AŞ PA-da ermənilərin
növbəti yalanı
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) erməni nümayəndə heyəti bu yaxınlarda Strasburqda növbəti "qarşıdurma" yaratmağa çalışmış, tələsik şəkildə "Dağlıq Qarabağ Respublikasında demokratik dövlətin qurulması" adlı hüquqi cəhətdən savadsız yazılı bəyanat hazırlamışdır. Bəyanatın elə adının özü cəfəngiyatdır. Axı əgər Avropanın bu hissəsində həqiqətən "demokratik dövlət" qurulmuşdusa, onun nümayəndələrinin AŞPA-da olmaması sənədin müəlliflərini niyə utandırmır? Təbii ki, bu, onların xəyalının məhsuludur, çünki Dağlıq Qarabağ adlı heç bir "dövlət", özü də "demokratik dövlət" yoxdur!
Bəyanatı erməni deputatların özləri və Fransadan ermənipərəst əhvali-ruhiyyəli iki-üç deputat imzalamışdır. AŞ PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu cızma-qaraya şübhə yeri qoymayan qiymət vermiş, düzgün olaraq qeyd etmişdir ki, bu bəyanat əhəmiyyətinə və hüquqi qüvvəsinə görə AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi və onun rəsmi mövqeyini əks etdirən 1416 nömrəli qətnaməsinə heç yaxın da gəlmir. Azərbaycan deputatının dediklərinə nə isə əlavə etmək çətindir. Lakin bir faktı xatırlatmaq yerinə düşərdi.
Erməni nümayəndə heyətinin bəyanatında deyilir ki, Dağlıq Qarabağda 1991-ci ildə keçirilmiş bədnam "referendum" guya "bir sıra beynəlxalq müşahidəçilər" tərəfindən tanınmışdır. Bu, ağ yalandır! Bu qeyri-qanuni tədbir "beynəlxalq müşahidəçilər" tərəfindən necə tanına bilərdi ki, həmin gün onlar sadəcə olaraq orada yox idilər! Oyuncaq rejimin httr://www.nkr.am/ru/referendum/42/ saytında həmin gün Xankəndiyə gəlmiş "müstəqil müşahidəçilər" adlandırılanların tam siyahısı verilmişdir.
Əgər siyahıdakı adlara nəzər yetirsək, asanlıqla görə bilərik ki, Sevastopoldan bir turistdən başqa onların, demək olar, hamısı Rusiya Federasiyasından gəlmişdi. Əgər nəzərə alsaq ki, həmin vaxt SSRİ hələ mövcud idi və İttifaq dövlətindən formal surətdə yalnız 3 Baltik respublikası ayrılmışdı, onda bu siyahıda bir nəfər də olsun xarici ölkə vətəndaşına rast gəlmək mümkün deyildir. Bu, kiçik fakt olsa da, hər halda saxtakarlıqdır.
AŞ PA
haqqında mövzuya dair daha bir fikri bölüşmək istərdim.
Məlum olduğu kimi, AŞ PA həmin həftə deputat Qənirə
Paşayevanın təşəbbüsü ilə Xocalı
soyqırımının ildönümünə həsr olunmuş
və "soyqırımı" sözü
yazılmış işçi sənəd (working document)
kimi daha bir bəyanatı (Written Declaration No 469) qəbul
etmişdir. Sənədin
mətni AŞ PA-nın rəsmi saytında verilmişdir:
httr://assembly.coe.int/Documents/workingDocs/Doc11/EDOC
12508.pdf
Ermənistan kütləvi
informasiya vasitələri erməni nümayəndə heyəti
tərəfindən yayılmış "Dağlıq
Qarabağda demokratiya" barədə sənədi Xocalı
haqqında bəyannamə ilə eyniləşdirməyə tələsmişlər.
Düzü heç də aydın deyildir ki, erməni
KİV-i bununla nə istəyir - Xocalı sənədinin əhəmiyyətini
azaltmaq və yaxud əksinə, öz sənədlərinin əhəmiyyətini
yüksəltmək? Bu iki işçi sənədin
hüquqi bərabərliyi haqda mübahisə etməyəcəyik.
Məlum olduğu kimi, Avropa Parlamenti 1987-ci il iyunun 18-də
"erməni genosidini" pisləyən sənəd qəbul
etmişdir. Həmin hadisə və qəbul olunmuş qətnamənin
əhəmiyyəti indiyədək erməni və ermənipərəst
KİV-də geniş təbliğ olunur. Hətta iş o yerə
çatıb ki, dərsliklərdə və monoqrafiyalarda bəzən
iddia edilir ki, Avropa Parlamentinin qərarları bütün
Aİ-yə aid olduğu üçün, bununla "erməni
genosidi" "avtomatik surətdə" Avropa
İttifaqının bütün ölkələrində
tanınmışdır. Həqiqətdə Avropa Parlamentinin
qərarları Avropa İttifaqına AŞ PA-nın Avropa
Şurasının üzvü olan ölkələrin siyasi xəritəsini
müəyyənləşdirdiyi dərəcədə
şamil edilir. Hərçənd ki, Avropa Şurasının
üzvləri Aİ-nin üzvlərindən xeyli çoxdur. Əgər
AŞ PA-nın arxivinə "Xocalı
soyqırımı" termini olan sənəd
düşmüşdürsə, Azərbaycan tərəfi elə
bu pafosla Avropa Şurasının bütün üzvləri tərəfindən
Xocalı qətlamının soyqırımı kimi
tanınması barədə bəyanat verə bilər.
Deyə bilərsiniz ki, deputatların heç də hamısı sənədə imza atmamışdır. Mübahisə etmirəm, doğrudan da deputatların hamısı bu sənədi imzalamamışdır. Lakin 1987-ci ildə də Avropa Parlamentində qəbul olunmuş sənədin lehinə deputatların heç də hamısı səs verməmişdir. AŞ PA-nın 518 üzvündən 68-i "lehinə", 60-ı "əleyhinə" səs vermiş, 390 nəfər (!!!) isə ümumiyyətlə bu mövzuda səsvermədə iştirakdan imtina etmişdir. Başqa sözlə desək, 1987-ci ilin qətnaməsi Avropa Parlamentinin cüzi sayda üzvlərinin (13 faiz) dəstəyini almışdır. Lakin bu sənədlə əlaqədar başlanmış təbliğat kampaniyası indiyədək sakitləşmir. Guya "Avropa Parlamenti ermənilərin soyqırımını tanımışdır".
Deməli, hesab etmək olar ki, Xocalı soyqırımını da tanımışdır.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Berlin
Azərbaycan.- 2011.-2 fevral.- S. 8.