Ankarada Azərbaycan rəssamlarının
sərgisi açılmışdır
Müstəqilliyin bərpasından sonra Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin iyirminci ildönümü münasibətilə keçiriləcək tədbirlər çərçivəsində fevralın 2-də Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılmışdır. Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY təşkilatı və Türkiyə Mədəniyyət və Turizm Nazirliyidir.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bu il iyirminci ili tamam olacaq Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yüksək səviyyəsindən bəhs etmiş, qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyəsini vurğulamışdır.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay səfir Faiq Bağırovu və mərasimdə iştirak edən türkdilli dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərlərini salamlayaraq, iyirminci ildönümü qeyd olunan Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan dedikdə, ilk olaraq dahi şəxsiyyət Heydər Əliyevi xatırlayırıq. Biz hər zaman Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını həyata keçirməyə çalışırıq.
Ərtoğrul Günay türkdilli ölkələrin mədəni əməkdaşlığının möhkəmlənməsində TÜRKSOY təşkilatının xüsusi rolunu da vurğulamış, bu gözəl sərginin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Azərbaycanın xalq rəssamı, professor Fuad Salayev rəssamlar adından sərginin təşkilatçılarına təşəkkür etmiş, burada Səttar Bəhlulzadə kimi dünya şöhrətli fırça ustaları ilə yanaşı, gənc rəssamların da əsərlərinin nümayiş etdirildiyini demişdir.
Sonra Faiq Bağırov, Ərtoğrul Günay, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov sərginin eksponatları ilə tanış olmuşlar.
Sərgi fevralın 15-dək davam edəcəkdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2011.-4 fevral.- S. 5.