VƏTƏN keşiyində
müzəffər ORDU
O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz.
Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar!
Hər şey VƏTƏN
üçün!
Nə fərəhli haldır ki, müasir Azərbaycan Ordusunun sıralarında indi minlərlə belə gənc xidmət edir. Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdırlar. Necə ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov bir daha sübuta yetirdi. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı. Yağı bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də bu fonda düşmənə mesajı yenə qəti və aydın oldu: "Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir".
Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir. Doğma torpağı uğrunda Mübariz, Fərid kimi ölümün gözünə dik baxmağa, sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır.
Budur müasir Azərbaycan gəncliyi!
Budur müasir Azərbaycan
oğulları!
Budur müasir vətənpərvərlik
ruhu!
Budur müasir Azərbaycan Ordusu!
Budur müasir Azərbaycanın
yenilməzliyi!
Günümüzün Azərbaycanının tarix üçün olduqca qısa sayılan zaman kəsiyində böyük inkişaf yolu keçdiyi artıq dünya miqyasında qəbul olunan bir həqiqətdir. Bu inkişaf son 17 ildə Azərbaycan Ordusunda da özünü qabarıq bir formada büruzə verir. Elə ona görədir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Lakin ordunun, eləcə də cəmi Silahlı Qüvvələrin döyüş ruhuna görə siyahı tərtib edilsəydi, şübhəsiz ki, Azərbaycanın adı dünya birinciləri sırasında yer alardı!
Yalnız quru adı qalan Ermənistan ordusu
Bu günlərdə Rusiya
Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin
müavini, general-polkovnik Vasili Smirnov maraq doğuran bir
açıqlama verdi. Onun sözlərindən belə məlum
oldu ki, Rusiyada hərbi çağırış zamanı 200
min gənc orduda xidmət etməkdən yayınır. Rusiya
generalının dedikləri belə bir reallığı da
üzə çıxardı ki, ölkəsində gənclər
çağırış vərəqəsi almağı
arzulamır və çağırış vaxtı
qeydiyyatda olduqları yerlərdə tapılmırlar.
Analoji hala daha pis və
biabırçı formada Ermənistanda da rast gəlmək
mümkündür. Əhalisinin təbii artımı
sıfır səviyyəsində olan Ermənistanın ordu
sıralarında xidmət etmək üçün ciddi
çağırışçı problemi yaşaması
heç kimə sirr deyil. Son 20 ildə 1,5 milyondan çox
insanın Ermənistanı tərk etməsi bu sahədə vəziyyəti
daha da pisləşdirib. Hazırda ordunun tələb olunan
sayda şəxsi heyətlə komplektləşdirilməsində
ciddi problem yaşayan Ermənistan rəhbərliyi vəziyyətdən
çıxış yolu kimi xaricdə yaşayan erməniləri
hərbi qulluğa cəlb etmək istəyir. Eyni zamanda orduya
çağırış üçün tətbiq olunan
yaş həddinin qaldırılması, təhsillə
bağlı verilən möhlət hüququnun ləğvi,
bu qəbildən olan digər addımların atılması nəzərdə
tutulur. Belə şəraitdə hərbi xidmətə
çağırılan bir sıra
çağırışçıların səhhətində
ciddi qüsurlar, hətta bəzilərinin ciddi psixi problemləri
olsa da, onlar ordu sıralarına çağırılmaqda
davam edir. Lakin bütün bunların nəticə verəcəyinə
heç Ermənistan rəhbərliyi özü də
inanmır.
Ermənistanda sayı sürətlə
azalmaqda olan gənclər orduda xidmətdən yayınmaq
üçün hər vasitəyə əl atırlar. Bunun
ümdə səbəblərindən biri də ordunun işgəncə,
ölüm, rüşvət, korrupsiya,
özbaşınalıq mənbəyinə çevrilməsidir!
Müasir Ermənistan ordusunu xarakterizə edən cəhətlər
isə daha dəhşətlidir. Mənəvi-psixoloji durumu
günü-gündən daha da ağırlaşan orduda fərarilik
halları davamlı olaraq artır. Xəstəlik və səfalətin
durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları
müalicə etmək üçün nə maddi vəsait, nə
də yer çatışır. Zabit və gizirlər əvvəlki
kimi şəxsi heyətin sağlamlığına biganə
yanaşır. Hərbi qulluqçulara aşağı kalorili
və zərərli qida məhsulları verilməsi davam edir.
"Dedovşina" isə
Ermənistan silahlı qüvvələrində gündəlik
həyat normasıdır. Ordudakı yüksək vəzifəli
zabitlərin özbaşınalıqları, rüşvətxorluğu,
şəxsi heyəti kiçik komandirlərin (çavuş
heyəti) idarə etməsi, onların nizamnamədənkənar
və nalayiq davranışları əsas etibarilə müddətli
xidmət edən əsgərlər arasında fərariliklə
yanaşı, intihar hallarının sayının da sürətlə
artmasına səbəb olur. Aparılan araşdırmalar hələ
də Ermənistan ordusunun kütləvi şəkildə
homoseksualizm bəlasından əziyyət çəkdiyini
göstərir. Zabit və gizirlər tərəfindən hərbi
qulluqçuların zorlanması və onlara təcavüz
edilməsi, döyülməsi, zabit və gizirlərin hərbi
qulluqçuların valideynləri ilə cinsi əlaqəyə
girməsi və zorlama faktının şəxsi heyət tərəfindən
aşkarlanması halları da ötən illərlə
müqayisədə əhəmiyyətli dərəcədə
çoxalıb.
Komandir heyəti tərəfindən
əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi,
hərbi hissələrdən hərbi qulluqçuların
qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində
ay ərzində hərbi hissədən kənara buraxma
halları, hərbi qulluqçular tərəfindən
mülki əhaliyə qarşı bir çox cinayət, o
cümlədən mülki şəxslərin əmlakının
oğurlanması, əhaliyə qarşı zor tətbiq edilməsi,
zorlama, təcavüz və digər belə hadisələrin
törədilməsi ilə bağlı faktların sayı
artmaqdadır. Bundan başqa orduda şəxsi heyət
arasında narkotik maddə qəbuletmə halları da sürətlə
yayılmaqdadır və narkotik maddələrin hərbi hissələrə
gətirilməsi, şəxsi heyətə satılması
planlı şəkildə zabit-gizirlərin himayəsi
altında çavuş heyəti tərəfindən həyata
keçirilir. Məvaciblərin az olması və vaxtında
verilməməsi səbəbindən ordunun əmlakı
yüksək rütbəli hərbçilər tərəfindən
talan edilərək satılır.
Hərbi texniki
avadanlıqların böyük əksəriyyəti müasir
standartlara cavab vermir və yararsız haldadır. Orduya son illərdə
yeni silahlar alınmır.
Ermənistan ordusunun üzləşdiyi
problemlərdən biri də qarabağlı-ermənistanlı
qarşıdurmasıdır. Hazırda Qarabağ erməniləri
ilə Ermənistandan olan ermənilər bir-birlərinə
düşmən kimi baxırlar. Ermənistanlıların
qarabağlı komandir heyəti tərəfindən daim təhqir
olunması, fiziki təzyiqlərə məruz qalmaları
çoxsaylı cinayət hallarının meydana gəlməsinə
səbəb olub ki, bu da hazırda Ermənistan ictimaiyyətinin
ciddi müzakirə mövzusudur. Vəziyyət o yerə gəlib
çatıb ki, hətta Ermənistan ordusunun zabitləri də
Qarabağda hərbi xidmətə gəlməkdən imtina
edirlər. Bu səbəbdən düşmən cəbhə
zonasında çox vaxt postlara qoymağa əsgər
tapmır. Əlbəttə, Ermənistan ordusunun kifayət qədər
acınacaqlı vəziyyətdə olduğunu göstərən
halların siyahısını bir qədər də uzatmaq
mümkündür. Lakin elə təkcə qeyd edilən
faktlar bu ordunun sadəcə quru adının olduğunu
aydın təsəvvür etməyə imkan verir.
Azərbaycan gəncinin şərəf məktəbi
Ermənistandan fərqli
olaraq günü-gündən qüdrətlənməkdə
olan Azərbaycan Ordusu bütün mühüm göstəricilər
üzrə özünün sürətli yüksəliş
mərhələsindədir. Azərbaycan gənci isə
müstəqil ölkəsinin ordu sıralarında xidmət
keçməkdən, qeyd olunduğu kimi, qürur duyur, bunu
özünə şərəf bilir. Bunun nəticəsidir
ki, orduda heç bir çağırışçı
problemi yoxdur, əksinə hər dəfə
çağırış zamanı orduya xidmətə
yollananların sayı nəzərdə tutulduğundan, müəyyənləşdirilən
say planından artıq olur. Orduda xidmətlərini başa
vuranlar isə Vətən çağıracağı,
işğal olunmuş ərazilərin hərbi yolla azad
olunacağı təqdirdə hər an ön sıralarda yer
almağa hazırdır.
Bu xüsusda ötən il cəbhə
zonalarının birində həyata keçirilən sınaq
təlimlərindən birini yada salmaq yerinə düşərdi.
Həmin təlimdə 40-a qədər gəncə istirahət
günündə çağırış vərəqəsi
göndərilmişdi. Çağırış vərəqəsi
göndərilənlər zirehli texnika, əsgəri
maşınların idarə edilməsi üzrə
ixtisaslaşmış şəxslər idi. İstirahət
günü olmasına rəğmən, vərəqələr
ünvanlarına çatdırıldıqdan bir neçə
saat sonra çağırış məntəqəsinin
qarşısında gözlənildiyindən 2 dəfəyə
qədər çox şəxs toplaşdı. Bunun səbəbləri
araşdırıldıqda məlum oldu ki,
çağırış vərəqəsi almayanlar, lakin məntəqəyə
gələnlər də zirehli texnika, əsgəri
maşınların idarə edilməsi üzrə
ixtisaslaşmış şəxslərdir. Onlar sadəcə
orduda belə ixtisas sahibləri axtarıldığını
eşitdiklərinə görə könüllü şəkildə
çağırış məntəqəsinə gəliblər.
Gələnlər hamısı birmənalı şəkildə
düşmənə qarşı ön cəbhədə
vuruşmağa hazır olduqlarını bildirirdilər.
Onları təəssüfləndirən yeganə hal isə
sonda təlim məqsədilə toplaşdıqlarını
öyrənmələri oldu...
Bu faktın özü bir
daha sübuta yetirdi ki, Azərbaycan gəncliyi mübariz
ruhludur. Vətəni uğrunda göz qırpmadan
döyüşlərə atılmağa, düşməni məhv
etməyə hazırdır! Torpağı, eli, obası onun
üçün müqəddəsdir. Belə ruha malik
olanların qarşısında isə tab gətirmək
mümkünsüzdür. Əslində, bu gün tək Azərbaycan
gəncliyi yox, kiçik və böyüyündən, cavan və
yaşlısından, kişi və qadınındın
asılı olmayaraq bütün cəmiyyət ölkəmizin
ərazi bütövlüyünün bərpası
üçün torpağına öz qanını halal etməyə
hazır olmalıdır və hazırdır!
Cəmiyyətimizin malik
olduğu müasir ordu indiki vəziyyətdə heç bir əlavə
kömək olmadan qısa zaman ərzində ölkəmizin ərazi
bütövlüyünü bərpa etməyə tam qadirdir.
Azərbaycan xalqının isə öz ordusuna güvəni,
inamı, etibarı, etimadı tamdır.
İndi orduya
çağırılan hər bir gənci valideyni daha kədərdən
yox, sevincdən doğan göz yaşları içində
yola salır. Qədimdən gələn ənənəmizin
davamı olaraq yenə ordu sıralarına
oğullarımız musiqi sədaları altında göndərilir.
Çağırış vərəqəsi alan gənclərimizin
validenləri indi bayram kimi qəbul etdikləri bu hadisə
münasibətilə məclislər qururlar. Bilirlər ki,
orduya yola salınan gəncə dövlət, onun
başçısı xüsusi qayğı göstərir,
bütün ehtiyaclarını təmin edir. Ali Baş
Komandanın tez-tez hərbi qulluqçularla görüşməsi,
cəbhə xəttində olan əsgərlərə baş
çəkməsi, onlarla birgə eyni süfrə
arxasında əyləşməsi isə orduya, əsgər və
zabit heyətinə nə dərəcədə böyük
bir diqqətin olduğunu real zəmində nümayiş
etdirir.
Yüksək qayğı və
diqqət əhatəsində olan ordu indi qürur mənbələrimizdən
biridir. Buna görə xalq arasında Azərbaycan əsgəri,
zabiti barəsində xüsusi bir hörmətlə
danışılır. Ordunun şərəfinə əsərlər
yazılır, mahnılar bəstələnir. Qəzet səhifələrində,
radio və televiziya verilişlərində ordumuzun qüdrətindən
bəhs edən materiallar hazırlamasına isə hər bir
media təmsilçisi böyük həvəslə,
şövqlə yanaşır. Sənət adamlarımız,
müğənnilərimiz öz
yaradıcılıqlarında, mahnılarında, kliplərində
Azərbaycan əsgərinin simasının yer almasından
iftixar duyurlar. Bütün bunlar orduya inamın bariz təzahürləri
kimi çıxış edir.
Düşmənin ən böyük vahiməsinə
çevrilən Ordu
İndi hər bir Azərbaycan
vətəndaşı onu xarici və digər təhlükələrdən
layiqincə hifz edəcək ordunun olmasına tam
arxayındır. İftixar mənbəyinə çevrilən
ordumuz həm də düşmən üçün qorxulu
bir kabusdur. Çünki ərazilərimizi işğal
altında saxlayanlar da yaxşı bilir ki, daha Azərbaycan
Ordusu qarşısında duruş gətirmək iqtidarında
deyillər. Xarici havadarlarından hər cür kömək
alsalar belə, yenə Azərbaycan Ordusunun
qarşısında aciz qalacaqlarını, müharibə
başlayarsa, darmadağın olacaqlarını da gözəl
anlayırlar! Elə bu səbəbdəndir ki, indi Azərbaycanın
hərbi yolla öz ərazi bütövlüyünü bərpa
etməməsi üçün öz ağalarına,
bütün dünyaya hər gün yalvarmaqda, onlardan kömək
ummaqdadırlar.
Lakin dünya daha əvvəlki
kimi Azərbaycanın haqq işinə qarışmaq niyyətində
deyil! Çünki beynəlxalq aləmdə də
yaxşı bilirlər ki, Azərbaycana nəyisə diktə
etmək mümkünsüzdür! Güclü
iqtisadiyyatı, sarsılmaz daxili sabitliyi, xalqla iqtidar
arasında möhkəm birliyi, yenilməz ordusu olan Azərbaycan
milli maraqlarını sonadək müdafiə etmək
iqtidarındadır. Digər tərəfdən dünya həm
də Azərbaycanın təcavüzə məruz qalan, ərazisi
işğal edilən ölkə olduğundan da yaxşı xəbərdardır.
Elə bu səbəbdəndir ki, daha erməni yalanlarına,
onların məkrli niyyətlərinə, məzlum görkəmdə
özlərini tanıtdırmağa
çalışmalarına aldananlar yoxdur. Belə vəziyyət
işğalçı Ermənistanın Azərbaycan dövlətindən,
onun döyüş qüdrətini hər keçən
gün artıran Ordusundan duyduğu qorxunu, vahiməni daha da
artırır.
İndi seçim Ermənistanındır:
ya xoşluqla Azərbaycan ərazilərini işğaldan azad
etmək, ya da Azərbaycan Ordusunun Dağlıq Qarabağa və
zəbt olunmuş digər ərazilərə edəcəyi zəfər
yürüşünə hazır olmaq! Sonuncu seçimin ermənilər
üçün əsl fəlakət olacağını
düşmən yaxşı başa düşür!
Çünki ordumuzun döyüşün taleyini həll edəcək
istənilən parametr üzrə Ermənistan silahlı
qüvvələrindən dəfələrlə üstün
olduğunu bilir. Düşmən onu da yaxşı dərk
edir ki, özünü mənəvi-psixoloji hazırlıq,
döyüş ruhu, maddi-texniki təminat, şəxsi heyətin
say tərkibi baxımından heç müqayisə edə
bilməz. Çünki fərq nisbəti dəfələrlə
böyükdür.
Təkcə bir faktı qeyd
etmək kifayətdir ki, Azərbaycanın cari il
üçün müdafiə məqsədilə
ayırdığı xərclərin miqdarı Ermənistanın
bütün dövlət büdcəsindən 30 faiz
çoxdur. İqtisadi inkişafa müvafiq qaydada hərbi xərclərin
artırılması ordumuzun maddi-texniki təminatının,
o cümlədən silah-sursatla təchizatının daha
modern hala gəlməsinə imkan verir. Hazırda Azərbaycan
Silahlı Qüvvələri həm yerli istehsal, həm də
xaricdən alınan texnika hesabına öz döyüş
qabiliyyətini artırır. Silahlı Qüvvələrimizin
ixtiyarında mövcud olan bir çox texnika növləri Ermənistan
üçün əlçatmaz hesab edilir. Hərbi təyinatlı
yerli məhsulların istehsal həcminin artması və daha
geniş çeşiddə məhsul buraxılışı
ordunun və digər silahlı qüvvələrin əsas
etibarı ilə daxili imkanlar hesabına maddi-texniki təminatının
güclənməsinə imkan verir.
Artıq diplomatik cəbhədə
Azərbaycan düşmən üzərində
üstünlük qazanıb. Zərurət yaranacağı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinin hərbi müstəviyə
keçəcəyi təqdirdə təcavüzkarı hər
an acı məğlubiyyətə düçar etməyə
hazır olan qüdrətli Azərbaycan Ordusu formalaşıb.
Azərbaycanın möhtəşəm Silahlı Qüvvələrinin
mövcudluğunu isə işğalçı tərəf,
eləcə də dünya ictimaiyyəti hələ 2008-ci ildə
keçirilən hərbi paradda bir daha gördü, buna
növbəti dəfə əmin oldu! Həmin il iyunun 26-da Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 90-cı ildönümü münasibətilə
Azadlıq meydanında keçirilən parad ölkəmizin
müzəffər silahlı birləşmələrə
malik olduğunu yenidən bariz şəkildə hamıya
nümayiş etdirdi. 2009-cu il iyunun 24-də keçirilən
daha bir mühüm tədbir isə Azərbaycan Ordusunun
yüksək döyüş qabiliyyətinə malik
olduğunu real fakt əsasında növbəti dəfə təsdiqlədi.
Həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 91-ci ildönümü münasibətilə
keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin və Daxili Qoşunların birləşmə və
hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki
təliminin əsas mərhələsini Ali Baş Komandan
şəxsən izlədi, nümayiş etdirilən hərbi
texnika nümunələri ilə tanış oldu. Təlimin
gedişi isə ordumuzun qarşıya qoyulan istənilən vəzifəni
uğurla yerinə yetirməyə hazır olduğunu bir daha təsdiqlədi,
onun peşəkarlıq səviyyəsinin əhəmiyyətli
dərəcədə yüksəldiyini göstərdi.
Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə ötən il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Əvvəlki kimi yenə də təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Ordunun gücünü, döyüş mətanətini, malik olduğu hərbi texnikanı göstərən bu təlimləri hər bir azərbaycanlı böyük sevinclə xatırlayır. Bilir ki, bu ordu istənilən an düşmənə məğlubiyyət acısını daddırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. O gün isə uzaqda deyil!..
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-2 fevral.- S. 5.