Ömrünü dəyərli işlərə həsr edib

 

Elmi ictimaiyyət arasında adı böyük hörmət və ehtiramla çəkilən tanınmış ziyalılardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Mabud oğlu Əlizadədir. Onun barəsində bir insan, şəxsiyyət, alim-pedaqoq kimi düşünəndə hər kəsin qəlbi işıqlanır.

Z.Əlizadə 1936-cı il fevral ayının 2-də Şəkidə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə oranı "dağ-mədən geoloq mühəndisi" ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1958-ci il avqustun 8-dən təyinat üzrə Pirallahı Neft-Mədən İdarəsində operator kimi başlamış, 1959-cu il yanvar ayının 21-də yüksək biliyi nəzərə alınaraq Azərbaycan EA-nın Geologiya İnstitutuna baş laborant vəzifəsinə keçirilmişdir. Həmin ilin sentyabr ayının 7-dən institutun kiçik elmi işçisi kimi fəaliyyət göstərmişdir.

1962-ci ildə Geologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1966-cı ildə "Qərbi Azərbaycanın Ağcagil çöküntülərində bəzi kimyəvi elementlərin yayılma qanunauyğunluqları və onunla əlaqəli paleocoğrafi problemlər" mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970-ci ildə müsabiqə yolu ilə Geologiya İnstitutunun baş elmi işçisi seçilmişdir.

Zəkəriyyə Əlizadə 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin sərəncamına əsasən köçürmə yolu ilə Şəki Elmi Bazasına rəhbər təyin olunmuşdur. O, elmi bazaya rəhbərlik etdiyi gündən müəssisənin yüksək ixtisaslı kadrlarla təminatını əsas vəzifə kimi qarşıya qoymuş, burada müvafiq tədqiqat strukturlarını formalaşdırmışdır. Qədim mədəniyyət və elm mərkəzi olan Şəkinin folklorşünaslıq, geoloji-coğrafi, fiziki baxımdan öyrənilməsi üçün laboratoriyalar təşkil etmişdir.

Alim öz ixtisası üzrə tədqiqatlarını genişləndirərək 1989-cu ildə Ukrayna EA-nın Geoloji Elmlər İnstitutunda birdəfəlik Elmi Şurada "Mürəkkəb dislokasiyaya uğramış rayonların filiz yerləşən süxurlarının litologiyası və filiz elementlərinin geokimyası (Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntüləri timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Ömrünün 75-ci baharını yaşayan tanınmış alim bu gün də gənclik həvəsilə elmi fəaliyyətlə məşğul olur. 1962-2010-cu illər arasında alimin 80-dən çox elmi məqaləsi, 4 kitabı nəşr olunmuşdur.

Z.Əlizadənin elmi-ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, AMEA-nın yaradılmasının 60 illik yubileyi ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı məsələləri Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinin bütün mərhələlərində əsas vəzifə kimi qarşıya qoyulmuşdur. AMEA-nın Coğrafiya İnstitutu ilə birlikdə Şəki-Zaqatala bölgəsinin 6 rayonu üçün "Coğrafi problemlər" kitabının və 6 rayonun ümumilikdə coğrafi problemlərini ümumiləşdirən toplunun nəşri planlaşdırılsa da, Z.Əlizadənin təklifi ilə Elmi Mərkəz tərəfindən hər bir rayonun (Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ, Balakən) ayrılıqda iqtisadi problemlərinə həsr edilmiş kitabçalar (1999, 2000, 2001, 2002-ci illərdə) çapdan çıxmışdır. 2003-cü ildə qeyd olunan rayonların iqtisadi problemlərini ümumi şəkildə əks etdirən "Şəki-Zaqatala iqtisadi rayonu" adlı məlumat kitabı da oxucuların böyük marağına səbəb olmuşdur.

Bir nəfər elmlər namizədi ilə fəaliyyətə başlayan mərkəzin Z.Əlizadənin kadrların ixtisas artımına qayğıkeşliyi sayəsində sonrakı illərdə işçilərin sayı 8 nəfərə çatmışdır. Hazırda Mərkəzdə 4 nəfər elmlər doktoru çalışır. Mərkəzin işçi qrupunun tədqiqatları müntəzəm olaraq nəşr edilir, Şəkinin və respublikanın elmi-ədəbi ictimaiyyətinə çatdırılır.

Zəkəriyyə müəllim eyni zamanda digər elmi müəssisələr tərəfindən aparılan tədqiqatlar üzrə hazırlanan kitabların rəyçisi və əsas tərtibçisi kimi də çıxış etmişdir. O, 2002-ci ildə nəşr olunan "Şəki: alim və ziyalılar" kitabının əsas redaksiya heyətinin üzvü olmuş, "Firidun bəy Köçərlinin şəxsi arxivi" (2005) adlı kitaba rəy yazmışdır.

Z.Əlizadənin folklorşünaslıq və etnoqrafiya məsələləri ilə bağlı fəaliyyətinin ən gözəl nümunəsi 2004-cü ildə Elmi Mərkəz tərəfindən "Şəkidə məhəllə adları, soylar və ləqəblər" adlı unikal əsərin birinci cildinin çap edilməsi olmuşdur. Bu kitab haqqında respublikamızın görkəmli alimləri - akademik B.Nəbiyev, professor M.Qasımlı, professor Q.Əbdülsəlimzadə, elmlər doktoru F.Çələbi və başqaları müsbət fikirlər söyləmişlər. Həmin tədqiqat işi Z.Əlizadənin rəhbərliyi altında beşillik gərgin araşdırma nəticəsində Şəkinin Qışlaq, Dodu, Kiş, həmçinin şəhərin mərkəzi ərazisi soy, ləqəb, məhəlli baxımından tədqiq edilərək 2009-cu ildə oxucuların istifadəsinə verilmişdir. 605 səhifəlik bu irihəcmli kitabda 40-dan çox məhəllə, 140-a yaxın nəsil haqqında məlumat verilmişdir.

Gənc kadrların hazırlanması işinə də böyük diqqət yetirən alim 8 aspirant və dissertantın elmi işinə rəhbərlik etmişdir.

Z.Əlizadə Şəki Regional Elmi Mərkəzinin 30 illik fəaliyyətini toplu şəklində respublikamızın və Şəkinin elmi ictimaiyyətinə çatdırmaq üçün 2005-ci ildə "Şəki Regional Elmi Mərkəzi 30 ildə" adlı kitab nəşr etdirmişdir.

2005-ci ildə alimin təşəbbüsü ilə Şəkidə iyun ayının 9-10-da "Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Bu vacib ekoloji məsələ ilə bağlı mərkəzin əməkdaşları - Ə.C.Əyyubov və V.Ə.Quluzadə tərəfindən yazılmış "Kiş və Şin çaylarının hövzələrinin selləri" adlı kitab (1998) nəşr edilmişdir. Kitabın redaktoru Z.Əlizadə olmuşdur.

Zəkəriyyə müəllimin təşkilatçılığı ilə mərkəz tərəfindən böyük sosial-iqtisadi əhəmiyyətli işlər görülmüşdür. Belə ki, elmi nailiyyətlərin istehsalata tətbiqi nəticəsində yüksək göstəricilər əldə edilmişdir. Çaytikanı bitkisinin istehsalat əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Elmi Mərkəzdə ipəkçilik sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir. Alimin gərgin tədqiqatlarının nəticəsi olan "Şəki ipəyi uzaq karvan yollarında" əsəri ərsəyə gəlmişdir.

Şəki Regional Elmi Mərkəzinin 35 illik yubileyi ərəfəsində mərkəz tərəfindən "Şəki ipəyi uzaq karvan yollarında", "Şəki Regional Elmi Mərkəzinin dünəni, bugünü və sabahı", "Tətbiqi geokimyanın bəzi problemləri" adlı kitablar işıq üzü görmüşdür. 2000-ci ildə alim "Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar" adlı dəyərli bir əsər çap etdirmişdir.

Z.Əlizadənin folklorşünaslıq sahəsində düşüncələrinin ən gözəl nümunəsi 2002-ci ildə nəşr etdirdiyi "Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə" adlı kitabıdır. Əsərdə respublikada ilk dəfə olaraq anatomik istiqamətdə folklor araşdırmaları aparılmış, insanın xarici, daxili orqanları ilə bağlı mənalandırılan deyimlərimiz təhlil edilmişdir. 200-dən çox deyimin ilk dəfə bir toplum halına salınaraq mənalarının açıqlanması yeni addım kimi qiymətləndirilməlidir. Bu deyimləri oxuduqca fikirləşirsən ki, görülən iş nə qədər ağır və elmi məzmunludur. Alimin əməyini yüksək qiymətləndirən professor Qara Namazov yazır: "Z.Əlizadənin bu kiçik kitabında xalq deyimləri və məcazları haqqında söylədikləri araşdırmalar və açıqlamalar dilimizin incəliklərinə dərindən bələd olduğunu göstərir".

Alim respublikada ilk dəfə olaraq regionun soy, ləqəb, ad, məhəlli xüsusiyyətlər üzrə etimoloji araşdırılması fikrini irəli sürmüş, bu iş 2004-2009-cu illərdə öz parlaq nəticəsini vermişdir. Alimin rəhbərliyi ilə 2004-cü ildə "Şəkidə məhəllə adları, soylar və ləqəblər" adlı kitabın birinci, 2009-cu ildə isə ikinci cildi nəşr edilərək keçmişin yaşadılmasında mühüm amil kimi yüksək qiymətləndirilmişdir.

Z.Əlizadənin folklorşünaslıq və tarixi-etimoloji fəaliyyəti bununla bitməmiş, 2005-ci ildə birbaşa onun rəhbərliyi altında Şəkinin Oxud kəndi tarixi, etnoqrafik, filoloji, toponimik, onomastik, folklor baxımından geniş tədqiq olunaraq "Qədim türk Oğuz yurdu Oxud" adı altında çap edilərək oxuculara çatdırılmışdır.

Əsl varisliyi keçmişin qorunmasında və gələcək nəsillərə çatdırılmasında axtaran alim "Şəki ipəyi uzaq karvan yollarında" adlı dəyərli bir əsər yazmışdır. Əsərin nəşri Z.Əlizadəni təkcə geoloq-mineroloq sahəsini mükəmməl bilən alim kimi deyil, həmçinin qədim tarixi olan ipəkçiliyi, onun sirlərini dərindən, hətta ipəkçilərin özlərindən belə dəqiq bilən bir mütəxəssis kimi də tanıtmağa əsas vermişdir. İpəkçilikdə folklor örnəkləri ilə bağlı tədqiqatçının düzgün elmi mülahizələri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun folklorşünas alimləri, xüsusilə respublikamızın görkəmli ədəbiyyatşünas alimlərindən olan akademik Bəkir Nəbiyev tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq elmi toplu olan "Folklor və etnoqrafiya" jurnalında nəşr edilmişdir.

Şəki folklorunun öyrənilməsində Zəkəriyyə müəllimin xidmətləri böyükdür. Alimi insan fəaliyyətinin bütün sahələri dərindən düşündürür. Onun təklifi ilə Elmi Mərkəzin "Folklorşünaslıq və el sənətləri" laboratoriyasının əməkdaşları aktual mövzu olan "Qadın və folklor" mövzusu üzərində işləmiş, çoxlu sayda nağıl, bayatı, əfsanə, lətifə, rəvayət, alqış, qarğış və s. toplanılaraq laboratoriyanın arxivinə daxil edilmişdir. Əməkdaşlar tərəfindən Şəki dialektinə xas olan 2000-ə qədər arxaik söz toplanılaraq sistemə salınmışdır.

Zəkəriyyə müəllim mütaliə süzgəcindən keçirdiyi hər bir nəşrə xüsusi həssaslıqla yanaşır, onun dilimizə tərcümə edilərək nəşr olunmasına çalışır. Məhz mərkəz tərəfindən çap edilən "Dahilərin ömür yolu" və "Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri" adlı əsərlər alimin 2010-cu ildəki uğurlarındandır.

Şəki Regional Elmi Mərkəzi Geologiya İnstitutu ilə birlikdə "Azərbaycan ərazisinin müasir geodinamikası və seysmik təhlükə (GPS, Seysmoloji və geofiziki məlumatlar əsasında)" mövzusunda elmi-tədqiqat işində iştirak edir.

Bu günlərdə görkəmli elm xadiminin 75 yaşı tamam olur. Tanınmış söz sərrafları onun xalqa və elmə həsr olunmuş ömrünü "yanan şamın nağılı"na bənzədirlər. Alimə ömrünün gələcək illərini də belə yaşamağı arzu edirik!

 

 

Arif HƏŞİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

birinci vitse-prezidenti, akademik

 

Azərbaycan.- 2011.- 4 fevral.- S. 6.