Əsl ziyalı və alim
ömrü
Tanınmış ziyalı, minlərlə tələbəyə elm öyrətmiş insan haqqında yazmaq həm məsuliyyətlidir, həm də şərəfli. Axı alimin böyüklüyü onun mənəviyyat dünyası ilə intellektual aləminin harmoniyasıdır. Digər tərəfdən isə bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri, insanlara, vətənə, millətə, dövlətə münasibəti ilə bağlıdır.
Həyatda elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq həmişə insana zövq verir, hər dəfə onlardan nəsə öyrənirsən, səni narahat edən suallara cavab tapırsan. Belə insanlara həyatın bütün sahələrində rast gəlinir - istər siyasətdə, istər mədəniyyətdə, istərsə də elmdə. Belə ziyalı insanlardan biri, tanınmış riyaziyyatçı, "Şöhrət" ordenli, 70 yaşı tamam olan Məmməd Yaqubovdur.
Əslən Zəngəzur mahalından olan Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Naxçıvan MR-in Culfa rayonunda anadan olub. Valideynlərinin Naxçıvana pənah aparmasının səbəbi var idi. Belə ki, Zəngəzur mahalının Hortuyüz kəndi də 1918-ci ildə erməni-daşnak vəhşiliyinin qurbanı olan, darmadağın edilən növbəti azərbaycanlı kəndi və həmin kəndin sakinləri isə erməni terrorundan canlarını qurtarıb, öz dədə-baba torpaqlarından didərgin düşmüş yüz minlərdən idilər. Həmin kəndin sağ qalmış sakinləri Naxçıvanın müxtəlif kəndlərində özlərinə sığınacaq tapdılar. Yalnız sovet hakimiyyəti qurulandan sonra dədə-baba torpaqlarından didərgin düşmüş azərbaycanlılar öz yurdlarına qayıtmağa başladılar. Yaqubovların öz evlərinə qayıtmaq imkanı 1941-1945-ci illər müharibəsindən sonraya təsadüf edib. Lakin nə bu qaçqınlıq sonuncu olub, nə də erməni vəhşiliyi sərhəd bilib. Yaqubovların ikinci qaçqınlıq həyatı 1988-ci il deportasiyasından sonra başlamışdır.
Məmməd Yaqubov 1962-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə aspiranturada təhsil alıb, 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. 1965-ci ildə optimal idarəetmə nəzəriyyəsinin riyazi problemləri sahəsində tədqiqatlara başlayıb və aldığı nəticələr əsasında 1991-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun bu sahədə aldığı nəticələr Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Yekaterinburq, Minsk, İrkutsk şəhərlərindəki optimal idarəetmə məktəblərinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və bu nəticələrin əksəriyyəti tanınmış beynəlxalq elmi jurnallarda nəşr olunub.
Məmməd Yaqubov 1965-ci ildən BDU-nun Diferensial və inteqral tənliklər kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-cı ildən BDU-da yeni yaranan İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasında işləyir və 1997-ci ildən həmin kafedranın müdiridir.
Bu bir həqiqətdir ki, dərslik yazmaq çətin işdir, dərin bilik, yüksək təfəkkür, böyük pedaqoji ustalıq tələb edir. Dərslik müəllifi yalnız alim, pedaqoq deyil, həm də həssas psixoloq olmalıdır. Son illərdə orta məktəblərdə tədris olunan riyaziyyat fənni üzrə kitabların əksəriyyətinin həmmüəlliflərindən biri Məmməd Yaqubovdur. Bu da səbəbsiz deyil. O, bütün qeyd etdiyimiz keyfiyyətləri özündə cəmləşdirən görkəmli maarif xadimlərimizdəndir. 1965-ci ildən başlayaraq M.Yaqubov BDU-da "Adi diferensial tənliklər", "Variasiya hesabı və optimallaşdırma üsulları", "Ekstremal məsələlər nəzəriyyəsi", "Riyazi proqramlaşdırma", "Qeyri-xətti analiz", "İdarəetmə nəzəriyyəsinin riyazi problemləri" kurslarından mühazirə oxuyur. Ali məktəblər üçün 1, orta məktəblər üçün 7 dərsliyin, ali məktəblər üçün 3 dərs vəsaitinin, orta məktəblər üçün 10 dərs vəsaitinin müəlliflərindən biridir. Bunlardan əlavə, M.Yaqubov 100-ə qədər elmi məqalənin, 20-dən çox metodik məqalənin müəllifidir. 1985-ci ildən Amerika Riyaziyyat Cəmiyyətinin üzvü və riyaziyyat üzrə ABŞ-da nəşr olunan referativ jurnalın referentidir.
Məmməd Yaqubov elmdə və təhsildə olduğu kimi, həyatda da alim-müəllim-ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə əbədi məskən salmışdır. Onun rəhbərliyi altında 14 tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib və onlardan ikisi elmlər doktorudur.
Professor Məmməd Yaqubov 1972-1994-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasının elmi katibi, 1993-1994-cü illərdə AAK D 054.03.02 İxtisaslaşmış Şurasının, 1994-1996-cı illərdə isə D 054.03.05 İxtisaslaşmış Şurasının elmi katibi olmuşdur. Hazırda AMEA Kibernetika İnstitutunun nəzdindəki D 01.121 Dissertasiya Şurasının üzvüdür. 1998-ci ildən Təhsil Nazirliyinin Elmi-metodiki Şurası "Riyaziyyat" bölməsinin sədri, TQDK-nın Riyaziyyat üzrə Ekspert Qrupunun sədri və riyaziyyat üzrə seminarın rəhbəridir.
Məmməd
Yaqubovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş, 1999-cu ildə ona əməkdar
müəllim fəxri adı verilmiş, 2009-cu ildə
"Şöhrət" ordeni ilə təltif olunmuşdur.
***
Blez Paskalın riyaziyyat
haqqında belə bir fikri var: "Riyazi həqiqət hər
yerdə eynidir, istər Paris olsun, istər Tuluza". Misalı
əbəs yerə çəkmədik. Dediklərimiz az qala
riyazi həqiqət qədər doğrudur. İstər bunu
biz deyək, istər digər iş yoldaşları, istərsə
də tələbələri... Onların hamısının fikri
birdir: Professor M.Yaqubov sadə və mehriban insandır. Sanki
dünyaya xeyirxahlıq üçün gəlib və bu
işdən zövq alır. Məmməd Yaqubov fəaliyyəti
ilə öncə gözəl bir müəllim olduğunu
sübut etmişdir. Yüksək pedaqoji bacarığı,
insanlarla ünsiyyətə girmək qabiliyyəti onu müəllim
və tələbələrin sevimlisinə
çevirmişdir.
Bir çox ixtiraların
müəllifi olan A.Fleminq demişdir ki, mən ona görə
xoşbəxtəm ki, müəllimimin qapısı daim mənim
üzümə açıq olmuşdur. Bu fikirlə Məmməd
Yaqubov tam razıdır. O, doğrudan da xoşbəxt tələbə
olub. Ən azı ona görə ki, Qoşqar Əhmədov
kimi alimin mühazirələrini dinləyib, onun tələbəsi
olub və ən nəhayət, sevimli davamçısına
çevrilib. Məmməd müəllim Qoşqar Əhmədovun
ən yaxşı xüsusiyyətlərini özündə əks
etdirə bilib. Bu isə hər insana nəsib olmur. Məmməd
Yaqubov müəllimi haqda deyir: O mənim həm müəllimim,
həm də elmi rəhbərim olub. Biz onunla həm müəllim-tələbə,
həm ata-oğul, həm də dost, qardaş olmuşuq".
Bu qardaşlıq və dostluqdan isə yalnız Azərbaycan
elmi qazanıb. Diqqət yetirək: 1965-ci ildən başlayaraq
Qoşqar Əhmədovun rəhbərliyi ilə Azərbaycanda
optimal idarəetməyə aid seminar fəaliyyətə
başlayıb. Seminarın iki əsas aparıcılarından
biri Məmməd Yaqubov olub. Məhz bu cür elmi yanaşma və
novatorluq o dövr üçün keçmiş sovet
respublikaları arasında optimal idarəetmə nəzəriyyəsi
sahəsində Azərbaycanı öncül sıraya
çıxarıb. Xatırlatmaq yerinə düşərdi
ki, keçmiş SSRİ-də optimal idarəetməyə aid
ilk elmi konfrans da Bakı şəhərində, Qoşqar
müəllimin təşkilat komitəsinin aparıcı
üzvü, M.Yaqubovun elmi katibliyi ilə 1972-ci ildə
keçirilib. Elm tarixi baxımından bu kiçik zaman kəsiyini
Azərbaycanda optimal idarəetmə məktəbinin
yaranması dövrü adlandırmaq olar. O da xüsusi qeyd
olunmalıdır ki, indiyə qədər bu sahədə Azərbaycanda
100-dən çox namizədlik, onlarca doktorluq dissertasiyası
müdafiə edilib.
***
Professor Məmməd Yaqubovun
doktorluq işi keçmiş SSRİ məkanında
sayılıb-seçilən elmi araşdırmalardan olub.
"Paylanmış parametrli sistemlərdə optimal
sürüşkən rejimlər və optimallıq
üçün zəruri şərtlər" adlanan həmin
doktorluq işi həm nəzəri, həm də praktik əhəmiyyəti
olan bir çox suallara cavab verir: a) baxılan sistemdə optimal
idarəedicinin varlığını hansı şərtlər
ödəndikdə gözləmək olar? b) optimal idarəedici
yoxdursa, ümumiləşmiş idarəedici daxil etməklə
yeni sistemi necə qurmalı ki, bu sistemdə ümumiləşmiş
optimal idarəedicinin varlığını hökm etmək
mümkün olsun, sürüşkən rejim nə zaman adi
rejim olur? c) optimal idarəedici və ya ümumiləşmiş
optimal idarəedici hansı zəruri şərtləri ödəyir?
Həmin problemləri həll
etmək üçün M.Yaqubov ümumi tədqiqat sxemi təklif
etmiş və göstərmişdir ki, hər hansı bir
konkret məsələnin araşdırılması uyğun
fiziki prosesin xüsusiyyətindən asılı olaraq dəqiq
yanaşma tələb edir. Bu nəticələr həm də
praktik əhəmiyyəti olan sürüşkən rejimlərin
yaranma səbəblərini izah etməyə imkan verir. Həmin
rejimləri araşdırmaq üçün təklif etdiyi tədqiqat
sxemi stasionar və qeyri-stasionar obyektlərin optimal sistemlərinin
invariant alt sistemlərinin, optimallaşdırma və
identifikasiya sistemlərinin sintezi məsələlərində
mühüm rol oynayır.
***
Biz Məmməd Yaqubovu
yalnız dost, iş yoldaşı, müəllim kimi deyil, həm
də qayğıkeş, ətrafdakıları duyan, yüksək
erudisiyaya, dünyagörüşə malik insan kimi də
tanıyırıq. O buna özünün kristal mənəvi
keyfiyyətləri, hamı tərəfindən nümunə
kimi qarşılanan işgüzarlığı,
yorulmazlığı, bacarığı və qabiliyyəti,
eyni zamanda dərin zəkası ilə nail olmuşdur. Bu
mehribanlığın arxasında mübarizlik, dönməzlik
də var.
Məmməd Yaqubov adi həyatda
da çox alicənab, mehriban, sakit təbiətli, hər kəslə
onun öz "dilində" və səviyyəsində
danışmağı bacaran, etdiyi yaxşılıqlardan təmənna
gözləməyən, dəbdəbəni sevməyən,
gözü-könlü tox, başqalarına həsəd
aparmayan, xeyirxah bir insandır. Şübhəsiz, bütün
bu xüsusiyyətlər həm də onun atası Haqverdi
Yaqubovdan aldığı tərbiyədir ki, professora
xüsusi hörmət gətirir və etibar qazandırır.
***
Elmi araşdırmalar aparmaqla yanaşı, dünya ədəbiyyatının, tarixinin, musiqisinin bilicisi olmaq çox az insana nəsib olur. Məmməd müəllim həm də poeziya vurğunudur. Sanki K.Veyerştas "Poeziyanı bilmədən yaxşı riyaziyyatçı olmaq mümkün deyil" sözlərini Məmməd müəllim üçün deyib. Hörmətli professoru yaxından tanıyanlar, onun dostları, tələbələri bu fikrimizi təsdiqləyərlər ki, M.Yaqubov dəqiq elmlərlə məşğul olmağın poeziya ilə təzad təşkil etmədiyini, üzvi şəkildə bir-birini tamamladığını sübuta yetirən ən parlaq nümunədir. Elə bir tədbir, toplantı, görüş olmaz ki, Məmməd Yaqubov orada çıxış etməsin. Daha doğrusu, elə bir tədbir olmaz ki, Məmməd müəllim nəinki Azərbaycan, eləcə də Şərq poeziyasının mahir bilicisi olduğunu sübut etməsin, Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandıran şeirləri sapa düzməsin.
Məmməd Yaqubov XX əsr Azərbaycan riyaziyyat elminin inkişafı yolunda parlaq iz qoymuşdur. 70 illik zaman kəsiyində layiqli oğul, qayğıkeş ailə başçısı, yüksək intellektə malik pedaqoq, görkəmli elm xadimi olduğunu sübuta yetirmişdir.
Məmməd müəllimin ən çox sevdiyi şairlərdən biri Məmməd Arazdır. Tədbirlərin bir çoxunda dahi şairin "Bu da belə bir ömürdür, yaşadım" şeirini deyən professora üzümüzü tutub deyirik: Məmməd müəllim, bu çox gözəl ömürdü yaşayırsınız! Belə tale hamıya qismət olmur.
Yusif MƏMMƏDOV,
AMEA-nın müxbir üzvü,
professor
Hamlet QULİYEV,
Professor
Maqsud NƏCƏFOV,
dosent
Azərbaycan.- 2011.-2 fevral.- S. 7.