Azərbaycanla Avropa Şurası arasında sıx əməkdaşlıq
mövcuddur
Fevralın
3-də Milli Məclisdə
təmsil olunan bir sıra partiyalar
və bitərəf deputatlarla Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) üzv
dövlətlər tərəfindən
öhdəliklərin yerinə
yetirilməsi üzrə
komitəsinin (Monitorinq
Komitəsi) həmməruzəçiləri
Pedro Aqramunt Font de Mora
və Cozef Debono Qrex ilə görüş keçirildi. Həmməruzəçiləri
Azərbaycan parlamentində
görməkdən məmnunluq
ifadə edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası
(YAP) icra katibinin müavini Mübariz Qurbanlı ölkəmizlə
Avropa Şurası arasında sıx əməkdaşlıq qurulduğunu
bildirdi: "Cari ilin yanvarında Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın 10 illiyi qeyd olundu.
Bu məqsədlə Strasburqda keçirilən
tədbirdə Azərbaycanın
AŞ PA-dakı nümayəndə
heyəti fəal iştirak etdi".
Daha sonra Mübariz
Qurbanlı ötən
il noyabrın 7-də keçirilən seçkilərdən
sonra Milli Məclisin formalaşmış
yeni tərkibi barədə məlumat verdi. Qeyd etdi
ki, hazırda Milli Məclisdə 10-a qədər siyasi partiya təmsil olunur. Həmçinin Milli Məclisdə ayrıca qrup kimi bitərəf deputatlar fəaliyyət göstərir. Mübariz Qurbanlı Milli Məclisin tərkibində
yer alan siyasi partiyaların hansı sayda deputatla qanunverici orqanda təmsil olunması barədə də həmməruzəçilərə
məlumat verdi. Bildirdi ki, Milli
Məclisin siyasi tərkibi Azərbaycanın
siyasi palitrasını
tam şəkildə özündə əks etdirir.
Görüş üçün
təşəkkürünü bildirən Pedro Aqramunt Font de
Mora Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət barədə fikirlərlə
tanış olmaq üçün burada olduqlarını qeyd etdi. Həmməruzəçilər onları maraqlandıran
məsələlər, o
cümlədən Azərbaycanın
Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü
öhdəliklərin icrası
ilə bağlı görüşdə iştirak
edən deputatlara suallar ünvanladılar.
Görüşdə tərəfləri
maraqlandıran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Dünən AŞ PA-dakı
Azərbaycan nümayəndə
heyətinin üzvləri
ilə də qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri
Pedro Aqramunt Font de Mora
və Cozef Debono Qrexin görüşü
keçirildi. Qonaqları Azərbaycanda
salamladığını bildirən
AŞ PA-dakı Azərbaycan
nümayəndə heyətinin
rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidov bir neçə gün əvvəl həmməruzəçilərlə Strasburqda keçirilən
AŞ PA-nın qış
sessiyası çərçivəsində
bir arada olduqlarını xatırlatdı:
"AŞ PA-nın qış sessiyası Azərbaycan üçün
xüsusi əhəmiyyətli
oldu. İlk növbədə ona görə ki, Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyi qeyd olundu, 2005-ci ildə qəbul olunan 1416 saylı qətnaməyə müvafiq
olaraq AŞ PA-da Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti bərpa olundu. Bundan başqa, ötən il noyabrın 7-də Azərbaycanda keçirilən
parlament seçkilərinin
də əks olunduğu məruzə dinlənildi".
Səməd Seyidov həmməruzəçilər tərəfindən Azərbaycan
üzrə obyektiv, qərəzsiz məruzənin
hazırlanaraq Avropa Şurasına çatdırılması
üçün hər
cür imkanlar olduğunu bildirdi. Bu işdə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin
həmməruzəçilərə hər cür yardım göstərməyə
hazır olduğunu qeyd etdi. Diqqətə
çatdırdı ki,
ölkəmizdə 7 noyabr
parlament seçkilərindən
sonra AŞ PA-dakı Azərbaycan nümayəndə
heyətinin yeni tərkibi formalaşıb.
Pedro Aqramunt Font de
Mora Azərbaycana səfərlərinin təşkili
üçün AŞ PA-dakı
Azərbaycan nümayəndə
heyətinə təşəkkürünü
bildirdi. Ölkəmizə
gəlişlərindən məmnun
olduqlarını diqqətə
çatdırdı. Daha
sonra görüşdə
tərəfləri maraqlandıran
digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.- 4 fevral.- S. 2.