Yeni tariflər əhalinin sosial vəziyyətinə ciddi təsir göstərməyəcəkdir

 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilmiş iclasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov AzərTAc-ın qərarın əsas mahiyyəti və aparılan dəyişikliklər barədə suallarına cavab vermişdir.

 

- Elşən müəllim, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının son qərarı ilə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik.

- Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilmiş iclasında aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Aparılmış tarif dəyişikliklərinin əsas səbəbi mövcud tariflərin həmin xidmətlərə çəkilən xərcləri ödəməməsi ilə yanaşı, bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır.

Təhlillər göstərir ki, hər üç sahədə tariflərin dəyişdirilməsi iqtisadi zərurət kimi qarşıya çıxmışdır. Məsələn, dəmir yolunda mövcud ölkədaxili sərnişindaşıma tarifləri sonuncu dəfə 1997-ci ildə təsdiq edilmişdir. Ötən müddətdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının qiymətləri orta hesabla 3 dəfə artmışdır. Ümumilikdə, tarif tənzimlənməsi iqtisadi cəhətdən əsaslandırılaraq, sosial məsələlər nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilir və istehlakçıların daha keyfiyyətli xidmətlərlə təminatına, təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə yönəldilir.

Konkret sahələrə gəldikdə isə, universal poçt xidmətləri üzrə mövcud tariflər 2002-ci ilin oktyabr ayında təsdiq edilmişdir. Hazırda universal poçt xidmətlərinin maya dəyəri mövcud tarifləri orta hesabla 3,2 dəfə üstələyir. Tariflərin xərclərə uyğunlaşdırılmaması səbəbindən "Azərpoçt" MMC-nin universal poçt xidmətləri üzrə zərəri 5 milyon manatdan çoxdur. Bu isə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə imkan vermirdi. Bununla yanaşı, "Azərpoçt" MMC üzrə bir nəfərin orta aylıq əməkhaqqı 133 manat təşkil edir ki, bu da respublika üzrə orta göstəricidən 2,4 dəfə aşağıdır. Oxşar problemləri tarif tənzimləməsi aparılan digər sahələrə də aid etmək olar.

- Tarif (qiymət) Şurasında su və kanalizasiya xidmətlərinin tariflərinə də baxılmışdır...

- Bəli. Tarif (qiymət) Şurasında "Azərsu" ASC-nin müraciətinə də baxılmış və yeni tariflər müəyyənləşdirilmişdir.

Hazırda "Azərsu" ASC-nin xərclərinin 30,4 faizini əməkhaqqı, 28,3 faizini elektrik enerjisi xərcləri təşkil edir. Bununla belə, Səhmdar Cəmiyyətində orta aylıq əməkhaqqı respublika üzrə orta göstəricidən xeyli aşağıdır.

Qeyd edim ki, sudan xammal kimi istifadə edən istehlakçılar üçün tariflər dəyişdirilməmiş, hazırkı səviyyədə saxlanılmışdır. Bu, sudan xammal kimi istifadə edən məhsul istehsalçılarının xərclərinin, eləcə də bu məhsulların qiymətinin dəyişməməsi deməkdir.

Eyni zamanda, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 kubmetrdən 5 kubmetrə endirilmişdir. Bu, belə abonentlərin hər ay daha az vəsait ödəməsi deməkdir. Əksər ölkələrdə adambaşına aylıq su istehlakı göstəricisi 3-5 kubmetr arasında dəyişir. İclasda 1 kubmetr suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilmişdir. Tarif dəyişikliyindən sonra yeni normalar nəzərə alınmaqla bir nəfərin aylıq əlavə xərci şəhər yerlərində 42 qəpik, kənd yerlərində isə 41 qəpik təşkil edəcəkdir. Bu isə adambaşına su təchizatı və kanalizasiya xidməti üçün xərclərin 1,32 manatdan 1,8 manata dəyişməsi deməkdir. Tarif dəyişiklikləri "Azərsu" ASC-nin cari istismar xərclərinin ödənməsinə, sudan qənaətlə istifadə olunmasına, israfçılığın qarşısının alınmasına, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaqdır. Məsələ müzakirə olunarkən son illər ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Bakı şəhəri üzrə sayğaclaşmanın 94 faizə çatdırılması, yığımın səviyyəsinin artırılması kimi məsələlər də xüsusi olaraq qeyd edilmiş, bu sahədə tədbirlərin daha da gücləndirilməsi barədə tövsiyələr verilmişdir.

- Dəmir yolunda sərnişindaşıma tariflərinin dəyişdirilməsi hansı zərurətdən irəli gəlir?

- Qeyd etmək lazımdır ki, dəmir yolu ilə sərnişindaşıma tariflərinə sonuncu dəfə 1997-ci ildə baxılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, ötən müddətdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının qiymətləri orta hesabla 3 dəfə artmışdır. Bu fəaliyyət növü üzrə "Azərbaycan Dəmir Yolu" QSC-nin xərcləri 54,6 milyon manat, gəlirləri isə 5 milyon manat ətrafındadır. 2009-cu ilin yekunlarına əsasən, qurumun bu xidmət üzrə zərəri 49,4 milyon manat təşkil etmişdir. Tariflərə gəldikdə isə bir nümunə göstərmək istəyirəm. Məsafəsi 450 kilometrdən çox olan Bakı-Qazax adi qatarında ümumi vaqonda qiymət 1,46 manat, yataq plaskart vaqonda 1,9 manat, kupedə 2,90 manat, SV tipli vaqonlarda isə 5,22 manat idi. Bu qiymətlə həmin istiqamətdə avtobuslarda 1 nəfər üçün təqribən 8 manat, minik avtobillərində isə təxminən 20-25 manat səviyyəsindədir. Başqa sözlə, tariflər alternativ nəqliyyat vasitələrinin qiymətlərindən dəfələrlə aşağı idi. Bundan başqa, hər 100 km məsafəyə qiymətlər kupe vaqonlarda Gürcüstanda 3,2 manat, Ukraynada 4,2 manat, Belarusda və Rusiyada isə 7,6 manat olduğu halda, Azərbaycanda bu rəqəm 70 qəpik təşkil edirdi. Göründüyü kimi, dəmir yolunda tətbiq edilən əvvəlki tariflər onun xərclərindən dəfələrlə aşağıdır. Mövcud problemin qismən də olsa aradan qaldırılması və bu sahədə keyfiyyətli xidmətin göstərilməsi üçün "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin müraciəti əsasında müvafiq tariflərə baxılmış və yeni tariflər qəbul edilmişdir. Yeni tariflərin dəyişdirilməsi ilə yanaşı, bu sahədə xidmətin keyfiyyətinin artırılması üzrə tövsiyələr də verilmişdir. Belə ki, tarif dəyişikliyi nəticəsində səhmdar cəmiyyət üzrə ildə 13 milyon manata yaxın əlavə vəsaitin əldə edilməsi gözlənilir. Bu vəsait dəmir yolunun maliyyə imkanlarını genişləndirəcək, xidmətlərdə keyfiyyətin yaxşılaşdırılmasına kömək göstərəcəkdir. Hətta yataq dəstinin qiyməti və komisyon xərclər də biletin qiymətinə daxil edilməklə, yeni tariflər MDB ölkələrində tətbiq edilən müvafiq tariflərdən xeyli aşağıdır.

- Tarif (qiymət) Şurasının yeni qərarının sosial təsiri qiymətləndirilibmi?

- Aidiyyəti qurumlardan daxil olmuş müraciətlər araşdırılarkən əhaliyə sosial təsir nəzərə alınmaqla yeni tariflərə kompleks baxılmışdır. Yuxarıda da qeyd etdiyim kimi, hesablamalarımıza əsasən, suya tətbiq edilən yeni tariflər üzrə əhalinin adambaşına düşən xərcləri Bakı şəhərində 42 qəpik, regionlarda isə 41 qəpik təşkil edəcəkdir. Bu isə əhalinin büdcəsinə elə də ciddi təsir göstərməyəcəkdir. Belə ki, əhalinin adambaşına düşən xərclərində bu artımın xüsusi çəkisi 0,17 faiz təşkil edəcəkdir. Bundan başqa, ötən il pensiyaların baza hissəsi və minimum əməkhaqqı 13 faiz, sosial müavinətlər 20 faiz, qaçqın və məcburi köçkünlərin yemək xərcləri 11 faiz, tələbə və doktorantların təqaüdləri 20 faiz artırılmışdır. Eləcə də 2011-ci il üçün yaşayış minimumu 85 manatdan 95 manata, ünvanlı dövlət sosial yardımı alanlar üçün ehtiyac meyarı 65 manatdan 75 manata qədər qaldırılmışdır. Ölkədə sosial müdafiə tədbirlərinin davamlılığını nəzərə alsaq, bütövlükdə, yeni tariflərin əhalinin sosial vəziyyətinə ciddi təsiri gözlənilmir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 7.