V.Veliçkonun "Qafqaz. Rus işi və tayfalararası məsələlər" kitabı Azərbaycanda yenidən nəşr olunmuşdur

 

Fevralın 3-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonu - XX əsrin əvvəllərinin görkəmli rus jurnalisti və publisisti V.L.Veliçkonun "Qafqaz" Nəşriyyat Evi tərəfindən çap olunmuş "Qafqaz. Rus işi və tayfalararası məsələlər" kitabı təqdim edilmişdir.

Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq demişdir: Zəngin və çoxəsrlik tarixi olan, böyük inkişaf yolu keçən Azərbaycan Respublikası bu il dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edir. İndiki mərhələdə Azərbaycan artıq dünya birliyində özünün layiqli yerini tutmuş, demokratik cəmiyyət yaratmış, iqtisadi cəhətdən keçid dövrünü arxada qoymuş suveren bir dövlətə çevrilmişdir. Bu illər ərzində Azərbaycan yaşadığımız dövrün çətinliklərini dəf edərək böyük uğurlara nail olmuşdur. Lakin bununla belə, hələ də həllini tapmayan ağrılı bir problemimiz var: işğal olunmuş Vətən torpaqlarının geri qaytarılması, tarixi ədalətin bərpa olunması. Dövlətimiz bu problemin həllində sülh danışıqlarına üstünlük verir. Xalqımızın tarixi bir sınağa çəkildiyi zamanda diplomatiya ilə yanaşı, tarixi həqiqəti obyektiv əks etdirən əsərlərin təbliğinin də böyük əhəmiyyəti vardır. Bu baxımdan görkəmli rus publisisti Vasili Veliçkonun yenidən işıq üzü görmüş "Qafqaz. Rus işi və tayfalararası məsələlər" kitabı çox təqdirəlayiqdir. Zaman keçdikcə belə əsərlərin yenidən nəşrinə ehtiyac vardır.

Akademik N.Vəlixanlı "Qafqaz" nəşriyyat evinin "Qafqazın mədəni irsi" seriyasını bu kitabla açmasını alqışlamışdır. Vurğulanmışdır ki, naşirin bu əsərə müraciət etməsi təsadüfi deyildir. Ona görə ki, 100-dən artıq yaşı olan bu əsər indiki dövrümüzdə də aktualdır. Bu gün də həmin əsər dərs verir, öyrədir, başa salır, ağı qaradan seçməyi tövsiyə edir, ədalətə səsləyir. Çünki bu gün baş verənlər dünənki səriştəsizliyin, biganəliyin, ədalətsizliyin və saxtakarlığın nəticələridir. Bugünkü hadisələrin təhlili üçün biz mütləq faktlara, şahidlərə arxalanmalıyıq. Təəssüf ki, bəzən faktlar və şəhadətləri emosiya ilə ifadə olunan sözlər əvəz edir. Məhz bu səbəbdən tarixi hadisələrin şahidi olmuş xüsusilə başqa xalqların nümayəndələrinin yazdıqları tarixi həqiqətləri bərpa etmək üçün böyük əhəmiyyətə malikdir. Tutduqları mövqedən, güddükləri mənafedən, xidmət etdikləri rejimdən asılı olmayaraq, onların yazdıqlarının obyektivliyi bu gün baş verənlərlə sübut olunur. Vasili Veliçko Rusiyanı sevən, imperatoruna sadiq bir adam idi. Onun üçün Qafqaz Rusiyanın mülkiyyəti idi. O, Qafqazda baş verənləri yaxşı anlayır, hadisələrə düzgün qiymət verirdi. Məhz hökumətini Qafqazda yol verdiyi qüsurlardan çəkindirməkdən ötrü bu əsəri yazmışdır. Məqsədi hökumətin diqqətini baş verən dağıdıcı proseslərə cəlb etmək idi. Bu məqsəd kitabın adında da ifadə olunmuşdur. V.Veliçkonun bu əsəri Azərbaycan, ümumilikdə Qafqaz tarixini öyrənmək, baş verənləri təhlil etmək baxımından çox əhəmiyyətlidir...

Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılov qurumun fəaliyyəti, əsas tədqiqat istiqamətləri, tərəfdaşları, nəşrləri, nəşriyyat evləri barədə danışmış, təqdim olunan kitabın nəşr tarixindən söz açmışdır. Məlumat vermişdir ki, əsər 1904-cü ildə Sankt-Peterburqda müəllifin ölümündən (1903) sonra işıq üzü görmüşdür. 1896-cı ildə o, Tiflisə "Qafqaz" qəzetini redaktə etmək üçün dəvət olunmuşdu. V.Veliçko bütün Qafqazı gəzmiş, yerli etnoqrafiyanı, tarixi və mədəniyyəti, burada yaşayan xalqları öyrənmişdir. Bu tədqiqatlar, şəxsi müşahidələri onun oçerklərinin əsasını təşkil edirdi. Müəllifin məqsədi Qafqazda imperiya siyasətinə mane olan problem və maneələri göstərmək idi. Əlbəttə, 100 il bundan əvvəl belə bir vəzifə aktual idi. V.Veliçkonun kitabının müasirlərimiz üçün əhəmiyyəti ondadır ki, müəllif Qafqaz xalqlarının milli xarakterinin, adət və ənənələrinin, qarşılıqlı münasibətlərinin dəqiq və dərin təhlilini vermişdir. V.Veliçkonun əsərlərində Qafqazın XX əsr tarixinin faciəli epizodlarının kökləri çılpaqlığı ilə görünür. O, erməni plutokratiyasının gələcək məqsədləri naminə tədricən Rusiya hökumət strukturlarına nüfuz etdiyini yaxşı görürdü. Publisist bu kitabında diqqəti "erməni intriqasının" yayılmasına cəlb edir, göstərirdi ki, siyasətdəki erməni işbazları rus məmurlarını pozğunlaşdırır. Məsələn, Zaqafqaziya dəmir yolunun çəkilməsindən söz açan müəllif yazır ki, "Ondan ancaq Bakı və Tiflisi iqtisadi cəhətdən əllərinə almış ermənilər qazanmışlar. Erməni sənaye firmaları yolun Qara dənizdəki son məntəqələrində - Poti və Batumda ağalıq edirlər..." V.Veliçko həyəcan təbili çalır ki, erməni neftxudalarından ibarət xeyriyyəçilər Ermənistanın tamamilə ayrı tarixinin yaradılmasına, bu kiçik xalqın, onun qəhrəmanlarının şişirdilməsinə cəhd göstərirlər. Bu zaman daha aydın və layiqli tarixi olan qonşu xalqlara qara yaxılır, abidələr saxtalaşdırılıb mənimsənilir. Natiq burada İlya Çavçavadzenin "Erməni alimləri və haray çəkən daşlar" əsərini, A.Qriboyedovun qeydlərini xatırlatmışdır. Vurğulamışdır ki, ermənilərin V.Veliçko tərəfindən təsvir olunan satqınlığı, saxtakarlığı, məqsədlərinə çatmaq üçün yalana əl atmaları bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tamamilə təsdiq olunmuşdur. Nə qədər ki, dünya erməni millətçiliyinin iç üzünü, erməni təbliğatının qara yaxdığı tarixi həqiqətləri bilmir, "Qafqaz" kimi xəbərdaredici kitablar öz aktuallığını saxlayacaqdır.

Azərbaycan Prezidenti Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd etmişdir ki, Cənubi Qafqazda baş verən geoiqtisadi və geosiyasi proseslər daim dünya tarixçilərinin diqqət mərkəzində olmuşdur. XIX əsrin sonu - XX əsrin əvvəllərində regionda baş verən dramatik hadisələr bir tərəfdən Qafqazın iki ölkəsinin - Azərbaycanın və Gürcüstanın milli azadlıq meyilləri, digər tərəfdən isə ermənilərin terror vasitəsilə xarici himayədarlarının köməyi ilə mifik Ermənistan yaratmaq xülyaları müxtəlif tarixçiləri, tədqiqatçıları regionda tutarlı araşdırmalar aparmağa daim sövq edirdi. Bunun nəticəsidir ki, bu gün tarixçilərimizin sərəncamında xeyli mənbələr vardır. Bu sənədlər və mənbələr arasında görkəmli rus tədqiqatçısı və publisisti Vasili Veliçkonun "Qafqaz..." əsəri mühüm yer tutur.

E.Aslanov Vasili Veliçkonun həyat yoluna nəzər salmış, antropologiya sahəsində tədqiqatlarını xatırlatmış, xüsusi vurğulamışdır ki, o, rus dövlətçiliyi mövqeyindən çıxış etsə də, rus şovinizmini dəstəkləməmişdir. Öz əsərlərində imperiyanın müxtəlif xalqlara yanlış münasibətini sərt və kəskin şəkildə tənqid etmişdir. V.Veliçkonun yaradıcılığının zirvəsi olan və ölümündən sonra işıq üzü görən "Qafqaz. Rus işi və tayfalararası məsələlər" əsəri onun peşəkar tarixçi və obyektiv şəxsiyyət olmasına bariz nümunədir. Kitabda hakim elitaya ermənilərin Cənubi Qafqazda törətdiyi özbaşınalıqlar barədə mesaj göndərilir. Natiq kitabdan bir sitatı diqqətə çatdırmışdır: "Özündən zəiflərə qarşı amansızlıq, güclülər qarşısında qulsayağı itaət, özünü reklam etməkdə əvəzsiz bacarıq, özündən razılıq. Bu keyfiyyətlər ermənilərdə daha qabarıq, daha açıq şəkildə özünü büruzə verir". Bildirilmişdir ki, V.Veliçko erməniləri daha çox siyasi xaos yaratmağa, özbaşınalığa meyilli olan bir xalq kimi göstərmişdir. Müəllif əsərində real hadisələrə əsaslanmışdır. Hələ o zaman Cənubi Qafqazda meydan sulamağa başlayan ermənilərə şərait yaradan Rusiya imperiyasının məmurlarını səriştəsizlikdə günahlandırır və hakim elitanı erməni kilsəsi üzərində nəzarəti gücləndirməyə çağırırdı. Veliçko yanılmırdı. Zaman keçdi və regionda yaşayan hər kəs, hər bir xalq gördü ki, ermənilərin terror təşkilatları yaradıldı və kilsə yalnız azərbaycanlıları və türkləri deyil, yəhudiləri, rusları, gürcüləri qətlə yetirmək haqqında fətva verdi.

E.Aslanov Veliçkonun kitabından bir fikri də diqqətə çatdırmışdır ki, regionda terror ənənəsinin əsasını ermənilər qoymuşlar. Şöbə müdiri demişdir ki, kitabın türk dilinə tərcüməsinə başlanmışdır, əsər yaxın vaxtlarda Rusiyada nəşr olunacaqdır. Eyni zamanda, ingilis və fransız dillərinə də tərcümə ediləcəkdir. "Əlbəttə, apardığımız informasiya müharibəsində bu, kifayət deyildir. Düşünürük ki, güclənməkdə olan Azərbaycan regionun lider dövləti kimi bu işləri davam etdirməlidir.

Gürcüstan MEA-nın akademiki, Gürcüstan Tarixçilər Milli Komitəsinin sədri Roin Metreveli Qafqaz tarixinin öyrənilməsinə müasir yanaşmanın zəruriliyini vurğulamış və demişdir ki, qloballaşma şəraitində Qafqaz mədəniyyətinin müdafiə olunub inkişaf etdirilməyə ehtiyacı vardır. Alim Qafqazda münaqişələrin mövcud olmasını regiondakı mürəkkəb inteqrasiya prosesləri ilə izah etmişdir. Onun sözlərinə görə, Qafqaz çox mürəkkəb və maraqlı regiondur. Qafqazın mədəni xüsusiyyətlərinin saxlanması çox vacibdir. V.Veliçkonun kitabının nəşri bu işə böyük töhfədir. Rus publisisti yazmışdır ki, ermənilər gürcü tarixini mənimsəmişlər. Natiq erməni plagiatlığından danışarkən bir erməni aliminin doktorluq dissertasiyasını xatırlatmışdır. Həmin başabəla alim tarixi saxtalaşdıraraq gürcü mənşəli rus generalı Pyotr İvanoviç Baqrationu erməni kimi qələmə vermişdir.

Çıxışının sonunda Roin Metreveli Veliçkonun bu kitabını yenidən nəşr etdirdiyi üçün Qafqazın Strateji Tədqiqatları İnstitutuna təşəkkür etmiş və vurğulamışdır ki, kitab bu gün də aktuallığını saxlayır.

AMEA-nın müxbir üzvü A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son 20 il ərzində Azərbaycanda tarix elminə göstərilən qayğıya, ölkəmizin tarixinin öyrənilməsinə diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Xatırlatmışdır ki, ümummilli lider Heydər Əliyev, eyni zamanda tarixçi prezident kimi tarix elminin inkişafına xüsusi əhəmiyyət verirdi və Azərbaycan tarixinin ayrı-ayrı məsələlərinin dəqiq, hərtərəfli və obyektivliyi ilə aşkarlanmasını diqqət mərkəzində saxlayırdı.

Alim demişdir: Bu gün biz Azərbaycanda çox əminlik hissi ilə yaşayırıq və əsərlərimizi çox cəsarətlə yazırıq. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan tarixinin ayrı-ayrı məsələlərinə olduqca böyük əhəmiyyət verir. Bütün dünya miqyasında ən tutarlı, ən mötəbər məclislərdə Azərbaycan Prezidenti açıq etiraf edir və dünyaya çatdırır ki, Cənubi Qafqazda problemlərin həllində ən ciddi əngəl erməni amilidir. Ermənilərin Cənubi Qafqaza köçüb gəlmə olduğunu Prezidentimiz dəfələrlə vurğulamışdır və bu istiqamətdə AMEA-nın Tarix İnstitutunda, tarix elmimizdə ciddi axtarışlar gedir. Xeyli əsərlərimiz çap olunmuşdur. İrəvan xanlığının tarixi, Qarabağın tarixi Prezidentin təşəbbüsü ilə çap olunmuşdur. Biz bu kitabların hamısında ermənilərin keçən əsrin əvvəllərində Cənubi Qafqaza köçüb gəlmə olduqlarını minlərlə sənəd vasitəsilə dünyaya çatdırmışıq. Bu baxımdan bugünkü təqdimatın böyük əhəmiyyəti vardır. Bu yaxınlarda hörmətli akademikimiz Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimat mərasimini keçirdik. Kitab bu yaxınlarda ingilis və rus dillərində də çapdan çıxmışdır. Təkrar edirəm, elmdə bu uğurlarımızın başlanğıcı Prezident Administrasiyasından gəlir.

Y.Mahmudov bilavasitə V.Veliçkonun kitabından danışaraq qeyd etmişdir ki, bu əsərin ən mühüm əhəmiyyəti orada dünyada gərginlik ocaqlarından birinin Cənubi Qafqazda olmasının, bu gərginliyin saxlanılmasında erməni amilinin ciddiliyinin göstərilməsidir. XIX əsrin sonu - XX əsrin əvvəllərində ermənilərin regiona köçürülməsi, Rusiya imperiyasının Azərbaycan torpaqlarında ermənilərə dövlət yaratması ilə regionun tarixində terrorçuluq, soyqırımlar, tarixin saxtalaşdırılması dövrü başlanmışdır. Çox əlamətdardır ki, o zaman Rusiyanın qabaqcıl adamları erməni amilinin gələcəkdə nə qədər böyük təhlükə olacağını görürdülər və bunu çəkinmədən yazırdılar. V.Veliçko rus və xarici dillərdə olan ilk mənbələri araşdırmışdır. Qafqazı, o cümlədən Azərbaycanı, Gürcüstanı, Şimali Qafqazı qarış-qarış gəzərək bu xalqların etnoqrafiyası, tarixi ilə tanış olmuşdur. Bu baxımdan bu əsər ciddi mənbədir. Bu gün Qarabağ problemlərinin kökündə o zaman ermənilərin köçürülməsi dayanır. Veliçko təəssüflənirdi ki, o zaman Rusiya imperiyasında ermənilər pulla, rüşvətlə, qadınları irəli buraxmaqla hakimiyyətin idarə olunmasına soxulmuşlar və siyasətin formalaşmasında iştirak edirlər. Bu məsələni Veliçko o dövrdə Rusiya üçün təhlükə kimi görürdüsə, indi bu amil artıq Fransada, Amerikada ciddi narahatlıq doğurur. Dünyanın bir çox ölkələrində erməni lobbisi beynəlxalq məsələlərin həllinə çox ciddi təhlükədir. Buna görə də Veliçko bu gün bizim müasirimizdir. Bu əsərin çap olunmasının çox böyük əhəmiyyəti odur ki, biz dünyada ayrı-ayrı məsələləri qaldıranda, erməni təcavüzü ilə əlaqədar söz deyəndə Amerika kəşf etmirik. Bu məsələ çoxdan başlanmış, Birinci Dünya müharibəsi dövründə öz zirvəsinə qalxmışdır. Veliçko öz dövlətinin təəssübkeşi idi və imperiya qüvvələrinin Qafqazda yanlış siyasəti onu hiddətləndirirdi. Çünki bu siyasət Qafqazın qədim xalqlarına etinasız yanaşılmaqla, gəlmə ermənilərə əsaslanaraq yeridilirdi. V.Veliçko əsərində sübut edir ki, ermənilər gəlmədir və Cənubi Qafqazı hörümçək toru kimi əhatə etmişlər. Müəllif bildirir ki, Rusiya bu siyasəti dəyişməlidir. Ermənilər haqqında Veliçkonun tədqiqatı çox dəyərlidir. Bu tədqiqat bizə bu gün də lazımdır, yüz illər bundan sonra da lazım olacaqdır. Araşdırmadan sonra Veliçko bu nəticəyə gəlmişdir ki, ermənilər kökü bilinməyən bir etnosdur. O, ermənilərin xislətini, xarakterinin çirkinliyini göstərmək üçün əsərində gürcü və Azərbaycan dillərində olan məsəllərdən də istifadə etmişdir. Müəllif azərbaycanlılardan xüsusi rəğbətlə danışır, psixoloji keyfiyyətlərini müsbət xarakterizə edir: "...genişqəlblidirlər, qanları təmizdir...", "Azərbaycan tatarları türkdürlər, oğuzların nəvələridir, müasir türklərin qan qohumlarıdır, Qafqazın aborigen əhalisidir..." Qarabağın əhalisi ilə əlaqədar əsərdə deyilir ki, bunlar qriqorianlığı qəbul edən, kökləri türk və dağlı xalqları olan albanlardır. Dağlıq Qarabağ probleminin də kökü budur. Veliçko məsələnin doğru, həqiqi əsasını çox dəqiq göstərmişdir.

Türkiyə Beynəlxalq Münasibətlər Şurası sədrinin müavini Kamer Kasım bildirmişdir ki, bu gün müzakirə etdiyimiz kitab XIX əsrin sonu - XX əsrin əvvəllərində baş vermiş hadisələri əhatə edir. Rusların Qafqaza gəlməsi ilə Ermənistan problemi ortaya çıxmışdır. Qafqazda o vaxtın böyük gücləri olan İngiltərə və Rusiya arasında mübarizə gedirdi. "Daşnaksütyun" o vaxt meydana çıxmışdır. Erməni təşkilatlarından Rusiyanın regionda imperiya siyasətinin aləti kimi istifadə edilmişdir. O dövrdə baş verən hadisələri əhatə edən ingilis dilində yazılmış kitablar vardır. Bu kitabları o dövrdə səyahət məqsədi ilə Qafqaza gələnlər yazmışlar. Son vaxtlar ABŞ-dakı erməni lobbisinin təsiri ilə nəşr edilən kitablar da yazılmışdır. Bu kitablarda tarixi hadisələrə baxışda ermənilərin siyasəti və qeyri-obyektiv fikirləri əksini tapır. Veliçkonun bu kitabı obyektivlik cəhətdən əhəmiyyətlidir. Başqa kitabların da yazılması və beynəlxalq aləmdə yayılması faydalı olardı. Veliçkonun kitabının və bu cür başqa kitabların mövzu ilə bağlı obyektiv məlumat almaq istəyən tədqiqatçılar və alimlər üçün faydalı olacağını düşünürəm. Tarixi hadisələri araşdıran və onları işıqlandıran kitabların beynəlxalq aləmə çatdırılmasında şuramızın əhəmiyyətli rolu vardır. Türkiyə və Azərbaycandakı belə qurumların gələcəkdə daha fəal olmasını arzulayıram. Bunlar erməni lobbisinin fəaliyyətinə qarşı mühüm addım olacaqdır. Antropologiya, sosiologiya kimi elm sahələri ilə bağlı kitablar da vardır. Bunların toplanıb araşdırılması və bir kitab halında nəşr olunması yaxşı olardı. Bugünkü hadisələrin açıqlanması üçün XIX əsrin sonu -XX əsrin əvvəllərində Dağlıq Qarabağda, Cənubi və Şimali Qafqazda baş vermiş hadisələri araşdırmağa ehtiyac vardır. Tarixi həqiqətlərin xarici ölkələrdəki universitetlərə, beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir. Türkiyə və Azərbaycandakı qurumların öz işlərində bu məsələlərə daha çox yer verəcəyinə inanıram.

Tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd etmişdir ki, siyasəti yalnız tarix üzərində qurmaq olmaz və siyasəti də, eyni zamanda, tarixsiz aparmaq olmaz. Bizə obyektiv əsərlərin yazılması və nəşri çox lazımdır. Çox müsbət haldır ki, Prezident Administrasiyası bu istiqamətdə sistemli bir iş aparır. Prezidentimiz hücum diplomatiyasını irəli sürmüşdür və bundan sonra bizdə bir sıra əsərlər yazıldı. V.Veliçkonun əsəri ilə tanışlığımızın 20 ildən yuxarı bir tarixi vardır. Veliçkonun əsərində erməni siyasətinin metodları təsvir edilir. Bu gün bir çoxumuz bunu bilmirik. Kitabda aydın göstərilir ki, Türkiyədə 19-cu əsrin sonlarındakı qırğınları erməni terror təşkilatları törətmişlər.

Alim çıxışının sonunda demişdir: "Veliçkonun bu kitabı müasir siyasəti bilmək baxımından da əhəmiyyətlidir və mən Azərbaycana qeyri-obyektiv münasibət bəsləyən ölkələrin gec-tez obyektiv münasibət bəsləyəcəklərinə inanıram. Kitab internet saytlarına yerləşdirilməli, xaricə ünvanlanmış radiostansiyalar ondan hissələri dinləyicilərə çatdırmalıdırlar. Hesab edirəm ki, bu kitab kifayət qədər əhəmiyyətlidir və Gürcüstan tarixçiləri ilə əməkdaşlığımız üçün perspektiv açır".

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova kitabın məziyyətlərindən danışmış və V.Veliçkonun xatirəsinin əbədiləşdirilməsinin zəruriliyini vurğulamışdır. Təklif etmişdir ki, paytaxtın küçələrindən birinə bu obyektiv tədqiqatçının adı verilsin, münasib yerdə büstü qoyulsun, adına tələbə təqaüdü təsis edilsin.

Yazıçı demişdir ki, Hüseyn Hüseynovun "Solneçnıy oqon" kitabında Vasili Veliçkonun dolğun ədəbi obrazı yaradılmışdır. Tamara Hümbətovanın "Privet iz Baku" kitabında isə onun haqqında maraqlı oçerk verilmişdir.

Akademik Nailə Vəlixanlı tədbirin sonunda xarici qonaqlara xatirə hədiyyələri təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 3.