəblilərin, gənclərin, bir sözlə, bütün yevlaxlıların ən sevimli məkanıdır. Şəhərin mərkəzində inşa olunan Heydər Əliyev adına Saray, Teatr binası insanların mədəni və mənalı istirahətinin, müxtəlif tədbirlərin, konsert proqramlarının təşkilində mühüm rol oynayır. Milli-mənəvi dəyərlərimizin öyrənilməsi, mədəni irsimizin toplanaraq qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə tikilən Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti vardır. Muzeydə toplanan, Yevlaxın qədim tarixini, keçmişini özündə əks etdirən beş mindən çox eksponat, maddi mədəniyyət nümunəsi, müxtəlif tarixi sənədlər ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yevlax şəhərinə səfərlərini əks etdirən fotoşəkillər yevlaxlıların və şəhərin qonaqlarının böyük marağına səbəb olur.
Bu gün Yevlaxda həyata keçirilən tədbirlər dövlət başçısının respublikada mədəniyyətin inkişafına, mədəni irsin qorunmasına göstərdiyi böyük diqqət və qayğının əyani təzahürüdür.
Bəxtiyar SADIQOV:
- Bugünkü "dəyirmi masa"da Yevlax rayon sakinlərini Milli Məclisdə təmsil edən İlham Məmmədov da iştirak edir. Deyə bilərəm ki, deputat həmkarım Yevlax rayon sakinlərinin problemlərini Milli Məclisdə qaldırır, seçicilərinin etimadını doğrultmağa çalışır. Rayonda müşahidə olunan inkişaf və tərəqqi prosesi ilə bağlı mülahizələrini bölüşmək üçün söz Milli Məclisin deputatı İlham MƏMMƏDOVa verilir.
İlham MƏMMƏDOV:
- Bu gün ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf edir, müasirləşir, qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyir. Respublikamızda heç bir ölkədə mövcud olmayan iqtisadi inkişaf modelinin formalaşdığını artıq nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər. Bu baxımdan son vaxtlar Azərbaycanın milli inkişaf modeli ilə bağlı başlanmış müzakirələri son dərəcə təbii və qanunauyğun hesab edirəm. Xüsusi vurğulamaq istərdim ki, son illər respublika həyatının ən müxtəlif sahələri üzrə sanballı tədqiqatlar aparan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz və ideya müəllifliyi ilə çapdan çıxmış "İnkişafın Azərbaycan modeli" kitabı məsələyə ilk konseptual yanaşma olub, milli inkişaf modelinin elmi-metodoloji tədqiqinə yönəlmişdir.
Əsərdə ilk dəfə olaraq ötən 17 ildə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara nəzər salınmış, əldə olunmuş nəticələr ümumiləşdirilmiş, milli inkişaf modelinin xüsusiyyətləri göstərilmişdir. Son dərəcə elmi-nəzəri və praktik əhəmiyyət kəsb edən bu əsər həm də cəmiyyətdə faydalı diskussiya və müzakirələrə səbəb olmuş, nüfuzlu alimləri milli iqtisadi inkişaf modelinin tədqiqi istiqamətdə iş aparmağa sövq etmişdir.
"Azərbaycan" qəzetinin "İnkişafın Azərbaycan modeli" əsərinin müzakirəsi ilə əlaqədar regionlarda ilk "dəyirmi masa"nı Yevlax şəhərində keçirməsi də təsadüfi deyildir. Xüsusi vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Yevlax şəhəri də sürətlə inkişaf edir. Milli Məclisin Sosial siyasət komitəsində təmsil olunan deputat kimi deyə bilərəm ki, Yevlaxda həyata keçirilən bütün tədbirlər sosialyönümlü olub insanları narahat edən problemlərin həllinə xidmət edir. Möhtərəm Prezident İlham Əliyev daim vurğulayır ki, dövlətin əldə etdiyi nailiyyətləri hər bir azərbaycanlı öz yaşayışında, gündəlik həyatında hiss etməlidir. Olduqca sevindiricidir ki, ölkəmizin sosialyönümlü və investisiya tutumlu büdcəsinin müsbət dividendlərindən yevlaxlılar da bəhrələnirlər. Buradakı çıxışlardan da göründüyü kimi, son illərdə rayonda çox böyük işlər aparılıb, çoxlu sayda yeni iş yeri açılıb, sahibkarlığın inkişafına xüsusi diqqət ayrılıb. Tikinti-quruculuq, abadlıq işləri hər bir şəhər sakininin ürəyincədir. İnsanların sosial problemlərinin həllinə xüsusi diqqətlə yanaşılır.
Dövlət başçısı İlham Əliyev bir müddət əvvəl bəyan etdi ki, perspektiv məqsəd Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəltməkdir. Ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar yönündə biz bu məqsədin də yaxın perspektivdə reallaşacağına qətiyyən şübhə etmirik.
Bəxtiyar SADIQOV:
- Bugünkü "dəyirmi masa"da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdirinin müavini Ərəstun MEHDİYEV də iştirak edir. Hörmətli Ərəstun müəllim Azərbaycanın milli inkişaf modelinin xüsusiyyətləri, o cümlədən regional inkişaf məsələləri ilə bağlı düşüncələrini bizimlə bölüşəcəkdir.
Ərəstun MEHDİYEV:
- İnkişafın Azərbaycan modeli ilə bağlı son illər sürətlə inkişaf edən, müasirləşən Yevlax rayonunda söz açmaq çox xoşdur. Bu gün bizim Azərbaycanın milli inkişaf modelindən bəhs etməyimizin özü müstəqilliyimizin, bu dövrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqtisadi siyasətin və bu siyasətin hazırda ardıcıllıqla davam etdirilməsinin qabarıq təzahürüdür.
Şübhəsiz, ötən illərdə keçilmiş böyük yolu təhlil edib nəticələr çıxarmasaq, ona bugünkü inkişaf səviyyəmiz baxımından qiymət verməsək, gələcək yolumuzu doğru-dürüst müəyyənləşdirməkdə çətinlik çəkərik. Bu baxımdan "İnkişafın Azərbaycan modeli" kitabının hazırlanması və burada son illərdə Azərbaycanda gedən proseslərə obyektiv qiymət verilməsi, analitik təhlillərin əksini tapması mühüm əhəmiyyətə malikdir. "İnkişafın Azərbaycan modeli" ilə bağlı hazırda respublikamızda deyil, onun hüdudlarından kənarda da müzakirələr gedir. Beynəlxalq səviyyəli ekspertlər də Azərbaycanın inkişaf yolu ilə yaxından maraqlanır, öz qiymətlərini verirlər.
Hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyin ilk illərində biz nəinki inkişafdan, Azərbaycanın dövlətçiliyinin qorunub saxlanılması zərurətindən danışırdıq. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı respublikamızın gələcək inkişafı ilə bağlı insanlarda ümid yaratdı, gələcəyə perspektivlər açdı. Azərbaycanda köklü sosial-iqtisadi islahatların aparılması üçün, ilk növbədə, möhkəm ictimai-siyasi sabitlik, qanunçuluq bərqərar olundu. Bütün bunların da nəticəsində ölkənin simasını tamamilə dəyişən çoxşaxəli islahatlar həyata keçirildi. Azərbaycanın bir ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesi ilə əlaqədar biz azad bazar iqtisadiyyatı sisteminə qədəm qoyduq. Bu mərhələdən aqrar islahatların, özəlləşdirmə prosesinin uğurla aparılması, dövlət idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi müsbət nəticələrini göstərməyə başladı.
Milli inkişaf modelindən danışarkən, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasına xüsusi nəzər salmaq lazımdır. Məhz yeni neft strategiyası Azərbaycan iqtisadiyyatını hərəkətə gətirən bir lokomotiv oldu. Bunun nəticəsində 1997-ci ildə Azərbaycan iqtisadiyyatındakı tənəzzül prosesini dayandırmağa, tədricən pozitiv nəticələr qazanmağa nail olduq.
Bu siyasət 2003-cü ildən tamamilə yeni vüsətlə həyata keçirilir. Ulu öndərin quruculuq siyasətinin yaradıcılıqla, yeni dinamika ilə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafında ciddi keyfiyyət dəyişikliklərinə səbəb oldu. Cənab İlham Əliyevin prezidentliyi dövründə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar Azərbaycanın müasir, modern dövlətə çevrilməsi yolunda mühüm rol oynadı. 2003-cü il noyabrın 24-də cənab İlham Əliyevin imzaladığı ilk əsas sənəd "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman idi. Məhz bu fərman göstərirdi ki, Azərbaycanda yaradılmış iqtisadi potensial ölkəmizin simasının yeniləşməsi və daha sürətli inkişafın əldə olunması məqsədinə yönəldiləcəkdir. Bunun ardınca - 11 fevral 2004-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" isə göstərdi ki, sosial-iqtisadi inkişaf prosesində yeni mərhələ başlayır. Və bu mərhələdə Azərbaycanda kompleks, sistemli şəkildə respublikanın bütün regionlarının dirçəldilməsi və daha sürətlə inkişafı istiqamətində sürətli addımlar atılacaq. Proqram uğurla yerinə yetirildi, qarşıya qoyulmuş bütün vəzifələr gerçəkləşdirildi, nəticədə sosial-iqtisadi sahədə böyük uğurlar qazanıldı. Məhz bu proqramın davamı kimi, 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar yeni bir proqram imzalandı. Bu proqramda da qarşıdakı beş ildə regionlarda hansı tədbirlərin həyata keçiriləcəyi, hansı maliyyə mənbələrindən istifadə olunacağı konkret əksini tapmışdır.
Azərbaycanda inkişafın özünəməxsus xüsusiyyətlərindən danışarkən, bu inkişafın səciyyəvi cəhətlərinə nəzər salmaq lazımdır. İlk növbədə, qeyd etməliyik ki, Azərbaycanın son illərdəki inkişafı özünün dinamikliyi ilə seçilir. Hələ qlobal böhrana qədər də respublikamız dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınırdı.
İkinci əsas xüsusiyyət ölkə iqtisadiyyatının çoxşaxəli olmasıdır. Yəni ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, perspektiv inkişafın qeyri-neft sektoru hesabına əldə olunması hazırda prioritet məsələlərdən biridir. Bu, Azərbaycanın dayanıqlı və davamlı inkişafına imkan yaradır. Sevindirici haldır ki, Azərbaycanın ümumi iqtisadi potensialının artırılması prosesində qeyri-neft sektoru neft sektorunu üstələməyə başlayıb. Biz Azərbaycanın iqtisadi inkişaf modelindən danışarkən, regional inkişaf məsələsinə də xüsusi əhəmiyyət veririk. Çünki qəbul olunmuş dövlət proqramları sayəsində respublikanın regionları sürətlə inkişaf edir. Bunu biz bu gün konkret olaraq Yevlax rayonunda da aydın şəkildə görürük.
Milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biri də sosial məsələlərin həllinin daim ön planda olmasıdır. Respublikamız müharibə şəraitində yaşasa da, sosialyönümlü siyasətin həyata keçirilməsi niyyətindən imtina etmir, büdcə gəlirləri artdıqca əhalinin sosial cəhətdən zəif təbəqəsinin müdafiəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ölkənin gəlirləri yüksəldikcə, əməkhaqlarının, pensiyaların artırılması siyasəti həyata keçirilib. Hətta qlobal böhran şəraitində belə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması tədbirləri davam etdirildi. Yəni ölkəmizin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət məhz onun inkişaf potensialından qaynaqlanır.
Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, uğurlarımızla yanaşı, müəyyən çətinliklərimiz, problemlərimiz də var. Əsas məsələ odur ki, ölkə rəhbərliyi bu problemləri görmək, duymaq, araşdırmaq və düzgün nəticə çıxararaq aradan qaldırmaq üçün qətiyyətli addımlar atır.
Elmar VƏLİYEV:
- Bu gün burada çıxış edənlər son illər Yevlaxda görülmüş işlərdən ümumi şəkildə məlumat verdilər. Lakin elə bu çıxışlardan aydın oldu ki, möhtərəm Prezidentin yüksək qayğısı və diqqəti sayəsində son illər Yevlaxda böyük inkişafa nail olunmuşdur. Bu bir daha sübut edir ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas qayəsi ölkənin bütün regionlarının inkişaf etdirilməsi, hər bir Azərbaycan vətəndaşının həyat şəraitinin daha da yaxşılaşdırılması, onun firavanlığının təmin olunmasıdır.
Sözsüz ki, zaman keçdikcə həyat yeni tələblər irəli sürür. Ona görə də əldə olunmuşlarla kifayətlənmək, arxayınlaşmaq olmaz. Yaxın gələcək üçün həyata keçirilməsi vacib 67 layihəmiz var. İlk növbədə yeni istehsal sahələrinin yaradılması ilə işsizlik məsələsini birdəfəlik həll etmək istəyirik.
Elə problemlər var ki, onların həlli şəhərin imkanları daxilində deyildir və böyük vəsait tələb edir. Xüsusilə əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi, kanalizasiya sisteminin yenidən qurulması, təbii qaz verilməyən kəndlərin yenidən qazlaşdırılması, uzun müddət istismar nəticəsində yararsız hala düşmüş elektrik hava verilişi xətlərinin dəyişdirilməsi, kollektor-drenaj şəbəkələrinin yenidən qurulması, torpaqlarda kompleks meliorasiya tədbirlərinin aparılması aktual bir problem kimi qalmaqdadır. Bütün bunlar barədə aidiyyəti qurumlar qarşısında məsələlər qaldırmışıq. Əminəm ki, dövlət başçısının qayğısı sayəsində həmin məsələlər də tezliklə həllini tapacaqdır.
Bəxtiyar SADIQOV:
- Bugünkü "dəyirmi masa" göstərir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurların böyük bir qismi məhz regionların payına düşür. Regional inkişaf tədbirlərinin nəticəsi olaraq sahibkarlıq inkişaf edir, qeyri-neft sektoru dirçəlir, infrastruktur müasirləşir, yeni iş yerləri açılır. Regionların siması dəyişir, vətəndaşların mənəvi-psixoloji ovqatı yüksəlir. Xüsusən də Yevlax rayonunda əldə olunmuş yüksək göstəricilər ümumən Azərbaycanda regional inkişaf proseslərinin hansı miqyasda olduğu haqqında kifayət qədər dolğun təsəvvür formalaşdırır.
Burada aparılan müzakirələr, səslənən fikirlər təsdiq edir ki, Azərbaycanın milli inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də regionların sürətli inkişafıdır. Bazar iqtisadiyyatı yolunu seçmiş bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti regionlarda sosial infrastruktur layihələrinin gerçəkləşməsinə, heç bir gəlir gətirməyən sosial layihələrə böyük maliyyə vəsaiti ayırır. Bu bir daha göstərir ki, əslində regional inkişaf istiqamətində həyata keçirilən tədbirlər də dövlətin sosialyönümlü siyasətinin əsas prioritetlərindən biridir. İnanırıq ki, bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın bütün regionları inkişaf edəcək, respublikamız ən qabaqcıl dövlətlər səviyyəsinə yüksələcəkdir.
Azərbaycan.- 2011.-1 fevral.- S. 4-5.