İlmələnmiş naxışlarda zamanın və rənglərin harmoniyası

 

Xalçaçılıq sənətində xalqımızın tarixi keçmişi, mədəniyyəti və məişəti, bir sözlə, həyat tərzi yaşayır. Bu mənada xalçaçılıq digər sənət növlərindən xüsusilə fərqlənir. Xalçaçıların barmaqlarında düyünlənən naxışlar ilmələrin dili ilə açılır-bükülür. Bu sirlər və möcüzələr dünyasından ilk növbədə xalçaçı nənələrimiz soraq verib, təkcə duyğulu könülləri ilə deyil, zərif, incə barmaqlarından sığal tapan, min bir çalarlı naxışlarla. Xalq tətbiqi sənətlərindən biri kimi xalçaçılığın xüsusi əhəmiyyət daşıması və gəncliyin onu layiqincə və yeni nəfəs verməklə yaşatması da məhz bu amilə söykənir.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Xalçada yeni nəfəs" adlı sərginin keçirilməsində də məqsəd məhz mədəniyyətlərarası dialoqda xalçanın roluna və qədim ənənələrə malik bu sənətə gənclərin münasibətini nümayiş etdirmək idi.

Sərgidə olan sənət əsərləri bir daha təsdiq etdi ki, gənclərimiz xalçaçılığı öyrənmək və qorumaqla yanaşı, ona yeni nəfəslər vermək barədə də ciddi düşünürlər. Söhbət, təbii ki, yaradıcı gənclikdən gedir. Bu da xalça sənətinin zənginliyini göstərir. Tədbiri muzeyin direktoru Röya Tağıyeva açaraq sərgi iştirakçılarının nəzərinə ötən il Azərbaycan xalçasının YUNESKO-nun qeyri-maddi irs siyahısına düşməsini çatdırdı və bu işdə Heydər Əliyev Fondunun göstərdiyi dəstəyi xüsusi qiymətləndirdi.

Sərgidə nümayiş etdirilən eskizlərdə dünyanın ən müqəddəs varlığı olan ananın övladına məhəbbəti, həmçinin insanların gündəlik həyatının müxtəlif məqamları öz əksini tapıb. Gənc rəssamlar eyni zamanda öz əsərlərində qədim adət-ənənələrimizi, əyləncə növlərini də ilmələnmiş naxışlarla nümayiş etdirdilər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının III kurs tələbələrindən Leyla Vazehinin, Yuliya Ələkbərovanın, Ayturan İbrahimovanın, Nərmin Əliyevanın, Əli Məşədi Qafarlının, Elvira Hüseynovanın, İnci Səfərəliyevanın 28 adda, eskizlərdən ibarət, xalçaçılıq sənətinin incəlik və zərifliyini özündə əks etdirən "Günəşin doğması", "Analıq", "Cənnət bağı", "Baharın müjdəsi", "Sevgi nəğməsi", "Qarşılıqlı sevgi", "Tək qol", "Ov əhvalatı", "Vidalaşma", "Gənclik nəğməsi", "Xəzanın səsi", "Yeni nəfəslər", "Kilim", "Quşların rəqsi", "Bulud", "Ritm", "İki yol", "Nəlbəki gül", "Ellərin bayramı" və başqa əsərləri sərgiyə gələnlərin diqqətini daha çox cəlb etdi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimlərindən xalq rəssamı Ağaəli İbrahimov, Məmmədhüseyn Hüseynov, Natiq Səfərov, Tariyel Bəşirli və Əkbər Nağıyev bu sərginin təşkili və keçirilməsində L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi kollektivinin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, gənc xalçaçı rəssamların əsərlərindəki möcüzələrlə dolu incəliklərdən söz açdılar.

Daha maraqlısı isə gənc xalçaçı rəssamların əsərlərinin bir qismində insan hisslərinin rəng çalarları vasitəsilə fəsillərə bənzədilməsi idi.

Xalılarda istifadə edilən hər rəngin öz mənası var. Orada hər soyuq gecənin ardınca doğan günəşin hərarətini duymaq çətin deyil. Gənclərin müxtəlif rəng və zəngin naxışlı eskizlərində insanların həyatda hər an qarşısına çıxa biələcək iki yoldan birini seçmə haqqı kimi mürəkkəb mövzuların da unudulmadığı qeyd edildi.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 7.