Azərbaycanın xarici işlər naziri Münxen konfransında iştirak edir
Fevralın 4-də Münxendə
təhlükəsizlik siyasətinə
dair növbəti üçgünlük konfrans
işə başlayır.
Konfransda Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
iştirak edir.
Münxen konfransı
1962-ci ildən etibarən
siyasi xadimlərin, yüksək vəzifəli
diplomatların, hərbçilərin
və beynəlxalq təhlükəsizlik sahəsində
ekspertlərin hər il keçirilən görüş yeridir. Dünyanın ən mühüm
qeyri-formal forumlarından
biri sayılan Münxen konfransında beynəlxalq münasibətlərdə
qüvvələr tarazlığına
dair aktual siyasi problemlər, beynəlxalq hüquq və demokratik dünya nizamı sisteminin möhkəmləndirilməsi
məsələləri müzakirə
olunur. Hər il Münxendə
350-dən çox konfrans
iştirakçısı təhlükəsizlik
siyasəti ilə bağlı fikir mübadiləsi aparır,
aktual beynəlxalq problemlərə dair baxışlarını uzlaşdırır.
Forumda konkret qərarlar, işin yekunlarına dair hətta birgə rəsmi məlumat qəbul olunmasa da, Münxen konfransı fəaliyyət
göstərdiyi illərdə
aktual siyasi-iqtisadi problemləri həll edən əhəmiyyətli
beynəlxalq foruma çevrilmişdir. Ekspertlərin
fikrincə, təhlükəsizlik
məsələləri üzrə
Münxen konfransı beynəlxalq siyasət üçün ümumdünya
Davos forumunun iqtisadiyyat üçün
daşıdığı əhəmiyyəti
daşıyır. Məhz
buna görə onu bəzən Münxen Davosu adlandırırlar.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Münxen
Azərbaycan.- 2011.-5 fevral.- S. 2.