Ekoloji vəziyyətin
sağlamlaşdırılması və ətraf mühitin
qorunması prioritet vəzifələrdəndir
2010-cu ildə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi bu istiqamətdə mühüm
işlər görmüşdür
"Mən çox şadam ki, Ekologiya ili çərçivəsində
həm dövlət tərəfindən böyük işlər
görüldü, həm də özəl sektor bu işlərə
qoşuldu. Ən sevindirici hal isə ondan ibarətdir ki,
ölkə əhalisi də bu təşəbbüsə
qoşularaq ekoloji vəziyyətin
yaxşılaşdırılmasına öz dəyərli
töhfələrini vermişdir. 6 milyondan artıq ağac əkilmişdir. Bu proses bu il də davam etdiriləcəkdir. Mən hesab edirəm ki, biz bu tempi
azaltmamalıyıq. Ekoloji vəziyyətin
yaxşılaşdırılması ölkəmizin uğurlu
inkişafı üçün, əhalinin
sağlamlığı üçün çox böyük
əhəmiyyət daşıyır".
İlham ƏLİYEV
Ulu öndər Heydər Əliyevin
layiqli davamçısı ölkə Prezidenti cənab
İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji
problemlərin müzakirəsinə həsr olunmuş
müşavirələrin keçirilməsi, ətraf
mühitlə bağlı qəbul olunmuş dövlət
proqramlarının icrasına göstərilən diqqət,
mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə
müvafiq sərəncamların imzalanması, eləcə də
2010-cu ilin ölkə rəhbəri tərəfindən
"Ekologiya ili" elan edilməsi bu sahənin ölkəmizdə
prioritet məsələlər sırasına
qaldırılmasına parlaq nümunədir.
Yanvarın 14-də Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2010-cu il -
Ekologiya ili çərçivəsində dövlətin, eləcə
də özəl sektorun ekoloji vəziyyətin
yaxşılaşdırılması ilə bağlı həyata
keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdir.
Son illər
iqtisadiyyatımızın sürətli inkişafının
nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna, ətraf
mühitlə bağlı problemlərin həllinə yönəldilməsi
ekoloji layihələrin həyata keçirilməsi
imkanlarını xeyli genişləndirmişdir. Buna görə
də bir çox ölkələrin maliyyə
böhranına məruz qaldıqları bir dövrdə Azərbaycanda
infrastruktur layihələrinin icrası davam etdirilmiş,
ekoloji problemlərin həlli istiqamətində səmərəli
tədbirlər həyata keçirilmişdir.
Ekologiya ilində Birləşmiş
Millətlər Təşkilatının Ətraf Mühit
Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya,
İsveçrənin Cenevrə şəhərləri ilə
yanaşı, respublikamızın paytaxtı Bakı şəhəri
də Dünya Ətraf Mühit Gününün Avropa
regionunda qeyd edilməsi üçün əsas üç
şəhərdən biri elan edilmişdir.
"Ümumdünya Ətraf Mühit Günü - 2010"a Avropa regionu üzrə rəhbərlik edəcək
üç şəhərdən biri kimi Bakının
seçilməsi heç də təsadüfi deyil. Bu, ilk
növbədə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkə
iqtisadiyyatının, sosial-mədəni həyatın
bütün sahələrində, o cümlədən, ekoloji
tarazlığın qorunması, ətraf mühitin
sağlamlaşdırılması ilə bağlı
aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin
uğurlu nəticəsidir.
Ekologiya ili
bir çox yaddaqalan tədbirlər və aksiyalarla əlamətdar
olmuşdur. Keçən il
Ümumdünya Ətraf Mühit Günü "Çoxlu
növlər, bir planet, bir gələcək" devizi ilə
keçirilmiş və tədbirlərdə iştirak etmək
məqsədilə BMT-nin Ətraf Mühit Proqramının
Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya gələrək
ağacəkmə kampaniyasında iştirak etmişdir. Respublikanın bütün şəhər və
rayonlarında Ətraf Mühit Günü ilə bağlı
ağacəkmə aksiyaları uğurla başa
çatmışdır.
2010-cu il iyulun 5-7-də Qəbələ
şəhərində BMT-nin Ətraf Mühit
Proqramının və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə
Biomüxtəliflik üzrə BMT-nin Baş
Assambleyasının növbəti sessiyasına hazırlıq
məqsədilə Avropanın Ətraf Mühit Nazirləri və
ekspertlər səviyyəsində konfrans keçirilmiş və
yekun sənəd olaraq Qəbələ Bəyannaməsi qəbul
olunmuşdur.
2010-cu il
oktyabrın 5-6-da Qəbələdə MDB Dövlətlərarası
Hidrometeorologiya Şurasının 22-ci sessiyası
keçirilmişdir. Sessiyada regionda hidrometeoroloji fəaliyyətin
əlaqələndirilməsi, məlumat mübadiləsinin tənzimlənməsi,
müasir hidrometeoroloji müşahidə və təhlil
texnologiyalarının tətbiqi, birgə elmi-tədqiqat
işlərinin aparılması, normativ və metodiki sənədlərin
işlənilməsi və s. məsələlər
müzakirə olunmuşdur.
Ekologiya ili
çərçivəsində sentyabrın 16-18-də Heydər
Əliyev adına İdman və Konsert Kompleksində "Azərbaycan
Yaşıl Dünya naminə" Beynəlxalq ekoloji sərgisi
təşkil olunmuşdur. Sərginin
açılışında Prezident İlham Əliyev
iştirak etmiş, nümayiş etdirilən eksponatlarla
Azərbaycan Respublikası
Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su
ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında" sərəncamına əsasən,
Kür-Araz boyu və digər yaşayış məntəqələrində
əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin
edilməsi məqsədilə ETSN tərəfindən 18
rayonun ümumi əhalisi 300 mindən çox olan 156
yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular quraşdırılmışdır. Daha 29
yaşayış məntəqəsində bu tip
qurğuların quraşdırılması davam etdirilir.
2010-cu ilin sonunda dəniz
suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin
hazırlanması məqsədilə tender keçirilmiş və
qalib şirkət müəyyənləşdirilmişdir.
İl ərzində Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə təsdiq
olunmuş "Ekoloji cəhətdən dayanıqlı
sosial-iqtisadi inkişafa dair", "Azərbaycan
Respublikasında Hidrometeorologiyanın İnkişafı
Proqramı", "Yay-qış otlaqlarının, biçənəklərin
səmərəli istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair" və digər
proqramlarda nəzərdə tutulmuş tədbirlər
ardıcıllıqla həyata keçirilmişdir.
Dövlət
başçısının sərəncamı ilə ətraf
mühitlə bağlı problemlərin həllinə yönəldilən
mühüm və çox qiymətli sənəd olan "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə
ekoloji vəziyyəti gərgin olan bölgələrin, əsasən
də Bakı şəhərinin və Abşeron yarımadasının
ətraf mühitinin sağlamlaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir.
Bakı buxtasının, Bibiheybət zonasının, Heydər
Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının,
Abşeron yarımadasındakı göllərin, neftlə
çirklənmiş torpaqların, lay suları altında
qalmış sahələrin və digər istehsal
tullantıları ilə çirklənmiş ərazilərin
ekoloji vəziyyətinin yaxşılaşdırılması,
bərk məişət tullantılarının idarə
olunmasının təkmilləşdirilməsi ilə
bağlı tədbirlər uğurla həyata keçirilir.
Ətraf
mühitin sağlamlaşdırılması istiqamətində
indiyədək görülmüş işlərin növbəti
illərdə də davam etdirilməsi üçün "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2010-2014-cü illər
üçün əlavə tədbirlər planı"
hazırlanmış və müvafiq qurumlarla
razılaşdırılaraq Azərbaycan hökumətinə
təqdim edilmişdir.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyi ətraf mühitin
mühafizəsinə nəzarəti özünün gündəlik
fəaliyyətinin mühüm tərkib hissəsi hesab edir. Nazirliyin qurumları tərəfindən
2010-cu il ərzində hüquqi, fiziki şəxslər və
vətəndaşlar tərəfindən yol verilmiş qanun
pozuntularına görə 2206 akt və 828 protokol tərtib
olunmuş, aşkar edilmiş nöqsanların aradan
qaldırılması üçün müvafiq qanunvericiliyə
əsasən 862 icrası məcburi olan müddətli "məcburi
göstəriş" verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə
görə hüquqi və fiziki şəxslərə
qarşı, ümumilikdə 815 iş üzrə 6.1 milyon
manat məbləğində cərimə tətbiq
edilmişdir.
2010-cu ildə
xüsusi mühafizə olunan təbiət ərazilərinin
inkişaf etdirilməsi, ekoloji şəbəkənin
yaradılması istiqamətində həyata keçirilən
məqsədyönlü tədbirlər davam etdirilmişdir. Bunun sayəsində
hazırda ölkəmizdə ümumi sahəsi 890026,2 hektara
çatan xüsusi mühafizə olunan təbiət əraziləri,
o cümlədən, 8 milli park, 11 dövlət təbiət
qoruğu və 24 dövlət təbiət
yasaqlığı fəaliyyət göstərir və
ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri
ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Sumqayıtçayın
və Qobustanın alçaq dağlıq ərazilərində
dövlət təbiət yasaqlığının
yaradılması məqsədilə zəruri torpaqayırma sənədləri
işlənilmiş və hazırda müvafiq qurumlarla
razılaşdırma proseduru həyata keçirilir.
Almaniya federal
hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü"
proqramı çərçivəsində Samur-Yalama Milli
parkı layihəsi ilə əlaqədar keçirilmiş
tender vasitəsilə icraçı şirkət müəyyən
olunmuşdur.
Zaqatala-Balakən regionunda
ölkə tarixində ilk biosfer rezervatının
yaradılması ilə əlaqədar "Zaqatala-Balakən
Biosfer Qoruğunun yaradılması və dayanıqlı
İnkişafı üzrə Razılaşmalara dair
Protokol"un layihəsinin müvafiq nazirlik
və komitələrdən daxil olan rəy və təkliflər
nəzərə alınmaqla hazırlanmış son
variantı Nazirlər Kabinetinə təqdim edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 26 dekabr 2008-ci il tarixli sərəncamına
əsasən ölkəmizdə ən müasir standartlara cavab
verən Zooloji parkın yaradılması istiqamətində
artıq layihə üzrə master planın və texniki şərtlərin
hazırlanması üzərində işlər yekunlaşma
mərhələsindədir. 2010-cu il
dekabrın 29-da ETSN-də "Ekodenge" təşkilatının
və QHT nümayəndələrinin iştirakı ilə
Zooloji park layihəsinin təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə
Şahdağ Milli parkının ərazisi 14613,1
hektar genişləndirilmişdir. 2010-cu il
dekabrın 24-də Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva ceyranların tarixən məskunlaşdığı
yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül
qəsəbəsi yaxınlığındakı əraziyə
ilk ceyran sürüsünün buraxılması prosesini izləmişlər.
ETSN-in müvafiq
qurumlarının, Daxili İşlər və Vergilər
nazirliklərinin əməkdaşlarının birgə
iştirakı ilə vəhşi təbiətdən
heyvanların götürülərək istirahət kompleksləri,
restoran, kafe, eləcə də digər iaşə obyektlərində
icazə olmadan saxlanılmasının qarşısını
almaq məqsədilə mütəmadi reydlər
keçirilmiş, qanunu pozmuş şəxslər
"Heyvanlar aləmi haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə
cəlb edilərək cərimə olunmuşlar. Biz bu istiqamətdə fəaliyyətimizi bundan sonra
da davam etdirəcəyik. Belə humanist
aksiyaların uğur qazanmasında mətbuatın
gücünə, habelə ictimaiyyətin, qeyri-hökumət
təşkilatlarının köməyinə
arxayınıq.
2010-cu ildə
ölkə ərazisində meşələrin bərpa
olunması və artırılması istiqamətində də
mühüm işlər görülmüşdür. Meşə və
qeyri-meşə fondu torpaqlarında 10550 hektar əvəzinə
10692 hektar sahədə meşə-bərpa işləri
aparılmışdır.
Respublikanın
meşə mühafizə işçiləri tərəfindən
245 min manat dəyərində 34 kubmetr həcmində qanunsuz
qırıntı aktlaşdırılmış və
qanunamüvafiq tədbirlər görülmüşdür.
Yanğın əleyhinə
vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin
aparılması sayəsində ötən il
bir sıra regionlarda baş vermiş meşə
yanğınlarının qarşısı
alınmışdır. İl ərzində ümumilikdə
49,97 hektar meşə fondu ərazisində
yanğın hadisəsi qeydə alınmışdır. Yanğınlar operativ qaydada söndürüldüyündən
meşə fonduna ciddi ziyan dəyməmişdir.
Ötən il magistral
avtomobil yolları ətrafının
yaşıllaşdırılması və ətraf mühitin
sağlamlaşdırılması məqsədilə Bakı-Ələt-Hacıqabul,
Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı, Əzizbəyov-Heydər
Əliyev Beynəlxalq Hava Limanı, Bakı-Astara,
Bakı-Şamaxı, Zeynalabdin Tağıyev qəsəbəsi-Zabrat,
Bakı-Qazax, Ələt-Atbulaq avtomobil yollarının kənarında,
paytaxtın Bayıl yamacında yüz minlərlə ağac
və müxtəlif cinsli kol bitkisi əkilmişdir.
Respublika ərazisində,
o cümlədən Xəzər dənizi akvatoriyasında
sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin
aparılması davam etdirilmişdir. İl ərzində
havaların kəskin dəyişməsi və təhlükəli
hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar
vaxtında tərtib olunaraq yarımsutkalıq, sutkalıq, iki
günlük, aylıq hidrometeoroloji proqnozlar
hazırlanmış və müvafiq dövlət
orqanlarına, sifarişçi təşkilatlara
çatdırılmışdır.
Böyük
Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazilərində
ekosistemlərdə hidrometeoroloji və ekoloji tədqiqat
işlərinin aparılması məqsədilə
yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat
Elm Mərkəzinin fəaliyyətinin genişləndirilməsi
istiqamətində tədbirlər davam etdirilmişdir. Avqust
ayında Tufandağ ərazisində (4161 metr
hündürlükdə) sonuncu - 3-cü Avtomat Meteoroloji
Stansiya quraşdırılmış, günəş enerjisi
ilə təmin olunaraq istifadəyə verilmişdir.
Ölkə ərazisində
atmosfer havası, yağıntılar, torpaq, səth suları,
o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi
üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen
təsirlər nəticəsində ətraf mühitdə gedən
proseslərin qiymətləndirilməsi və
proqnozlaşdırılması, həmçinin ətraf
mühitin vəziyyətinə dair məlumatlar
bazasının yaradılması həyata keçirilmiş,
operativ və rejim məlumatları hazırlanaraq onların
yayımlanması təmin olunmuşdur.
Keçən il Xəzər
dənizi və onun sahil zolağında ekoloji
tarazlığın qorunması istiqamətində Xəzər
dənizindəki müəssisə və obyektlərdə,
üzən qurğularda, şimaldan cənubadək sahilboyu ərazilərdə
keçirilmiş monitorinqlər üzrə dənizə mənfi
ekoloji təsir göstərən amillər laborator tədqiqatların
nəticələri ilə müəyyən edilərək tədbir
görülməsi üçün müvafiq təşkilatlara
göndərilmişdir.
Ötən il
geoloji axtarış işləri əsasən Baş
Qafqazın cənub yamacı, Kiçik Qafqaz, Naxçıvan
və Qərbi Xəzəryanı ərazilərdə
aparılmışdır. Nəticədə bu
bölgələrin müxtəlif sənaye genetik tipli filiz,
qeyri-filiz və kifayət qədər yüksək tələbata
malik inşaat materialları yataqlarının axtarış
üçün perspektivliyi müəyyən edilmişdir.
Baş Qafqazın cənub yamacında "qara
şistlərdə" qızıl, manqan, molibden, nikel,
kobalt, civə filizləşməsinin bir sıra klarkdan dəfələrlə
yüksək tutumlu təzahürləri
aşkarlanmışdır.
Ekoloji problemlərin
uğurlu həllində beynəlxalq əməkdaşlığın
rolu əvəzsizdir. Bunu nəzərə alaraq, 2010-cu ildə
beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət
ardıcıllıqla davam etdirilmişdir. Bir
sıra region dövlətləri, inkişaf etmiş dövlət
və beynəlxalq təşkilatlarla əməkdaşlığa
dair sazişlər imzalanmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
sayəsində 2010-cu ilin Azərbaycanda Ekologiya ili
elan olunması ilə əlaqədar bir sıra beynəlxalq səviyyəli
mühüm silsilə tədbirlər - sərgilər,
konfranslar, kütləvi aksiyalar həyata keçirilmişdir.
"Azərbaycanın
Ekoloji Fəaliyyətinin 2-ci İcmalı" sənədinin
hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi
Komissiyasının ekspertləri yerli mütəxəssislərlə
görüşlər keçirmiş, tələb olunan məlumatları
əldə etmişlər. Qeyd olunan icmalın
2011-ci ilin birinci rübündə BMT-nin Avropa Komissiyası tərəfindən
nəşr edilməsi nəzərdə tutulur.
Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə də müxtəlif
ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf
mühitin mühafizəsi sahəsində əməkdaşlığın
qurulması istiqamətində işlər həyata
keçirilmişdir. Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana
rəsmi səfəri çərçivəsində iyunun
3-də həmin ölkənin Təbii Sərvətlər və
Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi arasında əməkdaşlığa dair saziş
imzalanmışdır. Bundan əlavə, Fransa,
Litva və Suriya ilə ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlıq məqsədilə müvafiq layihələr
hazırlanmışdır. QEF, UNİDO, UNEP, USAİD,
NATO, ATƏT, Ümumdünya Səhiyyə Təşkilatı,
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatlar ilə
ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq
da davam etdirilmişdir.
ETSN-in ətraf
mühitin mühafizəsi üzrə çoxsahəli fəaliyyətində
ekoloji təbliğat, ictimaiyyətin məlumatlandırılması
və maarifləndirilməsi işi prioritet istiqamətlərdən
biridir.
Respublikanın müxtəlif regionlarında, ali
və orta təhsil müəssisələrində, idarə və
təşkilatlarda müxtəlif mövzularda ekoloji təbliğat
xarakterli seminar-məşğələlər, dəyirmi
masalar, görüşlər təşkil olunmuşdur.
5 iyun - Ümumdünya Ətraf
Mühit Günü ərəfəsində Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, dövlət və
qeyri-hökumət təşkilatlarının, diplomatik
korpusun, beynəlxalq təşkilatların Azərbaycandakı
nümayəndəliklərinin, KİV əməkdaşlarının
iştirakı ilə Zığ-Heydər Əliyev adına
Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən
təşkil olunmuş kütləvi ağacəkmə
kampaniyası keçirilmişdir. ETSN, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən
təşkil olunmuş "Ekologiya mövzusunun kütləvi
informasiya vasitələrində
işıqlandırılmasına dəstək" birgə
layihəsi - jurnalistlər arasında yazı müsabiqəsinin
qalibləri mükafatlandırılmışdır.
"Xəzər həftəsi"nin
qeyd olunması ilə əlaqədar dənizin bioloji resurslarının
mühafizə olunması və artırılması ilə
bağlı görülmüş işləri ictimaiyyətə
çatdırmaq məqsədilə KİV nümayəndələri
Neftçala rayonu Xıllı Nərə Balıqartırma
Zavodunda olmuş, müəssisənin fəaliyyəti və
görülmüş işlərlə bağlı jurnalistləri
maraqlandıran suallar mütəxəssislər tərəfindən
cavablandırılmışdır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Ekologiya ili çərçivəsində
hazırladığı Kompleks Tədbirlər Planına
uyğun olaraq media nümayəndələri üçün
"2010 Ekologiya ili - Yaşıl dünya naminə" devizi
ilə press-turlar təşkil edilmişdir. Bu
press-turlarda milli parklarda biomüxtəlifliyin qorunması,
mühafizə olunması barədə müzakirələr
aparılmış, jurnalistləri maraqlandıran suallar
mütəxəssislər tərəfindən
cavablandırılmışdır.
20 oktyabr - 20
noyabr tarixlərində respublikanın müxtəlif
regionlarında "2010-cu il Ekologiya ilidir" devizli ətraf
mühit problemləri ilə bağlı müxtəlif
mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər,
dəyirmi masalar, görüşlər keçirilmişdir.
Ətraf
mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik
və məlumatının artırılması məqsədilə
ETSN nəzdində yaradılmış "Jurnalistlərin
ekologiya məktəbi" 2010-cu ilin avqustunda fəaliyyətə
başlamışdır. Qeyd edək ki,
mühazirələrin sonunda məktəbi bitirənlərə
müvafiq sertifikatlar təqdim olunacaq. 2010-cu il ərzində nazirliyin fəaliyyətini əks
etdirən 350 press-reliz nazirliyin internet səhifəsində
yerləşdirilməklə ictimaiyyət və KİV
nümayəndələrinin diqqətinə
çatdırılmış, o cümlədən KİV-də
nazirliyinn fəaliyyətini əks etdirən 1900-dən
artıq material dərc olunmuşdur.
Ölkə rəhbərliyi
tərəfindən ekoloji problemlərin həllinə göstərilən
xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında
son illər əldə olunmuş yüksək nailiyyətlər
bundan sonra da ətraf mühitin
sağlamlaşdırılmasına yönəldilmiş səmərəli
tədbirlərin həyata keçirilməsinə öz
müsbət təsirini göstərəcək.
2011-ci il
dövlət başçısı tərəfindən Turizm
ili elan olunmuşdur. Ölkədə turizmin
inkişafı, əhalinin sağlamlığının
qorunması, Azərbaycana gələn qonaqların yüksək
səviyyədə istirahəti və müalicəsi xeyli dərəcədə
ekoloji problemlərin həllindən asılıdır. Məhz bu amilləri xüsusi diqqətdə saxlayan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
bütün qurumları ötənilki nailiyyətləri
artırmaq, 2011-ci ildə də ətraf mühitin mühafizəsi,
ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində
yaxşı nəticələr qazanmaq niyyətindədir.
Hüseyn BAĞIROV,
ekologiya və təbii sərvətlər
naziri
Azərbaycan.- 2011.-2 fevral.- S. 4.