Maliyyə Nazirliyində geniş tərkibdə
kollegiya iclası keçirilmişdir
Fevralın 1-də Azərbaycan
Respublikasının Maliyyə Nazirliyində 2010-cu ilin
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş geniş tərkibdə
kollegiya iclası keçirilmişdir.
Nazir Samir Şərifov
bildirmişdir ki, Prezident İlhan Əliyevin rəhbərliyi
altında 2010-cu ildə ölkəmizin makroiqtisadi göstəricilərinin
artım sürəti təmin edilmiş, iqtisadiyyatın
aparıcı sahələrində müsbət nəticələr
əldə olunmuşdur. Dünyada iqtisadi və maliyyə
böhranının hələ də davam etməsinə
baxmayaraq, dövlətimizin başçısının
düşünülmüş, qətiyyətli və
çevik iqtisadi siyasəti nəticəsində ölkəmizin
inkişaf sürəti artmış, qarşıda duran
bütün vəzifələr və infrastruktur layihələri
icra edilmiş, əhalinin sosial rifah halının daha da
yaxşılaşdırılması istiqamətində
mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycan
Respublikasının 2010-cu il icmal büdcəsinin gəlirləri
19,3 milyard manat və ya 125,2 faiz, icmal büdcənin xərcləri
isə 13,5 milyard manat və ya 94,7 faiz icra olunmuşdur. Dövlət
büdcəsinin mədaxili 11,4 milyard manat və ya 99,1 faiz, xərcləri
isə 11,8 milyard manat və ya 95,9 faiz təşkil
etmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət
büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət,
sosial və sosial təminat, müdafiə, məhkəmə
hakimiyyəti, hüquq mühafizə və prokurorluq
orqanlarının saxlanılması, dövlət əsaslı
vəsait qoyuluşu xərclərinə 11,6 faizədək
çox vəsait yönəldilmişdir. Hesabat dövründə
dövlət büdcəsinin cari xərclərinin 3,7 milyard
manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin
maliyyə təminatına sərf edilmişdir. Bu, 2009-cu illə
müqayisədə 120 milyon manat və ya 3,3 faiz çoxdur. Ötən
il dövlət büdcəsinin icrası ilə bağlı
maliyyə orqanlarının qarşısında duran vəzifələr
ümumən yerinə yetirilmiş, bütün zəruri xərclərin
maliyyələşdirilməsi təmin edilmişdir.
Qeyd olunmuşdur ki, son
illər ərzində büdcə
proqnozlaşdırılması xeyli təkmilləşdirilmiş,
lazımsız xərclərin qarşısı əsasən
alınmışdır.
İclasda korrupsiyaya
qarşı mübarizə üzrə Maliyyə Nazirliyi
sistemində həyata keçirilən tədbirlər,
korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin
artırılması üçün qarşıda duran vəzifələr
müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2011-ci il
yanvarın 27-də Prezident İlham Əliyevin
tapşırığı əsasında Korrupsiyaya
Qarşı Mübarizə üzrə Komissiyanın geniş
iclası keçirilərək, respublikamızda bu sahədə
görülən işlər müzakirə edilmiş və
korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin
artırılması ilə bağlı müvafiq dövlət
orqanlarına, o cümlədən mərkəzi icra hakimiyyəti
orqanlarına tapşırıqlar verilmişdir.
S.Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və nazirliyin vergi siyasəti və gəlirlər, uçot siyasəti şöbələrinə konkret tapşırıqlar vermişdir. Bildirilmişdir ki, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir. Nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməli, əsassız yoxlamalar aparılmamalı, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməlidir. Bütün yoxlamalar dövlətimizin başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır. Eyni zamanda, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası üzrə nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planının icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalı, “qaynar xətt”in əhatə dairəsi genişləndirilməli və ictimaiyyətin bu barədə məlumatlandırılması işi həyata keçirilməli, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açıqlanmalı olan məlumatlar qurumun internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir.
Nazir bildirmişdir ki, 2011-ci ildə qarşıda duran mühüm vəzifələrdən biri də “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilmişdir.
Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-in Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2012-ci il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərini sürətləndirməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və keyfiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunmuşdur. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Kollegiya
iclasının yekununda müzakirə edilən məsələyə
dair müvafiq qərarlar qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-2 fevral.- S.2.