Dünyəvi həyat
tərzinə əsaslanan Azərbaycan qadını
inkişafına, hüquqlarına və yüksək
səviyyəsinə görə Şərqə
nümunədir
Gövhər
BAXŞƏLİYEVA: "XXI əsrdə baş
örtüyünə qayıtmaq geriyə -
cəhalətə dönüş və qazanılan
nailiyyətlərdən imtinadır"
Azərbaycanın
dini tolerantlığın bütün dünya miqyasında
ən mükəmməl örnəklərindən biri kimi
qəbul edilməsi son illərin ən mühüm uğurlarındandır.
Respublikamız bu gün sivilizasiyaların,
mədəniyyətlərin, o cümlədən də
dinlərin maneəsiz qovuşduğu məkandır, onların
uzlaşdırıcı körpüsüdür. Milli,
mənəvi, dini yönümdə müxtəlif
konfessiyaların, etnik qrupların, zümrələrin
ölkəmizdə maneəsiz fəaliyyəti, spesifik
rituallarını icra etmələri əslində
respublikamızı və xalqımızı
zənginləşdirən amildir. Təəssüf ki,
bəzi dairələr belə normal dini durumu
gərginləşdirməyə uğursuz cəhdlər edir,
müxtəlif süni ajiotajlar törədir, baş
örtüyü məsələsi ilə bağlı ictimai
narazılıq yaratmağa çalışırlar.
Təqdirəlayiq haldır ki, ölkə ictimaiyyəti bu kimi
bədxah meyilləri yaradan səbəbləri, eləcə
də onların nəticə etibarilə nə məqsəd
güdməsini gözəl anlayırlar.
Bu
məsələlərə münasibət bildirmək
üçün Milli Məclisin deputatı, AMEA-nın akademik
Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər BAXŞƏLİYEVA
ilə söhbətləşdik.
- Gövhər xanım,
müəyyən dairələrin baş örtüyü
məsələsi ilə bağlı son günlər
ölkədə süni problemlər yaratmaq cəhdləri ictimaiyyətdə
ciddi narazılıqla qarşılanıb. Ziyalı
xanımların bu məsələyə münasibətini
bilmək maraqlı olardı...
-
Həqiqətən də qeyd etdiyiniz məsələ ictimai
müzakirələrin əsas mövzusuna çevrilib. Bunu
təbii qəbul etmək lazımdır. Çünki din
mənəvi dəyərlər sisteminin olduqca həssas
məqamlarındandır. Fəqət son
müzakirələri mən cəhalətlə müasirliyin,
dinin həqiqi tələbləri ilə qondarma yanaşmalar,
xüsusən də qadın istibdadı ilə qadın
azadlığı arasında gedən əbədi
müharibə kontekstində şərh edərdim. Bu baxımdan xüsusi qeyd etmək istərdim ki, son
günlər elm, təhsil sahəsində
tanıdığım, ictimai həyatda mənimlə
birlikdə fəal olan, eləcə də Milli
Məclisdəki həmkarım xanımlarla söhbətdə
mövzu istər-istəməz baş örtüyü ilə
bağlı ictimai rəydə gedən
müzakirələrə yönəlir. Qadınlar
"Bizə yaradılan münbit şəraitdən
bəhrələnib cəmiyyət həyatında daha
faydalı olmalıyıq, yoxsa yenidən geriyə -
cəhalətə doğru qayıtmalıyıq?" -
deyə soruşurlar.
Məlumdur ki, ötən ilin sonlarından bu yana orta
ümumtəhsil, o cümlədən ali təhsil
məktəblərində qızların təhsil
ocaqlarına hicabla gəlməsinə icazə
verilib-verilməməsi məsələsi ətrafında
yaranan gərginlik davam etməkdədir. Biz
qadınların birmənalı şəkildə fikri
belədir ki, bu məsələdə dövlətin, konkret
olaraq Təhsil Nazirliyinin mövqeyi düzgün mövqedir.
Şəxsən mən belə hesab edirəm ki, bu mövqe,
bu qərar hələ bir neçə il bundan öncə
ortaya qoyulmalı, sərgilənməli idi. Bu, çox
prinsipial məsələdir. Azərbaycan dünyəvi
dövlətdir və ölkəmizdə təhsil də
dünyəvi xarakter daşıyır. O cümlədən
həmin təhsil müəssisələrində
məktəblilərin, tələbələrin geyim
forması da dünyəvi xarakter daşımalıdır.
- Qarşı tərəf bu məqamda
daha çox vicdan azadlığı prinsipinə istinad edir.
Sizcə, bu, sadəcə, bəhanə deyilmi?
-
Əlbəttə, bəhanədir! Özü də çox
uğursuz bəhanədir! Ümumiyyətlə,
həddi-büluğa çatmamış qızların hicab
altına girmələrinin əleyhinəyəm.
Düzdür, bizdə vicdan azadlığı, əqidə
azadlığı məsələləri dövlətin
əsas qanununda - Konstitusiyada təsbit olunub və bu norma
ictimai həyatda təmin edilib. Amma fərdin vicdan
azadlığı anlayışı ilə orta məktəb
şagirdinin dərsə baş örtüyü ilə
getmək istəyinin heç bir əlaqəsi yoxdur. Bunlar tam
fərqli məsələlərdir. Vicdan
azadlığı o demək deyil ki, yaşı
həddi-büluğa çatmamış qızlar kiminsə
təzyiqi - anasının, bacısının,
qohumlarının təsiri və bəzən də
bəlkə evdə atasının, qardaşının
təkidi ilə həmin o hicabı taxsın. O,
gərək 18 yaşına çatsın. Məhz bundan sonra
onun tam müstəqil seçim etmək hüququ var və o
öz seçimini etməkdə də sərbəstdir.
Yəni
istədiyi yerdə baş örtüyündən istifadə
edə bilər və bizlər də onun seçiminə
hörmətlə yanaşarıq. Amma məktəbli
yaşında qız uşaqlarının hicab taxması
qətiyyən yolverilməzdir. Vahid məktəbli formasına
riayət olunmalıdır. Və əgər hansısa
ailələr istəyirlərsə ki, qız övladları
hicabdan istifadə etsin, onlar o zaman həmin qızların 18
yaşına çatmasını
gözləməlidirlər.
- Ümumiyyətlə, bu gün
Azərbaycan qadınına zorən baş örtüyü
bağlatmaq istəyənlər heç qadından buna
razı olub-olmamağını soruşurlarmı, onun
mövqeyini öyrənirlərmi?
- Əsas problem də
məhz budur! Sual doğur: niyə valideyn iradəsinə tabe
olan, hələ tam və müstəqil fikri, mövqeyi olan
şəxsiyyət kimi formalaşmayan yeniyetmə
qızları elmə yox, cəhalətə, iki-üç
əsr öncəki duruma geri sürükləyirlər? Sirr deyil ki, hazırda orta təhsil
məktəblərindən yayınanlar, erkən nikaha
məcbur edilənlər arasında faiz baxımından
böyük üstünlüyü məhz o başı
örtüklü qızlar təşkil edir. İnsanlar onu da bilməlidirlər ki,
mənəviyyat, əxlaq heç də baş
örtüyü ilə ölçülmür. Azərbaycanda hicabdan istifadə etməyən
yüksək mənəviyyat və pak əxlaq
daşıyıcıları olan kifayət qədər
qadınlar var ki, xalqımız tərəfindən namus
və ləyaqət simvolu olaraq qəbul ediliblər.
Bir də ki əsl din, iman
mədəniyyətdir, onun xurafat və fanatizmlə heç
bir əlaqəsi yoxdur və olmamalıdır! Bu meyarların
dərki üçün qadınlarımıza,
qızlarımıza, xüsusilə də
müxtəlif dini cərəyanların
fəallaşdığı bir zamanda öz yerini tapa
bilməyənlərə, aldananlara demək istərdim: din o
zaman mədəniyyətdir ki, insan Allah-təala
tərəfindən qoyulmuş, Peyğəmbərimiz
tərəfindən bizlərə
çatdırılmış qaydalara,
ənənələrə riayət edir. Xurafata,
fanatizmə isə insan artıq yaşadığı
cəmiyyətdə bir qədər dar
düşüncəlilərin təsirinə məruz qalanda
keçir. Allah-təala
tərəfindən Quranda qoyulmuş qaydaları
ayrı-ayrı insanlar təhrif edirlər və dinimizin
təhrif olunmuş variantını da cəmiyyətdə
təbliğ edirlər. Hər insan
müstəqil düşünməlidir və özü
dərk etməlidir ki, yalnız və yalnız saf və
həqiqi iman, savadlı dindarlıq daha üstündür.
Buna görə də heç kimin təsiri
altına düşmək lazım deyil.
- Gövhər xanım, Qurani-Kərimdə əksini
tapmış qaydalardan söz düşmüşkən,
baş örtüyü ilə bağlı müqəddəs
kitabımızda hansı tələblər var?
-
Müqəddəs Qurani-Kərimdə belə buyurulub ki, hicab
- baş örtüyü yalnız peyğəmbərin
zövcələri üçün vacibdir. Yəni
hələ o zamandan hicab bütün qadınlar
üçün mütləq olmayıb. "Əhzab"
surəsinin 59-cu ayəsində deyilir: "Ey
peyğəmbər! Zövcələrinə,
qızlarına və möminlərin arvadlarına de ki,
örpəklərini gözlərinə
yaxınlaşdırsınlar. Bu onların
tanınmaları və əziyyətə məruz
qalmamaları üçün daha münasibdir". "Əhzab"
surəsinin 59-cu ayəsinin ikinci hissəsi ilə bağlı
M.Mütəhhəri təfsirçilərə istinadla
yazır: "Münafiqlərdən bir qrupu axşam hava
qaralarkən camaatın keçdiyi
küçələrdə dayanaraq kənizlərə
sataşırdı (kənizlər üçün
başı örtmək vacib deyildir). Bəzi
hallarda bu əxlaqsızlar hətta azad qadınlara da
sataşır, sonra bəhanə edib deyirdilər ki, biz onun
azad qadın deyil, kəniz olduğunu zənn etmişdik.
Buna görə də azad qadınlara
göstəriş verildi ki, cilbab olmadan - yəni bədəni
tam örtmədən evdən çıxmasınlar ki,
kənizlərdən tamamilə seçilsinlər və
əxlaqsızlar tərəfindən əziyyətə
məruz qalmasınlar".
Onu da qeyd edim
ki, ilkin islamda müsəlman qadınlar hamısı heç
də hicab taxmayıblar. Daha sonra onlara bənzəmək, onlardan
nümunə götürmək üçün digər
müsəlman, azad qadınlar cariyələrdən
fərqlənməkdən ötrü özləri
müstəqil şəkildə hicab geyinməyə
başladılar. Amma yuxarıda dediyim kimi,
Quranda birmənalı şəkildə baş
örtüyü taxmaq peyğəmbərin
zövcələri üçün nəzərdə tutulub.
Və eyni zamanda, bütün müsəlman
ümmətinə - həm kişilərə, həm
qadınlara müraciət olunur ki, ya Məhəmməd,
sənin ümmətinin insanları ayıb yerlərini
örtsünlər. Bunlar da yenə həm
kişilərə, həm qadınlara aiddir. Sifət və baş isə insanın heç vaxt
ayıb yeri sayılmayıb və sayılmır.
Qadınlar
anlamalıdırlar ki, baş örtüyü taxmaq onların
öz hüququdur və heç kəs onların bu
hüququna müdaxilə edə bilməz. Onlar bu
məsələdə seçim etməkdə tam
sərbəstdirlər və biz də yuxarıda dediyim kimi,
onların bu seçiminə hörmətlə
yanaşırıq, yanaşmalıyıq. Ancaq gənc,
həddi-büluğa çatmamış, xüsusilə
məktəb yaşlı qızların bu
məsələyə qarışdırılması, aid
edilməsi heç cür düzgün deyil və
yolverilməzdir.
- Bu mübahisələrdə Sizcə, dini qaydalara daha
çox əməl olunmalıdır, yoxsa dünyəvi
həyat tərzinə?
- Bu, hər kəsin öz
seçimi olmalıdır. Amma bu seçim
qanunlara hörmət əsasında
müəyyənləşməli və
ümumiyyətlə, cəmiyyətin inkişafına
töhfə rolunu oynamalıdır. Bu gün islami
qaydalarla yaşamağa can atan qadınlar unutmamalıdırlar
ki, dünyəvi həyat tərzi onlara İslam qaydaları
ilə müqayisədə qat-qat çox sərbəstlik və
imtiyazlar verir. Əgər İslamın zühuru
əvvəlki cahilliyə dövrü ilə müqayisədə
çox mütərəqqi hal olaraq qadınlara yeni
hüquqlar verdi və müsəlman
aləminin görünməmiş inkişafına,
möhtəşəm intibahına səbəb oldusa, XII
əsrdən sonrakı mərhələlərdə isə
məhz bir sıra islami ehkamların reformasiya olunmaması,
yeni yaranmış ictimai-siyasi və mədəni
şəraitə uyğunlaşdırılmaması, daim
mühafizəkarların islahatçılara qalib
gəlməsi nəticəsində müsəlman
cəmiyyətinin inkişafı ləngidi.
İslamın
çoxarvadlılıq, vərəsəlik (bir oğlun
payı iki qız payına bərabərdir), şahidlik (1
kişinin şahidliyi 2 qadının şahidliyinə
bərabərdir) və sair bu kimi ehkamları müasir
qadınların nə dərəcədə
hüquqlarını təmin edir? Odur ki, hesab edirəm,
qadınlarımız bugünkü Azərbaycanda
dünyəvi dövlətin onların hüquqlarının
müdafiəsi və inkişafı üçün
yaratdığı şəraiti qiymətləndirməli,
onun qədrini bilməlidirlər. Bu gün
bir çox Azərbaycan qadınları analıq
vəzifələrini də tam şəkildə həyata
keçirirlər (bunu son demoqrafik göstəricilər bir
daha təsdiq etdi), eyni zamanda ictimai fəallıqlarını
da davam etdirirlər. Bu gün qadınlarımızın
fəaliyyəti yalnız ev və ailə
ilə məhdudlaşdırılmamalı, əksinə, onlar
üçün yeni fəaliyyət meydanları
açılmalıdır. Ana savadlı,
geniş dünyagörüşlü olanda onun yetişdirdiyi
övladlar - gələcəyimizin
təminatçıları da savadlı mütəxəssis,
dövlətinə, xalqına gərəkli
vətəndaş olacaq.
- Bəzən belə suallar da yaranır ki, baş
örtüyü məsələsində dövlətin
qəti mövqeyinin sərgilənməsi Azərbaycanda
gələcəkdə dini zəmində radikalizmə,
hətta ekstremizm meyillərinə və yaxud onun
güclənməsinə gətirib çıxarmaz ki?
- Hesab edirəm ki, bu
məsələni qətiyyən bir-biri ilə
qarışdırmaq olmaz. Dövlətin, konkret
olaraq, müvafiq icra hakimiyyəti orqanı olan Təhsil
Nazirliyinin haqlı mövqeyi heç cür bu
məsələdən sui-istifadə hallarına imkan vermir
və verməməlidir. Yəni
kimlərsə bu məsələdən bəhanə kimi
istifadə edib, ölkədə dini zəmində hansısa
narazılıq yaratmağa cəhd etməməlidir və
edə də bilməz. Eyni zamanda,
kimlərsə bu məsələyə etiraz bildirirlər,
mitinqlər keçirirlər, digər etiraz aksiyalarına
əl atırlar, onlara izah olunmalıdır ki, burada
dövlət tam haqlıdır. Dövlət
öz vətəndaşlarının hüququnu, qanunu qoruyur
və burada geri çəkilmək olmaz. Çünki
illər sonra bu məsələ daha da kəskin xarakter ala
bilər.
Baş
örtüyündən imtina əslində Azərbaycan
qadınının böyük uğuru, nailiyyətidir. Biz bunu
başa düşməli və dərk edərək,
qiymətləndirməliyik. Onillər,
yüzillər boyu bütün Şərq aləmində bu
cür ehkamlara - hicaba, çarşaba qarşı
mübarizə gedib. Hətta insanlar bu yolda
ölümə belə gediblər. Bu,
heç də keçmiş sovet quruluşunun hicaba,
çarşaba qarşı mübarizəsi və onu aradan
qaldırması kimi qiymətləndirilə bilməz. Hələ sovet sosializm quruluşundan daha
öncə - XIX əsrdən başlayaraq Misirdə, Suriyada,
İraqda, digər ərəb ölkələrində
maarifçi mütəfəkkirlər, yazıçılar,
şairlər hicaba qarşı mübarizə
aparırdılar.
Hətta
ərəb dünyasında bununla bağlı böyük bir
ədəbiyyat yarandı, "Qadın
azadlığı", "Yeni qadın"
əsərləri ərsəyə gəldi və sair. Qadınları
necə azad edək, bu yöndə silsilə yazılar ortaya
qoyuldu. İstər Ədib, istər Cəmaləddin
Əfqani, istər Mahmud və Məhəmməd Teymur
qardaşları, istər Mustafa Kamil, istərsə digər
ziyalılar tərəfindən bununla bağlı
böyük bir mübarizə, mücadilə aparıldı
ki, o mübarizənin də bir hissəsi XIX əsrin sonu, XX
əsrin əvvəllərində Azərbaycanın
demokrat-maarifçi yazıçılarının payına
düşür. Ərəb
mütəfəkkirləri yazırdılar ki, bizim qadınlar
ikili məhbəsin məhbusudurlar - həm ictimai
ədalətsizliyin, həm də qara hicabın. Biz onları bu məhbəsdən
çıxarmalıyıq. Hesab olunurdu ki,
yalnız azad düşüncəli, yüksək təhsil
görmüş qadın azad övlad yetişdirə
bilər. Biz əgər
cəmiyyətimizin gələcəyini sivil,
maarifpərvər görmək istəyiriksə, o zaman
mütləq qadını hicabdan azad etməliyik.
Ərəb
mütəfəkkirləri və maarifçiləri
gözəl anlayırdılar ki, mühafizəkar islamın
ağır ehkamları Şərqi inkişafdan saxlayır. Hicab
müsəlmanları Yer kürəsinin
millətlərindən arxada qoymuşdur, müsəlman
qadınlarının bir çoxunu bədbəxt etmişdir.
Görkəmli İraq maarifçisi və şairi Cəmil
Sidqi əz-Zəhəvi yazırdı: "Hicab ictimai
həyatda ən ağır xəstəlikdir, açıq
üzlülük paklıq rəmzidir".
- Azərbaycan qadını Şərq dünyasında
baş örtüyündən, çarşabdan azad olan,
imtina edən ilk müsəlman qadını oldu. Bu seçim
ona nə verdi?
- Bu seçimin formal
görüntüsü baş örtüyündən imtina
idi, əsl mahiyyəti isə azad, müstəqil olmaq, öz
potensialını xalqın, dövlətin inkişafına
yönəltmək və sosial-mənəvi inkişaf
mərhələsinə qədəm qoymaq idi. Məhz
hicabsızlığın nəticəsidir ki, Azərbaycan
qadını bu gün Şərqdə ən inkişaf
etmiş, ən öndə gedən qadındır. Bizim qadınların böyük bir ziyalı
təbəqəsi, ordusu var. Bu gün həkimlərimizin,
pedaqoqlarımızın, alimlərimizin böyük
əksəriyyəti qadınlardır. Müstəqil
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
olunmuş ilk Konstitusiyası qadınların
kişilərlə bərabər hüququnu təsdiq
etməklə demokratik dövlət quruculuğu prosesində
onların fəal iştirakının hüquqi
bazasını yaratdı. Cəmiyyətdə
gedən demokratikləşmə prosesləri sayəsində
ölkəmizdə qadınların fəaliyyəti daha da
genişləndi. Bu gün Azərbaycan
qadını cəmiyyətin tamhüquqlu üzvü olaraq
kişilərlə çiyin-çiyinə
çalışmaqla müstəqil
Azərbaycanımızın gələcəyinin fəal
qurucusudur.
Ulu
öndər Heydər Əliyevin qadınlara daim diqqət
və qayğı göstərməsi isə bu sahədə
dövlət siyasətinin işlənib hazırlanması
üçün əsaslı zəmin yaratmışdır. Bunun uğurlu
nəticəsi ölkə başçısının 14 yanvar
1998-ci il tarixli fərmanı ilə
Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması olmuşdur. 2000-ci il
martın 6-da "Dövlət idarəetmə orqanlarında
qadınların bərabər təmsil olmaları
haqqında" Azərbaycan Respublikası Prezidentinin
fərmanı respublika qadınlarına dövlət
qayğısının böyük təzahürü idi. Fərman qadınların kişilərlə
hüquq bərabərliyinin, xüsusilə onların
dövlət idarəçiliyi sistemində yüksək
səviyyədə təmsil olunmasının əməli
surətdə təmin edilməsi məqsədi
daşıyırdı.
Milli
dövlət quruculuğunun bütün sahələrində
xüsusi xidmətləri olan Azərbaycan qadını bu
gün də qaynar ictimai proseslərin fəal
iştirakçısıdır. O, ölkəmizdə
vətəndaş həmrəyliyi və
dövlətçiliyimizin daha da gücləndirilməsi
uğrunda mübarizənin ön sıralarında gedir,
milli-mənəvi dəyərlərimizin qorunub saxlanması,
yaşadılması və mədəni potensialın
zənginləşdirilməsi naminə əzmkarlıq
göstərir. Möhtərəm Prezidentimiz İlham
Əliyevin söylədiyi kimi: "Elm, təhsil,
mədəniyyət, səhiyyə və digər
sahələrdə qazandığı nailiyyətlər Azərbaycan
qadınının çox böyük potensiala malik
olduğunu təsdiq edir".
Bizim
qadınları bu gün Şərq aləmində bir
nümunə kimi göstərirlər, qəbul edirlər. Vaxtilə
Azərbaycanda Misirin səfiri işləyən xanım Cihan
Amin Məhəmmədəli ilə görüşlərimiz
zamanı ondan soruşanda ki, Azərbaycanda bu müddət
ərzində bəyəndiyiniz əsas nə oldu, o
mənə cavab vermişdi ki, Azərbaycan qadınının
vəziyyəti, səviyyəsi. Eyni zamanda
qeyd etmişdi ki, məni Azərbaycan qadını valeh etdi
və bu, Şərq aləminə, Şərq qadınına
bir nümunədir. Onun bir arzusu da var idi
ki, biz təcrübə mübadiləsi aparaq - yəni Misir
qadınları bizim qadınlardan öyrənsinlər. Öyrənsinlər ki, müasir Şərq
qadını necə olmalıdır. Yaxşı,
belə nailiyyətlər əldə olunandan sonra biz indi bunu
niyə itirməli, əldən verməliyik! Mövqeyim
belədir ki, biz bu nailiyyətlərimizi qoruyub
saxlamalıyıq! Bir sözlə, indi yenidən baş
örtüyünə qayıtmaq, insanları bu ehkamlara
doğru istiqamətləndirmək heç də faydalı
iş, addım, əməl deyil! Bu,
Azərbaycan qadınının nailiyyətidir və bu
nailiyyətimizin dəyərini də bilməli,
qiymətləndirməliyik. Bir
sözlə, XXI əsrdə baş örtüyünə
qayıtmaq, geriyə - cəhalətə dönüş
və qazanılan nailiyyətlərdən imtinadır.
- Gövhər xanım, Azərbaycanda dini durumu süni
şəkildə gərginləşdirməyə uğursuz
cəhdlər göstərildiyi bir dönəmdə bəzi
xarici dövlətlərin, xüsusən də İranın
təmsilçilərinin ölkəmizin daxili
işlərinə aşkar və kobud müdaxiləsi
müşahidə olunur. Bu kimi bədnam
addımları necə qiymətləndirirsiniz?
- Böyük
təəssüf hissi ilə qeyd edirəm ki, müasir
İranın həm daxili, həm xarici siyasəti ikili
standartlar, bəzən isə hətta riyakarlıq
üzərində qurulub! Məlum olduğu kimi,
İran İslam Respublikası çoxmillətli
ölkədir. Burada
böyüklü-kiçikli 80-dən çox xalq
yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə
və bəziləri hətta dini məzhəb
cəhətdən biri digərindən, o cümlədən
farslardan fərqli olsa da, onların hamısı
"iranlı" və ya "İran milləti"
adlandırılır. Farslardan əlavə, bu
ölkədə 30-35 milyon Azərbaycan türkü, 5 milyondan
çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı,
gilək, talış, türkmən və s. millətlər
yaşayır.
Ermənilərdən
başqa, - onların sayı 120-150 min arasında
göstərilir, qeyri-müsəlmanlar təqib olunur, onlara
qarşı həbs və zorakılıqlardan belə çəkinilmir. Milli, dini
və məzhəb ayrı-seçkiliyi ölkənin
dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Rəsmi Tehran
Əsas Qanunun 11-ci maddəsini də - "Bütün
müsəlmanlar bir ümmətdir və İran İslam
Cümhuriyyəti öz ümumi siyasətini islam
xalqlarının birlik, vəhdət və həmrəyliyi
əsasında qurmağa, islam dünyasında siyasi, iqtisadi
və mədəni vəhdətin
gerçəkləşməsi üçün
ardıcıl səy göstərməyə borcludur" -
prinsipini də kobud surətdə pozur. Halbuki müsəlman
Azərbaycan Respublikasına qarşı düşmən olan,
onun ərazisinin 20 faizini işğal edən, 1 milyona
qədər azərbaycanlını öz doğma yurdundan
qaçqın və köçkün salan
ermənilərə qonşu İran İslam Respublikasında
geniş meydan verilib. Onlara 30-dan çox
məktəbdə ana dilində təhsil almaq şəraiti
yaradılıb. İsfahan və
İran
nəşriyyatları türk dünyası, o
cümlədən Azərbaycan əleyhinə
yazılmış erməni müəlliflərinin
əsərlərini məmnuniyyətlə çap
etdikləri halda, azərbaycanlı müəlliflərin milli
ruhlu yazıları basqılara məruz qalır. Qara Kilsə adlanan Güney
Azərbaycanın qərb bölgəsindəki yerdə
erməni keşişinin "tarixi" qəbri İran və
dünya erməniləri tərəfindən hər ilin iyun
ayının 24-də təntənəli ziyarət olunduğu
halda, Azərbaycan xalqının milli qəhrəmanı
Babəkin adını daşıyan "Babək
qalası"na ziyarətə getmək, orada kütləvi
görüşlər keçirmək artıq neçə
ildir yasaq olunub, buna təşəbbüs
göstərənlər isə təqib olunurlar. BMT tərəfindən elan olunmuş "Ana dili
günü"nün Güney Azərbaycanda və digər
qeyri-fars əyalətlərində qeyd olunmasına icazə
verilmir. Təbrizdə, Urmiyada,
Ərdəbildə azərbaycanlılar tərəfindən
çap olunan dərgi və qəzetlərin redaksiyaları
bağlanmış, yazarlarından bir qismi həbs olunmuş
və ya böyük məbləğdə
cərimələnmişlər. Mədəni
və milli hüquqlarını tələb edən
azərbaycanlı fəallar təqib edilir və qondarma
ittihamlarla həbs olunur, işgəncələrə məruz
qalır, edama məhkum edilirlər.
Məlumdur ki,
ermənilərlə farsların etnik yaxınlıqları
barədə uydurmaların bünövrəsi hələ
Pəhləvilər şahlıq taxtına çıxan
vaxtdan - 1925-ci ildən qoyulub. Hazırda İrandakı siyasi
mühitdən və Qarabağ münaqişəsi ilə
bağlı İran-Ermənistan
münasibətlərindəki durumdan istifadə edən
iranlı ermənilərin üzdəniraq tarixçiləri
və onları xaricdən həvəsləndirənlər
ermənilərin "qədimdən iranlılarla, yəni
farslarla birköklü qardaş, ən uzağı
"əmioğlu" olduqlarını sübut etmək
üçün yeni-yeni saxta mənbələrə istinad
edib kitab yazır, çap etdirirlər. Belə kitablardan biri
də 2006-cı ildə Tehrandakı "Diba"
nəşriyyatında nəfis şəkildə 2000
nüsxə ilə çap edilmiş müəllif Andranik
Hoyanın 242 səhifəlik "İranlılarla
ermənilərin mədəni əlaqələri" adlı
kitabıdır.
- Onu da unutmayaq ki, İslam prinsiplərinə və
müqəddəs kitabımız Qurani-Kərimin buyurduğu
ehkamlara heç müasir İranda çox zaman əməl
olunmur. İndi bu dairələrin hansısa insan
hüquqlarının pozulmasından danışmağa
mənəvi haqları varmı?
- Tamamilə doğru
buyurursunuz, bu gün İranda İslam
dəyərlərinə və Qurani-Kərimin
tələblərinə yanaşma sırf simvolik xarakter
daşıyır. Təəssüf ki, bu
ölkədə bəzi dairələr İslam dinindən
yalnız öz şəxsi məqsədləri
üçün istifadə edirlər. İnsan
azadlığı və insan hüquqları "islam"
pərdəsi altında tapdalanır. XXI
əsrdə qadınları şallaqlayan, daş-qalaq edən,
dar ağacından asan dairələr hansı insan
hüquqlarından danışır? Ailə,
məişət, əxlaq və davranış
məsələlərində zorakılıq və
haqsızlıq hökm sürür. İran
konstitusiyasında insanlara verilmiş yarımçıq
hüquqlar belə onların əlindən alınır.
Konstitusiyada bərabərlikdən, insan
hüquqlarından, insan azadlıqlarından bəhs
olunduğu halda, əməldə onlara riayət olunmur. İslam dininin əsasını sülhə,
əmin-amanlığa, haqqa, mərhəmətə
çağırış təşkil edir. Fəqət indi bunların heç birinə
riayət edilmir. İranda yaşayan onlarla
xalqa öz dilində yazıb-oxumaq, məktəbə
getmək hüququ verən, millətlərin
bərabərliyini təsbit edən 15-ci və 19-cu
maddələrin icrasına yol verilmir. Allahın
verdiyi ana dilində təhsil almaq hüququ hər bir
insanın əzəli haqqıdır.
Özünü
Azərbaycanın "dostu" və "din
qardaşı" adlandıran İran Azərbaycanın
ərazi bütövlüyünü "tanısa" da,
İslam Konfransı Təşkilatı və onun Parlament
İttifaqında təcavüzkar Ermənistanı qınayan,
Azərbaycanın işğal olunmuş ərazilərində
müqəddəs islam abidələrinin və
məscidlərinin dağıdılmasını
pisləyən, üzv dövlətləri
işğalçı Ermənistanla bütün
əlaqələri kəsməyə çağıran
qərar və qətnamələrə səs versə də,
həqiqətdə daim Ermənistana hərtərəfli
dəstək verir, ərzaqdan tutmuş neft və qaza
qədər bütün zəruri tələblərlə
təmin edir. Son 20 ildə bu iki dövlət
arasında salınmış körpülər, yollar,
tunellər İranın Ermənistana yolladıqlarını
mənzil başına tez çatdırmaq üçün
təcavüzkar dövlətə mərhəmət və
qayğının misalıdır. İranın
statistikasında da rəsmən göstərilir ki,
İran-Ermənistan ticarət dövriyyəsi ilbəil
artır. Cari ilin sonuna qədər bu
dövriyyəni 1 mlrd. dollara
çatdırmaq nəzərdə tutulub.
Ulu
öndərimiz Heydər Əliyev Şərqi Azərbaycan
ostanının valisini qəbul edərkən dediyi
sözlər İranın Ermənistana necə dəstək
verdiyinə gözəl misaldır. Heydər Əliyev Ermənistanın
sabiq prezidenti Ter-Petrosyanın: "Əgər İran
bircə həftə bizə ərzaq göndərməsə
İrəvan acından ölər", - etirafını
xatırlatmışdır.
Qəribə də olsa,
İranın istər İslam inqilabından əvvəl,
istərsə də sonra elmi, ictimai fikrində, kütləvi
informasiya vasitələrində sovet Azərbaycanı, sonra
Azərbaycan Respublikası terminlərini
işlətməkdən, demək olar ki, imtina edir,
müxtəlif yanlış ifadələrə
üstünlük verirlər: Qafqaz, Cənubi Qafqaz, Aran,
Arazın Şimalı, Azərbaycan əvəzinə Bakı,
azərbaycanlılar əvəzinə müsəlmanlar və
s. Millətçi ziyalı iranlılar sanki Azərbaycan
Respublikası terminini işlətməməklə
müstəqil Azərbaycan dövlətinin mövcud
olmadığına özlərini inandırmaq
istəyirlər.
Həqiqət isə bundan
ibarətdir ki, İran KİV-nin məqalələrində
və qərəzli elmi araşdırmalarda "Azərbaycan
Respublikası" ifadəsinə qısqanclıqla
yanaşılsa da, iranlılar belə bir dövlətin
mövcud olduğunu, daim inkişaf etdiyi və
qüdrətləndiyini yaxşı bilirlər. Məhz Azərbaycan Respublikasının artan
qüdrəti və nüfuzunu gözü
götürməyənlər onun İranla
münasibətlərini gərginləşdirmək yolunda
hər təxribata əl atırlar.
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2011.-4 fevral.- S. 5.