Daşkənddə nəşr
olunan "Exo istorii" jurnalının son nömrəsində
Azərbaycan alimlərinin məqalələri dərc
edilmişdir
Daşkənddə özbək, ingilis və rus dillərində nəşr olunan "Exo istorii" jurnalının son nömrəsində Azərbaycan alimləri Nəsibət Mehdiyeva və Afət Rüstəmbəyovanın ölkəmizlə bağlı məqalələri dərc edilmişdir.
AzərTAc xəbər verir ki, N.Mehdiyevanın məqaləsində XX əsrin 60-80-ci illərində Azərbaycan-özbək mədəni əlaqələri araşdırılmışdır. Müəllif yazır ki, həmin illərdə ölkələrimiz arasında mədəni əlaqələr yüksək səviyyədə olmuş, həm Bakıda, həm də Daşkənddə müntəzəm mədəniyyət və incəsənət, həmçinin poeziya günləri, Azərbaycan və özbək ədiblərinin yubileyləri keçirilmişdir. Azərbaycan və Özbəkistan yazıçıları tez-tez Bakıda və Daşkənddə görüşmüş, dostluq etmişlər. Bunun da nəticəsində həm Azərbaycanda, həm də Özbəkistanda ədiblərimizin çoxsaylı əsərləri çap olunmuşdur.
A.Rüstəmbəyovanın
məqaləsi isə "Azərbaycan və Özbəkistanda
oda sitayiş və tapınma" adlanır. Bu məqalədə
hər iki ölkədə odun xalqlarımızın həyatında
oynadığı müqəddəs rolundan bəhs
edilmişdir.
Azərbaycan.- 2011.- 4 fevral.- S. 5.