AMEA Rəyasət Heyətində Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildirmişlər ki, AMEA Rəyasət Heyətində Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Görüşdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

Akademik bu əlaqələrin genişlənməsinin, informasiya əsrində əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, inkişaf perspektivlərinin təyin olunmasının mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu qeyd etmişdir.

M.Kərimov AMEA-nın institut və təşkilatları, ötən il yaradılmış Elmin İnkişafı Fondu və digər qurumların fəaliyyəti haqqında qonaqlara məlumat vermişdir. Qloballaşma proseslərinin geniş vüsət aldığı dövrdə Azərbaycan elminin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmasının əhəmiyyətini vurğulayan alim bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən layihə və proqramlardan danışmışdır.

Görüşdə ölkələrimiz arasında elm və təhsil sahəsində davamlı əlaqələrin inkişafı, birgə elmi mərkəzlərin yaradılmasına dair layihələrin hazırlanması və digər məsələlər müzakirə edilmiş, beynəlxalq səviyyəli tədbirlərdə alim və mütəxəssislərin iştirakının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, tarixi həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb edən tarix və arxeologiya sahəsində birgə tədqiqatların aparılmasının, elmi muzeylər şəbəkəsinin yaradılmasının vacibliyi qeyd olunmuşdur.

Professor Giuli Alasaniya ölkələrimiz arasında elm və təhsil əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirilmişdir.

 

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 7.