Azərbaycan avropalı tərəfdaşları ilə bütün sahələri əhatə edən proqramlar üzərində işləyir

 

"Odessa-Brodı" kəməri ilə ildə 4 mln ton Bakı nefti nəql edilə bilər

 

"...Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındaki bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcək. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı və səmərəli marşrut olacaqdır". Bu sözləri Prezident İlham Əliyev Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvlərinin (OECD) birgə nahar mərasimindəki çıxışında deyib.

 

Çıxışlarında Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən proqramların reallaşdırılması üzərində işləyirik: "Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün, əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq".

Dövlət başçısı yanvarın 27-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindelegger ilə görüşüb. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğunun ifadə edildiyi bu görüşdə tərəflər onu da qeyd ediblər ki, bu sahədə AMV şirkətinin Azərbaycanla əməkdaşlığı faydalıdır.

Prezident İlham Əliyev TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə də faydalı görüş keçirib. Görüşdə TOTAL-ın Azərbaycandaki fəaliyyəti, bu şirkətin "Şahdəniz" və "Abşeron" qaz yataqlarının işlənməsi, Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ukrayna prezidentlərinin görüşünü siyasi analitiklər daha məhsuldar və uğurlu adlandırırlar. Belə ki, bu görüşdə prezidentlər sıxlaşdırılmış maye qazın Ukrayna ərazisinə çatdırılması ilə bağlı Memorandum imzalayıblar. Bundan başqa, iki ölkənin hökumətləri arasında daha bir mühüm sənəd də imzalanıb.

Prezident İlham Əliyev bu görüşün faydasını xüsusi vurğulayıb: "Bizim münasibətlərimiz çox fəal və dinamik inkişaf edir, "Strateji tərəfdaşlıq", "Dostluq münasibətləri" kimi terminlərlə səciyyələndirilir. Əminəm ki, siyasi dialoqun genişlənməsi iqtisadi sahədə, xüsusən energetika sahəsində fəal qarşılıqlı əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq. Təkcə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də Qara dəniz və Xəzər dənizi regionunda əməkdaşlığın hərtərəfli yüksəlişi üçün əlverişli şərait yaradacaqdır".

Azərbaycan Prezidenti ilə yüksək səviyyəli görüşlərin intesivliyini və səmərəliliyini yüksək dəyərləndirən Ukrayna Prezidenti Viktor Yanukoviç vurğulayıb ki, keçirdiyimiz siyasi dialoq təsdiq edir ki, ölkələrimiz arasında strateji münasibətlər xalqlarımızın dostluğunun təməlidir: "Ukrayna xalqı heç vaxt unutmayacaq ki, bizim üçün çətin bir dövrdə Sizin atanız Heydər Əliyev tarixi qərar qəbul etdi və Sizin ölkəniz Ukraynanı yanacaq-sürtkü materialları, neftayırma zavodlarımıza neft nəql edilməsi ilə dəstəklədi. Bu həmin dövrdə Ukraynaya çatışmayan bir udum hava kimi zəruri idi və Prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycan bunu etdi. Siz bu xoşməramlı ənənələri davam etdirirsiniz".

2010-cu il ərzində Azərbaycan və Ukrayna arasında əmtəə dövriyyəsinin fəal artımı qeydə alınmış, yeni fəaliyyət sahələri yaranmış, yanacaq-sürtkü materialları, neft ticarəti xeyli fəallaşmışdır. Münasibətlərin bu cür inkişafından bəhs edən Prezident V.Yanukoviç qarşıdaki illərdə əməkdaşlıq sahəsində böyük uğurlara imza atacaqlarına inandığını söylədi: "2011-ci ilin əvvəlindən danışsaq, biz növbəti addımı atırıq və ticarət münasibətlərinin, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə fəal səylərimizi davam etdirməliyik. Buna görə də məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz birinci addımı birlikdə hazırlamışıq. Mən bu il Sizinlə razılaşdığımız kimi, həm Sizin üçün, həm də mənim üçün münasib vaxtda Azərbaycana səfər etməyi planlaşdırıram ki, dost siyasi, strateji dialoqu artıq Azərbaycan ərazisində davam etdirə bilək".

Faydalı keçən görüşün sonunda Azərbaycan və Ukrayna hökumətləri arasında Ukrayna ərazisindən neft nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Sazişi və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzaladılar.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin jurnalistlərə bildirib ki, söhbət "Odessa-Brodı" neft kəməri ilə ildə 4 milyon ton Azərbaycan neftinin nəqlindən gedir. Sıxlaşdırılmış qazın Ukraynaya nə vaxt çatdırılacağı ilə bağlı sualı cavablandıran Levoçkin bildirib: "Bu memorandumdur. Nə vaxt Ukraynada ilk sıxlaşdırılmış qaz zavodunun inşası üzrə investisiya layihəsinin tenderi keçiriləcək, onda konkret həcm barədə danışmaq olar. Hesab edirəm ki, əhəmiyyətli həcm olacaq".

Administrasiya rəhbəri əlavə edib ki, sıxlaşdırılmış qazın nəqli Ukrayna sənayesinə alternativ mənbələrdən qaz almaqla yanaşı, onun qiymətinin xeyli azalmasına da səbəb olacaq.

Azərbaycan Prezidenti çıxışlarında bir məqamı xüsusilə vurğuladı - 2011-ci ildə bütün səylər Azərbaycanın dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirməsinə, iqtisadiyyatın intensiv inkişafına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə istiqamətlənəcəkdir. Və bütün bunları həyata keçirmək üçün Azərbaycanın kifayət qədər gücü vardır.

 

 

R.RZALI

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 1, 7.