İqtisadi İnkişaf
Nazirliyində geniş
kollegiya iclası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı əsasında
Prezident Administrasiyasının
rəhbəri cənab
Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya
qarşı Mübarizə
üzrə Komissiyanın
geniş iclasında verilmiş tapşırıqların
icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində
geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, nazir Şahin Mustafayev qeyd etmişdir ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi
siyasət nəticəsində
ölkəmizin iqtisadiyyatının
bütün sahələrində
dinamik inkişafa nail olunmuşdur. Ölkədə sahibkarlığın
inkişafı məqsədilə biznes mühitinin
yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının
təkmilləşdirilməsi, yerli və xarici
investisiyaların, qabaqcıl
texnologiyaların, idarəetmə
təcrübəsinin cəlb
edilməsi və bu yolla müasir
tələblərə cavab
verən müəssisələrin
yaradılması, yüksək keyfiyyətli, rəqabət
qabiliyyətli məhsulların
istehsal edilməsi dövlətimizin başçısının
müəyyən etdiyi
iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Ölkəmizdə sahibkarlığın
inkişafına, biznes
mühitinin yaxşılaşdırılmasına
dövlət tərəfindən
daim qayğı göstərilməkdədir.
Belə ki, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması
məqsədilə dövlət-sahibkar
münasibətlərinin tənzimlənməsi,
sağlam rəqabətin
təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi,
sahibkarlığa dövlət
dəstəyi mexanizmlərinin
təkmilləşdirilməsi, vergi yükünün
davamlı azaldılması,
maarifləndirmə və
digər istiqamətlərdə
tədbirlər davam etdirilir. Ölkədə həyata keçirilən
siyasətin uğurlu nəticələri nüfuzlu
beynəlxalq təşkilatların
hesabatlarında da müsbət qiymətləndirilir.
Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan "Doing
Business-2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması
sahəsində ən
islahatçı ölkə
elan edilmiş, "Doing Business-2010" bunu qoruyub saxlamış,
"Doing Business-2011" hesabatında
isə bir pillə irəliləmişdir.
Yanvarın 27-də Korrupsiyaya qarşı Mübarizə
üzrə Komissiyanın
geniş iclasında Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev qeyd etmişdir
ki, qazanılmış
iqtisadi uğurlarla yanaşı, iqtisadiyyatdakı
inhisarçılıq meyillərinin
qarşısının alınması,
azad rəqabət mühitinin yaradılmasının
təmin edilməsi, qiymətlərin süni
şəkildə şişirdilməsinə
yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan
əsassız yoxlamalara
son qoyulması, ölkə həyatının
bütün sahələrində
rüşvətxorluğa və
korrupsiyaya qarşı
daha ciddi və sistemli mübarizənin aparılması
aidiyyəti dövlət
orqanlarının əsas
vəzifəsidir. Korrupsiyaya
qarşı mübarizə
Azərbaycan hökumətinin
başlıca strateji məqsədlərindən biridir.
Bu sahədə görülmüş
ciddi tədbirlər nəticəsində qanunvericilik
bazası təkmilləşdirilmiş,
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
Milli Strategiya
(2007-2011-ci illər)" və
Fəaliyyət Planı
təsdiq edilmiş, Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi
və digər müvafiq qurumlar yaradılmış,
sahibkarlıq fəaliyyətinə
mane olan bürokratik əngəllərin
və yoxlamaların aradan qaldırılmasına
yönəldilmiş bir
sıra sənədlər
qəbul edilmişdir.
Azərbaycan Prezidentinin "İstehsalat,
xidmət, maliyyə-kredit
fəaliyyətinə dövlət
nəzarətinin qaydaya
salınması və
əsassız yoxlamaların
qadağan edilməsi barədə", "Dövlət
nəzarəti sisteminin
təkmilləşdirilməsi və sahibkarlığın
inkişafı sahəsində
süni maneələrin
aradan qaldırılması
haqqında", "Sahibkarlığın
inkişafına mane olan müdaxilələrin
qarşısının alınması
haqqında" fərmanları
bu baxımdan xüsusilə əhəmiyyətlidir.
Bu sənədlərdən irəli
gələrək "Şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
Milli Strategiya"nın
həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planının
icrasına dair nazirliyin 2011-ci il üzrə tədbirlər
planının icrası
təmin edilməli, nazirliyin sahibkarlarla bilavasitə işləyən
qurumları öz vəzifə öhdəliklərini
icra edərkən şəffaflığın tam
təmin edilməsinə
nail olmalı, onların üzləşdiyi
problemlərə həssaslıqla
yanaşmalı, sahibkarların
maraqlarının təmin
olunması istiqamətində
fəaliyyətlərini gücləndirməlidirlər.
Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti
inhisarçılıq və
süni qiymət artırılması meyillərinin
qarşısını qətiyyətlə
almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli,
istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün
nəzarəti gücləndirməlidir.
Sahibkarlıq subyektlərində digər dövlət qurumları tərəfindən
həyata keçirilən
yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin
iştirakı formal xarakter daşımamalı,
nazirlik əməkdaşları
sahibkarların hüquqlarının
müdafiəsinə xidmət
etməlidirlər. Xüsusi
razılıqların (lisenziya),
mənşə sertifikatlarının
verilməsinin, idxal-ixrac
əməliyyatları üzrə
müqavilələrin qeydiyyatının
qanunvericiliklə müəyyən
olunmuş müddətdə
və qaydada həyata keçirilməsinə
nəzarət gücləndirilməlidir.
Digər dövlət
qurumları tərəfindən
verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil olunmalı və aşkar edilən nöqsanların
aradan qaldırılması
ilə bağlı təkliflər hazırlanmalıdır.
Sahibkarlığa Kömək Milli
Fondunun fəaliyyətində
şəffaflıq daha
da artırılmalı,
sahibkarların maliyyə
vəsaitlərinə çıxış
imkanlarının genişləndirilməsi
istiqamətində əlavə
tədbirlər görülməli,
bu sahədə yeni təkliflər hazırlanmalıdır. Nazirliyin həyata
keçirdiyi satınalmalar
qanunvericiliyin tələblərinə
uyğun olaraq tam şəffaf şəkildə həyata
keçirilməli, digər
qurumlar tərəfindən
keçirilən tenderlərdə
nazirliyin əməkdaşlarının
iştirakı formal xarakter daşımamalıdır.
İctimai nəzarətin
gücləndirilməsi məqsədilə sahibkarların, istehlakçıların maarifləndirilməsi, hüquqi
biliklərinin artırılması
istiqamətində müvafiq
tədbirlər daha da genişləndirilməli,
özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair
maarifləndirmə proqramları
davamlı şəkildə
həyata keçirilməli,
nazirliyin fəaliyyəti
ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır.
Vətəndaşlardan daxil olan ərizə və şikayətlər operativ
və hərtərəfli
araşdırılmalı, pozulmuş hüquqların
tam bərpa olunması istiqamətində
bu ali qurumun
səlahiyyətləri çərçivəsində
bütün zəruri
tədbirlər görülməli,
nazirliyin internet saytı və 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə vətəndaşlardan
daxil olan sorğular dolğun cavablandırılmalıdır. Nazirliyin bütün struktur bölmələrində
və tabeliyində fəaliyyət göstərən
qurumlarda analoji müzakirələrin aparılması
təşkil edilməlidir.
Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlığın inkişafı,
sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi
məqsədilə aşağıdakı
istiqamətlər üzrə
təkliflərin hazırlanması
tapşırılmışdır: sahibkarlıq fəaliyyətini
tənzimləyən qanunvericilik
aktlarının təkmilləşdirilməsi;
dövlət nəzarəti
tədbirləri, ilk növbədə, yoxlamalar
zamanı sahibkarların
hüquqlarının müdafiəsinin
gücləndirilməsi, əsassız
yoxlamaların qarşısının
alınması; xüsusi
razılıqların (lisenziya)
verilməsi prosedurunun
təkmilləşdirilməsi; sahibkarlıq
fəaliyyəti ilə
məşğul olmaq
üçün tələb
olunan icazəverici sənədlərin, onların
verilmə prosedurlarını
tənzimləyən qanunvericiliyin
inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin
verilməsi reqlamentlərinin
hazırlanması; sahibkarlığın
inkişafının yeni
təşkilati-iqtisadi modellərinin,
o cümlədən sənaye zonalarının
və biznes inkubatorların yaradılması;
kiçik və orta sahibkarlığın inkişafını
təmin etmək məqsədilə beynəlxalq
təcrübə nəzərə
alınmaqla müvafiq
meyarların hazırlanması,
kiçik və orta sahibkarlıq subyektlərinə dövlət
dəstəyi tədbirlərinin
gücləndirilməsi; səhmdar cəmiyyətlərin,
dövlət şirkətlərinin
fəaliyyətində şəffaflığın
və səmərəliliyin
artırılması məqsədilə
yeni korporativ standartların tətbiq edilməsi; gənclərin
sahibkarlıq fəaliyyətinə
cəlb olunması, o cümlədən onların maarifləndirilməsi,
yenidənhazırlama, güzəştli
maliyyə resurslarına
çıxış imkanlarının
genişləndirilməsi; dövlət nəzarəti tədbirlərinin
həyata keçirilməsi,
xüsusi razılıqların
(lisenziya) və icazələrin verilməsi
zamanı, dövlət
qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya
texnologiyalarının geniş
tətbiq olunması.
Nazir kollegiya iclasına yekun vuraraq müəyyən edilmiş tədbirlərin
icrasının qısa
müddətdə və
keyfiyyətlə təmin
olunması, müzakirə
edilmiş məsələlərin
ciddi nəzarətdə
saxlanılmasına dair
konkret tapşırıqlar
vermişdir.
AzərTAc
Azərbaycan.- 2011.-3 fevral.- S.