Azərbaycanı davamlı yüksəliş yoluna çıxaran iqtisadi model

 

Bazar iqtisadiyyatı yolunu seçmiş hər bir dövlətin iqtisadi strategiyasının formalaşmasına təsir göstərən oxşar cəhətlər olsa da, ümumən dayanıqlı, sabit və tarazlı inkişaf modelinin irəli sürülərək uğurla həyata keçirilməsi olduqca mürəkkəb prosesdir. Təcrübə göstərir ki, hansısa dövlətdə sınaqdan uğurla çıxmış, müsbət nəticələri təsdiqlənmiş inkişaf modelinin adekvat olaraq digər ölkənin iqtisadi sisteminə transformasiyası heç də həmişə özünü doğrultmur. Məhz buna görə də hər bir ölkənin ümumi potensialı - coğrafi-geosiyasi mövqeyi, təbii ehtiyatları, məhsuldar qüvvələrinin inkişaf səviyyəsi, intellektual və insan resursları, mental xüsusiyyətləri mütləq nəzərə alınır. Bütün bunların əsasında isə milli inkişaf modeli formalaşır.

 

Dayanıqlı inkişaf kursunun elmi-konseptual tədqiqi

 

İnkişaf modelləri dövlətin iqtisadiyyata müdaxiləsi və ona məxsus mülkiyyətin səviyyəsindən, əhalinin sosial ehtiyaclarının ödənilməsi vəziyyətindən, habelə inzibati tənzimləyici mexanizmlərdən asılı olaraq bir-birindən fərqlənir. Bu baxımdan müasir iqtisadi nəzəriyyələrdə bazar iqtisadiyyatının üç əsas növü - liberal sosial yönümlü və sosial-demokrat modelləri barədə geniş bəhs olunur.

Liberal modeldə xüsusi mülkiyyət iqtisadiyyatda üstün mövqeyə malik olur, bazar subyektlərinin tam sərbəstliyinə imkan verilir, dövlət tənzimlənməsi məhdud səciyyə daşıyaraq əsasən makroiqitsadi prosesləri əhatə edir. Dövlət özünü əhalinin zəruri yaşayış problemlərinin həllindən təcrid etməklə, sosial yönümlü investisiya layihələrinə az diqqət ayırır. Bazarın bu Amerika modelində dövlət mülkiyyətinin əsas kapitaldakı, dövlət büdcəsinin isə ümumi daxili məhsuldakı payının azlıq təşkil etməsi əsas xüsusiyyət kimi özünü göstərir.

Sosial yönümlü iqtisadi model sosial ədalətin və sosial müdafiənin təmini, eləcə də iqtisadi-sosial həyatın humanistləşdirilməsi məsələlərini önə çəkir. Bu model radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında aralıq mövqe tutur. Sosial yönümlü bazar iqtisadiyyatı (alman modeli) bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial dövlət ideyası ilə əlaqədar olan sosial müdafiə və sosial ədalət ideyalarının vəhdətinə əsaslanır. Modelin əsas cəhəti onun güclü sosial siyasət sisteminə malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud olan fərqləri minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi yenidən bölgüsü prinsipini, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminatın mövcudluğunu, mənzil təsərrüfatı sahəsinə subsidiyaların ayrılmasını və digər tədbirləri nəzərdə tutur.

İnkişafın sosial-demokrat modelinin (İsveç modeli) səciyyəvi cəhəti isə onun bünövrəsində sosial-demokrat ideyalarının dayanmasıdır. Bu model, ilk növbədə, sosial-iqtisadi siyasətin xüsusiyyətləri, iş qüvvəsi və əmək münasibətlərinin tənzimlənməsi ilə fərqlənir. Bazar iqtisadiyyatının sosial-demokrat modeli bazar iqtisadiyyatına xas çatışmazlıqların - mülkiyyətin və gəlirlərin cəmiyyətin kiçik bir hissəsinin əlində cəmləşməsinin aradan qaldırılmasına şərait yaradır. Bu model həm də əhalinin gəlirləri arasındakı fərqlərin azaldılmasını və məşğulluğun səviyyəsinin yüksəldilməsini təmin edən güclü sosial siyasətin gerçəkləşdirilməsini nəzərdə tutur.

Sosial-demokrat modelində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial siyasət sahəsində birbaşa, xüsusi istehsal sektorunda isə dolayı formada - yüksək vergilər vasitəsi ilə təmin edilir.

Bunlarla yanaşı, hazırda bir çox iqtisadçı alimlər digər ölkələrin - Yaponiyanın, Çinin, Malayziyanın, Cənubi Koreyanın və başqa ölkələrin də özlərinəməxsus inkişaf modellərinin formalaşdığını iddia edirlər. Ümumiyyətlə, hazırda dünyada 200-ə yaxın dövlət olsa da, onların az qisminin özünəməxsus inkişaf modelindən bəhs olunur. Milli inkişaf modeli ilə dünyada tanınan dövlətlər, ilk növbədə, iqtisadiyyatlarının bəzi səciyyəvi xüsusiyyətləri - transmilli xarakter daşıması, yüksək özünütəminetmə imkanları, ümumi daxili məhsulun artım dinamikası, iqtisadi-maliyyə sisteminin qlobal təhdidlərə çevik müqavimət əzmi ilə seçilirlər.

Bu reallıqlara nəzərən son dövrlər Azərbaycanın özünəməxsus milli inkişaf modelinin formalaşması ilə bağlı başlanmış müzakirələr də tamamilə obyektiv təsir bağışlayır. Şübhəsiz, respublikanın iqtisadçı alimlərinin belə ciddi iddiadan çıxış etməsi Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlərlə sıx bağlıdır. Respublikamızın, xüsusən də son 3 ildə - dünya ölkələrinin əksəriyyətini iflic vəziyyətinə salan qlobal maliyyə böhranı şəraitində əldə etdiyi yüksək nəticələr dünyanın nüfuzlu iqtisadi mərkəzlərində diqqətlə izlənilir. Bəzi Qərb dövlətlərinin onilliklər boyu keçdiyi tərəqqi mərhələlərini sürətlə adlayan Azərbaycanın öz məqsədlərinə doğru inamla irəliləməsi də məhz milli iqtisadi inkişaf modelinin obyektiv nəticəsi kimi qiymətləndirilir.

Qlobal böhran aparıcı ölkələrdən başlayaraq qısa müddətdə bütün dünyaya sirayət etmiş, çox ağır nəticələrə səbəb olmuş, dünya iqtisadiyyatı resessiyaya məruz qalmış, iri maliyyə institutları iflasa uğramışdır. Azərbaycan iqtisadiyyatı isə qlobal böhran dövründə dayanıqlılığını və inkişaf dinamikasını qoruyub saxlamışdır. Son 3 ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olmuş, makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur. 2008-2010-cu illərdə Azərbaycanın strateji valyuta ehtiyatları 23 milyard dollar artmışdır. Bank sektoru dayanıqlılığını qorumuş, bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, "Azərbaycan hazırda iqtisadi cəhətdən oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf tempinə görə birinci yerdədir".

Bu, bir həqiqətdir ki, son dövrlərə qədər Azərbaycanın milli inkişaf modelinin tədqiqi istiqamətindəki araşdırmalar sistemli və ardıcıl xarakter daşımır, praktik nəticələrin nəzəri cəhətdən əsaslandırılması prosesində müəyyən lənglik, süstlük nəzərə çarpırdı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı bu baxımdan ilk fundamental tədqiqat əsəri kimi dəyərləndirilməlidir. Əsərdə respublikamızda ötən 17 ildə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatların dolğun mənzərəsi yaradılmış, əldə olunmuş yüksək makroiqtisadi göstəricilər fonunda milli iqtisadi inkişaf modelinin səciyyəvi xüsusiyyətləri göstərilmişdir. Əsərdə 90-cı illərin ortalarından başlayaraq ölkədə uğurla gerçəkləşdirilən iqtisadi siyasət analitik elmi baxış kontekstində təhlilə cəlb olunmuş, inkişafı stimullaşdıran layihələrə geniş yer verilmişdir. "Azərbaycan" qəzetinin yaxından iştirakı ilə ərsəyə gəlmiş bu əsərlə tanışlıq, ilk növbədə, respublikamızın keçdiyi sanballı quruculuq və inkişaf salnaməsi barədə dolğun təsəvvür formalaşdırır. Eyni zamanda əsər özünün praktik əhəmiyyəti ilə elmi ictimaiyyəti, obrazlı desək, "silkələyir", iqtisadçı alimləri fəal şəkildə milli iqtisadi inkişaf modeli ilə bağlı elmi müzakirələrə qoşulmağa, bu sahədə tədqiqatlar aparmağa sövq edir.

 

Tərəqqi və yüksəlişin uğurlu təməli

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra - bir ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesi ilə əlaqədar bazar iqtisadiyyatının hansı modelindən istifadə edilməsi nəzəri və praktiki baxımdan son dərəcə aktual məsələ kimi gündəliyə çıxmışdı. Fəqət müstəqilliyin ilk illərində hakimiyyətdə olan səriştəsiz qüvvələr bu reallığı düzgün dəyərləndirə bilmədiklərindən bazarın hansı modelinin ölkə reallığına daha çox uyğunluğu məsələsi müzakirə mövzusu belə olmadı. Bazar təsərrüfatının müxtəlif tipləri, xüsusiyyətləri və modelləri bir-birindən ayrılmadan planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid kortəbii şəkildə qarşıya qoyuldu. Reallıqda isə ölkə iqtisadiyyatı sürətlə tənəzzülə uğrayır, inflyasiyanın səviyyəsi günü-gündən yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə lazımi addımlar atılmırdı. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdır.

Azərbaycanın bu böhranlı vəziyyətdən çıxaraq milli inkişaf strategiyasının nəzəri-praktik əsaslarının formalaşdırılması və tətbiqi ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş və onun həyata keçirilməsini mərhələlərlə təmin etmişdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin davamlı intibaha xidmət edən milli inkişaf modelinin prioritet istiqamətləri sırasında: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmini mühüm yer tutmuşdur.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan ulu öndər Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüş yaratmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur.

Zaman keçdikcə ölkə vətəndaşları ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin siyasi və iqtisadi əhəmiyyətini, bugünkü uğurların əsasında məhz yeni neft strategiyasının dayandığını daha dolğun şəkildə dərk edirlər. Ötən müddətdə dəqiq iqtisadi hesablama əsasında gerçəkləşdirilən bu strategiya Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişaf yolunda olan ölkəyə çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, milli mənafeyini yüksək səviyyədə təmin etməsi, Avratlantik məkanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi baxımından mustəsna rol oynamışdır.

"Əsrin müqaviləsi"nin fövqəladə əhəmiyyəti həm də onunla şərtlənir ki, məhz bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın əsası qoyulmuş, region dövlətlərinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesində müsbət presedent yaranmış, transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə start verilmiş, ümumən regionun hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir.

Akademik Ramiz Mehdiyev "İnkişafın Azərbaycan modeli" kitabının ön sözündə yeni neft strategiyasının uğurlarını yüksək dəyərləndirərək yazır: "Ulu öndərin gərgin zəhməti, uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın suveren iqtisadi siyasətini həyata keçirməsi üçün isə ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici sərmayəçilər Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Hamıya bəllidir ki, neft və qaz yataqlarının işlənməsi və beynəlxalq bazarlara çıxarılması 90-cı illərin əvvəlində mövcud olan gərgin geosiyasi mühitdə qətiyyətli addımlar və sarsılmaz iradə tələb edirdi. "Əsrin müqaviləsi"nin imzalanması müasir Azərbaycan tarixində həlledici hadisələrdən biri kimi səciyyələnir. Neft-qaz sektorunun tərəqqisi digər sahələrin inkişafına da ciddi təkan vermiş, makroiqtisadi sabitliyə nail olunması fonunda həyata keçirilən sürətli islahatlar Azərbaycanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açmış, onun iqtisadi müstəqilliyini təmin etmişdir".

 

Sosial yönümlü inkişaf strategiyası

 

Respublikanın tanınmış iqtisadçı alimləri, politoloqları "İnkişafın Azərbaycan modeli" haqqında mülahizələrini bölüşərkən onun ən xarakterik cəhətləri sırasında sosial yönümlülüyün prioritet təşkil etməsini xüsusi qeyd edirlər. Əksəriyyət haqlı olaraq bu qənaətdədir ki, böyük strateq Heydər Əliyev Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin geniş tətbiq olunması ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır. Ümummilli liderin yeni iqtisadi sistemdə də sosial məsələlərə xüsusi diqqətlə yanaşması təsadüfi olmayıb, respublikanın 70 il sosializm sistemində yaşaması ilə şərtlənirdi. Ulu öndər Heydər Əliyev daim bildirirdi ki, uzun illər mərkəzləşdirilmiş planlı iqtisadiyyat şəraitində maddi ehtiyacları təmin olunmuş vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması çətin və mürəkkəb prosesdir. İctimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Bu prizmadan keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir.

2009-cu ilin 18 mart referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə əlavə edilmiş "sosial yönümlü" sözləri də bu baxımdan diqqəti xüsusi çəkir. Azərbaycan dövləti sosialyönümlü siyasətinə konstitusion status verməklə, hər bir vətəndaşın yüksək yaşayış səviyyəsinin təmini istiqamətində davamlı fəaliyyət göstərəcəyi ilə bağlı üzərinə hüquqi öhdəlik götürmüşdür. Həmin əlavəyə görə, "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Ümumiyyətlə, sosial dövlətin səciyyəvi cəhəti onun sosial siyasətində əksini tapır. Dövlətin sosial siyasəti onun ümumi siyasətinin bir hissəsi olub, bütövlükdə cəmiyyət üzvləri arasında, habelə müxtəlif sosial qruplar arasında yaranan, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat tərzinin təkmilləşdirilməsi ilə əlaqədar münasibətlərin nizama salınması üzrə fəaliyyətdir. Dövlətin sosial siyasəti bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına yönəlmişdir. Bu reallıqlar fonunda Azərbaycan Konstitusiyasının 15-ci maddəsinə edilmiş əlavənin cəmiyyətin ən müxtəlif təbəqələrinin, xüsusən də aztəminatlı vətəndaşların mənafeyinə cavab verdiyi aşkar görünür.

Respublikamız bazar iqtisadiyyatı yolunu prioritet seçmişdir və bu sistemdə hökumətin yeritdiyi sosial yönümlü siyasətin məqsədi vətəndaşların maddi vəziyyətindəki kəskin fərqliliyi aradan qaldırmaq, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Başqa sözlə, bazar iqtisadiyyatı prinsiplərinin sürətlə bərqərar olması dövlətin sosial funksiyalarını həyata keçirməyə qətiyyən mane olmur. Dövlət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına hər cür köməyi göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni qətiyyən nəzərdən qaçırmır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "2010-cu ildə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi tikilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, bizim siyasətimiz sosial yönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir".

Sərt bazar qanunlarının diktə etdiyi şərtlərin vətəndaşların mənafeyinə toxunmaması, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması zərurəti bütün dünyada eyni inkişaf kursu seçmiş dövlətləri düşündürən mühüm məsələlərdəndir. Azərbaycanda son illərdə bu sahədə formalaşmış uğurlu təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Eyni zamanda müəyyən zərurət qarşısında həyata keçirilən sərt islahatlar sosialyönümlü tədbirlərlə kompensasiya edilir.

Azərbaycanın büdcə zərfində sosialyönümlü xərclərin dominantlıq təşkil etməsi də bunun bariz nümunəsi kimi diqqəti çəkir. Bir çox postsosialist ölkələri kommunal xidmətlərin qiymətini dünya səviyyəsinə yaxınlaşdırmaq üçün "şok terapiyası"na üstünlük verdikləri halda, Azərbaycan hökuməti məhz əhalinin aztəminatlı təbəqəsinin sosial mənafeyini nəzərə alaraq bu yolu seçməmişdir. Respublikamızda obyektiv reallıqdan irəli gələrək qiymətlərin liberallaşdırılması prosesi əhalinin pul gəlirlərinə adekvat olaraq həyata keçirilmişdir.

 

İnfrastruktur layihələri ölkənin gələcəyinə təminatdır

 

Azərbaycanın milli iqtisadi inkişaf modelinə xas digər mühüm cəhət yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Bu siyasət təkcə sosial amillərlə bağlı olmayıb, həm də neft gəlirlərindən məqsədyönlü istifadə strategiyasına əsaslanır. Başqa sözlə, hökumət iqtisadiyyatın birqütblü inkişafına - "Holland sindorumu"na yol verməmək üçün neftdən əldə olunan gəlirləri digər sahələrin inkişafına, ilk növbədə, davamlı inkişafa zəmin yaradan infrastruktur layihələrinin gerçəkləşdirilməsinə yönəldir.

Bazar iqtisadiyyatı yolunu seçmiş bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan hökuməti bu məqsədlə zəruri maliyyə vəsaitlərinin ayrılmasına da xüsusi diqqət yetirir. Prezident İlham Əliyev gələcəkdə əldə ediləcək böyük faydaları nəzərə alaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməkdən belə çəkinmir. Dövlət başçısı cənab İlham Əliyev xalqa Yeni il təbrikində bununla əlaqədar demişdir: "2010-cu ildə ölkəmizdə böyük infrastruktur layihələri icra edilmişdir. Nəqliyyat sektorunda, inşaat sektorunda, elektrik enerjisi güclərinin yaradılması işində böyük və önəmli addımlar atılmışdır. 2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodunun tikintisi başlanmışdır. Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanmışdır. Bu layihələr bölgədə gedən əməkdaşlıq proseslərinə çox güclü təkan verəcək, Azərbaycanın qeyri-neft sektorunun inkişafına çox müsbət təsir göstərəcək və ölkəmizin inkişafına xidmət edəcəkdir. Bütün bu layihələr böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Ancaq iqtisadi vəziyyətimiz imkan verir ki, biz bu layihələri öz gücümüzlə, öz pulumuzla icra edək".

İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların hər il yüksək templə artması da dövlət başçısının bu sahəyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə cəmi 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə 4,3, 2011-ci ildə 3,4 milyard manat vəsait ayrılmışdır.

Əgər bir vaxtlar hər birimiz üçün dəniz səviyyəsindən 3000 metrə qədər yüksəklikdə yerləşən Qubanın Xınalıq kimi ucqar dağ kəndinə müasir standartlara cavab verən magistral yolun çəkilişi qeyri-real görünürdüsə, bu yol artıq reallıqdır. Yardımlı, Lerik kimi ucqar rayonlara qaz kəməri çəkilmişdir. Bakı sakinlərini ekoloji təmiz su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin, məhz vətəndaşların mənafeyini əsas tutaraq böyük maliyyə vəsaiti tələb edən bu layihələri maliyyələşdirdiyini bildirir. Bütün bunlar həm də Azərbaycan üçün gerçəkləşməsi müşkül heç bir sosial-infrastruktur layihənin olmadığını göstərir. Bu layihələr iqtisadi baxımdan hökumətə heç bir dividend vəd etməsə də, dövlət başçısı vətəndaşların sosial mənafeyini əsas götürərək onları həyata keçirir.

Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, turizmin inkişafı baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, xüsusən də yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrikə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan dövlət başçısı qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, habelə əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.

Akademik Ramiz Mehdiyev "İnkişafın Azərbaycan modeli" kitabının ön sözündə yazır: "Azərbaycanın iqtisadi və maliyyə potensialının güclənməsi Cənubi Qafqazda regional əməkdaşlığın inkişafını şərtləndirmiş, iqtisadi baxımdan cəlbedici layihələrin həyata keçirilməsinə rəvac vermişdir. Mərkəzi Asiya, xüsusilə dünyanın yeni iqtisadi mərkəzi kimi formalaşmaqda olan Çinlə Avropa və Orta Şərq ölkələri arasında birbaşa quru yolu ilə əlaqəni təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkələrimizin gələcək inkişafına xüsusi töhfə verəcəkdir. Azərbaycanın maliyyə potensialını belə səmərəli layihələrə yönəltməsi onun uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu, eyni zamanda onun regionda siyasi mövqeyini möhkəmləndirir, mövcud güclər tarazlığının konfiqurasiyasına təsir edir, regionda aparıcı dövlətə çevirir".

 

İnkişafa təkan verən proqramlar

 

"İnkişafın Azərbaycan modeli" kitabının "Dövlət proqramları məqsəd aydınlığıdır" adlanan II fəslində dövlət proqramlarının milli inkişaf prosesindəki mühüm rolu xüsusi önə çəkilir. Həqiqətən də dövlət başçısı İlham Əliyevin son 7 ildə imzaladığı 40-a yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuş, inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin etmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəlmişdir. İnkişaf, sosial təminat və struktur yönümlü bu layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən hökumətin daha çox diqqət yetirməli olan problemləri düzgün müəyyənləşdirən cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ilk iqtisadi fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ baza rolunu oynamışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 7 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. 2004-cü il 11 fevral tarixdə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Dövlət Proqramı regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir.

Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. İkinci dövlət proqramı regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.

Əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq yeni mərhələdə də həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, son illərdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır.

Ötən 8 ildə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.

Ümumilikdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı bu və digər məsələlərə geniş yer ayırır, respublikanın qazandığı uğurlarla yanaşı, gələcək inkişaf perspektivlərinə nəzər salır. Ən əsası, əsərdə milli inkişaf modelinin mahiyyəti konkret elmi-nəzəri postulatlar əsasında açıqlanır. Fikrimizcə, milli inkişaf modelinin tədqiqi istiqamətində ilk fundamental nəzəri-metodoloji yanaşma kimi dəyərləndiriləcək bu əsər gələcək tədqiqatlar üçün də zəngin və sanballı mənbə rolunu oynayacaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 4.