Cavanlaşan qədim Culfa
Öncə Culfanın yaranma tarixindən, yerləşdiyi geostrateji mövqedən, memarlıq abidələrindən danışmaq istəyirik. Orta əsrlər tarixi üzrə görkəmli alim-tədqiqatçı, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin fikrincə, Culfanın, hələlik tam dəqiqləşdirilməsə də, yaranma tarixi VI əsrdən hesablanır. Onun sözlərinə görə, Culfanın böyük karvan yolu üzərində yerləşməsi onun əhəmiyyətini hər zaman artırıb. XV əsrin ikinci yarısında mühüm ticarət mərkəzinə çevrilən şəhər beynəlxalq ipək ticarətində mühüm rol oynayıb. "Culfa" sözünün etimologiyasına gəlincə, bir çox mənbələrdə "Culax", "Cükki" kimi göstərilən bu ad tacir birlikləri ilə bağlıdır.
Culfa şəhəri Araz çayı sahilində, İranla sərhəddə yerləşir. Arazın o biri sahilində də Culfa şəhəri var. O, İran İslam Respublikasının ərazisindədir. Hər iki Culfa Araz çayı boyunca simmetrik şəkildə yerləşir ki, bu da bir şəhərin ikiyə bölündüyünü göstərir.
Naxçıvan Culfasının yaxınlığında, Araz çayı sahilində qədim tikililərin xarabalıqları çoxdur. XIII əsrin yadigarı və uzunluğu 40 metrə yaxın olan karvansara Azərbaycan ərazisində tikilmiş karvansaraların ən böyüyüdür. Ondan bir qədər aralıda isə XIV əsrə aid çoxaşırımlı körpünün qalıqları var. Deyilənə görə, bu köprünü Naxçıvan hökmdarı Hakim Ziyaəddin saldırmışdır.
XIII yüzilliyə aid edilən Gülüstan məqbərəsi orta əsrlərdə məşhur olmuş Naxçıvan memarlıq məktəbinin ənənələrini özündə birləşdirir. Bu tikili həm də orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının yalnız kərpic və kaşıdan olmasını iddia edənlərin fikirlərini alt-üst edir. Türbənin 12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə iri üzlük daş lövhələrdən inşa olunub. Digər qülləvari türbələr kimi, abidə iki hissədən ibarət olsa da, burada sərdaba yerin üst qatında tikilib. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də neçə əsrlər ötməsinə baxmayaraq, öz vüqarını saxlayır.
Torpaqlarımıza zaman-zaman göz dikmiş üzdəniraq erməni tarixçilərinin iddialarına görə, guya bir vaxtlar Culfa da ermənilərə aid olub. Hətta onlar utanıb-qızarmadan rayon ərazisindəki orta əsrlərə məxsus bir çox nekropollara - qədim qəbiristanlıqlara sahib çıxmağa çalışıblar. Amma hər dəfə tarixi mənbələr onların iddialarını rədd etmişdir.
Bu gün Culfa şəhəri Naxçıvan MR-in rayon mərkəzləri arasında ən iri yaşayış məskənidir. 12 min nəfərə yaxın sakini olan şəhərdə təkcə son illər 20-yə yaxın müasir tipli sosial obyektlər inşa olunub. Ümumiyyətlə, Culfaya şəhər statusu verilməsindən 60 ildən artıq vaxt ötsə də, o, əsasən son illər böyüyüb və abadlaşıb. Culfa həm də dəmiryolçular şəhəri kimi tanınır. Bu da təsadüfi deyil. Vaqon və lokomotiv depolarının bazalarında yaradılmış Yük və Sərnişindaşıma İdarəsində bu gün 450 nəfərdən artıq adam işləyir.
Ölkəmizlə İran arasında mövcud olan yeganə dəmiryol körpüsü də burada salınıb. Körpünün bir əsrdən artıq yaşı var. Culfa dəmiryol vağzalı isə qədim tikililərdən, memarlıq abidələrindən hesab olunur. 1908-ci ildə inşa olunmuş vağzal binası son illər əsaslı təmir olunaraq yenidən qurulub. Binanın əvvəlki görkəmi bərpaçı mütəxəssislərin səyi nəticəsində özünə qaytarılıb. Culfa gömrükxanası da cavan deyil, iki əsrə yaxın yaşı var. Türkmənçay müqaviləsindən bir il sonra fəaliyyətə başlayan gömrükxana İranla əlaqələrin inkişafında əhəmiyyətli rol oynayıb.
Ötən il rayonda aparılan quruculuq-tikinti tədbirləri əvvəlki illərlə müqayisədə daha çox olub. İlin 11 ayı ərzində bütün maliyyə mənbələri hesabına istifadə olunan 24,3 milyon manat vəsaitin 22,3 milyon manatı tikinti-quruculuq işlərinə yönəldilib. Bu, əvvəlki illə müqayisədə 23 faiz çoxdur.
Aparılan genişmiqyaslı quruculuq tədbirləri sayəsində rayon mərkəzində yeni və müasir obyektlər inşa olunub. Onlardan 4-ü təhsil müəssisəsidir. 980 şagirdlik, dördmərtəbəli orta məktəb binasının tikintisi 6 ay ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. "Gəmiqaya" MMC-nin inşa etdiyi məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Müəllim və şagirdlərin ixtiyarına 54 sinif otağı, zəngin əyani vəsaitlərlə təmin olunan fənn kabinələri, laboratoriyalar, kitabxana, idman və iclas zalları, yeməkxana verilib. İnformatika və elektron lövhəli sinif otaqları da müasir avadanlıqla təchiz olunub, 38 kompüter internetə qoşulub, 2 elektron lövhəli sinif yaradılıb. Məktəbin kitabxana fondu da zəngindir. 13 mindən artıq kitab fondu yaradılıb ki, onun da 6 minə yaxını bədii ədəbiyyat nümunəsidir. Hazırda məktəbdə 673 şagirdin təlim-tərbiyəsi ilə 90 müəllim məşğul olur və onların əksəriyyəti təcrübəli pedaqoqdur.
Bir əsrdən artıq yaşı olan və rayonun qabaqcıl təhsil ocaqlarından sayılan, 540 şagirdlik 2 nömrəli orta məktəbin binası isə əsaslı təmir edilərək yenidən qurulub. İndi məktəbdə təhsilin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait var. Bunun nəticəsidir ki, ötən il məktəbin məzunlarından 25 nəfəri ali məktəblərə daxil olub. Yüksək nəticə həm də müəllimlərin əməyinin bəhrəsidir. Naxçıvan MR-in əməkdar müəllimi Həqiqət Mustafayeva, Telman Əliyarlı, Tahirə Zeynalova, Yalçın Hüseynov, Zülfiyyə Nəcəfova, Vaqif Babayev şagirdlərin mükəmməl təhsil almaları üçün əllərindən gələni əsirgəmirlər.
Rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili və intellektual səviyyələrinin yüksəldilməsinə xidmət edən Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq, Uşaq Yaradıcılıq, Gənc Turist və Diyarşünaslıq mərkəzləri üçün dördmərtəbəli yeni binanın istifadəyə verilməsi də ötən ilin mühüm hadisələrindəndir.
Amma Culfada həyata keçirilən quruculuq tədbirləri bunlarla bitmir. YAP-ın rayon təşkilatı üçün tikilən yeni bina, Kapital Bankın rayon şöbəsinin binasında aparılan yenidənqurma işləri, hərbi şəhərcikdə inşa olunan Təlim-tədris mərkəzi, uşaq bağçası, köhnə yaşayış binalarının əsaslı təmiri və digər abadlıq və quruculuq işləri Culfanın simasını büsbütün dəyişib. Şəhərin görkəminin dəyişməsində yeni salınan bağlar, yaşıllıq zolaqları da əhəmiyyətli rol oynayır. Təkcə son bir neçə ildə burada 50 hektara yaxın sahədə yaşıllıq zolaqları və meyvə bağları salınıb.
Azərbaycanın Şərqə açılan qapısı Naxçıvandırsa, Naxçıvanın Şərqə açılan qapısı Culfadır. Həm də bu səbəbdən muxtar respublikanın yerli icra orqanları Şərqə açılan qapımızın daha abad və müasir olmasına çalışırlar. Necə deyərlər, qədim Culfanı cavanlaşdırırlar.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.-1 fevral.- S. 6.