İtən vaxt tapılmaz

 

"Vaxt" mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, "Bir vaxt cavan idim", "Vaxtdır, gəlini gətirək", "Vaxt gələr məni xatırlayarsan", "Vaxtsız gələn qonaq kisəsindən yeyər" və s. Vaxt həm də qızıldan qiymətlidir - deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu "qızıl"ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.

Vaxtla bağlı o qədər müdrik deyimlər, atalar sözləri, ifadələr var ki, sayı-hesabı bilinməz: "Vaxt itdi, baxt bitdi", "Vaxt atlı, biz piyada", "Vaxtı boş olanın sözü çox olar", "Vaxtın qiyməti yoxdur", "Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar", "Vaxtsız açılan gül tez solar", "Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz", "Vaxt insana hər şeyi öyrədir", "Vaxtı itirsən hədər, görərsən böyük zərər" və s. Məsləhət və tövsiyələrdə də vaxtın qədrini bilməklə bağlı xeyli sayda mənalı deyimlər var: "Qocalığa cavanlıqdan hazırlıq aparmaq lazımdır", "Vaxt olacaq ömür yetəcək başa, hörmət qoy hamıya, hörmətlə yaşa".

Keçirilən bütün rəsmi tədbirlər, iclaslar, simpoziumlar, eləcə də mərasimlər, toylar, ad günləriE müəyyən zaman kəsiyində baş tutur. Bütün marşrutlar - istər yerdə olsun, istər havada, suda - vaxta, zamana görə müəyyən edilir. Yəni, udduğumuz hava, içdiyimiz su, yediyimiz çörək, ümumiyyətlə, yaşadığımız həyat, bir sözlə, hər bir şey vaxta bağlıdır. Hara çağırılırıqsa, bizə göndərilən dəvətnamələrdə məhz müəyyən vaxt göstərilir. Başlanılacaq tədbirin, mərasimin saatı qeyd edilir. Amma gəlin görək biz bu qızıldan qiymətli vaxtın qədrini həqiqətən də bilirikmi?

Azərbaycanda bəlkə də yeganə olaraq ölkə rəhbərliyinin iştirak etdiyi rəsmi tədbirlər, beynəlxalq konfranslar öz vaxtında başlayır. Çünki heç zaman Prezident bu tədbirlərə gecikmir, vaxtında gəlir. Amma hansısa bir nazirliyin, qurumun keçirdiyi iclasın, toplantının başlanma vaxtı saat 19.00 göstərilsə də, 20.00-da ya başlaya, ya başlamaya! İştirakçıların əksəriyyəti gəlsə də, gözləmək məcburiyyətində olur. İtən vaxt heç kəsin vecinə deyil. Halbuki bir dəqiqəlik gecikmənin həyat bahasına başa gəldiyi dəfələrlə qeyd edilib. Bu mənada şadlıq saraylarında keçirilən toylarda da vaxt ən dəyərsiz şeyə çevrilib. Dəvətnamədə toyun başlanma vaxtı 18.00 yazılsa da, 20.00-da, 20.30-da, bəzən də 21.00-da başlanır. Gəlinlə bəyi boş salona gətirməmək üçün onlar restoranın həyətində saatlarla maşında əyləşib toy adamlarının toplanmasını gözləyirlər. Bu yaxınlarda Bakıdakı şadlıq saraylarının birində baş verən xoşagəlməz hadisə də məhz vaxta əməl etməməyin acı nəticəsidir. Bəylə gəlini maşından düşməyə qoymayıblar ki, hələ salon boşdur. Bir neçə dəqiqədən sonra isə geyimli-kecimli, boynu qalstuklu bir nəfər cütlüyə yaxınlaşaraq "üzüklərinizi verin, içəridə nikah qeyd ediləndə sizə təqdim olunacaq" - deyib. Beləliklə, üzükləri alıb qeyb olan insanı nikah vaxtı tapmaq müşkülə çevrilib. Məlum olub ki, bəylə gəlindən üzük istəyən fırıldaqçı imiş.

Tələbəlik illərində sözü bir yerə qoyaraq dərsdən qaçmışdıq. Müəllimi çox sevdiyimizdən bəzilərimiz dəhlizdə dayanaraq nəticədən xəbər tutmaq istəyirdik. Mühazirə oxuyacaq professor auditoriyadan çıxmadı. Maraq bizi götürdü. Qapıya yaxınlaşıb baxdıq ki, o, boş auditoriyaya mühazirə oxuyur. Onun bu hərəkəti bizə çox ağır təsir etdi. İçəri daxil olub üzr istədik. Halını pozmayaraq dedi: "Dövlət mənə pul verir. Mən vaxtımı boş keçirə bilmərəm. Bu saatda mühazirə oxumalıyam, oxuyuram da. Eşidən qazanır, eşitməyən itirir. Mən vəzifəmi yerinə yetirirəm, vaxtımı itirmirəm. Siz həm vəzifənizi yerinə yetirimirsiniz, üstəlik də, vaxtınızı itirirsiniz. İtən qızılı tapmaq olar, vaxtı isə yox".

Qulağımızda sırğa oldu bu sözlər... Sanki nadincliyimiz də o gündən sonra yoxa çıxdı. Böyük alman şairi Höte deyirdi: "Faydasız həyat vaxtsız ölümə bərabərdir". Onsuz da bu dünya fanidir. Qiymətli günlərimizin, ömrümüzün qədrini bilək. Hər şeydən üstün olan vaxtın boş yerə qanadlanıb getməsinə yol verməyək. Hər hansı məclisə gecikməyənin nə günahı var ki, onun vaxtını öldürəni gözləmək məcburiyyətində qalsın?! Böyük Səməd Vurğunun çox məşhur misrasıdır: "Ötməsin yel kimi vaxt üstümüzdən".

Vaxtın da qədrini gərək vaxtında biləsən. İtirəndən sonra heyifsilənməyə dəyməz. Bu itmiş vaxtlar isə təkcə ömür aparmır. Uğurları, qazancları, neçə-neçə mənalı, gərəkli işləri həyatımızdan yox edir. Hətta müharibələrdə də bu prinsipə əməl edilməlidir. Görkəmli sərkərdələrdən birinin sözüdür: "Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür". Çünki gecikəndə hədəf də itir.

Bu gün Bakıdakı şadlıq saraylarından tutmuş konsert salonlarına qədər öz vaxtında başlanan tədbirə çox az təsadüf edilir. İnsanlar, elə bil ki, bu vaxt itkisinə öyrəniblər. Bir kimsənin də yadına düşmür ki, bu qənimət ömür vaxtlara bölünərək hədər gedir. Gileylənənlər, narazılıqla başlarını tərpədənlər də olur. Amma vəziyyət dəyişməz qalır. Sanki bunun "acığı" mərasimin sonunda alınır. Toylarda axıra, adətən, toy sahibləri və yaxın qohumları qalır, tədbir və iclaslarda çıxış edənlər tribunadan sonra oturacağa sarı yox, qapıya tərəf gedirlər. Konsert salonlarında isə əməlli-başlı qarışıqlıq düşür. Pərdə enməmiş, səhnədə nümayiş etdirilən proqram başa çatmamış tamaşaçılar ayağa qalxaraq basabasla qarderoba tələsirlər.

Doğrudan da, hər şey vaxtında gözəldir. Dəqiqlik həm də mədəniyyətdir! Hər kəs buna özlüyündə əməl etsə, nə əvvəldə gözləyən çox olar, nə axırda qaçan! Əslində, həyat nə tamaşadır, nə də bayramdır. Həyat çox çətin dərsdir! Bu dərsin sınaqlarından uğurla çıxmaq üçün isə vaxtımızın qədrini bilməliyik! Öz vaxtımızın dəyərini saxlamaq üçün ilk növbədə, başqalarının da vaxtının boş getməməsinə hörmətlə yanaşmalıyıq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 7.