Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaradılmasının 5 illiyi
qeyd edilmişdir
2006-cı il fevralın
6-da dövlət başçısının
fərmanına əsasən
Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
(AQUPDK) yaradılmışdır. Ötən illərdə ölkə rəhbərliyinin
komitəyə daimi diqqəti nəticəsində
ayrılan büdcə vəsaitləri
dəfələrlə artmış,
11 Uşaq və Ailələrə Dəstək
Mərkəzi bu qurumun balansına verilmişdir. AQUPDK-nın
yaradılmasının 5 illiyi
ərəfəsində əməkdaşların
bir qrupunun "Dövlət qulluğunda fərqlənməyə görə"
medalı ilə təltif olunması komitənin fəaliyyətinə
verilən ən yüksək qiymətdir.
Bu fikir fevralın
4-də Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaradılmasının 5 illiyi
münasibətilə keçirilən
tədbirdə qeyd edilmişdir. Tədbirdə
dövlət və hökumət qurumlarının
nümayəndələri, Milli Məclisin deputatları iştirak etmişlər.
Komitənin sədri Hicran Hüseynova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini
yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, Mehriban xanım Əliyeva ölkəmizin ictimai həyatında müstəsna
rol oynayan şəxsiyyət kimi qadınlarımızın hüquq
və imkan bərabərliyinin genişləndirilməsi,
gender balansının
qorunması və daha da möhkəmləndirilməsi,
uşaqların etibarlı
müdafiəsinin təmin
olunması prosesinə layiqli töhfələr verir. Bu gün Heydər
Əliyev Fondu ölkəmizdə ailə,
qadın və uşaq problemlərinin həllinə böyük
qayğı ilə yanaşır. Bu istiqamətdə atılan
addımlar sırasında
"XXI əsrdə qadınlara
qarşı zorakılıq
əleyhinə" birgə
layihə xüsusi yer tutur. Məhz
Mehriban xanım Əliyevanın təşəbbüsü
və fəal dəstəyi sayəsində
"Məişət zorakılığının
qarşısının alınması
haqqında" Qanun Milli Məclis tərəfindən qəbul
edilmişdir.
Qeyd edilmişdir ki, ötən dövrdə komitə tərəfindən ictimaiyyətin
müsbət rəyinə
səbəb olan ciddi işlər görülmüşdür. Bu
müddətdə komitəyə
daxil olmuş altı mindən artıq müraciətin, demək olar ki, hamısı nəzarətə götürülmüş
və onların bir çoxu həllini tapmışdır.
AQUPDK ailələrlə bağlı
dövlət siyasətinin
təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər
həyata keçirmişdir.
Ailələr haqqında
toplanmış məlumatlara
əsasən respublika
üzrə statistik məlumat bazası yaradılmışdır. Həyata
keçirilən tədbirlər
sırasında qadın
hüquqlarının təmin
edilməsi, bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur.
Bu gün Azərbaycanda
qadınların qərar
qəbuletmədə və
hakimiyyət orqanlarında
iştirakı da getdikcə artmaqdadır. Ümumilikdə Milli Məclisin 125 deputatından
iyirmi nəfəri qadındır. Bələdiyyə
orqanlarında qadınların
təmsilçiliyi 4 faizdən
26,5 faizə çatmışdır.
Komitə
uşaqların müdafiəsinin gücləndirilməsi,
onların hüquqlarının təmin edilməsi
sahəsində fəaliyyətin əlaqələndirilməsi
məqsədi ilə bir sıra tədbirlər həyata
keçirir. Uşaqlarla bağlı geniş tədbirlər
proqramı reallaşdırılır. Komitə
tərəfindən Uşaq məlumat bazasının
yaradılması istiqamətində iş artıq başa
çatmaq üzrədir. Uşaqlarla bağlı internet-portal
da yaradılmışdır.
Milli Məclisin
deputatları Qənirə Paşayeva, Jalə Əliyeva və
digər çıxış edənlər komitənin
fəaliyyətini yüksək qiymətləndirmişlər.
Qeyd edilmişdir ki, bu qurum respublikada ailə, qadın və
uşaq problemləri sahəsində dövlət siyasətini
həyata keçirir. Gender bərabərliyinin təmin
edilməsi komitənin əsas fəaliyyət
istiqamətlərindən biridir. Ötən dövrdə
qadın problemləri və gender məsələləri
üzrə qəbul olunmuş dövlət proqramları
komitə tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan.- 2011.- 5 fevral.- S. 2.