Azərbaycanın xalq artisti
ABŞ-ın "Fulbrayt-Heys" təqaüdü laureatı
adına layiq görülmüşdür
Tanınmış Azərbaycan bəstəkarı, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanov Amerika Birləşmiş Ştatlarının "Fulbrayt-Heys" təqaüdü laureatı adına layiq görülmüşdür.
Xalq artisti bu mükafata məşhur Amerika pianoçusu və bəstəkarı Corc Gerşvinə (1898-1937) həsr etdiyi skripka ilə simfonik orkestr üçün 6 nömrəli "Cazsayağı" konsertinə görə layiq görülmüşdür.
C.Gerşvin öz yaradıcılığında simfonizm və caz elementlərinin prinsiplərini növbələşdirmişdir. Onun zənci həyatından bəhs edən süjet əsasında yazdığı "Porgi və Bess" operası və "Blüz tonlarında Rapsodiya"sı böyük şöhrət qazanmışdır.
Tofiq Bakıxanovun skripka ilə simfonik orkestr üçün 6 nömrəli konserti bəstəkarın palitrasında yeni boyaların yaranması ilə səciyyələnir.
T.Bakıxanovun bu əsərinin partiturası və klaveri ABŞ-ın Azərbaycandakı səfirliyinin qismən maliyyə dəstəyi ilə "Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzində Azərbaycan, rus, ingilis dillərində işıq üzü görmüşdür.
Azərbaycan.- 2011.-4 fevral.- S. 7.