Oğuz tezliklə turizm mərkəzlərindən birinə çevriləcək

 

Ötən il Oğuz rayonunda xeyli tikinti və abadlıq işləri görülüb. Rayonun siması tamamilə dəyişib. Yenidənqurma işləri bu gün də uğurla davam etdirilir.

Başı ağ çalmalı dağlar qoynuna sığınmış Oğuz şəhəri yaraşıqlı tikililəri, abad küçə və yolları ilə diqqəti cəlb edir. Axşamlar şəhərin işıqları yananda isə hər tərəf nura boyanır, yaşıllıqlar qoynunda füsunkar bir mənzərə yaranır.

Ötən il Oğuz rayonunun sosial-iqtisadi və mədəni həyatında bir çox nailiyyətlərlə yadda qalıb. Nəzərdə tutulan sosialinfrastruktur layihələrinin icrası istiqamətində mühüm addımlar atılıb, bir sıra yeni obyektlərin təməli qoyulub. İstifadəyə verilən obyektlər az olmayıb. "Qlükoza" zavodunda tikinti işləri başa çatdırılıb. Hazırda zavodun sınaq və istehsal gücünün artırılması üçün əlavə tədbirlər davam etdirilir.

Rayon polis şöbəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.

Oğuz şəhərinin mərkəzi parkındakı Heydər Əliyev muzeyində əsaslı təmir-bərpa işləri görülüb. Parkda ulu öndərin heykəli ucaldılıb, ərazidə abadlıq işləri aparılıb. Oğuz şəhərinin cənubunda Avropa standartlarına uyğun inşa edilən park tezliklə bu yerlərə xüsusi bir yaraşıq verəcək.

Rayonda smeta dəyəri 10 milyon manat olan sağlamlıq mərkəzi tikilir. Mərkəz istifadəyə verildikdən sonra burada 40 yeni iş yerinin açılması nəzərdə tutulub.

"Qoşabulaq" adlanan ərazidə müasir memarlıq üslubunda inşa edilən turizm kompleksinin isə artıq restoran hissəsi istifadəyə verilib, hotel hissəsində isə işlər davam etdirilir. Bu obyektin smeta dəyəri 2 milyon manatdır.

Rayonun Kərimli kəndində müasir tələblərə uyğun tikilmiş şadlıq evi bu yaxınlarda istifadəyə verilib.

Onu da qeyd edək ki, Oğuz şəhərinin 2010-2035-ci illər ərzində nəzərdə tutulmuş baş planı hazırlanıb və təsdiq üçün müvafiq orqanlara göndərilib.

İstifadəyə verilmiş və Azərbaycanın sosial-iqtisadi həyatında böyük hadisə olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar ötən ilin birinci yarısı ərzində dəyişdirilərək mülkiyyətə verilmiş torpaq sahələri rayonun Xalxal, Calut, Tayıflı, Kərimli, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Bayan, Muxas kənd sakinlərinə bütövlükdə, Şirvanlı kəndi üzrə isə torpaqların bir hissəsi naturada mülkiyyətçilərə tanıdılıb. Torpaqları su kanalı altına düşmüş vətəndaşların dövlət aktları Dövlət Xəritəçəkmə Komitəsinə təqdim olunub. Hazırda həmin vətəndaşlara dəyişdirilərək verilmiş torpaq sahələrinə sənədlər hazırlanır. Artıq Xalxal, Kərimli, Calut, Muxas, Şirvanlı, Dəymədağlı, Qumlaq, Tayıflı, Bucaq, Xaçmaz kəndlərində və Oğuz şəhərində torpaq sənədləri sahiblərinə paylanılıb.

Tikinti obyektləri sırasına Calut kəndində inşası nəzərdə tutulan 220 şagird yerlik məktəb binasının da qatılacağı gözlənilir.

Oğuzda əhalinin elektrik enerjisi, qaz, istilik, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülüb. Dünya Bankının maliyyə dəstəyi ilə Oğuz şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Şəhərin Gənclik yaşayış massivinin qazlaşdırılması işləri tamamilə başa çatdırılıb. Bucaq kəndinə isə 10 kilometrə yaxın daşıyıcı qaz kəməri çəkilib. Hazırda burada paylayıcı qaz kəməri quraşdırılır. Yeri gəlmişkən, rayonun qaz istismar sahəsi üçün yeni inzibati binanın tikinti işləri də qaydasındadır.

"Azərsu" ASC tərəfindən rayonun Böyük Söyüdlü və Qarabulaq kəndlərinə su çəkilməsi ilə əlaqədar baxış keçirilsə də, nədənsə işlərin başlanılması ləngiyir.

Oğuz turizm sahəsində perspektivi olan rayondur. Azərbaycan Prezidenti İlham Əliyev Oğuza səfəri zamanı rayonun turizm mərkəzlərindən birinə çevrilməsinin vacibliyini qeyd etmişdir. Bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilir. Lazımi turizm infrastrukturunun yaradılması üçün iş adamları və özəl qurumlar tərəfindən investisiyaların cəlb edilməsi üzrə işlər davam etdirilir. İş adamlarının regiona marağının artırılması, onlara lazımi şəraitin yaradılması üçün hər cür qayğı göstərilir. Hazırda Oğuz şəhəri, Calut, Bucaq və Xalxal kəndləri ərazisində yeni turizm obyektlərinin inşasına başlanılıb.

Rayonda görülən işlər deməyə əsas verir ki, Oğuz yaxın zamanlarda xarici ölkə turistlərinin müntəzəm şəkildə üz tutduqları turizm mərkəzlərindən birinə çevriləcək.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-1 fevral.- S. 6.