Qüsurlu reytinq, yoxsa ictimai maraq...
Özəl televiziya kanalları
bunlardan hansını seçməlidir?
Son günlər bir çox
özəl televiziya kanallarında yayımlanan bəzi
veriliş və proqramların səviyyəsi yenidən
ictimaiyyətin və medianın gündəmində müzakirə
mövzusudur. Əslinə baxanda, bu mövzu Prezident
Administrasiyasının rəhbəri, hörmətli akademik
Ramiz Mehdiyevin 2 oktyabr 2009-cu ildə "Azərbaycan" qəzetində
dərc olunmuş "Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr" adlı məqaləsindən
sonra daha ciddi şəkildə ictimai müzakirələrə
səbəb oldu. Həmin məqalənin geniş oxucu kütləsi
tərəfindən bu qədər maraqla
qarşılanmasını şərtləndirən amillərdən
biri mövzuya ölkənin siyasi və ziyalı elitası ilə
yanaşı, bütün təbəqələrin, sosial
qrupların, teleməkan xaosundan incik düşmüş
bütün insanların mövqeyindən
yanaşılması idi. Bütün iradlar konkret instansiyalara,
konkret telekanala, hətta konkret verilişə, prinsipcə,
hamıya - rejissora, bədii rəhbərə, jurnalistə və
tamaşaçıya ünvanlanmışdı. Bu məqalədə
hamı özünü gördü. Əslində, akademik
Ramiz Mehdiyev teleşirkət rəhbərləri
üçün proqram və hərtərəfli konsepsiya təqdim
etdi. Bu məqalədəki tezislər həm də ictimaiyyətə
xitabən bir vətəndaş
çağırışı idi.
Sözügedən məqalənin
işiq üzü görməsindən sonra ictimai neqativin efirdən
uzaqlaşdırılması istiqamətində telekanallar tərəfindən
müəyyən addımlar atılsa da, qeyd olunan problemlər
əsaslı həllini tapmadı. Müvafiq dövlət
qurumları isə televiziyaların daxili işlərinə
qarışmamaq və onların müstəqilliyini qorumaq
naminə hər hansı bir inzibati tədbirə əl
atmadı və prosesin sonrakı inkişafını izləməkdə
davam etdi. Fikrimizcə, bu, doğru addımdır: elekrton
KİV-nin yaradıcılıq fəaliyyətinə
müdaxilə etməklə islah olunan səhvlərin yerində
onlardan da ciddilərinin yaranması praktikası dünya teleməkanı
təcrübəsindən bəllidir. Lakin yenə də ciddi
tamaşaçı telekanallarda yayımlanan verilişlərin
bir çoxunun səviyyəsindən narazıdır.
Tamaşaçı faktiki olaraq, formalaşmamış
qeyri-peşəkar rejissor, prodüser zövqünün əsirinə
çevrilib. Danışığını bilməyənləri,
nitqi qüsurlu, təsadüfi adamları, mənəvi keyfiyyətlərdən
xali olan şəxsləri qəhrəmana çevirmək Azərbaycanın
özəl teleşirkətlərinin gündəlik fəaliyyət
metodikasında aparıcı yer tutur. Bu, acı
reallıqdır. Artıq cəmiyyət "səviyyəsiz
şou", "ucuz əyləncə verilişləri",
"şit maqazin proqramları", "mahnısından
çox qalmaqalları ilə məşhur olan müğənnilər",
"sponsor", "şou-biznes", "qalmaqal yaratmaqla
reytinq yığmaq" kimi ifadələrdən və
özünü doğrultmayan eksperimentlərdən bezib.
Öz mənəvi dünyasına hörmətlə
yanaşan tamaşaçı doğma Azərbaycan teleməkanından
imtina etmək məcburiyyəti ilə üzləşir.
Bunu qəbul etməliyik ki,
televiziya ictimai yerdir. Televiziya bayağı və ucuz
mövzuların müzakirəyə
çıxarıldığı, necə deyərlər,
şouya çevriləsi məkan deyil! Xüsusən də,
Azərbaycanda - bəşər sivilizasiyasına çox
böyük töhfələr vermiş, ən qədim tarixə,
zəngin mədəniyyətə sahib olan ölkədə!
Ona görə də bu kimi layihələr hazırlanan zaman
biz ənənələrimizi, yüksək mənəvi dəyərlərimizi,
milli kimliyimizi qorumaq prinsipindən imtina etməməliyik.
Uzun müddət qapalı
şəraitdə yaşamış Azərbaycan son onilliklərdə
xarici ölkələrlə sıx əlaqələr qurur. Bu
əlaqələr telekommunikasiyadan da yan keçməyib.
Müstəqillik əldə etdiyimiz ilk illərdə Azərbaycan
alıcısına xaricdə istehsal olunmuş, vaxtilə əlçatmaz
sayılan ən tanınmış brendlər, markalar tədqim
edildiyi kimi, xarici televiziya kanallarının məhsulları da
təklif olundu. Beləliklə, Qərbin gözparıldadan nəyi
vardısa, dəxli yoxdur, mənəviyyat baxımından
problemlidir, nöqsanlıdır, nöqsansızdır, bir
sözlə, hamısı bizim açıq teleməkana daxil
oldu. Əbəs yerə deməyiblər, müqəddəs
yer boş qalmaz. Əlbəttə, insanların mənəvi təlatümlərə
və kənar psixoloji təsirlərə qarşı yetərli
müqavimət gücü olsa, burada narahatlıq keçirməyə
əsas qalmaz. Bizim cəmiyyətin bu cür,
formalaşmış immunitet sistemi hələ yoxdur. Və
bütün insanlar eyni dərəcədə kamil və iradəli
deyillər. Bu məqamda dövlətin cəmiyyəti qoruma
instinkti ilə addım atmasını alqışlamaq
lazımdır. Yəni, milli varlığı, milli-mənəvi
dəyərləri qoruyub saxlamaq və cəmiyyəti gözlənilən
mənəvi zərbələrdən qorumaq funksiyasını
dövlət müəyyən qədər öz üzərinə
götürməlidir. Bu, dövlətin mənəvi cəhətdən
müdafiəsiz qalmış vətəndaşını yad
təsirlərdən qorumasıdır.
Bəli, indi biz demokratik cəmiyyət
qururuq. Qapıları tam bağlaya bilmərik. Lakin
qapıların bu formada taybatay açılması da doğru
addım deyil! Yuxarıda qeyd etdik ki, açıq qapılardan
müasirlik, inkişaf, internet, "facebook" və sair
qabaqcıl texnologiyalar gəldiyi kimi, bunlarla tamamilə tərs
mütənasib olan lazımsız informasiyalar, insanların mənəviyyatına
mənfi təsir edə biləcək zərərli xəbərlər,
televiziya verilişləri, şou, əxlaqsızlığı
aşılayan, mənəviyyatı sıradan çıxaran
proqramlar da daxil olur.
Neçə vaxtdır ki, Azərbaycan
telekanallarında evlənməklə bağlı yayımlanan
şou-proqramların yaratdığı qıcığı
hamılıqla sezirik. Cəmiyyətin ayrı-ayrı təbəqələri
ilə görüşlərimizdə belə verilişlərin
televiziya ekranlarına ayaq açmasından ciddi
narazılıq eşidir, bu verilişlərin milli- mənəvi
dəyərlərimizə zidd olduğunu açıq bildirən
fikirlər dinləyirik. Cəmiyyətin aktiv hissəsi bu tip
verilişlərin adətən, insanların müqəddəs
saydığı hissləri öldürməyi hədəfə
aldığını bildirir. Cəmiyyətin aktiv hissəsi,
ziyalı təbəqə bu kimi verilişləri mədəni
zövqün korlanması kimi qiymətləndirir və təbii
ki, bununla razılaşmamaq olmur. Hansı televiziya
kanalının rəhbərindən və ya nümayəndəsindən
cəmiyyətin müxtəlif təbəqələrindən
gələn etirazlara baxmayaraq, bu şou proqramların efirdən
çıxarılmamasının səbəbini soruşsan, dərhal
onların çox böyük bir reytinqə malik olduğunu,
xalqın mədəni səviyyəsinin və
dünyagörüşünün bu verilişlərlə
adekvatlığını və məhz bu verilişlərin
şirkətin maliyyə qaynağına çevrildiyini deyəcək.
Reallıqda isə bu izahata
(bəlkə də bəhanəyə) iki səbəbə görə
haqq qazandırmaq mümkün deyil. Birinci, ona görə ki,
bu verilişlərin səviyyəsi ilə xalqın mədəni,
mənəvi səviyyəsini eyniləşdirmək
kökündən yanlışdır. Nizamini, Füzulini
yetirmiş xalq bu dərəcədə kasıb mənəviyyatın
sahibi ola bilməz. İkinci, ona görə ki, verilişlərin
reytinqlərini müəyyən edən zaman çox ciddi
metodoloji nöqsanlara və qüsurlu yanaşmalara yol verilir. Təsəvvür
edin ki, bu cür verilişlərin reytinqini müəyyənləşdirmək
üçün 200 Bakıda, 200 də regionlarda olmaqla, cəmi
400 evdə (ailədə) "reytinqi ölçən cihaz
quraşdırılır" və beləliklə, həmin
insanların zövqünə və mədəni səviyyəsinə
uyğun olaraq, 9 milyonluq xalqın efir zövqü və istəyi
müəyyən edilir. Burada nöqsan təkcə rəqəmlərdə
yox, eyni zamanda, monitorinqə cəlb edilən əhali qrupunun
düzgün seçilməməsində, yəni, mədəni
və təhsil səviyyəsi çox da yuxarı olmayan qrupa
daha çox üstünlük verilməsindədir. Əhalinin
intellektual hissəsinin zövqü və istəyi isə tamam
kənarda qalır. Bu halın reytinq ölçən şirkətlər
tərəfindən təsadüfən və ya bilərəkdən
edilməsindən asılı olmayaraq, millətimizə
qarşı ən böyük pislik hesab edirəm!
Çünki anasını və ya övladını qəddarcasına
öldürmüş bir manyakın cinayətini bütün
çılpaqlığı, qəddarlığı və
bayağılığı ilə göstərən
"kriminal verilişləri", bir neçə dəfə
ərə gedib boşandığını fəxrlə deyən
və ya övladının atasının kimliyinin
"sirr" olduğunu təbliğ edən verilişlərin
"böyük reytinqə" sahib olmasını söyləmək
cəmiyyəti mənəviyyatsızlaşdırmaq və əsrlər
boyu fəxr etdiyimiz ailə institutunu (həm də müqəddəsliyini)
kökündən baltalamaqdan başqa bir şey deyildir. Bu isə
gələcəyimiz və milli təhlükəsizliyimiz
üçün böyük təhdiddir.
Reytinq müəyyənləşdirənlərin
yol verdiyi kobud səhvlər "televiziya cəmiyyətin
güzgüsüdür" aksiomunu dönə-dönə təkrarlayan
televiziya və ya proqram rəhbərlərinin məsuliyyət
yükünü qətiyyən azaltmır. Məgər bu
gün ölkədə ictimai əhəmiyyət kəsb edən
başqa mövzu yoxdur ki, televiziya kanalları xırda məişət
məsələlərini şouya çevirib, "bəh-bəh"lə
xalqa təqdim edirlər? Axı, başqalarının ailə
qeybətləri kimin nəyinə lazımdır? Evlənmə
verilişlərində isə öz qızına efir vasitəsilə
təsadüfi və tanımadığı adamla ailə
qurmağa xeyir-dua verən ata obrazı yaradılır.
Axı, vaxt var idi bir oğlan bir qıza elçi düşəndə
qızın bir cavabı olurdu: "El adəti ilə
elçini göndər, məni böyüklərimdən istə".
Elçilik mərasimi Azərbaycan xalqının bəlkə
də ən gözəl, ən ismətli adət-ənənələrindən
biridir. Əvvəllər elçiliyə nəsilin, elin
sayılıb-seçilən, tanınmış insanları
gedərdilər. İndi isə gənc, hətta yeniyetmə
qızlar çıxıb efirdən özlərini
oğlanlara təklif edirlər. Bir növ, özləri-özlərinə
elçilik edirlər. Bax, bu əsl faciədir. Əlbəttə
ki, bir günlük tanışlıqla qurulan ailələrin
sağlamlığına, təməlinin möhkəm
olacağına inanmaq çətindir. Ola bilər, istisnalar
var, amma bu halın insanlara kütləvi ailə xoşbəxtliyi
gətirəcəyinə inam və ümid yoxdur,
çünki izdivacın mənəviyyat amili kənarda
qalır!
Elə məsələlər
var ki, onu kütləviləşdirmək, müzakirəyə
çıxarmaq, elanla əldə etmək olmaz! İki qəlbin
pıçıltısı efirdən elan olunmur. Başqa xalqların
həsədlə və bəlkə də paxıllıqla
qeyd etdikləri Azərbaycan xalqının toy adət-ənənəsinə
mənasız bir çalar qatmaq nəyə lazımdır?
Kim təminat verir ki, canlı yayımda qurulacaq ailənin təməli
elə telekanalın kandarına qədər davam etməyəcək?!
Bir sözlə, bu verilişlər
də mənasız və məntiqsiz xarici seriallar kimidir və
müsbət heç nə vəd etmir. Bir də ki,
açıq efir, yəni, evimizə icazəsiz daxil olan TV
anlamalıdır ki, bura ictimai yerdir. Bu, rejissorun, sponsorun,
assistentin, rəhbərin bostanı deyil ki, nə istəsə
onu da əksin!
Bəzən məqsədli
şəkildə bunu sosial tələbat kimi qiymətləndirib,
öz əməllərinə don geyindirmək istəyənlər
də tapılır. Burada hansı sosial tələbatdan
söhbət gedə bilər?! Bu, sadəcə, mövzunun
sosial maskasından yararlanmaqdır.
Elə buradaca bir məsələyə
də toxunmaq istərdim. Bəzən irad bildirən zaman,
"xoşun gəlmir, baxma" və ya "kanalı dəyiş"
cavabları ilə də rastlaşırsan. Məncə, bu
cür yanaşma söylənilən iradlara tutarlı
cavabın yoxluğundan və özünə haqq
qazandırmaq cəhdlərindən qaynaqlanır. Gərək
unudulmasın ki, zərərli olan nə varsa, virus kimidir, bəzən
adam özü bilmədən də ona yoluxa bilir. Xüsusilə,
valideyn nəzarəti və tərbiyəsindən
asılı olmayaraq, zövqü və
dünyagörüşü tam formalaşmayan uşaq və
yeniyetmələrimizi bu "çağırılmayan virusdan"
heç kim sığortalamayıb.
Ona görə də bu fikri
səsləndirənlər televiziyanın ictimai vəzifə
və funksiyasını dəqiq anlamalı,
hazırladıqları proqramlar vasitəsilə insanların
zövqünü formalaşdırmalı, yaxşıya vərdiş
etməyi aşılamalı və yüksək mədəniyyətə
səsləməlidirlər.
Bəlkə də vəziyyətin
bu hala gəlib çıxmasında ictimaiyyətin, xüsusilə,
onun fəal hissəsi olan qeyri-hökumət təşkilatlarının
məsələyə laqeyd münasibətinin və ictimai nəzarəti
lazımi səviyyədə təşkil edə bilməməsinin
də rolu az olmamışdır. Bu gün heç kimə
sirr deyil ki, Avropanın kütləvi informasiya vasitələri
çox ciddi ictimai nəzarət altındadır. Daha
doğrusu, ictimai nəzarət TV-nin, qəzetlərin istehsal
etdiyi məhsulu ictimaiyyətin marağına
uyğunlaşdıra bilib. Avropa cəmiyyəti ictimai müstəvidə,
o cümlədən KİV-də, incəsənətdə nəyin
bahasına olursa-olsun pul qazanmaq metodologiyasından çoxdan
imtina edib. Cəmiyyət belələrinə əlavə maddi
yardım etməyi ölkə üçün daha ucuz
başa gələn məsrəf sayır. Çünki vaxtilə
mənəviyyatsızlığın törətdiyi fəsadların
aradan qaldırılması üçün sivil dövlətlər
ondan çox-çox böyük büdcələr xərcləməyə
məcbur olublar. Təkcə bir faktı xatırladaq.
Böyük Britaniyada dövlətlə BBC-i arasında yaranan
unikal balans bu kanalı milli maraqların və ənənələrin
xidmətçisinə çevirib. Kanal
dağıdıcı bazarı yaxına buraxmadan kütləvi
medianın etik və peşəkar standartları ilə
işləyir. Təsadüfi deyil ki, məhz "Auditoriya həmişə
işimizin mərkəzindədir" şüarı BBC-nin
Londondakı mərkəzi ofisinin qarşısından
asılıb.
Əlbəttə, kimsə deyər ki, Azərbaycan televiziyalarını maddi və texniki vəziyyətini BBC ilə müqayisə etmək ədalətli deyil. Razıyam. Amma heç olmasa, qardaş Türkiyənin NTV, CNN Türk, Haber Türk kimi ciddi auditoriyası olan və daim ictimai maraqları qoruyan kanallarının təcrübəsindən faydalanaq. Onlar ki, bayağı və mənasız şoular hesabına bu qədər populyar olmayıblar! Bəllidir ki, onlar bu cür yüksək səviyyəyə gəlmək üçün hər şeydən əvvəl, peşəkarlığa və ictimai marağa önəm veriblər, ağıllı və savadlı mütəxəssislərin yetişməsinə ciddi sərmayə qoyublar. Bizdə isə bu sahədə hələ çox işlər görülməlidir.
Beləliklə, yekunda bu nəticəyə gəlmək olar ki, efirdə yaşanan problemlərin iki həlli yolu var. Ya özəl televiziya kanalları ictimai rəyi və ictimai qınağı nəzərə alaraq, qeyd olunan nöqsanları özləri aradan qaldırır, ya da müəyyən ictimai müdaxilə nəticəsində bu məsələ öz müsbət həllini tapır. Məsələn, telekanalların rəhbərləri birbaşa efirdə ictimaiyyət nümayəndələrinin (tutaq ki, QHT-lərin) sözügedən verilişlərlə bağlı iradlarına cavab verməli olurlar. Təsir variantı olaraq, Milli Televiziya və Radio Şurasına milli-mənəvi tələblərə cavab verməyən verilişlərə görə cərimə sanksiyaları tətbiq etməyi və ya mənəviyyata və əxlaqa zidd verilişləri qısa müddətə qapamaq səlahiyyəti verilə bilər. Tənbeh üçün təsirli vasitələr çoxdur, bizim ictimaiyyət onlardan bəhrələnməyi öyrənməlidir.
Azay Quliyev,
Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi
Şurasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-1 fevral.- S. 7.