Milli maraqları əsas tutan çevik və qətiyyətli diplomatiya

 

Azərbaycan 2010-cu ildə xarici siyasət sahəsində mühüm uğurlara imza atmışdır

 

Tarixə çevrilmiş 2010-cu il müstəqil Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuş, dünya maliyyə böhranı şəraitində iqtisadi inkişaf tempini qoruyub saxlayan, qlobal enerji-kommunikasiya layihələrinin icrasını inamla davam etdirən respublikamız xarici siyasət sahəsində də nəzərəçarpacaq uğurlara imza atmışdır. Avratlantik məkana inteqrasiya kursuna yüksək sadiqlik göstərən, iqtisadi-siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətindəki proqressiv islahatları səylə davam etdirən ölkə rəhbərliyi diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmiş, beynəlxalq miqyasda respublikamızın maraq və mənafeyini qətiyyətlə qorumuşdur.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev ötən il respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Milli mənafeləri önə çəkən bu qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə, ümumən Avropa məkanında nüfuzu artmış, siyasi və iqtisadi mövqeyi möhkəmlənmişdir. Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyünün bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər 2010-cu ildə də xüsusi aktuallıq kəsb etmişdir. Regionda maraqları toqquşan bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu iqtisadi-siyasi tərəfdaşlıq səviyyəsində qurmağa nail olan respublikamız müstəqil dövlət imicini daha da möhkəmləndirmiş, qlobal proseslərə çevik və adekvat reaksiya vermək əzmini numayiş etdirmişdir.

2010-cu il ümumilikdə, xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin etmiş, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən il xarici siyasət sahəsində qazanılan uğurları yüksək dəyərləndirmişdir: "Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir. 2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul etmişdir. Beləliklə, münaqişənin həlli ilə bağlı gedən işlərdə bizim siyasi və diplomatik mövqelərimiz daha da möhkəmləndirilmişdir".

Xarici İşlər Nazirliyinin 2010-cu ilin yekunları ilə bağlı yaydığı hesabat da ölkəmizin diplomatik sahədə böyük uğurlara imza atdığını göstərir. Bütövlükdə, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlət başçılarının Azərbaycana rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 50-yə yaxın dövlətlə 100-dək ikitərəfli beynəlxalq sənəd imzalanmışdır. Bu səfərlər respublikamızın Qərbi, habelə Mərkəzi-Şərqi Avropa, Orta Asiya, Yaxın Şərq ölkələri ilə, habelə tarixi baxımdan yaxın qonşu dövlətlərlə əlaqələrində keyfiyyətdə yeni mərhələ açmış, qarşılıqlı-faydalı əməkdaşlığını gücləndirmişdir.

Azərbaycanın diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənmiş, il ərzində Xorvatiya, Estoniya, Serbiya, Liviya və Argentinada Azərbaycanın səfirlikləri, Rusiyanın Yekaterinburq və Gürcüstanın Batumi şəhərlərində Azərbaycanın baş konsulluqları, həmçinin Almaniyanın Ştutqart və ABŞ-ın Santa Fe şəhərlərində ölkəmizin fəxri konsulluqları açılmışdır. Eyni zamanda, keçən il Azərbaycanda Avstriya, Niderland Krallığı, Fələstin və İndoneziyanın səfirlikləri, Gəncə şəhərində isə Türkiyənin baş konsulluğu fəaliyyətə başlamışdır. 2010-cu ildə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası, İraq, Vyetnam və Braziliyada səfirliklərinin açılması barədə də müvafiq qərarlar qəbul olunmuşdur.

Azərbaycanın xarici siyasət kursunda Avropa və Avratlantik strukturları ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı prioritet sahələrdən birini təşkil etdiyindən ölkəmiz bu istiqamətdə də uğurlu fəaliyyətini davam etdirmişdir. Keçən il Avropa İttifaqı-Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlara başlamaq üçün mandat təsdiq edilmiş, il ərzində iki plenar iclas keçirilmişdir. Aİ-nin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri olmuş, aparılan danışıqların nəticəsi kimi Azərbaycanla Avropa İttifaqı arasında "Müasirləşmə üçün tərəfdaşlıq" sənədinin hazırlanmasına dair razılıq əldə edilmişdir.

Azərbaycanın Avropa və Avratlantik məkanlarının sülh və təhlükəsizliyini təmin edən ən nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə də münasibətlərini inkişaf etdirmişdir. 2010-cu ildə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci fazası rəsmi olaraq başa çatdırılmışdır. Bu çərçivədə nəzərdə tutulan tədbirlər Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilmişdir. Keçən il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində isə region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsiplərin nəzərə alınması ilə həllinin vacibliyi vurğulanmışdır.

XİN-nin yaydığı bəyanatdan görünür ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilmişdir. Keçən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğalı altında olması faktı təsdiq edilmişdir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Ötən il xarici siyasət sahəsində ən mühüm hadisələrdən biri də Bakıda keçirilmiş III Xəzər Zirvə görüşündə ilk dəfə olaraq Xəzəryanı dövlətlər arasında təhlükəsizlik sahəsində sənədin imzalanması olmuşdur. Həmin Zirvə görüşünün sənədləri qismində həm Birgə Bəyanatın, həm müqavilənin, həm də Protokol Qərarın qəbul edilməsi tədbirin praktik əhəmiyyətinin göstəricisi sayıla bilər.

Ötən il imzalanmış digər mühüm sənəd isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının Bakı Enerji Zirvə görüşündə imzalanmış Bakı Bəyannaməsi olmuşdur. Bəyannamə Azərbaycanın təbii qazının nəqlinin şaxələndirilməsi məqsədini daşımışdır.

Ötən il 32 dövlətin dini liderlərinin və dini nümayəndələrinin iştirakı ilə Bakıda Dini Liderlərin Ümumdünya Sammiti keçirilmişdir. Sammit çərçivəsində dini liderlər qloballaşma dövründə müasir cəmiyyət qarşısında duran problemlərin həllində dini dəyərlərin əhəmiyyətini və rolunu müzakirə etmiş, bu xüsusda birgə yanaşmaları müəyyən edərək xalqlar, dinlər və sivilizasiyalararası mədəniyyəti və dialoqu təşviq edən Bakı Bəyannaməsini qəbul etmişlər. Sammit çərçivəsində bütün Rusiyanın və Moskvanın patriarxı Kirilin vasitəçiliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçirilmişdir. Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlara töhfə olaraq birgə sənəd imzalamışlar.

Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması 2010-cu ildə həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir. Rəsmi Bakının yeritdiyi praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.

 

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 1.