Səhiyyə Nazirliyində
geniş kollegiya iclası keçirilmişdir
Fevralın 2-də
Səhiyyə Nazirliyində əhaliyə göstərilən
tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi
məsələlərinə həsr olunmuş geniş
kollegiya iclası keçirilmişdir.
Nazirlikdən
AzərTAc-a bildirmişlər ki, tibb
müəssisələrinin baş həkimlərinin və
elmi-tədqiqat institutları direktorlarının iştirak
etdikləri iclasda səhiyyə naziri Oqtay Şirəliyev
səhiyyə və tibb elmi sahəsində son illər
ərzində görülən işlər, aparılan
islahatlar haqqında məlumat vermişdir.
Məlumatda
bir sıra tibb müəssisələrinin əsaslı
təmir, yaxud yeni tikilib istifadəyə verildiyi, onların
maddi-texniki bazasının gücləndirildiyi, müasir tibbi
avadanlıq, eləcə də dərman və qida ilə
təchiz olunduğu diqqətə
çatdırılmışdır. Qeyd olunmuşdur ki,
hazırda əhaliyə verilən dərman
preparatlarının siyahısının
genişləndirilməsi nəzərdə tutulur.
Səhiyyə
sistemində qan xidmətinin təkmilləşdirilməsi
və bu sahədə görülən işlər
haqqında danışan nazir bildirmişdir ki, bu gün qan
problemi də həll olunur. Hazırda
mərkəzləşdirilmiş qaydada stasionar tibb
müəssisələri lazım olan qan və qan
komponentləri ilə tam təmin olunur və bu proses
sadələşdirilmiş qaydada həyata keçirilir.
Bildirilmişdir
ki, görülən işlərin nəticəsində
stasionarlarda çarpayılardan istifadə də
yaxşılaşdırılmışdır. Əvvəlki
illərlə müqayisədə il ərzində
çarpayı 80-85 gün işləyirdisə, 2010-cu
ildə həmin göstərici 203-ə
çatmışdır ki, bu, çox böyük
irəliləyişdir. Ötən il stasionarlara respublika
üzrə 560 minədək xəstə müraciət
etmişdir.
O.Şirəliyev
kadr potensialının yaxşılaşdırılması
istiqamətində sertifikatlaşdırma prosesini xüsusi
vurğulayaraq, artıq bu sahədə uğurlu
nəticələrin əldə olunduğunu qeyd etmişdir.
Əldə
olunan uğurlarla yanaşı, problemlərdən də
danışan nazir, xəstələrlə davranış
qaydalarına xüsusi diqqət və qayğı
göstərilməsinin, şikayətlərin aradan
qaldırılması üçün bütün lazımi
tədbirlərin vaxtında görülməsinin,
xəstələrin müalicə işinin protokollara
əsasən aparılmasının zəruriliyini önə
çəkmişdir. Nazir həmçinin xəstəxanalarda
sanitariya-epidemioloji rejimə nəzarətin
gücləndirilməsi, səliqə-sahmana, təmizliyə
və nizam-intizam qaydalarına riayət olunmasının
vacibliyini vurğulamışdır.
Son vaxtlar
şikayətlərin əsasını əvvəllər
olduğu kimi, müalicə və müayinə işləri
deyil, həkimlik peşəsinə xələl gətirə
biləcək diqqətsizlik, qayğısızlıq, bəzi
hallarda hətta səhlənkarlıq məsələləri
təşkil edır.
Belə
hallara qarşı barışmaz mübarizə
aparılmasının vurğulandığı iclasda
nazirliyin struktur bölmələrinin
rəhbərlərinə xəstəxanaların fəaliyyətinin
ciddi nəzarətdə saxlanılması, mütəmadi
reydlərin aparılması, aşkar edilmiş
nöqsanların qısa müddətdə aradan
qaldırılması üçün konkret tədbirlərin
görülməsi tapşırılmışdır.
Nazir
çıxışının sonunda
vurğulamışdır ki, sadalanan nöqsanların aradan
qaldırılması üçün təkcə tibb
müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən
asılı olmayaraq, hər bir kəs səy
göstərməli, əlindən gələni
əsirgəməməlidir. Yalnız bu zaman istənilən
nəticələri əldə etmək mümkündür.
* * *
Səhiyyə
nazirinin müavini, respublikanın baş dövlət sanitariya
həkimi tərəfindən dövlət sanitariya-epidemioloji
nəzarəti zamanı Azərbaycan Respublikası Prezidentinin
"Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması
haqqında" 2002-ci il 28 sentyabr tarixli
sərəncamının icrasının vəziyyətinə
həsr olunmuş müşavirə də
keçirilmişdir.
Müşavirədə
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) və
Bakı şəhərinin rayon gigiyena və epidemiologiya
mərkəzlərinin rəhbərləri iştirak
etmişlər.
Qeyd
olunmuşdur ki, ötən il sanitariya-epidemioloji xidmət
qurumları tərəfindən ölkə əhalisinin
sanitariya-epidemioloji salamatlığının təmin
edilməsi istiqamətində məqsədyönlü
fəaliyyət göstərilmişdir. Lakin bununla
yanaşı, yerli sanitariya nəzarəti orqanları
tərəfindən bir sıra hallarda nöqsanlara yol verildiyi,
sahibkarlıq subyektlərinin fəaliyyətinə lüzumsuz
müdaxilələrin edildiyi, qanunsuz yoxlamaların
aparıldığı və s. vurğulanmışdır.
Tədbirdə
RGEM-in sanitariya-epidemioloji şurasında
məsələyə baxılması və bu sahədə
nöqsanlara yol vermiş məsul şəxslərə
qarşı müvafiq tədbirlərin görülməsi
ilə bağlı tapşırıqlar verilmişdir.
Bundan
əlavə, respublikanın rayonlarında, o
cümlədən Bakı şəhərində
dövlət sanitariya-epidemioloji nəzarət xidmətinin
fəaliyyətinin araşdırılması
məqsədilə monitorinqin aparılması və lazımi
tədbirlərin həyata keçirilməsi də
tapşırılmışdır.
Azərbaycan.- 2011.-3 fevral.- S. 4.