Təbrizdə çıxan nüfuzlu "Ərk" qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunmuşdur

 

Təbrizdə fars dilində nəşr olunan nüfuzlu "Ərk" qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur. Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycanda törətdiyi qanlı hərbi cinayətin səbəb məqsədlərindən bəhs edilir.

Tutarlı faktlar əsasında oxuculara çatdırılır ki, Mixail Qorbaçov başda olmaqla, keçmiş sovet dövlətinin sonuncu rəhbərliyi Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətini 20 Yanvar faciəsi ilə davam etdirmişdir. Bakıya xüsusi təyinatlı ordu birləşmələrindən ibarət qoşun hissələri yeridilərək qanlı cinayət törədiləndən yeddi saat sonra SSRİ prezidentinin bu barədə fərmanı elan edilmişdir. Təkcə bu fakt cinayətin məkrli siyasi məqsədlər üçün həyata keçirildiyini deməyə tam əsas verir.

Məqalədə göstərilir ki, sovet qoşunları tərəfindən Bakıda qanlı qırğın törədilməsinə baxmayaraq, Azərbaycan xalqı öz azadlıq mübarizəsindən geri çəkilməmişdir. Əliyalın insanlar təpədən-dırnağadək silahlanmış sovet əsgərləri ağır hərbi texnika ilə üz-üzə dayanmışlar. Yazıda həmçinin o dövrdə Azərbaycana rəhbərlik etmiş şəxslərin xalqa xəyanəti, ölkənin siyasi naşılıqla idarə olunması bunun ağır nəticələri, vətən uğrunda canlarından keçmiş insanların qəhrəmanlığı, Şəhidlər xiyabanının müqəddəs ziyarətgaha çevrilməsi s. məsələlər barədə oxuculara məlumat verilmişdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Təbriz

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 4.