Professor Giuli Alasaniya: "ADU-da gürcü dilinin tədrisi təhsil və əməkdaşlıq
sahəsində böyük
nailiyyətdir"
Fevralın
4-də Gürcüstan Prezidenti
Mixeil Saakaşvilinin anası, Gürcüstandakı
Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycan Dillər
Universitetində (ADU) bu
ali təhsil ocağının rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidovla görüşmüşdür.
Görüşdə ölkələrimiz
arasında təhsil sahəsində əlaqələrin
mövcud vəziyyəti
və bu sahədə əməkdaşlığın
inkişafı yolları
müzakirə olunmuşdur.
S.Seyidov rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin qazandığı
uğurlar, burada son dövrlərdə açılmış fakültə
və şöbələr,
dil mərkəzləri
haqqında qonaqlara məlumat vermişdir. ADU-da bir çox xarici dillərin tədris olunduğunu, tələbələrin bu
dilləri mənimsəməklə
yanaşı, həmin
dilin daşıyıcısı
olan xalqların tarixini, mədəniyyətini
öyrəndiklərini qeyd
edən S.Seyidov universitetdə Qafqaz dilləri şöbəsinin
fəaliyyət göstərdiyini
və burada gürcü dilinin öyrənildiyini vurğulamışdır.
Rektor bildirmişdir ki, şöbənin açılmasında
əsas məqsəd yalnız dillərin öyrədilməsi deyil,
həm də həmin dillərin mənsub olduğu xalqların mədəniyyətini,
adət-ənənələrini, tarixini dərindən bilən mütəxəssislər
yetişdirməkdir. Hazırda Prezident
İlham Əliyevin apardığı məqsədyönlü
siyasət nəticəsində
Azərbaycan ilə Gürcüstan arasında
uğurlu siyasi və iqtisadi əməkdaşlığın bərqərar olduğunu diqqətə çatdıran
S.Seyidov bu münasibətlərin təhsil
sahəsində də
inkişaf etdirilməsinin
vacibliyini vurğulamış, ADU-da keçirilən görüşün
bu sahədə mühüm rol oynayacağına əminliyini
ifadə etmişdir.
Professor G.Alasaniya ölkəsinin Azərbaycanla
bir çox sahələrdə əməkdaşlıq
etdiyini, təhsil sahəsində də qarşılıqlı münasibətlərin
dərinləşdirilməsinin vacibliyini vurğulamışdır.
ADU-da gürcü dilinin tədrisinin təhsil və əməkdaşlıq sahəsində
böyük nailiyyət
olduğunu söyləyən
G.Alasaniya universitetin təşəbbüsünü müsbət qiymətləndirmiş,
kollektivə uğurlar
arzulamışdır.
Sonra qonaqlar ADU-nun informasiya resurs kompleksi, müxtəlif dil mərkəzləri ilə
tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2011.-5 fevral.- S. 2.