Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci 297.0.4-cü maddələrinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2010-cu il 20 oktyabr tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, mütəxəssisin çıxışını dinləyib işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin "böyük ictimai təhlükə törətməyən aşkar cinayət" müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birinin ilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 297.0.4-cü maddəsinin "cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs" müddəası məhkəməyədək sadələşdirilmiş icraat çərçivəsində həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birini törətmiş təqsirləndirilən şəxsi nəzərdə tutur.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 7.