UPX üzrə
yeni tariflərin tətbiqi xidmətlərin
keyfiyyətinə müsbət
təsir göstərəcəkdir
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin (RİTN) tabeliyində
olan "Azərpoçt"
MMC-nin göstərdiyi
universal poçt xidmətlərinin (UPX) əvvəlki
tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin
oktyabr ayında təsdiq edilmişdi. Son illərdə UPX üzrə
mövcud tariflərin
maya dəyərindən
xeyli aşağı olması ilə bağlı yaranmış
uyğunsuzluqlar bu xidmətlərin "Azərpoçt"
MMC-yə zərərlə
başa gəlməsinə
və nəticədə
müəssisənin maliyyə-təsərrüfat
fəaliyyətinin təşkilində
ciddi maneələrin meydana çıxmasına səbəb
olmuşdur.
Uyğunsuzluqların aradan qaldırılması
və eyni zamanda, bu sahədə
Dünya Poçt İttifaqının (DPİ) mövcud
tələb və tövsiyələrinin yerinə
yetirilməsi məqsədilə
"Azərpoçt" MMC tərəfindən UPX üçün
yeni tarif paketi hazırlanaraq ötən ilin əvvəlində Tarif (qiymət) Şurasına
təqdim olunmuş və bu qurumun
qərarı ilə universal poçt xidmətlərinin yeni tarifləri təsdiq edilmişdir.
Nazirlikdən AzərTAc-a verilən məlumatda bildirilir ki, yeni tariflərin əvvəlki illə müqayisədə fərqi
texniki, qruplaşdırma
və struktur xarakterli dəyişikliklərin
aparılmasındadır. Ayrı-ayrı
xidmətlər üzrə
tariflərin strukturu bu sahədə DPİ-nin yeni tələb və tövsiyələrinə uyğunlaşdırılmışdır.
Məsələn, bütün növ
məktub korrespondensiyası
üzrə yeni (50 qr) çəki kateqoriyası daxil edilmiş, daxili göndərişlər üçün
qiymət intervalı azaldılmış, beynəlxalq
aviaməktub korrespondensiyası
üçün əlavə
aviadaşıma haqqı
ləğv edilərək
ayrıca aviatariflər
tətbiq edilmiş, beynəlxalq bağlamalarda
ölkələr
üzrə qruplar ləğv edilərək
hər bir ölkə üçün
ayrı-ayrılıqda tarif
müəyyən olunmuşdur.
Aparılmış dəyişikliklər nəticəsində yeni tariflərdə əvvəlki
illə müqayisədə
bir sıra xidmətlər üzrə
bəzi çəkilərdə
artımlar olmuş, bəzi hallarda əvvəlki tariflərə
uyğun, bəzi hallarda isə aşağı tariflər
qeydə alınmışdır.
Yeni tariflər, həmçinin region üzrə mövcud orta tariflərə uyğunlaşdırılmışdır.
DPİ tərəfindən qoyulmuş əsas tələblərdən biri
də daxili məktub tariflərinin beynəlxalq qaydalara uyğun tənzimlənməsidir
və bu, yeni tariflərdə qismən nəzərə
alınmışdır. 2012-ci ildən etibarən daxil olan beynəlxalq
poçtun çatdırılmasına
görə xarici
ölkələrlə qarşılıqlı
hesablaşmaların aparılması
üçün tətbiq
ediləcək beynəlxalq
tarif hər bir ölkənin daxili məktub tarifi əsasında
DPİ tərəfindən təyin ediləcəkdir.
Qarşılıqlı hesablaşmalarda daxili
tarifin aşağı
olması xarici ölkələrin yaranacaq
gəlir itkisinə yol verməmək üçün daxili məktub tariflərinin maya dəyərinə uyğunlaşdırılması DPİ tərəfindən vacib məsələ kimi qarşıya qoyulmuşdur.
UPX üzrə tarif tənzimlənməsini zəruri
edən əsas səbəblərdən biri
də beynəlxalq poçtun daşınma və təyinat ölkələrində çatdırma
xərclərinin mütəmadi
olaraq dəyişməsi
ilə bağlıdır.
Son illərdə daşıma və çatdırma xərclərində
ümumilikdə artım
tendensiyası müşahidə
olunsa da, zərurətlə bağlı
daşınma istiqamətlərinin
dəyişdirilməsi bu
xərclərin də
azalıb-artmasına səbəb
olur. Digər tərəfdən ayrı-ayrı
təyinat ölkələrinin
daxilində çatdırma
xərcləri dəyişdiyindən
DPİ tərəfindən ildə 2 dəfə müvafiq tariflərə baxılaraq, artım və ya azalma
istiqamətində tənzimlənir.
Məhz bu və digər səbəblərdən beynəlxalq
poçt xidmətlərində
çevik tarif siyasətinin aparılması
vacib əhəmiyyət
kəsb edir.
UPX üzrə yeni tariflərin tətbiqi həm də xidmətlərin keyfiyyətinə
müsbət təsir
göstərəcəkdir.
Azərbaycan.- 2011.-3 fevral.- S.5.