Dövlət müstəqilliyinin bünövrəsi

 

Azərbaycanda dövlət müstəqilliyinə nail olmaq XX əsrin əsas ideallarından biri olmuşdur. Tanınmış ictimai-siyasi xadimlər, böyük mütəfəkkirlər müxtəlif formalarda ölkəmizin müstəqillik qazanması, milli dövlətçiliyin bərqərar olması, xalqımızın azadlığa çıxması üçün daim düşünüb-daşınmış, mübarizə aparmışlar. Bu ali məqsədə çatmaq üçün federasiya, konfederasiya, respublika və sair dövlətçilik tipləri barədə mülahizələr irəli sürülmüş, yollar, vasitələr axtarılmışdır.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin hələ 1917-ci ildə yazdığı "Cümhuriyyət" məqaləsinin adı və əsas müddəaları Azərbaycan ziyalılarının respublika tipli dövlət qurmaq idealına üstünlük verməsinin ümumiləşmiş ifadəsi kimi səslənirdi. Məqalədə deyilirdi: "Cümhuriyyət, yəni latınca "Respublika" elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır. Camaat dedikdə Vətənin sahibidir... Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə "Prezident" deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir... Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. ...Əgər bizdə insanlıq hissi hələ ölməyibsə, ...o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın Cümhuriyyət!"

Bu mənada 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə bu demokratik dövlətin qurucularının deyil, bütövlükdə xalqımızın, milli ziyalılığın arzularının ifadəsi idi. Fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun ən böyük nəticəsi xalqın milli-tarixi yaddaşına müstəqillik düşüncəsini əbədi, həmişəlik olaraq həkk etdirməsi olmuşdur. Buna görə də 1991-ci il oktyabrın 18-də Azərbaycanda yenidən respublika tipli dövlət müstəqilliyinin bərqərar olması milli-tarixi yaddaşın təzə epoxadakı oyanışı və ya müstəqil dövlətçiliyin bərpa edilməsi mənasında mühüm əhəmiyyətə malik çox böyük siyasi hadisədir. Həmin gün qəbul edilmiş "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" milli düşüncədə yaşayan müstəqil dövlətçilik idealının bəyannaməsi idi. Bu tarixi Aktın bir böyük əhəmiyyəti də cəmi 23 ay yaşaya bilmiş Xalq Cümhuriyyətinin varisi elan etməklə Azərbaycanda respublika tipli dövlətçilik ənənəsinin qorunub saxlanılacağına təminat verilməsindən ibarətdir.

Təəssüf ki, keçən əsrin doxsanıncı illərinin başlanğıcında hakimiyyətdə olan qüvvələrin, xüsusən siyasi möhtəkirlikdən uzağa gedə bilməyən Ayaz Mütəllibovun, təcrübəsiz, səriştəsiz və iddialı AXCP-Müsavat hakimiyyətinin bacarıqsızlığı və yanlış siyasi xətti ucbatından yenidən bərpa edilmiş milli dövlətçilik real itirilmə, məhvolma təhlükəsi ilə üzləşməli olmuşdu. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə yenicə elan olunmuş, lakin böyük uçuruma yuvarlandırılmış Azərbaycan Respublikası sözün həqiqi mənasında dağılmaqdan xilas edilmişdir. Məhz ulu öndər Heydər Əliyevin apardığı qətiyyətli və ardıcıl mübarizənin sayəsində Azərbaycan Respublikası öz varlığını qoruyub saxlaya bilmiş və daha da möhkəmləndirilmişdir. Heydər Əliyev "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" bəyanatını irəli sürməklə kifayətlənməmiş, bu əbədiyyətin siyasi-ideoloji və hərbi-iqtisadi əsaslarını formalaşdırmış, özünəməxsus qətiyyətlə böyük xilaskarlıq missiyasını həyata keçirmişdir. Bu mənada Cəlil Məmmədquluzadələrin arzu etdiyi, Məmmədəmin Rəsulzadələrin, Fətəli xan Xoyskilərin... axıradək qoruyub saxlaya bilmədikləri, Nəriman Nərimanovun ümidlərinin qırılması ilə nəticələnən Azərbaycan dövlətçiliyi böyük dövlət xadimi Heydər Əliyevin sayəsində həmişəlik bərpa olunmaq imkanı qazana bildi. Bütün bunlara görə məhz Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin yaradıcısı və memarıdır. Xaricdən axıb gələn böyük təzyiqlərin və mürəkkəb daxili çətinliklərin hamısına qalib gəlməyi bacaran Heydər Əliyev Azərbaycan xalqı qarşısında təkcə xilaskarlıq deyil, həm də qəhrəmanlıq missiyasını böyük iradə ilə həyata keçirmişdir. Onun müstəqil Azərbaycan dövlətinin xilası yollarındakı dönməz və qətiyyətli mübarizəsi həqiqi qəhrəmanlıq nümunəsidir. Geniş yayılmış "Azərbaycan xalqının qəhrəman oğlu" sözləri real tarixi qəhrəmanlığın ümumxalq ehtiramı səviyyəsində etiraf olunmuş ifadəsidir. Heydər Əliyev Azərbaycanda müstəqil dövlət qurmaq cəbhəsinin böyük qəhrəmanıdır.

Ölkəmizdə milli dövlətçilik işinin möhkəm əsasları, etibarlı dayaqları görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu şərəfli və məsuliyyətli vəzifələri o, sovet hakimiyyəti illərindəki uzaqgörən siyasəti və keçən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı düşünülmüş, məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirmişdir. Sovetlər İttifaqı çərçivəsində çətin siyasi-ideoloji məhdudiyyətlər dövründə iqtisadi cəhətdən inkişaf etmiş, milli mədəniyyətini önə çıxaran Azərbaycan Respublikasını formalaşdırmaqla gələcək dövlət müstəqilliyinin ilkin əsaslarını hazırlamışdır. Əslində, həm keçmiş İttifaqa daxil olan müttəfiq respublikaların rəhbərləri, daha çox isə Siyasi Büro üzvləri ilə müqayisədə qat-qat nüfuzlu görünən, beynəlxalq siyasi mühitdə görkəmli dövlət xadimi kimi qəbul olunan Heydər Əliyevin rəhbərlik etdiyi sovet hakimiyyəti illərində də Azərbaycan bir çox cəhətdən müstəqil ölkə təsiri bağışlayırdı. Nəinki Sovetlər İttifaqında, hətta yaxın-uzaq xaricdə də ciddi siyasi ideoloqlar Heydər Əliyev haqqında mülahizələrini bildirərkən onun müstəqil dövlət idarəçiliyi qabiliyyətinə malik olduğunu etiraf etməli olmuşdular.

Hətta o zaman belə bir fikir də yayılmışdı ki, Brejnev və Andropov hakimiyyətinə Heydər Əliyevin əhəmiyyətli dərəcədə təsiri vardır. Heydər Əliyev Sovet İttifaqı məkanında qazandığı böyük nüfuzdan Azərbaycanın xeyrinə istifadə etməyi bacarmışdır. Beləliklə, ötən əsrin 70-80-ci illərində Azərbaycan nəinki iqtisadi-mədəni cəhətdən sürətlə inkişaf etmiş, siyasi-ideoloji baxımdan da milli zəmində ciddi hazırlıq dövrü yaşamışdır. Azərbaycanın az sonra siyasi proseslərin önünə çıxmış milli ziyalılığının bütöv bir nəsli Heydər Əliyev epoxasında yetişib formalaşan, tanınıb məşhurlaşan qüvvə idi. Akademik Ziya Bünyadov, xalq şairi Bəxtiyar Vahabzadə, Elmlər Akademiyasının prezidenti Fəraməz Maqsudov, böyük vətəndaş alim Abbas Zamanov, istiqlal carçıları Xəlil Rza Ulutürk, Məmməd Araz, Xudu Məmmədov və onlarca başqaları Heydər Əliyev dövründə mühafizə edilib yaşadılmış, fəxri ad, yüksək elmi rütbə qazanıb şöhrətin zirvəsinə yüksəlmiş, ictimai həyatda möhkəmlənmiş görkəmli şəxsiyyətlər idilər. Sovet rejimi dövründə Azərbaycan dilini dövlət dili səviyyəsində Konstitusiyada rəsmiləşdirməsi, ədəbiyyatda və incəsənətdə azərbaycançılıq ideyasına geniş meydan açması, milli ziyalılar nəslini yetişdirib hazırlaması ilə Heydər Əliyev Azərbaycanda gələcək dövlət müstəqilliyi düşüncəsini formalaşdırmışdır.

Azərbaycan Respublikasının müstəqil dövlətçilik taleyində görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü də xüsusi yer tutur. Ərazi etibarilə və siyasi status baxımından kiçik olmasına baxmayaraq, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü müstəqilliyimizin tarixi müqəddəratının həll edilməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. Əslində, görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında 1990-1993-cü illərdə həyata keçirilən siyasi-ideoloji xarakterli böyük tədbirlər müstəqil dövlətçiliyimizin möhkəm və etibarlı bünövrəsinə çevrilmişdir. Ulu öndərin bu dövrdəki fəaliyyətini aşağıdakı istiqamətlərə ayırmaq olar:

1) Naxçıvan Muxtar Respublikasının xilas edilməsi, qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər;

2) Naxçıvandan başlanan ümummilli Azərbaycan miqyaslı hərəkat;

3) Dünya azərbaycanlılarını birləşdirmək səyləri.

Bu istiqamətlərin hər biri üzrə aparılan mübarizə, əldə edilən nəticələr ümumiyyətlə Azərbaycanın dövlət müstəqilliyinin qorunub mühafizə edilməsi, möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malik idi.

Artıq hər kəsə yaxşı məlumdur ki, ümummilli lider Heydər Əliyev böyük xilaskarlıq missiyasına Naxçıvan Muxtar Respublikasından başlamışdı. Bu dövrdə Naxçıvan Muxtar Respublikası ölkənin xilası laboratoriyası funksiyasını həyata keçirirdi. Naxçıvan Heydər Əliyevin xilaskarlıq məktəbinə çevrilmişdi.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 21 yanvar 1990-cı il tarixdə görkəmli dövlət xadimi Heydər Əliyevin çətin şəraitdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ictimaiyyətin qarşısında böyük cəsarətlə çıxış edərək 20 Yanvar faciəsinin günahkarlarını və səbəbkarlarını kəskin tənqid etməsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da böyük ümidlə, mübarizlik əhvali-ruhiyyəsi ilə qarşılanmışdı. Əslində, konseptual xarakterli bu çıxış müstəqillik uğrunda ümumxalq mübarizəsinə çağırışın Moskvadakı Azərbaycan nümayəndəliyindən ifadə edilən əks-sədası idi. Bu dərin məzmunlu çıxışı Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə dair Heydər Əliyev bəyannaməsi adlandırmaq olar. O vaxta qədər də böyük mitinqlərdə dəfələrlə böyük iftixarla portretləri qaldırılan Heydər Əliyevin adı Moskvadakı daimi nümayəndəlikdəki çıxışından sonra Azərbaycandakı müstəqillik hərəkatının siyasi lideri səviyyəsində açıq etiraf olunmağa başladı.

Doğrudur, məsələnin bu cəhəti Moskvada Kremlin nəzarəti altında yaşayan Heydər Əliyevin həyatı üçün ciddi çətinliklər yaratmışdı. Ancaq xalqına və vətəninə ürəkdən bağlı olan, onun azadlığı və müstəqilliyi uğrunda mübarizəsindən kənarda özünü təsəvvür edə bilməyən Heydər Əliyevin ölkəmizdə baş vermiş qanlı faciələrə laqeyd qalması qeyri-mümkün idi. Ona görə də 21 yanvar 1990-cı ildə yüksək vətəndaşlıq cəsarətinə malik bəyanatın səslənməsi müstəqillik uğrunda mübarizənin dönməzliyini ifadə edən dönüş nöqtəsi idi. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətə qayıdışının parolu idi. Bəyanatda ifadə edilən aşağıdakı sərt və ötkəm fikirlər çətin və mürəkkəb şəraitdə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına kömək etmiş və xalqımızın mübarizə əzmini daha da qüvvətləndirmişdir: "Azərbaycanda baş verən hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Hesab edirəm ki, Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin (SSRİ-nin - İ.H.) ali partiya rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik indiki həddə çatmaz, ...1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı... Bütün vəziyyətlərdə məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir... Nəticəsi isə göz qabağındadır. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".

Ümummilli liderin adı ilə bağlı olan bu böyük tarixi hadisədən iki gün əvvəl, 19 yanvar 1990-cı ildə Naxçıvan MSSR-in Ali Soveti "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" məsələ müzakirə etmiş, muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükədə qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxmaq və özünü müstəqil respublika elan etmək barəsində qərar qəbul etmişdi. Azərbaycan Respublikasının rəhbərliyi Naxçıvan MSSR Ali Sovetinin qərarını dəstəkləməmiş, əksinə, bu regiona qarşı sərt tədbirlər görməyə başlamışdı. Bu dövrdə Ermənistanın muxtar respublikanın ərazisinə basqınları, təcavüzü də artmış, 1990-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd olan Sədərək, Şahbuz və Babək rayonlarındakı atışmalarda şəhidlər verilmişdi.

Belə çətin şəraitdə dünya miqyasında böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin 21 iyul 1990-cı ildə Naxçıvana qayıdışı böyük siyasi-tarixi hadisədir. Bu tarixi qayıdış Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin tərkib hissəsi olan Naxçıvanın erməni işğalından xilas edilməsi, müstəqillik uğrunda mübarizənin ümummilli maraqlar və sağlam siyasi əsaslar istiqamətində aparılması baxımından yeni imkanlar açdı. Təəssüf ki, Azərbaycan Respublikasının rəhbərliyi Heydər Əliyev kimi təcrübəli və nüfuzlu, böyük ümumxalq ehtiramı qazanmış görkəmli dövlət xadiminin imkanlarını yaranmış çətin vəziyyəti aradan qaldırmaq üçün dəyərləndirmək əvəzinə ona qarşı haqsız-ədalətsiz mövqe tutmaqda davam etdi. Naxçıvanda hazırlanan dövlət çevrilişi cəhdləri, iqtisadi yardımın maneələrlə göndərilməsi, regionda sabitliyi pozmaq meyilləri və sair proseslər imperiya və qrup maraqları üstündə köklənmiş Ayaz Mütəllibov və AXC-Müsavat hakimiyyətinin yarıtmaz mövqeyinin nəticələri idi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının xilası yolunda böyük uzaqgörənliklə dönmədən fəaliyyət göstərməklə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında tarixi xidmətlər göstərməyə nail oldu.

Naxçıvana qayıdış geniş mənada vətənin xilasının hərəkətverici qüvvəsini, möhkəm əsasını təşkil etdi. Azərbaycan rəhbərliyinin narahatlığına baxmayaraq, 1990-cı il avqustun 25-də Naxçıvan Muxtar Respublikası seçiciləri qarşısıalınmaz möhkəm siyasi iradə nümayiş etdirərək Heydər Əliyevi Babək rayonunun Nehrəm dairəsindən Azərbaycan SSR Ali Sovetinə və Mirzə Fətəli Axundov dairəsindən Naxçıvan MSSR Ali Məclisinə deputat seçməklə böyük dövlət xadiminin fəaliyyət dairəsini daha da genişləndirməsinə yönəldilmiş maneçiliklərin bir çoxunu aradan qaldırmağa nail oldular. Bundan sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının xilası və inkişafı yollarında ciddi və tarixi əhəmiyyətə malik olan qəti addımlar atmaqla müstəqilliyin qazanılmasına və möhkəmləndirilməsinə geniş miqyasda mühüm xidmətlər etmişdir. Qısa müddətdə SSRİ Nazirlər Soveti partiya təşkilatına müraciət edərək Kommunist Partiyasının sıralarından çıxan Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında partiya və komsomol təşkilatlarını ləğv etdirərək bu təşkilatların əmlakını müsadirə edib təzə yaradılmış qurumların istifadəsinə verməsi yeni cəmiyyət quruculuğunun əhəmiyyətli addımları idi. Muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində mitinq iştirakçılarının tələbi ilə Leninin abidələrinin götürülməsi prosesinin həyata keçirilməsi keçmiş cəmiyyətdən yaxa qurtarmaq, müstəqilliyə doğru inamla irəli getmək üçün böyük stimul yaradırdı.

Nəhayət, Naxçıvan Muxtar Respublikası əhalisinin və Ali Məclisin deputatlarının təkidli tələbi ilə Heydər Əlirza oğlu Əliyevin 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməyə razılıq verməsi ilə regionda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın məqsədyönlü şəkildə istiqamətləndirilməsinin etibarlı təməli qoyuldu. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr vəzifəsinə seçilməsi geniş mənada Azərbaycanda dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş ümumrespublika əhəmiyyətli tarixi hadisədir. Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasında ümummilli vəzifələri qətiyyətlə həyata keçirən Heydər Əliyevin simasında ölkəmizin müstəqilliyinin qarantı olacaq qüdrətli dövlət xadimini görür, ona böyük ümid və inam bəsləyirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlər bu regionun Azərbaycanın tərkibində varlığını qoruyub saxlamasına tam təminat verdi. Sovet ordusu hissələrinin dinc yolla Naxçıvan MR ərazisindən çıxarılması, Dövlət Müdafiə Komitəsinin yaradılması (7 sentyabr 1991-ci il), Naxçıvana ağır yüklü təyyarələrin gələ bilməsi üçün yeniləşdirilmiş aeroportun işə salınması (1 mart 1992-ci il), Naxçıvan MR Dövlət Gömrük Komitəsinin təsis edilməsi (24 mart 1992-ci il), Ankarada "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq Protokolu"nun imzalanması (24 mart 1992-ci il), Ali Məclisdə "Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında" qərarın qəbul olunması (6 aprel 1992-ci il) regionda müstəqil dövlətçilik prinsiplərinin möhkəmləndirilməsini, inkişafın yeni meyillərinin təmin edilməsini şərtləndirmişdir. Eyni zamanda, Sədərək ərazisində Araz çayı üzərindən keçməklə salınmış və Naxçıvan Muxtar Respublikasını Türkiyə Cümhuriyyəti ilə əlaqələndirən "Ümid" körpüsünün istifadəyə verilməsi regionun taleyində həlledici amillərdən birinə çevrilmişdir. Böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri kimi Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərləri və həmin ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar konkret olaraq Naxçıvanın taleyi ilə bağlı olsa da, siyasi mənada yenicə müstəqillik qazanmış gənc ölkənin beynəlxalq münasibətlərinin əlamətdar hadisələri idi.

Bundan başqa, Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavidin anadan olmasının 110 illiyinin Naxçıvanda qeyd olunması yeni mərhələdə milli mədəniyyətin dirçəldilməsi qayğıları ilə məşğul olmağın nümunəsi sayılmalıdır. Həmçinin 12 noyabr 1992-ci ildə blokada şəraitində Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində görkəmli dövlət xadimi Heydər Əliyevin iştirakı və dərin məzmunlu çıxışı müstəqillik dövrü Azərbaycan ali məktəbinin istiqamətləndirilməsinə göstərilən dövlət qayğısının konkret əməli ifadəsi idi. Heydər Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan çıxışında Naxçıvan Dövlət Universiteti "Azərbaycan Respublikasının yüksək təhsilli kadrlarla təmin olunmasına öz töhfəsini verən nüfuzlu ali məktəb" kimi yüksək qiymətləndirilməklə bərabər, ümumiyyətlə ali məktəbin yeni tarixi epoxadakı vəzifələrinə də xüsusi diqqət yetirilmişdir. Ulu öndərin Naxçıvan Dövlət Universiteti qarşısında qoyduğu vəzifələr bütövlükdə Azərbaycan ali məktəbinin müstəqillik dövrünün proqramı səviyyəsində səslənir: "İndi Azərbaycan bir müstəqil dövlət kimi dünyanın hər bir dövləti ilə, hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin, öz dövlətinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir dövlətdir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun Azərbaycanın bütün ali məktəbləri ilə əlaqəsini inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda, dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları vardır. Çox yaxşı bir haldır ki, artıq bu barədə müəyyən addımlar atılıb... Fəqət indi qarşıda çox böyük və mürəkkəb həyat yolu durur. O da Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi, Azərbaycanda yeni siyasi-iqtisadi quruluşun yaranması, yeni bir cəmiyyətin yaranması, Azərbaycanın milli dövlətçiliyinin inkişaf etdirilməsi ilə əlaqədardır. Bu sahədə ziyalıların, alimlərin, ali məktəb müəllimlərinin fəaliyyəti indi Azərbaycan Respublikası üçün çox gərəklidir, çox faydalıdır. Ona görə də bizim bu gün tövsiyələrimiz ondan ibarət olacaqdır ki, siz bu müstəqil Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında daha da fəal iştirak edəsiniz və öz işinizi yeni tələblər əsasında qurasınız".

Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda müstəqil dövlətçilik prinsiplərinin bərqərar olması, möhkəmləndirilməsi üçün zəruri olan əsas tədbirləri həyata keçirdi. Bu mənada işğaldan xilas edilmiş, böyük inkişafın möhkəm əsasları yaradılmış Naxçıvan Muxtar Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana böyük ərməğanıdır.

Bununla belə, böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü həm də Azərbaycan miqyaslı tədbirlərin həyata keçirilməsi ilə tarixə vəsiqə almışdır. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin birinci sessiyasında iclasa sədrlik edən xalq deputatı Heydər Əliyevin təşəbbüsü və təklifi ilə Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzlərindən biri kimi qəbul edilməsi ölkəmiz və xalqımız qarşısında misilsiz tarixi xidmətdir. Sovetlər İttifaqının hələ mövcud olduğu bir şəraitdə həmin quruluşun təsis etdiyi bayraqdan imtina etmək, əvəzində həm də o quruluşun yetmiş il ərzində düşmən elan etdiyi keçmiş bir hökumətin bayrağının qəbul edilməsini həyata keçirmək üçün yalnız Heydər Əliyev olmaq lazım idi. Başqa formatda kimsə belə çox böyük cəsarət və risk tələb edən hadisəni həyata keçirməkdə tərəddüd keçirərdi. Ancaq və ancaq Heydər Əliyevin sayəsində Azərbaycanın milli dövlət bayrağı ölkənin Müstəqillik Aktını qəbul etməsindən on bir ay əvvəl dövlət rəmzi kimi qəbul olunmuşdur. Tarixdə buna bənzər hadisə tapmaq çətindir, böyük ehtimal ki, bu hadisənin analoqu yoxdur. Ali Məclisin həmin gün keçirilmiş tarixi iclasında Heydər Əliyevin təklifi əsasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası" ifadəsindən "Sovet Sosialist" sözlərinin çıxarılması, "Ali Sovetin" adının dəyişdirilərək "Ali Məclis" adlandırılması kimi mövcud sovet dövlətinin prinsipləri ilə uzlaşmayan qərarların qəbul edilməsi Sovetlər İttifaqının daha heç bir ölkəsində baş verməsi mümkün olmayan qeyri-adi hadisələrdir. Bunlar Azərbaycanın dövlət müstəqilliyinə Heydər Əliyevin sanballı, böyük siyasi-tarixi əhəmiyyətə malik olan töhfələri idi. Obrazlı şəkildə bu hadisələri Azərbaycanın dövlət müstəqilliyinin Heydər Əliyev dərsləri adlandırmaq olar.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Ali Məclisin Sədri kimi Naxçıvanda ikən 1991-ci il dekabrın 16-da keçirilmiş iclasda hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qəbul edilməsi haqqında imzaladığı qərar planetin müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyinə nail olmaq baxımından düşünülmüş uzaqgörən, mühüm siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Sonralar keçirilmiş dünya azərbaycanlılarının qurultayları və bu sahə ilə məşğul olan xüsusi dövlət komitəsinin yaradılması həmin tarixi qərarın bəhrəsidir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin həyatının və fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanda dövlət müstəqilliyinin möhkəm bünövrəsini formalaşdırmışdır. Sonralar müstəqil Azərbaycan dövlətinin inkişaf etdirilməsində həmin təməl prinsiplərin və əldə edilmiş zəngin təcrübənin böyük rolu olmuşdur.

Ümummilli lider Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmiz üçün çox böyük işlər görmüş, dəfələrlə təhlükələrlə üz-üzə qalan müstəqil dövlətçiliyi möhkəmləndirmiş, ona əbədi həyat vəsiqəsi bəxş etmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu öndərdən sonra Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı layihələr uğurla həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Prezident İlham Əliyevin uğurla başa çatdırdığı nəhəng layihələrdir. Bakı-Tbilisi-Qars-Naxçıvan dəmiryol xətti Heydər Əliyevin dövlət quruculuğu ənənəsinə möhtərəm Prezidentin möhtəşəm əlavəsidir. Oğuz-Qəbələ-Bakı su kəməri öz mahiyyəti etibarilə Azərbaycan xalqının rifahına hesablanmış və Bakı-Ceyhana bərabər layihə səviyyəsində dəyərləndirilməyə layiqdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin analitik təfəkkürdən, çoxaspektli siyasi-elmi yanaşmalardan doğan düşünülmüş qərarları və təhlilləri, təmkinli və məqsədyönlü islahatçılıq düşüncəsi, genişmiqyaslı quruculuq proqramlarını həyata keçirmək istiqamətindəki ardıcıl fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrini əhatə edən müasirləşdirmə, sosial rifahın və xalqla ünsiyyətin ön mövqeyə çəkilməsi əsasında qurulmuş dövlət idarəçiliyi sistemi Azərbaycan Respublikasının möhtəşəm uğurlarının əsas hərəkətverici qüvvəsini təşkil edir.

Azərbaycan Respublikasının paytaxtında və regionlarında gedən sürətli yeniləşmə və tərəqqi ölkəmizdəki hərtərəfli, dinamik inkişafın parlaq göstəricisidir. O cümlədən, görkəmli dövlət xadimi Heydər Əliyevin vaxtilə işğaldan xilas etdiyi və möhkəm əsaslarını yaratdığı Naxçıvan Muxtar Respublikası da sonrakı mərhələlərdə həmin etibarlı siyasi bünövrə üzərində inkişafdan intibaha doğru böyük yol keçmişdir. Yeni tarixi epoxada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı Heydər Əliyevin siyasi kursuna dərin sədaqətin və ölkəmizdə geniş miqyas alan yeniləşmə proseslərini məqsədyönlü şəkildə, uğurla həyata keçirməyin bariz nümunəsidir. Bütövlükdə bu gün dövlət müstəqilliyimizin iyirminci ilində yeniləşən və modernləşən, böyük addımlarla irəliyə doğru inkişaf edən müasir Azərbaycan İlham Əliyev iqtidarının möhtəşəm əsərinə çevrilməkdədir.

Bütün bunlar ölkəmizdə dövlət müstəqilliyinin keçdiyi çətin, mürəkkəb və şərəfli yolun, əldə edilmiş mühüm nəticələrin müstəqillik qazanmış digər ölkələr üçün nümunə, örnək olduğunu nümayiş etdirir. Keçilmiş yolun zəngin təcrübəsi və möhkəmlənmiş ənənələri ölkəmizin bundan sonrakı inkişafı üçün mühüm əhəmiyyətə malik olan böyük təməl funksiyasını da həyata keçirir. Ona görə də "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü" haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli Sərəncamı qazanılan böyük təcrübənin öyrənilib ümumiləşdirilməsi, dövlət müstəqilliyi düşüncəsinin daha da dərinləşdirilməsi, gələcək inkişaf strategiyasının müəyyən olunması baxımından böyük əhəmiyyətə malik olan tarixi sənəddir. Bu tarixi sərəncam dövlət müstəqilliyi proseslərinin mərhələlər üzrə siyasi və elmi cəhətdən dəyərləndirilib öyrənilməsinə, aydınlaşdırılmasına gur işıq salır.

 

Prezident sərəncamının işığında Azərbaycanda müstəqil dövlətçiliyin Heydər Əliyev dövrünün dərslərinin ana xətlərinin, təməl prinsiplərinin ictimai-siyasi mühitin ön mövqeyinə çıxarılması ilə ölkəmizdə daha böyük inkişafa nail olmağın sınaqlardan çıxmış magistrallarının aydın üfüqləri diqqət mərkəzinə çəkilir. Beləliklə, bu sərəncam möhkəm və etibarlı bünövrədən başlanan və mərhələ-mərhələ inkişaf edən yeni Azərbaycanın tam, bütöv mənzərəsini və daha parlaq gələcəyini aydın təsəvvür etməyə imkan yaradır. Möhkəm bünövrə, təməl prinsiplər, ardıcıl inkişaf və sürətli müasirləşmə iyirmi ildən çıxarılan mühüm nəticədir. Eyni zamanda, bu tipli yüksək inkişaf modeli neçə-neçə gələcək illər üçün də böyük inkişaf strategiyasının əsasını təşkil edir.

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru,

Milli Məclisin deputatı, akademik

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 2.