Dünya şöhrətli azərbaycanlı alim

 

İdeyaları ilə dünya elmini zənginləşdirən Lütfi Zadənin anadan olmasının 90 ili tamam olur. Fərəhlənirik ki, öz elmi kəşfləri ilə hamını heyrətə gətirən planetin bu böyük alimi və fenomeni bizim həmyerlimizdir.

Lütfi Ələsgərzadə 1921-ci ilin fevral ayının 4-də Bakıda Asiya küçəsində yerləşən 79 saylı evdə anadan olmuşdur. Anası Feyga 1918-ci ildə Tiflisdə qızlar gimnaziyasını bitirmişdir. Sonralar isə uşaq həkimi ixtisasına yiyələnmişdir. Atası Rəhim Ələsgərzadə isə Azərbaycan Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır. Sonralar o, həm iş adamı, həm də eksport-import mətbuat nümayəndəsi kimi tanınmışdır. O, əslən Ərdəbil şəhərindən idi. Rəhimlə Feyganın bir-biri ilə tanışlığı elə ali məktəblərdə oxuduğu illərdən başlamış və onlar 1919-cu ildə ailə həyatı qurmuşlar. 1921-ci il fevralın 4-də Lütfi dünyaya gəlir. Lütfi ailənin yeganə övladı olduğu üçün Rəhim kişi və Feyga oğullarını çox sevir və əllərindən gələni edirdilər ki, onun həyatı qayğısız və xoşbəxt keçsin. Balaca Lütfi tənhalığı çox xoşlayırdı. Həmişə çalışırdı ki, tək olsun, çoxlu oxusun və xəyalən bütün dünyanı gəzib dolaşsın. Bu səbəbdən də Lütfinin məşğul olduğu masanın üstundə kağız üzərində iri hərflərlə "Tək" sözü yazılmış bir lövhə olardı. Balaca Lütfi ilə üz-üzə dayanan lövhə ona belə bir psixoloji fikir təlqin edirdi: "Sən bu dünyada tək-tənhasan. Lakin həyat mürəkkəb və çətindir. Bu mürəkkəblikdən baş açmaq, çətinliklərdən çıxmaq üçün həm fiziki, həm də əqli gücün olmalıdır. Sən daim özünü buna səfərbər etməlisən. Oxuyub öyrənməkdən, çətinliklərdən keçməkdən usanmamalısan". Lütfi Bakıdakı 16 saylı məktəbə gedir və ömrünün 4 ili bu məktəblə bağlı olur. Lütfinin özünü tanımasında dünyaya göz açdığı Bakı mühiti mühüm rol oynamışdır.

1931-ci ildə Sovetlər hakimiyyəti İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu fərmana görə, onlar ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi bundan sonra ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana getmək qərarına gəlirlər. Beləliklə, Ələsgərzadələr ailəsi Bakını tərk edərək Tehrana köçür. Onda Lütfinin 10 yaşı vardı. Rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Valideynləri onu Tehranda fəaliyyət göstərən "Albroz" adlı Missioner kollecinə yazdırmışdılar. Atası Rəhim biznes sahəsində öz işini davam etdirməyə başladı, anası Feyga isə səhiyyə sahəsində işə düzəldi. Lütfi kolleci bitirdikdən sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil oldu. 1942-ci ildə universiteti bitirib bakalavr dərəcəsi aldı və bir müddət atasının yanında işləməli oldu. L.Zadə təhsilini davam etdirmək üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına getməyə qərar verdi. O, Bostonda 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirərək elektrotexnika üzrə magistr pilləsinə qalxdı.

L.Zadə doktorluq dissertasiyasını Kolumbiya Universitetində müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Kolumbiya Universitetində 10 il işləyən Lütfi əvvəlcə professor köməkçisi, sonra isə professor vəzifələrini tutub. L.Zadənin ayrı-ayrı jurnallarda kibernetikanın atası Norbert Vinnerin proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən sanballı elmi əsərləri dərc olunub. Onun 1952-ci ildə nəşr etdiyi elmi işi isə avtomatik idarəetmə sistemində çevirmə nəzəriyyəsinin əsasını qoydu. 1954-cü ildə L.Zadənin "Sistem nəzəriyyəsi" yarandı. Həmin illərdə dünya şöhrətli alim Norbert Vinner nüfuzlu jurnal səhifələrində L.Zadənin elmi məqalələri ilə tanış olur və onu gələcəyin ən böyük alimi kimi görür. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert Vinner L.Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. O bu ali məktəbdə elektrik mühəndisliyi üzrə şöbədə işləməyə başlayır. 1963-cü ildən həmin şöbəyə başçılıq edir. Sonradan şöbənin adını dəyişdirərək Elekrtik mühəndisliyi və kompüter elmləri kafedrası adlandırır. Berkli Universiteti Elekrtik mühəndisliyi və kompüter elmləri kafedrası onun bir alim kimi yetişib formalaşmasında və inkişafında böyük rol oynayır.

Berkli Universitetində işlədiyi dövrlərdə Lütfi Zadənin diqqətini əsasən xətti sistemlər və avtomatlar problemi cəlb etdi. Burada o, professor Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası yanaşması probleminin araşdırılması ilə məşğul oldu. Beləliklə, "Xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası" adlı müştərək elmi əsəri meydana gəldi. Nəticədə Lütfi Zadə dinamik idarəetmə sistemlərinin əsasını yaradan yeni yanaşma metodu təklif etdi. Bu metodun mərkəzində Lütfi Zadənin vəziyyətlər fəzası nəzəriyyəsi dayandı. Beləliklə, 1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yarandı. Lütfi Zadə bu nəzəriyyəsini kəşf edəndən sonra onu Riçard Bellmana göstərmək qərarına gəldi. Onun Riçard Bellmanla birlikdə bir neçə elmi işi var idi və bu alimin Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinə fikri müsbət oldu: "Zənnimcə, sizin bu işiniz elmdə inqilaba bərabər bir işdir. Tədricən o, bütün elmlərə yeni baxış formalaşdırıb çox şeyi kökündən dəyişdirəcək. Hətta insan fenomeni barəsində də təsəvvür yaranacaq". Bellmanın bu fikirlərinə baxmayaraq, Amerika mühiti Lütfi Zadənin bu elmi konsepsiyasını qəbul etmədi. Amma zaman keçdikcə bu fikirlərin həqiqət olduğu təsdiqləndi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin bəhrəsi olan beşinci və altıncı nəsil kompüterlərin meydana çıxması spektiv söz-söhbətlərə son qoydu. 1965-ci ildə Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı alim Lütfi Zadə tərəfindən tamamilə yeni, çoxqiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradıldı. Bununla da dünya elm tarixində, kompüter sahəsində böyük kəşflər edildi. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Zadənin cavabı birmənalıdır: "...Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir". Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir. Bununla da dünyanın təsvir dili olan riyaziyyat ikiləşdi, nəticədə klassik riyaziyyat, qeyri-səlis riyaziyyat, qeyri-səlis hesab, qeyri-səlis cəbr, qeyri-səlis məntiq, qeyri-səlis topologiya və sairə yarandı. Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnikasının inkişafında yeni bir dövr açdı. Həmin nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etdi. Paltaryuyan maşından tutmuş kosmik cihazlara, kibernetik tərcüməçidən tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda bu nəzəriyyə öz tətbiqini tapdı.

Qeyri-səlis çoxluqlar dedikdə, ilk növbədə elə çoxluqlar nəzərdə tutulur ki, ona daxil olan elementlərin sayı qeyri-müəyyəndir. Qeyri-səlis çoxluğun ilk və əsas əlaməti onun bütün cəhətlərində qeyri-müəyyən olmasıdır. Belə ki, qeyri-səlis çoxluğun həm tərkibi, həm quruluşu, həm də sərhədləri qeyri-müəyyəndir. Lütfi Zadənin elmə gətirdiyi "qeyri-səlis"lik anlayışına söykənən bütün nəzəri elmi istiqamətlər çox böyük praktiki əhəmiyyətə malikdir. Qeyri-səlis çoxluqlar nəzəriyyəsi yarandığı vaxtdan cəmi bir il keçəndən sonra birinci olaraq Yaponiya firmalarında, nəhəng sənaye şirkətlərində öz tətbiqini tapdı. Onlarca elmi-tədqiqat institutları yarandı, bu elm sahəsi Yaponiya universitetlərinin tədqiqat obyektinə çevrildi. Qeyri-səlis məntiq texnologiyası Yaponiyada tətbiq edilərək, böyük iqtisadi səmərəsi aşkarlandı və az müddət ərzində bütün aparıcı şirkətlər, firmalar tərəfindən dəstəkləndi. Yüksək iqtisadi səmərə gətirdiyinə görə 1989-cu ilin iyul ayında Lütfi Zadəyə Yaponiyanın elm sahəsində ən yüksək mükafatı Honda mükafatı verildi.

Lütfi Zadə müasir riyazi statistikanı, siqnalların optimal süzgəclərini, riyazi linqvistikanın və mürəkkəb sistemlərin nəzəriyyəsini inkişaf etdirməklə dünya elmini xeyli zənginləşdirmişdir. O, ilk dəfə olaraq qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq və qərar qəbuletmə prosesinin çox səlis nəzəriyyəsini yaratmış, müasir riyaziyyatın və idarəetmənin əsasını qoyanlardan biri kimi tanınmışdır. Bütün bunlarla yanaşı, o, dəqiq humanitar və elm sahələrindəki elmi problemlərin tədqiqinin ümumi intellektual kompüter metodologiyasını yaratmışdır. Professor Lütfi Zadənin elmi yaradıcılığı olduqca zəngin və çoxsahəlidir. Bu baxımdan onun "Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı" (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı "Vinnerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi" (1950), Ç.R.Raqassini ilə birlikdə yazdığı "Z-çevirmə üsulunun yaradılması", "Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması", "Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması", Ç.A.Desoir ilə birlikdə yazdığı "Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası", R.E.Bellman ilə birlikdə yazdığı "Qeyri-səlislik şəraitində qərar qəbul etmək", "Linqvistik dəyişən və qeyri-səlis "əgər-onda" qaydalarının konsepsiyası", "Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi", "Təxmini mühakimə nəzəriyyəsi", "Sağlam düşüncəyə əsaslanan mühakimə nəzəriyyəsi", "Dispozisiya məntiqi", "Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi", "Sözlə işləyən kompüterlər nəzəriyyəsi" (1996), "Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi", "Təəssürat nəzəriyyəsi" dünya elminin inkişafında mühüm rol oynayır.

Dünya elmində Zadə və Qassini kimi tanınan statistik qeyri-müəyyənlik şəraitində işləyən idarəetmə sistemlərində optimal süzgəclər məsələsinin həlli kimi bu elmi təklif mürəkkəb proqnozlaşdırma sistemlərinin qurulması üçün əsas götürülür. Zadənin bu təklifi məşhur Vinner məsələsini xeyli genişləndirmişdir. Lütfi Zadənin dünya idarəetmə elminə verdiyi ən böyük töhfələrdən biri elmi ədəbiyyatda Z-çevirmə üsulu kimi tanınan (Zadə sözünün baş hərfi) diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan elmi nəzəriyyədir. Alimin elmi xidmətlərindən biri də müasr idarəetmə elminin əsasını təşkil edən vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələrinin təklif olunmasıdır. Bu gün dünyanın bütün qabaqcıl universitetlərində idarəetmə elmi bu nəzəriyyələr əsasında öyrənilir, elmi-tədqiqat təşkilatları, xüsusilə ABŞ-ın Milli Kosmik Tədqiqat Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələşdirir və tətbiq edir. Son illərdə Lütfi Zadənin nəhəng elmi fikirlərindən biri də Soft Computing nəzəriyyəsinin yaradılmasıdır. Bu, yeni texnologiyaların əsaslarının təşkilidir. Bu nəzəriyyə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, Xaos nəzəriyyəsi və ehtimal qərarçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirir. Soft Computing nəzəriyyəsi bu gün dünya banklarında, iqtisadi və texniki sistemlərdə, incəsənətdə geniş tətbiq olunur. Lütfi Zadənin son dövr təklif etdiyi nəzəriyyə rəqəmlə yox, sözlə işləyən kompüter nəzəriyyəsidir. Bu cür maşınlarda informasiyanın qranulyasiyası kimi rəqəmlər, kodlar deyil, sözlər, cümlələr istifadə olunur. Bu cür kompüterlərin ən adekvat modeli təxmini məntiqi qərarçıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beynidir. Dünya şöhrətli alimin hələlik təklif etdiyi son nəzəriyyə təəssürat nəzəriyyəsidir. Qeyri-səlis məntiq qəbul edilmiş qeyri-müəyyən informasiyanın əsasında nəticəçıxarma üsullarını verirsə, təəssürat nəzəriyyəsi ətraf aləm haqqında tez, dolğun və dəqiq ölçmə aparmadan informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda olan oxşar süni təəssürat sistemi yaratmaq prinsipləri və üsulları verməkdir.

Lütfi Zadənin elmi ideyaları tükənib bitmir. Onun elmi nəzəriyyələri: müasir idarəetmə nəzəriyyəsinin təməlini qoymuş vəziyyətlər məkanı; diskret və rəqəmli idarəetmə sisteminin yaradılması üçün baza rolunu oynamış çevirmələr nəzəriyyəsi; insanın dünya haqqında, özü haqqında təsəvvüründə inqilabi dəyişikliklər əmələ gətirmiş qeyri-səlis məntiq və s. artıq gerçəkliyə çevrilmişdir. Bunlar müxtəlif sahələrdə yeni müasir tərzdə təqdim olunmuşlar və hələ də gələcəkdə tətbiq olunaraq sanki həlledilməz olan məsələləri həll edəcəklər.

Onu da qeyd edək ki, Lütfi Zadə nəzəriyyəsindən bəhrələnən superkompüterlər qeyri-səlis məntiqdən istifadə edərək elmin bütün sahələri üçün ekspert sistemləri hazırlayırlar və bunlar müasir kompüterlərə tətbiq olunur. Bu zaman neyron şəbəkələr əsas götürülür, belə ki, insan beyninin obrazlarını dərk etməklə əməliyyat aparmaq prinsipi kompüterlərə də şamil edilir. Beşinci nəsil kompüterlərdə lazımi qaydada özünü yenidənqurma prinsipindən, öz-özünü proqnozlaşdırmadan və özü təşkil olunan davranışdan istifadə olunur. Bütün bunlar Lütfi Zadə nəzəriyyəsi əsasında yaradılan texnika və texnologiyaların qeyri-müəyyən, qeyri-dəqiq obyektlərin öyrənilməsində daha çox tətbiq olunacağını göstərir.

Professor Lütfi Zadə sistem və optimal süzgəclər nəzəriyyəsi sahəsində də fundamental nəticələrə nail olmuşdur. Dünya alimləri onun əldə etdiyi elmi nəticələri müasir riyaziyyat və kibernetika sahəsində yeni bir hadisə kimi qiymətləndirmişlər. Onun nəzəriyyəsini tətbiq edən aparıcı müəssisələr və şirkətlər aşağıdakılardır: Hitaçi, Matsuhiti, Mitsubişi, Toşiba, Soni, Fuji, Orison, Kanon, Rigo, Sanyu, Ninolta, Nissan, Honda, Hek, NTT, Şarp daxildir.

Lütfi Zadə 25 ölkədə fəaliyyət göstərən akademiyaların fəxri doktoru adına layiq görülüb. O, həmçinin Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan və ABŞ Milli Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

O, aşağıdakı medallarla təltif olunmuşdur: İEEE Educational Medal (1973), İEEE Centennial Medal (1984); Honda Mükafatı, Berkeley Citation, İEEE Rişard Hamming Medal, Rufus Oldenburger Medal, İEEE Fəxri Medalı, Bolzano Medal, Edvard Feigenbaum Medal, İEEE Milenium Medal, V.Kaufman Mükafatı və Qızıl Medalı, Egleston Medal, Azərbaycan, Franklin Medal (2009).

O, 200-dən çox elmi məgalənin tək müəllifi və 70-dən cox elmi jurnalın redaksiya heyətinin üzvüdür. Lütfi Zadənin elmi-tədqiqat işi ONR N00014-02-1-0294, Omron Grant, Tekes Grant, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qrantı, Azərbaycan Respublikası Azərbaycan Universitetinin qrantı və UC Berkli Universitetində Soft kompütünq üzrə təşəbbüs (BİSC) proqramı qrantları vasitəsilə dəstəklənmişdir.

2011-ci ilin martında ABŞ-ın Texas ştatının El Paso şəhərində L.Zadənin elmi məqalələrinin 45 illiyilə əlaqədar elmi, mayında isə ABŞ-ın Kaliforniya Ştatının San-Fransisko şəhərində L.Zadənin 90 illiyinə həsr olunmuş Soft Computing üzrə Dünya konfransları keçiriləcək. Hər iki konfransı Azərbaycan Respublikasının Rabitə və İnformsiya Texnologiyaları Nazirliyi dəstəkləyir və Azərbaycandan bir çox alimlər bu konfranslarda iştirak edəcəklər.

Bu gün 90 illik yubileyini qeyd edən dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadə fundamental elmi nəticələri, nəzəriyyələri, ixtiraları, yenilikləri ilə xoşbəxt alimlərdəndir. O, yaşının bu müdrik çağında da dünya elminə əvəzsiz töhfələr vermək uğrunda əzmlə çalışır.

 

 

Şahnaz ŞAHBAZOVA,

Lütfi Zadə adına Beynəlxalq

Müasir Elmlər Akademiyasının

həqiqi üzvü

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 6.