Azərbaycan səfiri etimadnaməsini Bruneyin Sultanına təqdim etmişdir

 

Azərbaycanın Malayziyada və eyni zamanda, Bruney Darüssalamdakı səfiri Tahir Kərimov etimadnaməsini Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Muizzaddin Vaddaulaha təqdim etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, etimadnaməni qəbul edən Sultan səfirdən Prezident İlham Əliyevə olan böyük hörmətini, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi arzularını və səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.

Sultan, həmçinin Azərbaycana gəlmək arzusunda olduğunu bildirmişdir.

Azərbaycan-Bruney əlaqələrindən danışan T.Kərimov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Səfir bildirmişdir ki, Azərbaycan ilə Bruney arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı qarşıda duran əsas vəzifələrdəndir.

Səfər çərçivəsində T.Kərimov Bruneyin xarici işlər və ticarət naziri Mohamed Bolkiah və nazirliyin 2-ci Siyasi və Protokol İdarəsinin rəisləri ilə görüşmüşdür.

Görüşlərdə səfir ölkəmizdə gedən quruculuq işləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat vermişdir. Diplomat ölkələrimiz arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsi barədə danışmışdır.

Nazir M.Bolkiah İKT-nin xarici işlər nazirlərinin Bakıda keçirilmiş görüşündə iştirakını böyük məmnunluqla xatırlamış, ölkəmiz haqqında xoş təəssüratlarını bölüşmüşdür.

T.Kərimov, həmçinin Bruneyin daxili işlər nazirinin müavini Dato Paduka Seri Haji Avang Halbi bin Haji Mohd Yussof ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

Təqdimat mərasimi yerli mətbuatda geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 2.