Prezident İlham Əliyevin
qəbul etdiyi mühüm qərarlar 2010-cu ildə əhalinin
sosial müdafiəsinə dəyərli töhfələr
vermişdir
Dünyada
maliyyə böhranının sona yetmədiyi 2010-cu ildə
Azərbaycan daha da inkişaf etmiş, sosial müdafiə
proqramları müvəffəqiyyətlə icra olunmuşdur.
Düşünülmüş iqtisadi siyasətin inamla
həyata keçirilməsi sayəsində il ərzində
Azərbaycanda əməkhaqqı və pensiyaların baza
hissəsi artırılmışdır. Möhtərəm
Prezident İlham Əliyevin əmək
pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı sərəncamları uğurla icra
olunmuşdur. Azərbaycanın sığorta-pensiya
sistemində əldə olunan nailiyyətlərə
aydınlıq gətirən müsahibimiz Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun
sədri, iqtisad elmləri doktoru Səlim Müslümovdur.
- Səlim müəllim,
ümumdünya maliyyə böhranının başa
çatmadığı 2010-cu ili ölkəmizin sosial
həyatı, o cümlədən Dövlət Sosial Müdafiə
Fondu üçün necə xarakterizə edərdiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə aparılan
uğurlu islahatlar və həyata keçirilən
düzgün iqtisadi siyasət nəticəsində 2010-cu
ildə vətəndaşlarımızın
yaşayış səviyyəsi daha da yüksəlmiş,
əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi
xüsusi diqqət mərkəzində saxlanılaraq bu
istiqamətdə mühüm addımlar atılmış,
ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da
artmışdır. Ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi və bu gün
uğurla davam etdirilən sosial-iqtisadi siyasət, strateji
proqramların səmərəli gerçəkləşdirilməsi
həyatımızın bütün sahələrində
əsaslı inkişafa gətirib
çıxarmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında qeyd etdiyi kimi: "Bu böhranlı illər
ərzində biz iqtisadi siyasətimizi inamla
aparmışıq. Ölkə qarşısında duran
bütün vəzifələr icra edildi. Bütün sosial
proqramlar öz həllini tapdı. Keçən il minimum
əməkhaqqı və pensiyanın baza hissəsi
artırıldı. Halbuki Avropanın bir çox
ölkələrində əks istiqamətdə proseslər
gedirdi, maaşlar, pensiyaların məbləği
aşağı düşürdü".
2010-cu ildə makroiqtisadi sabitləşmə və
iqtisadiyyatın dinamik inkişafı ölkə
vətəndaşlarının yaşayış
səviyyəsinin yüksəldilməsini təmin etmiş,
sosialyönümlü bazar iqtisadiyyatına üstünlük
verilməsi ilə bağlı əhalinin bütün
təbəqələrinin rifahının
yaxşılaşdırılması
məqsədilə mümkün zəruri tədbirlər
həyata keçirilmişdir. 2010-cu ildə
ölkəmizdə əhalinin pul gəlirləri
keçən ilə nisbətən 12,3 %, bir
işçiyə hesablanmış orta aylıq
əməkhaqqı 9,1 %, əmək pensiyasının orta
aylıq məbləği isə 12% artmışdır.
2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun
səviyyəsi daha da aşağı düşərək
9,1 % təşkil etmişdir.
Ölkədə həyata keçirilən
islahatların tərkib hissəsi kimi sığorta-pensiya
sisteminin təkmilləşdirilməsi və davamlı inkişafına
nail olunması 2010-cu ildə Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin
əsas istiqamətlərini təşkil etmişdir.
Operativ
məlumatlara əsasən, 2010-cu ildə Dövlət Sosial
Müdafiə Fondunun gəlirləri 1764,7 milyon manat
təşkil etmişdir ki, bu da 2009-cu ilə nisbətən
163,3 mln. manat və ya 10,2 faiz çoxdur.
2010-cu ildə məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə
nisbətən 7,8 faiz və ya 80,4 mln. manat artaraq 1114,8 mln.
manat təşkil etmişdir. Ötən ildə sosial
sığorta haqları üzrə daxilolmaların 58,2 faizi
və ya 648,9 mln. manatı qeyri-büdcə sektorunun payına
düşmüşdür. Həmin
təşkilatların ödədikləri məcburi
dövlət sosial sığorta haqlarının
məbləği əvvəlki ilə nisbətən 12,8 faiz
və ya 73,5 mln. manat artmış, proqnoz 95,6 faiz icra
olunmuşdur. Hesabat dövrü ərzində həm fiziki
şəxslərin, həm də torpaq
mülkiyyətçilərinin sosial sığortaya cəlb
edilməsi gücləndirilmişdir. Nəticədə fiziki
şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq
mülkiyyətçiləri üzrə isə 58 faiz artmışdır.
Hesabat
dövründə büdcədən
maliyyələşən təşkilatlar üzrə
daxilolmalar 465,9 mln. manat təşkil etmişdir. Həmin
təşkilatların ödədiyi məcburi dövlət
sosial sığorta haqları əvvəlki ilə
nisbətən 1,5 faiz və ya 6,9 mln. manat artmışdır.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının
qismən dəyərinin ödənilməsi və s.)
üzrə daxilolmalar 3,2 mln. manat təşkil etmişdir.
2010-cu
ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri
1764,1 mln. manat olmuşdur. Hesabat dövründə pensiya
və müavinətlərin maliyyələşdirilməsi
üçün fond tərəfindən 1704,8 mln. manat
vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə
nisbətən 89,8 mln. manat və ya 5,6 faiz çoxdur. Pensiya
xərcləri 2009-cu ilə nisbətən 5,6 faiz və ya 87,2
mln. manat artaraq 1655,7 mln. manat təşkil etmişdir.
2010-cu ildə əhaliyə 49 mln. manat
məbləğində müavinət ödənilmişdir
ki, bunun da 37,3 faizi hamiləliyə və doğuma
görə, 28,8 faizi əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə, 18,2 faizi dəfn
üçün, 15,7 faizi isə digər
müavinətlərin payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun digər
xərcləri 59,4 mln. manat təşkil etmişdir. 2010-cu
ildə sığortaolunanların sanatoriya-kurort
müalicəsi və sağlamlaşdırma tədbirlərinin
həyata keçirilməsi üzrə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə
maliyyələşdirilən xərclərə 12,8 mln. manat,
məşğulluq tədbirlərinin həyata
keçirilməsi, məşğulluq orqanlarının
saxlanılması xərclərinə 9,1 mln. manat,
əlillərin sosial müdafiəsi tədbirlərinin
həyata keçirilməsi və əlillərin sosial
müdafiəsi orqanlarının saxlanılması xərclərinə
3 mln. manat məbləğində vəsait
yönəldilmişdir.
- Təbii ki,
Dövlət Sosial Müdafiə Fondunun gəlir və
xərclərinin icrası, maliyyə
dayanıqlığının qorunması son
nəticədə pensiyaçıların sosial
müdafiəsinə xidmət edir. 2010 -cu il
pensiyaçılarımız üçün daha çox
nə ilə yadda qalmışdır?
- 2010-cu ildə ölkəmizdə əmək
pensiyaçılarının sosial müdafiəsi daha da
gücləndirilmişdir. Ötən ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
əmək pensiyaçılarının sosial
müdafiəsinin gücləndirilməsinə xidmət
edən 4 sərəncamı Dövlət Sosial Müdafiə
Fondu tərəfindən icra olunmuşdur.
"Əmək pensiyaları haqqında"
Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə
və dəyişikliklərin 1 yanvar 2010-cu ildən
qüvvəyə minməsi ilə əlaqədar Böyük
Vətən müharibəsi iştirakçılarının
əmək pensiyalarının baza hissəsi 30 manat
artırılmışdır. Bu artım
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixdə
təsdiq etdiyi "1941-1945-ci illər müharibəsində
qələbənin 65 illik yubileyinə hazırlıq və
yubileyin qeyd edilməsi üzrə milli proqram"
çərçivəsində qanunvericiliyə
aparılmış dəyişikliklə bağlı
həyata keçirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli "1941-1945 -ci
illər müharibəsi iştirakçılarına,
həlak olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım edilməsi
barədə" sərəncamının icrası ilə
bağlı Dövlət Sosial Müdafiə Fondu
tərəfindən birdəfəlik maddi yardımın
müvafiq şəxslərə çatdırılması
təmin edilmişdir. Sərəncam 37178
nəfərə şamil olunmuşdur ki, bunlardan 4186
nəfəri bilavasitə Böyük Vətən
müharibəsi iştirakçılarıdır və
onların hər birinə 500 manat məbləğində
birdəfəlik yardım göstərilmişdir. Böyük Vətən müharibəsində həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, 1941-1945-ci
illərdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci Dünya
müharibəsi illərində döyüşən
cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, habelə Leninqrad
mühasirəsinin iştirakçılarına isə 200
manat məbləğində birdəfəlik maddi yardım
verilmişdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı
isə 32992 nəfər təşkil edir.
Eyni zamanda, sığortaolunanların 2006-cı ilin
yanvarın 1-dək qazanılmış pensiya
hüquqlarının
müəyyənləşdirilməsində yeni
sadələşdirilmiş qaydanın tətbiqi minimum
məbləğdə pensiya təyinatının aradan
qaldırılmasına və sosial ədalətin bərpa
edilməsinə gətirib çıxarmışdır.
Belə ki, 2010-cu ilin yekunlarına əsasən, ölkə
üzrə pensiyanın orta aylıq məbləgi 112 manat
təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə
orta aylıq məbləğ 162 manat olmuşdur. Bu qaydaların tətbiqinə qədər pensiya
təyinatı zamanı əsas problemlər 2006-cı ilə
qədər olan dövr üçün pensiya
məbləğlərinin müəyyən edilməsi
metodikası ilə bağlı olurdu və əvvəlki qayda
ilə hesablama zamanı elm, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə
uzun müddət əmək stajına malik
şəxslərin əməkhaqqı
göstəricilərinin aşağı olması
səbəbindən əksər hallarda pensiyalar minimum
məbləğlə ifadə edilirdi. Artıq bütün bu
çatışmazlıqlar tam aradan
qaldırılmışdır. Bunun nəticəsidir ki,
2010-cu il ərzində Fond Aparatına vətəndaşlardan
daxil olan müraciətlər əvvəlki illə
müqayisədə 24,2 faiz azalmışdır.
Azərbaycanda
qurulan sığorta-pensiya sistemi əhaliyə
ödənişlərin bazar iqtisadiyyatı
təsirlərindən qorunması elementlərini
özündə birləşdirir. Belə elementlərdən
biri də əhaliyə pensiya şəklində
ödənişlərin bazar iqtisadiyyatı üçün
səciyyəvi olan inflyasiya təsirindən
qorunmasıdır. Bunun üçün
pensiyaların sığorta hissəsi "Əmək
pensiyaları haqqında" Qanuna müvafiq olaraq hər il
Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamla
indeksləşdirilir. Əvvəlki, yəni 2009-cu il
üzrə baş vermiş inflyasiyanın pensiyalara
təsirini aradan qaldırmaq məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 17 fevral 2010-cu il tarixində "Əmək
pensiyalarının sığorta hissəsinin
indeksləşdirilməsi haqqında" sərəncam
vermişdir. 2009-cu ildə dövlətin həyata keçirdiyi
uğurlu antiböhran tədbirləri nəticəsində
inflyasiyanın aşağı səviyyədə
saxlanılması təmin edilmiş, bununla belə 1,5 faiz həcmində
istehlak qiymətlərinin indeksi qeydə
alınmışdır. Həmin sərəncama
əsasən, Dövlət Sosial Müdafiə Fondu
tərəfindən istehlak qiymətləri indeksinə
uyğun olaraq, 2010-cu ilin 1 yanvar tarixinə bütün növ
əmək pensiyalarının sığorta hissəsi
indeksləşdirilmişdir. Yeri
gəlmişkən, bu günlərdə 2010-cu il üzrə
qeydə alınmış istehlak qiymətlərinin indeksi
barədə məlumat Dövlət Statistika Komitəsi
tərəfindən fonda rəsmi qaydada təqdim olunmuşdur
və bu göstəricinin səviyyəsi 5,7 faizdir. Fond
tərəfindən həmin səviyyəyə uyğun
indeksləşmənin aparılması üçün
təkliflər hazırlanmışdır və müvafiq
qərar qəbul edildikdən sonra icra olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamına əsasən, 2010-cu
il sentyabrın 1-dən yaşa görə əmək
pensiyasının baza hissəsinin məbləği 85 manat
müəyyən edilmişdir. Əmək pensiyasının
baza hissəsinin məbləğinin növbəti dəfə
artırılması ölkəmizdə qısa
müddətdə çox ciddi sosial-iqtisadi islahatların
aparılmasının məntiqi nəticəsidir. Əmək
pensiyalarının baza hissəsinin 13,6 faiz
artırılmasına dair bu sərəncam təxminən 1
milyon 254 min 200 pensiyaçıya şamil olunmuşdur. Pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon
116 min nəfər) pensiyasının artımı 10 manat, 120
faiz həcmində alanların (15 min nəfər)
pensiyasının artımı 12 manat, 200 faiz həcmində
alanların (7631 nəfər) pensiyasının artımı
isə 20 manat təşkil etmişdir. Milli
qəhrəmanların ailə üzvlərinin pensiyasının
baza hissəsi 20 manat artırılaraq 170 manata, şəhid
ailəsi üzvlərinin pensiyasının baza hissəsi
isə 18 manat 50 qəpik artırılaraq 157 manat 25
qəpiyə çatdırılmışdır. Döyüşən ordunun tərkibində
xidmət etmiş müharibə
iştirakçılarının (Böyük Vətən
müharibəsi iştirakçıları istisna olmaqla),
habelə döyüş əməliyyatı aparılan
ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş
hərbi qulluqçuların pensiyasının baza hissəsi
11 manat artmışdır. Böyük Vətən
müharibəsi iştirakçılarının
pensiyasının baza hissəsi 11 manat,
I qrup
əlillərinki 25 manat 50 qəpik, II qrup əlillərinki 21
manat,
III qrup
əlillərinki isə 19 manat artırılmışdır.
- 2010-cu ildə
Azərbaycanda sığorta pensiya sistemi üzrə davam
etdirilən islahatlar bir sıra beynəlxalq uğurlara imza
atdı. Bu barədə, eləcə də
qiymətləndirmələrdə əsas
götürülən meyarlar barədə bir qədər
ətraflı məlumat verərdiniz.
- 2010-cu il ölkəmizdə formalaşmış
sığorta-pensiya modelinin müxtəlif beynəlxalq
uğurlar qazanması ilə də müşahidə
edilmişdir. 3-5 mart 2010-cu il tarixində Polşa
Respublikasının Varşava şəhərində
keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
"Avropanın uğurlu təcrübəsi"
müsabiqəsinin "İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi ilə effektiv
idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan
edilmişdir. Xüsusi qeyd etmək istərdim ki, sosial
təminat sahəsində mühüm tədbir olan Avropa
Forumunda Azərbaycanın bu mükafata layiq görülməsi
ölkəmizdə pensiya islahatlarının uğurla
gercəkləşdiriməsinin əyani göstəricisidir.
Bununla yanaşı, 29 noyabr - 4 dekabr 2010-cu il
tarixində Cənubi Afrika Respublikasının Keyptaun
şəhərində Beynəlxalq Sosial Təminat
Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən Dünya Sosial Təminat Forumunda
Beynəlxalq Sosial Təminat Assosiasiyasının MDB və
türkdilli ölkələr üzrə Regional Koordinasiya
Mərkəzinin Bakıda yaradılması qərara
alınmışdır. Forumda Beynəlxalq
Sosial Təminat Assosiasiyasının rəhbərliyi
tərəfindən ölkəmizdə sığorta-pensiya
sahəsində aparılan uğurlu siyasətin və
islahatların nəticələrini nəzərə alaraq,
Sosial sığorta-pensiya məsələləri üzrə
Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin
yaradılması da təklif edilib. Belə
təsisatların Azərbaycanda yaradılmasının
əsas səbəbi kimi ölkəmizdə qısa
müddət ərzində bu sahədə böyük
nailiyyətlərin əldə olunması, respublikanın
iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə
sahəsində böyük təcrübəsi qeyd olunub.
Həmçinin qeyd etmək istərdim ki, 2010-cu ilin
dekabr ayında BMT İnkişaf Proqramının Avropa və
MDB üzrə Regional Bürosu Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin islahatları üzrə
layihənin, həmin büronun xəttilə
gerçəkləşdirilən layihələr arasında
birinci yerə layiq görüldüyünü
açıqlamışdır. BMT
İnkişaf Proqramının Nyu-Yorkda yerləşən
Baş qərargahı Avropa və MDB ölkələrinin
sığorta-pensiya sistemlərində son illər həyata
keçirilən islahatları təhlil edərək
ölkəmizin sığorta-pensiya sistemindəki
islahatları özündə əks etdirən
"Azərbaycan-Dəyişikliyin tarixçəsi. Effektiv Pensiya sisteminin qurulması"
başlıqlı şərhində Azərbaycanın bu
sahədə həyata keçirdiyi islahatların
həcminə, müddətinə və digər
parametrlərinə görə daha üstün olduğunu
bildirib. Ölkəmizdə bazar iqtisadiyyatı
prinsiplərinə əsaslanan, aydın başa
düşülən, şəffaf, ədalət
prinsiplərini əsas götürən, müasir
tələblərə cavab verən sosial sığorta-pensiya
sistemi qurulduğu qeyd olunub, bu sistemin bir sıra
ölkələr üçün model rolu oynadığı
vurğulanıb.
Əsas
götürülən meyarlar barədə isə qeyd
etmək istərdim ki, beynəlxalq səviyyədə
aparılan qiymətləndirmələr özünün
elmi-nəzəri və praktiki yanaşma tərzinə
görə fərqlənir. Baş vermiş
maliyyə böhranının dərsləri, bu konteksdə
sistemlərin əhatəliliyi və çevikliyi son
illərdə aparılan qiymətləndirmələrdə
əsas meyarlar kimi götürülür. 2010-cu ildə bir
sıra dövlətlərin sığorta-pensiya sistemlərində
aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid
dövrü ölkələri üçün
örnək kimi tövsiyə edilməsinin heç də
təsadüfi olmadığını
təsdiqləməklə yanaşı, ölkəmizin islahatlarda
qabaqcıl mövqeyini bir daha sübut etmiş oldu. Bu
baxımdan inkişaf etmiş bir sıra
ölkələrdə pensiya sistemi ilə bağlı
təklif olunan islahatların məzmunu xeyli diqqəti
çəkir. Təklif olunan variantlardan biri sistemin
genişləndirilməsi məqsədilə
hərbçilərin, daxili işlər orqanlarında
çalışanların və bu kimi digər
şəxslərin məcburi dövlət sosial
sığortasına cəlb edilməsidir. Qeyd
olunmalıdır ki, Azərbaycanda bu istiqamətdə
hələ dörd il bundan öncə islahat tədbirləri
həyata keçirilib. 2007-ci il yanvarın 1-dən
respublikamızda hərbi qulluqçular və xüsusi
rütbəli şəxslərin
məcburi dövlət sosial sığortasına cəlb
edilməsinə və fərdi uçotla əhatə
olunmasına, həmin şəxslərin əmək
pensiyaları ilə təminatına keçilmişdir. Bu tədbirlər nəticəsində hərbi
qulluqçular və xüsusi rütbəli
şəxslərin yeni sığorta-pensiya sisteminin
üstünlüklərindən (natamam hərbi xidmət
müddətinin pensiya məbləğlərinə
təsirinin təmin olunması, hərbi qulluqçular və
dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində
yığım komponentinin tətbiqində iştirakı,
pensiyalarının fondun hesabına verilən plastik kartlarla
ödənilməsi və s.) istifadə etmələrinə
imkan yaradılmışdır.
Bundan başqa, bəzi ölkələrdə
vaxtından əvvəl pensiyaya çıxan
şəxslər üzrə ödəmələr pensiya
sisteminin mürəkkəb problemlərindən biri kimi
qiymətləndirilir, bu sahədəki güzəştlərin
ləğvi əsas islahat istiqaməti kimi
müəyyənləşdirilmişdir. Xatırladaq ki,
Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu
istiqamətdə zəruri tədqiqatlar aparılaraq
qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir.
Sığorta-pensiya
sistemi və dövlət sosial yardımı sistemlərinin
bir-birindən ayrılması bazar iqtisadiyyatı
şəraitində sosial müdafiənin
gercəkləşdirilməsi baxımından ən arzuolunan
variant kimi qiymətləndirilir.
Məlum olduğu kimi, ümummilli lider Heydər
Əliyevin təyin etdiyi islahat istiqamətlərinə
uyğun olaraq, ölkəmizdə sığorta-pensiya və
dövlət sosial yardımı sistemlərinin
ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında
fəaliyyət göstərmələri tam təmin
olunmuşdur. Bu proses 2010-cu ildə də
dərinləşdirilmişdir. Belə ki,
məcburi dövlət sosial sığorta haqları
hesabına maliyyələşdirilən bir sıra
qeyri-sığorta ödəmələrinin
(məşğulluq tədbirlərinin həyata
keçirilməsi (işsizliyə görə verilən
müavinət istisna olmaqla), məşğulluq
orqanlarının saxlanılması, əlillərin sosial
müdafiəsi tədbirlərinin həyata
keçirilməsi və əlillərin sosial müdafiəsi
orqanlarının saxlanılması, miqrasiya idarəsinin
saxlanılması ilə bağlı xərclərin)
dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilməsi barədə qanunvericiliyə
müvafiq dəyişikliklər edilmişdir.
Növbəti
əsas təklif pensiya sistemində yığım
komponentinin tətbiqi ilə bağlıdır. Bu
istiqamətdə səslənən arqumentlər ondan
ibarətdir ki, pensiya sistemində hazırkı qaydada
yığım komponentinin tətbiqi maliyyə
bazarlarının mövcud vəziyyəti ilə
üst-üstə düşmür və bu
səbəbdən də vəsaitlərin
yerləşdirilməsində yaranan problemlər nəinki
nəzərdə tutulan dividentləri, hətta
inflyasiyadan qoruma imkanını da vermir. Digər
tərəfdən, yığım hissəsinin pensiyaların
cari maliyyələşdirilməsinə sərf olunmaması
pensiya fondlarının büdcə kəsirini daha da
dərinləşdirir, böhran halında isə tamamilə
müflis olmalarına gətirib çıxarır. Bununla
bağlı pensiyaların yığım hissəsinin
perspektivinə dair təkliflərdə bir neçə variant
səsləndirilir. Bunlardan biri pensiyaların yığım
hissəsi məsələsinin tamamilə istisna edilməsidir.
Digər bir variant kimi bu komponentin könüllülük
prinsipi əsasında tətbiqi irəli sürülür.
Üçüncü variant isə yığım hissəsinin
həcminin azaldılmasıdır.
Qeyd olunmalıdır ki, Azərbaycan
Respublikasının pensiya qanunvericiliyi də baza,
sığorta və yığım hissələrindən
ibarət olmaqla üçpilləli pensiya
təminatını nəzərdə tutur. Ölkədə
qurulmuş yeni sığorta-pensiya sistemi
çərçivəsində əmək
pensiyalarının baza və sığorta hissələrinin
təyini və artırılması mexanizmləri
uğurla tətbiq edilmişdir və bu prosesdə
dövlətin həlledici rolu, pensiyaçıların sosial
müdafiəsinə birbaşa dəstəyi aydın
görünür. Yığım komponentinin tətbiqi ilə
bağlı isə son dərəcə ehtiyatlı (konservativ)
mövqe tutulmuşdur. Azərbaycan
Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111
nömrəli sərəncamı ilə təsdiq edilmiş
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"nda yığım komponentinin tətbiqinin daha
mürəkkəb mərhələ olmaqla, ölkədə
investisiya mühitindən, maliyyə və
qiymətli kağızlar bazarının inkişafından
və sığorta-pensiya sistemindən kənar digər
amillərdən çox asılı olduğu xüsusilə
qeyd olunmuş, bunun üçün beynəlxalq
təcrübənin öyrənilməsi, əvvəlcə
sosial sığorta haqlarının fərdi hesabın
yığım hissəsinə (fərdi
yığım hesablarına) yönəldilməsi
mexanizmləri və həmin vəsaitlərin idarə
olunması qaydalarının düzgün müəyyən
edilməsi, bundan sonra sosial sığorta haqlarının
fərdi yığım hesablarına toplanmasına
başlanılması
müəyyənləşdirilmişdir. Dünya
maliyyə böhranı Azərbaycanda məhz
üçpilləli sistemin tətbiqinin, dövlətin sosial
müdafiədə aktiv rolunun saxlanılmasının və
real yığım elementinin tətbiqi
məsələsində ehtiyatlı davranmanın nə
dərəcədə doğru olduğunu da sübut etmiş
oldu.
Belə
məsələlərin siyahısını daha da
genişləndirmək olar.
- 2011-ci il ərzində
pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi və sığorta-pensiya
islahatlarının təmin edilməsi üçün
hansı tədbirlər həyata keçiriləcəkdir?
- İlk növbədə Dövlət Sosial
Müdafiə Fondunun əsas maliyyə sənədinin - 2011-ci
il üçün büdcəsinin icrası ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi
tapşırıqlar fondun orqanları qarşısında
mühüm vəzifə kimi durur. İnanıram ki,
əvvəlki illərdə olduğu kimi, bu büdcənin
icrası da xalqımızın həyat
səviyyəsinin yüksəldilməsinə
yönəldilmiş ali siyasətin
reallaşdırılmasına mühüm töhfə
verəcəkdir. 2011-ci ildə əhaliyə
ödənişlər fondun xərclərinin 97,2 faizi
səviyyəsində və ya 1916,98 mln. manat
proqnozlaşdırılır. Əhaliyə
ödənişlərin 2011-ci il üçün
nəzərdə tutulmuş proqnozu 2010-cu ilə
nisbətən 200,0 mln. manat və ya 11,7 faiz çoxdur. 2011-ci
ildə əmək pensiyalarının ödənişi
xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur
ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9
mln. manat artıqdır.
Bu il "2009-2015-ci
illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"na uyğun olaraq islahat tədbirləri davam
etdiriləcəkdir. Bura sığorta-pensiya
sisteminin perspektiv inkişafının aktual
modelləşdirmə əsasında proqnozlaşdırılmasının
təmin edilməsi, avtomatlaşdırılmış pensiya
təyinatı sisteminə keçidin təmin olunması
məqsədi ilə tədbirlərin həyata keçirilməsi,
dövlət sosial sığorta sistemində
sığortaolunanların fərdi
məlumatlarının qorunması mexanizmlərinin
gücləndirilməsi, fondun mərkəzi aparatı və
yerli orqanları arasında elektron məlumat mübadiləsini
təmin edən korporativ şəbəkənin
qurulmasının başa çatdırılması, fondun
fəaliyyətinin avtomatlaşdırılması
istiqamətində işlərin yerinə yetirilməsi
və digər mühüm vəzifələr daxildir.
Hazırda
mühüm tədbirlərdən olan pensiya
təyinatının avtomatlaşdırılması
istiqamətində işlər sürətlə davam
etdirilməkdədir. Dövlət Proqramında pensiya
təyinatının tam avtomatlaşdırılması yolu
ilə əməliyyatların vahid mərkəzdən
aparılmasına keçidin təmin edilməsi 2013-cü
ildə nəzərdə tutulub. Fond bu prosesin Dövlət
Proqramında müəyyən olunan qrafikdən əvvəl
həyata keçirilməsini hədəfləyib ki, bu da MDB
məkanında ilk göstərici olacaqdır. Qeyd olunan
istiqamətdə görülən əsas
tədbirlərdən biri fərdi uçot sistemində
sığortaolunanlara dair ödənilmiş məcburi
dövlət sosial sığorta haqları üzrə
hesabatların qəbulu prosesidir. Ayrı-ayrı
sığortaolunanlar üzrə 2006-cı ildən sonrakı
illərdə ödənilən sığorta haqları
barədə bəyannamələrin qəbulu, onların
hesablara işlənilməsi sürətlə davam etdirilir.
Azərbaycanda fərdi şəxsi hesabı olan
sığortaolunanların sayının 1 milyon 800 min
nəfərə yüksəlməsi, mövcud
pensiyaçıların sayının
1 milyon 292 min nəfər təşkil etməsi
və fərdi uçot sahəsindəki qanunvericiliyə
əsasən sosial müdafiə hüquqlarının
gerçəkləşdirilməsi üçün
uçota götürülməli olan göstəricilər
sistemi nəzərə alınarsa, bu işin necə
genişmiqyaslı olmasını aydın görmək
mümkündür. Digər əsas
məsələ isə belə böyük
informasiya-əməliyyat sistemini əhatə edəcək
müasir infrastrukturun qurulmasıdır. İndiyə
qədər DSMF-nin 70-dən yuxarı şöbəsində
müasir kompüter infrastrukturu yaradılmış, DSMF-nin
bütün şöbələrində maddi-texniki baza və
kadr potensialı gücləndirilmiş, bütün
işçilər kompüter sistemləri ilə təchiz
edilmişlər. DSMF-nin bütün şöbələri
müxtəlif növ proqram təminatı ilə təmin
edilmişdir və hazırda əksər işlər
kompüter sistemləri vasitəsilə aparılır.
Görülən işlərin nəticəsində DSMF-nin
serverlərində unikal elektron məlumat bazaları
yaradılmışdır. Qarşıdakı dövrdə bu
istiqamətdəki vəzifələrin sürətlə
yerinə yetirilməsi üçün bütün
səylər səfərbər olunacaqdır.
Dövlət
Sosial Müdafiə Fondu möhtərəm Prezident İlham
Əliyevin "Tam əminəm ki, 2011-ci il də
ölkəmizin hərtərəfli inkişafı
üçün uğurlu il olacaqdır. Buna
nail olmaq üçün hamımız yaxşı
işləməliyik ki, ölkəmizi daha da
gücləndirək" tapşırığını
əldə rəhbər tutaraq 2011-ci il ərzində də
pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi və sığorta-pensiya
islahatlarının təmin edilməsi siyasətini uğurla
icra edəcəkdir.
Müsahibəni apardı:
Rasim Bayramov,
Azərbaycan.- 2011.-3 fevral.- S. 3.