Bakıda kanadalı pianoçu Nina Koqan ilə görüş

 

Fevralın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kanadalı pianoçu Nina Koqan ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Alla Bayramova N.Koqanın mənalı ömür yolundan zəngin yaradıcılığından söz açmışdır. Bildirmişdir ki, kanadalı qonaq fevralın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkarımız Qara Qarayevin xatirəsinə həsr olunmuş fortepiano musiqisi axşamında çıxış edəcəkdir.

Diqqətə çatdırılmışdır ki, N.Koqan məşhur skripkaçı Leonid Koqanın qızıdır. Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli simalarından biri - Qara Qarayevin skripka ilə orkestr üçün yazdığı konsertin ilk ifaçısı məhz Leonid Koqan olmuşdur. Qara Qarayev bu əsəri Leonid Koqana həsr etmişdir. Konsert Leonid Koqanı heyran etmiş bununla əlaqədar onun 1978-ci ildə Qara Qarayev haqqında məqaləsi nəşr olunmuşdur. Həmin yazıda Koqanın Q.Qarayev haqqında çox dəyərli dərin fikirləri yer almışdır.

Görüşün iştirakçılarına minnətdarlığını bildirən Nina Koqan artıq Bakıya ikinci dəfə gəldiyini söyləmişdir. Qeyd etmişdir ki, atasının yaxın dostu Qara Qarayevin doğum günü ərəfəsində burada olmasından məmnundur.

Qonaq atasının Q.Qarayevlə bağlı xatirələrini, yazılarını muzeyə hədiyyə etmişdir.

Tədbir musiqi ifaları ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 7.