Erməni yalanı: etnik "özünüifadə"nin antihumanitar formulu
Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı
mövsümü" əsərini oxuyarkən
Cənubi Qafqaz
kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini
layiqincə müdafiə edən Azərbaycanın yeni
dünya nizamının reallıqlarına cavab verən
tarazlı xarici siyasətinin uğurlarını təmin edən
mühüm amillərdən biri "hücum
diplomatiyası"dır. Bir vaxtlar dünya
informasiya məkanına çıxış imkanları son dərəcə
məhdudlaşdırılan, haqq səsi eşidilməyən
respublikamız üzləşdiyi ədalətsiz blokadanı
yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq yönümündə yaxşı imkanlar
qazanmışdır.
"Biz
müdafiədə deyil, hücumda olmalıyıq!" deyən
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı həqiqətlərin beynəlxalq aləmə
çatdırılmasını,
işğalçının müxtəlif səviyyələrdə
ifşasını, bədnam erməni lobbisinə qarşı
effektiv əks-hücumun təşkilini vətəninə
bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi
sayır.
Möhtərəm Prezident hələ AMEA-nın 2005-ci ilin
dekabrında keçirilmiş 60 illik yubileyində ermənilərin
bədnam təbliğatına qarşı tutarlı əks-hücumun
təşkilinin elmi ictimaiyyətin başlıca vəzifələrindən
biri olduğunu vurğulamışdır: "...Bu gün Azərbaycanı
sadəcə olaraq ləkələmək mümkün
deyildir. Ona görə ermənilər yeni bir
taktikaya əl atıblar. O da ondan ibarətdir ki, yaxın
və keçmiş tarix təhrif olunsun, Dağlıq
Qarabağ münaqişəsinin səbəbi təhrif olunsun,
Azərbaycan təcavüzkar bir ölkə kimi təqdim
edilsin. Eyni zamanda, bizim uzaq tariximiz təhrif
olunur. Misal üçün, Azərbaycanda
heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın
ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəlmişlər.
Keçən əsrin 70-ci illərində orada
onların gəlişini əks etdirən bir abidə
qoyulmuş, ermənilərin Qarabağa gəlişinin 150
illik yubileyi qeyd olunmuşdu. Ancaq bizdən başqa bunu az adam bilir".
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin bir müddət əvvəl çapdan
çıxmış "Gorus-2010: absurd teatrı
mövsümü" kitabının bədnam erməni təbliğatına
qarşı ilk fundamental, sanballı tədqiqat əsəri
kimi dəyərləndirilməsi, hər bir Azərbaycan vətəndaşının
böyük maraqla qarşılaması təsadüfi deyil. Bu maraq ilk növbədə onunla səciyyələnir
ki, əsərdə ermənilərin uzun illər ərzində
səsləndirdikləri iftiralara sistemli, ardıcıl elmi
yanaşma ilə cavab verilir. Eləcə də
bədnam qonşularımızın cəfəng
iddialarının təkcə tarixi, siyasi, coğrafi,
antropoloji baxımdan deyil, müasir geosiyasət və beynəlxalq
hüquq normaları baxımından da əsassızlığı
sübuta yetirilir.
Zəngin tarixi sənədlərə,
təkzibolunmaz etnoloji fakturaya, milli gerçəkliyin siyasi
özünüifadəsinin fəlsəfi modelləşdirilməsinə
əsaslanan "Gorus - 2010: absurd teatrı
mövsümü" əsəri meydana gəlmə impulsunu
tarixin ironiyası ilə Cənubi Qafqazda birgə
yaşamağa "məhkum olduğumuz" bədnam
qonşularımızın siyasi "elitasının"
növbəti patologiyasından götürür. Müəllif
əsər boyu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda
erməni diasporunu təmsil edən jurnalistlər
qarşısında verdiyi açıqlamaların
reallıqdan tamamilə uzaq olduğunu, "absurd
teartı"na bənzədiyini yazır:
"Biz 2010-cu il oktyabrın 16-da erməni absurd
teatrının səhnəsində növbəti
tamaşanın şahidi olduq. Bu dəfə
tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus
şəhərində göstərilirdi.
Tamaşanın baş qəhrəmanı hansısa sıravi
artist deyil, Ermənistan prezidenti Serj Sarkisyanın özü
idi - bəli, 1992-ci ilin fevralında Xocalı
soyqırımının, Dağlıq Qarabağın və
ona bitişik ərazilərin azərbaycanlı əhalisinə
qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından
biri olmuş Serj Sarkisyan. Bu dəfə
özünü akademik kimi göstərməyə
çalışan prezident teatr səhnəsindən
bütün elm aləmini tarix elmində "yeni kəşflər"lə
heyrətləndirməyi qərara almışdı. Erməni
diasporunu təmsil edən jurnalistlər qarşısında
Sarkisyanın çıxışının "şedevrləri"ndən
biri ondan ibarət idi ki, guya "tərkibində bircə nəfər
də erməni olmayan genetik və linqvist alimlərin
"hansısa böyük bir qrupu" uzun müddət
mürəkkəb bir tədqiqat aparmışdır. Son nəticələrə görə, erməni
dilinin, ən azı, səkkiz minillik tarixi vardır. Bu o deməkdir ki, biz bir millət kimi ən azı, səkkiz
min ildir mövcuduq".
Tarixi yaddaşda qanlı izlər
buraxan erməni vandalizmini "Gorus - 2010: absurd teatrı
mövsümü" əsərində bir daha xatırladan
akademik Ramiz Mehdiyev əsas diqqəti elmə və dünyaya məlum
olan faktların sadalanmasına yox, özünü bu
faktların düzümündə reallaşdıran erməni
milli düşüncəsinin yalnız "absurd"
sözü ilə səciyyələndiriləcək mahiyyətinə
yönəltmişdir. Əsərdə hər
hansı reallığa düzgün münasibətin onun
adekvat dərkindən keçməsi haqqındakı ümumfəlsəfi
tezisi işlək prinsip kimi götürən müəllif
dünyaya erməni siyasətinin əsl mahiyyətini göstərməyə,
məkrli hədəf və məqsədlərini
aşkarlamağa çalışmış və buna nail
olmuşdur.
Əsərdə isbat edilir
ki, qədim tarixi kökləri aşkara çıxarmaqla
özünütəsdiqə can atma hər bir xalqın milli
özünüyaşatma üsullarından biri olduğu halda,
bu humanitar yaşam formulu "erməni"
etnofakturasının nümunəsində öz etnik
varlığını hər cəhdlə qədimləşdirmək
yolu ilə etnik üstünlüyə can atma kimi irqçi
yaşam üsuluna qədər inkişaf etdirilmişdir.
Zamanla erməni xalqını mədəni dünya ilə
münasibətlərdə faciəvi duruma salan bu
özünüifadə formulu təkcə çağdaş
erməni siyasəti üçün xarakterik olmayıb, erməni
"tarixinin" bütün dönəmləri
üçün aktuallıq kəsb etmiş, həm də
sivil dünyanı zaman-zaman erməni antihumanitar yaşam
formulunun onun milli sistemi səviyyəsində hərəkətə
gəlməsindən özünü qorumağa məcbur
etmişdir.
Akademik Ramiz Mehdiyev 2010-cu il
oktyabrın 16-da Gorus şəhərində Ermənistanın
"birinci şəxsi" - prezident Serj Sarkisyanın dilindən
səslənən və mədəni dünya kriteriyaları
baxımından yalnız "absurd" kimi dəyərləndirilə
biləcək "erməni həqiqətlərini" məhz
erməni antihumanitar özünüifadə formulunun növbəti
təzahürü kimi qiymətləndirərək yazır:
"Ermənistanı tarixin saxtalaşdırılması məsələləri
üzrə dəyişməz dünya çempionu
adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri
yoxdur. Öz tarixlərini "qədimləşdirməyə"
və hər vasitə ilə öz xalqını
qonşuların ermənilərin xoşuna gələn ərazilərinə
"bağlamağa" çalışan erməni müəlliflər
bəzən özləri də bilmədən gülünc nəticələr
çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən
yapışır və yüksək tribunalardan
çıxış edərkən utanıb-qızarmadan həmin
nəticələri elmdə hamılıqla qəbul
edilmiş "aksiomlar" kimi qələmə verirlər".
"Gorus-2010:
absurd teatrı mövsümü" əsəri bizə həm
də ermənilərin xüsusilə, Cənubi Qafqazda
yeritdikləri milli siyasətin bütün
reallıqlarını təsəvvür etməyə imkan
verir. Ermənilər
Qafqaz coğrafi-etnik məkanında (ümumən: qovularaq gəldikləri
bütün məkanlarda) "göründükləri"
andan onun mənəvi mədəniyyət tarixini
düşünülmüş şəkildə dəyişdirmək
- erməniləşdirmək üçün var gücü
ilə çalışmışlar. Bunun
başlıca səbəbi dünya humanitar-etnik normaları ilə
daim problemləri olan ermənilərin qədəm
qoyduqları hər bir yeni məkanda, o cümlədən
Qafqazda yad etnos olmalarıdır. Bütün bunlara təkzibolunmaz
elmi dəlillərlə münasibətini açıqlayan
akademik Ramiz Mehdiyev yazır: "Ermənilər antropoloji
baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz
xalqları üçün xarakterik olan antropoloji tipə
uyğun gəlmirlər. Aparılmış
antropoloji tədqiqatlara əsasən deyə bilərik ki,
tarixi Azərbaycanın qərb hissəsinin əhalisi
bütün dövrlərdə (eneolitdən
başlamış müasir dövrə qədər) Azərbaycanın
qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə
bağlı aşkar edilmiş ən qədim antropoloji
tapıntılar yalnız XVII əsrə aiddir və yalnız
Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir.
Onlar bir sıra əlamətlərə (kəllə
qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki
paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir
və yeni etnik komponentdirlər. Ermənilərin
diş-çənə sisteminin təhlili də onların
Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət
edir".
Milli yadlıq və milli yaddaş oppozisiyası
Akademik Ramiz Mehdiyev
yuxarıdakı fikri ilə bir etnos kimi bütün tarix və
məkanlar boyunca erməniləri eyni mentalitet normalarında təsdiq
edən özünüifadə formulunun funksional mahiyyətini
aşkarlamağa nail olmuşdur. Bu,
"yadlıq"la "yaddaş"ın ilk baxışdan
görünməyən əbədi oppozisiyasıdır.
Hər bir sistemin yaddaşı ona daxil olmağa
çalışan yad elementi antisistem ünsürü kimi
inkar edir: "yad" olanın strukturu
"yaddaşın" strukturuna uyğun gəlmədiyi
üçün yadla yaddaş arasında oppozitiv münasibətlər
yaranır. Yad element yaddaşın strukturunu
dağıdıb, onu özünə
uyğunlaşdırmağa çalışır. Yaddaş da sistemi yaşatmaq üçün
özünü qorumağa çalışır. Bu cəhətdən
erməni-türk oppozisiyasının "Gorus - 2010: absurd
teatrı mövsümü" əsərində təhlil və
təqdim olunan etnofəlsəfi mahiyyəti
aşağıdakı "tezislərdən" ibarətdir:
- erməni
xalqı mövcud olduğu etnocoğrafi sistemə - Qafqaza gəlmə
olduğu üçün yad elementdir;
- Azərbaycan xalqı
mövcud olduğu etnocoğrafi məkanın üzvi tərkib
hissəsi olduğu üçün tarixi yaddaşın
yaşadıcısı, qoruyucusudur;
- milli
yadlıqla milli yaddaşın oppozisiyası erməniləri həmişə
olduğu kimi, Qafqazda da turk milli yaddaşının amansız
düşməninə çevirmişdir.
Əsərdə Azərbaycanın
tarixi ərazilərini özününküləşdirməyə
çalışan ermənilərin toponimlərlə
bağlı saxtakarlıqları da diqqətdən kənarda
qalmır: "Əvvəllər Azərbaycana (məhz Azərbaycana!)
məxsus olmuş İrəvan
xanlığının ərazisində yüzlərlə
toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda
yaşamış Azərbaycan türklərinin izlərini məhv
etmək məqsədilə adları dəyişdirilərək
onlara erməni adları qoyulmuşdur. Bizim dildə
mənası olan bu toponimlərin erməni dilində heç
bir mənası yoxdur. Bu toponimlər haraya
yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin
tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən
Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı
(Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə
(Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar
(Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli
(Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor),
Üç Müədzin (Eçmiədzin), Alagöz
(Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və
yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri
üçün yüzlərlə yeni "vararakn"lar icad
edəcəklər. Az qala, Nuh əyyamından
qalmış yeni "qədim erməni" adlarının
guya qeydə alındığı saxta "salnamələr"
üzə çıxacaqdır. Elə həmin
laboratoriyalar işğal edilmiş şəhərlər və
kəndlər üçün yeni adlar fikirləşib
tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri
yüksək tribunalardan çıxış edərək yeni
"vararakn"lar barədə dünyaya car çəkəcəklər".
Erməni
özünüifadə formulunun antihumanitar xarakterinin dəyişməzliyini,
başqa sözlə, "universallığı"nı
xüsusi vurğulayan müəllif göstərir ki,
"...ermənilər artıq Ukraynanın Lvov şəhərinin
də adını dəyişdirərək onu Aryuts
adlandırmaq istəyirlər!"
Milli landşaft və milli yaddaş həqiqəti
"Gorus -
2010: absurd teatrı mövsümü" əsəri erməni
siyasətində Azərbaycan folklorunun XIX əsrdən etibarən
bu günədək davam edən erməniləşdirmə təcrübəsinin
üzərinə də işıq salır. Azərbaycan
folkloruna qənim kəsilən ermənilər neçə əsrdir
ki, milli folklorumuzu hər vəchlə erməniləşdirməyə
çalışırlar. Bunun əsasında
milli yaddaş amili dayanır. Məkrli
qonşularımız yaxşı bilirlər ki, folklor hər
bir xalqın yaddaşıdır: fərd yaddaşı, etnos
yaddaşı, millət yaddaşı və xalq
yaddaşı. Hər bir xalqın
varlığı söz və sənət kodları ilə
onun yaddaşında inikas olunur. Yaddaş
"qalar-qopar" dünyada "gəlimli-gedimli" ritmlə
öz yaşamını gerçəkləşdirən
xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə
qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə
də birbaşa onun yaddaşına müncər olunur. Milli yaddaşda millətin tarixi bütöv
xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin
taleyindən də keçib gələcəyə gedir.
Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli
yaddaşa nə dərəcədə
bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər
içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi
bütövlüyü, ölkə kimi tamlığı və
təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı
şəkildə ayaqda saxlamasından birbaşa
asılıdır.
Akademik Ramiz Mehdiyevin
"Gorus - 2010: absurd teatrı mövsümü" əsəri
sübut edir ki, milli-mənəvi dəyərlərimizin erməniləşdirilməsinin
əsasında həmin dəyərlərdə yaşayan
yaddaşın ermənilərə yadlığı durur. Ona görə də Azərbaycan folklorunda qorunan fərdi
yaddaş, etnos yaddaşı, millət yaddaşı və
xalq yaddaşı sxemlərini bütün səviyyələrdə
erməni etnik koduna uyğunlaşdırmağa
çalışırlar. Onlar bununla Qafqaz
milli landşaftı ilə erməni milli yaddaşı
arasındakı uyğunsuzluğu - oppozisiyanı aradan
qaldırmaq istəyirlər. Lakin milli
yaddaşın daşıyıcısı olan folklor
bütün hallarda milli landşaftın davamı və ifadəsidir.
"Göyçəyə qayıdan yol
folklordan keçir" - deyən akademik Yaşar Qarayevin
yazdığı kimi, "...Xəritəmiz yalnız
folklorumuzda dəyişməyib, bütün qalıb. Kərküklə
və Təbrizlə, Göyçə ilə və
Qarabağla, Dərbəndlə və Borçalı ilə
indi də bir yerdə, bütövdə
yaşadığımız mənəvi məkanın
adı - folklordur... Sehrli və müqəddəs
folklor ərazisindən bir sətri, bir qarışı da
Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xıdır Nəbi...
yada, qəsbkara güzəştə getməyib".
Erməni etnik
elementi Qafqaz milli landşaft sistemi üçün tamamilə
yad elementdir. Yadlığın doğurduğu bu həqiqət
ermənilərdən Qafqazın avtoxton türk milli
yaddaşına hər zaman total-sistemli müdaxilə tələb
edir. Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı
mövsümü" əsəri isə, əslində, ermənilərə
hər bir etnosun milli genetik sxemlərinin bir ilahi yazı
olduğunu, pozulmazlığını sübut edir, tarixin
"qalan vaxtını" antihumanitar erməni formulu əsasında
deyil, ümumbəşəri normalara uyğun yaşamaq, nəticə
çıxarmaq üçün bir şans olduğunu
göstərir.
Milli folklor - milli yaddaş formulunun pozulmazlıq qanunu
"Gorus -
2010: absurd teatrı mövsümü" əsəri onu
oxuyanların hamısına - oxuyub milli həqiqət yolu ilə
daha inamla addımlayan Azərbaycan xalqı, oxuyub milli faciə
və xilas yolunu olduğu kimi görən ermənilər və
oxuyub dünyanın milli həqiqətlərinə göz
yummamalı olan digər xalqlar üçün
faydalıdır. Bu əsər hər kəsə
dünyanın ulu mənəvi-humanitar qanununu - milli folklorla
milli yaddaşın uyarlıq formulunun
pozulmazlığını izah edir.
AMEA Folklor İnstitutunda
ölkədə həyata keçirilən milli siyasət
kursu əsasında aparılan folklorşünaslıq tədqiqatları
akademik Ramiz Mehdiyevin həmin kursun elmi-fəlsəfi ifadəsi
olan "Gorus - 2010: absurd teatrı mövsümü" əsərinin
ana tezislərinə uyğundur. Bu cəhətdən
sözügedən tədqiqat əsəri Azərbaycan
folklorunun ermənilərə aid edilməsinin çoxsərlik
(ən azı - XIX-XXI əsrlərdə) təcrübəsinin
acı nəticələrinin aradan qaldırılması
istiqamətində milli folklorşünaslıq elminin
qarşısında çox böyük və aktual vəzifələr
qoyur. İstisnasız olaraq bütün sahələrdə
yalan və saxtakarlıq üzərində qurulmuş erməni
siyasəti ilə üzbəüz qaldığımız
şəraitdə bu siyasəti ifşa etmək, onun nəticələrini
aradan qaldırmaq Azərbaycan xalqınını milli
mövcudluğunun əsas şərtlərindən birinə
çevrilmişdir. "Gorus - 2010: absurd
teatrı mövsümü" əsərində göstərildiyi
kimi, bütün tarix və bütün faktlar Azərbaycanın
milli həqiqətlərini yalnız təsdiq edir. XIX əsrdən başlayaraq rus elmində erməniləşdirilməsinə
ardıcıl cəhdlər edilmiş Azərbaycan folklor
materialları bu gün erməni saxtakarlığını
ifşa etmək üçün əvəzsiz materal verir.
Bu cəhətdən 1881-ci ildən 1929-cu ilədək
nəşr olunmuş və 46 cildi işıq üzü
görmüş, adı elmi ədəbiyyatlarda ixtisarla SMOMPK
(Sbornik materialov dlya opisaniy mesnostey i plemen Kafkaza) kimi gedən məcmuə
xüsusilə aktualdır.
SMOMPK məcmuəsi ilə
bağlı AMEA Folklor İnstitutunda aparılmış
monoqrafik tədqiqatın nəticələrinə görə,
sözügedən məcmuədə, o cümlədən həmin
dövrün başqa mətbuat orqanlarında ermənilərin
öz adlarına çıxdıqları Azərbaycan folklor
nümunələrinin öyrənilməsi və milli dəyərlərimizin
xalqımıza qaytarılması təxirəsalınmaz məsələdir.
Ermənilər və onları yönəldən
ermənipərəst rus ziyalılarının XIX əsrdəki
bu saxtalaşdırmaları indi Azərbaycan
folklorşünaslarının əlində erməni
saxtakarlığının beynəlxalq miqyasda ifşa edilməsindən
ötrü ən böyük silahdır. Bu,
ilk növbədə, tarixi şərait və epoxal imkanlarla
müəyyənləşir. Ermənilərin
və ermənipərəstlərin XIX əsrdəki bu
saxtalaşdırmalarının arxasında rus imperiyası və
beynəlxalq erməni təşkilatlarının, əslində,
Qafqazda yad olan erməni etnosunun burada yalançı qədim
tarixinin təsdiq edilməsi niyyəti dururdu. Bunun üçün təkcə yalançı tarix
əsərləri yazılmamış, eyni zamanda, Azərbaycanın
folklor nümunələri erməni folkloru kimi qələmə
verilmişdir. Erməni
ideologiyasının Azərbaycan tarixi ilə yanaşı,
folklora qarşı yönəlmiş bu işinin arxasında
çox ciddi niyyətlər gizlənirdi. Belə
ki, ermənilər və onların ağası olan çar
Rusiyası folklorun hər bir xalqın tarixində
oynadığı rolu gözəl dərk edirdilər.
SMOMPK məcmuəsi
ilə bağlı Folklor İnstitutunda aparılmış tədqiqat
göstərir ki, folklor öz arxaik-funksional mahiyyətinə
görə, əslində, tarixdir - onu yaradan etnosun bədii
sözlə reallaşmış tarixi. Folklorun
bütün məzmunu və forması ilə bağlı
olduğu mifologiya onu yaradan və yaşadan xalqın necə
meydana gəlməsini təsvir edir. Miflərin
əsasını insanın, cəmiyyətin, xalqın,
dünyanın necə yaranması haqqında hekayələr təşkil
edir. Bu cəhətdən, əfsanə və
rəvayətlər, ilkin eposlar birbaşa onu yaradan xalqın
epik tarixini təsvir edir. Məsələn, Azərbaycan
türklərinin ulu əcdadı Oğuz kağanla
bağlı miflər, o cümlədən "Oğuznamə"
eposu oğuz xalqının necə yaranmasını, necə
dövlət qurmalarını, dünyanı necə fəth
edib, onu hansı şəkildə idarə etmələrindən
bəhs edən görünən tarixdir. Bu cəhətdən
oğuzların qədim tarixindən bəhs edən miflər
və rituallar onların milli kimliyini təsdiq edən folklor
"sənədləridir". Ermənilər XIX əsrdə
rus imperiyasının türklərin milli
oyanışının əleyhinə yönəlmiş mənfur
siyasətinin nəticəsində Azərbaycan
ziyalılarının hələ bu məsələlərə
çox az fikir vermələrindən və
ümumiyyətlə, azərbaycanlı folklorşünas
kadrların olmamasından istifadə edərək folklorumuzu mənimsəmiş
və "erməni folklor tarixinin" yaradılması istiqamətində
xeyli iş görmüşdülər. Lakin
dünya folklorşünaslıq elminin indiki dövrlə
müqayisədə çox zəif inkişaf etdiyi həmin
dövrdə (XIX əsrdə) edilmiş bu milli-ideoloji cinayətlər
hazırkı qloballaşma və internet üzərində təşəkkül
tapan "vahid dünya" siyasəti şəraitində Azərbaycan
alimlərinə erməni saxtakarlığını ifşa
edib, dünyanın pozulmuş siyasi-milli haqlarını bərpa
etməkdə çox böyük imkanlar yaradır.
Ermənilər
və onların havadarları XIX əsrdə xalqımıza
qarşı belə tarixi cinayətlərə yol versələr
də, tarixin özü bu bəşəri ədalətsizliklərə
şərait yaratmır. Humanitar elmlərin, o cümlədən
folklorşünaslıq elminin XX əsr təcrübəsi belə
bir elmi həqiqəti ortaya çıxarmışdır ki,
bir xalqın folklorunun mahiyyətini təhrif edib, onu başqa
xalqın adına yazmaq, sadəcə
olaraq, mümkün deyil. Çünki hər
bir xalqın folklorunda həmin xalqın ruhu yaşayır.
Nə qədər saxtalaşdırma
aparılırsa-aparılsın, həmin ruhu folklor mətninin
strukturundan kənarlaşdırmaq, mətnə yad olan
etnik-milli ruhu ora gətirmək mümkün deyil. Ona görə ki, hər bir etnosun folklor mətninin
poetik strukturu onun bədii düşüncəsinin strukturunu əks
etdirir. SMOMPK məcmuəsində ermənilərin
öz adlarına çap etdirdikləri Azərbaycan folkloru mətnlərinə
nəzər saldıqda görürük ki, heç bir
saxtalaşdırma həmin folklor mətnlərinin gerçək
milli mahiyyətini təhrif edə bilməmişdir.
Çünki məcmuədə ermənilərin adına çap olunmuş folklor örnəklərimizin
milli mahiyyəti mətnlərin poetik strukturunun elə səviyyələrini
əhatə edir ki, onlara sadəcə olaraq müdaxilə etmək
mümkün deyildir. SMOMPK məcmuəsi haqqındakı
monoqrafik araşdırmada həmin səviyyələr
aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Birincisi, mətnlərin məzmun
səviyyəsi:
SMOMPK-da ermənilərin adına çap olunmuş Azərbaycan folkloru
nümunələrinin məzmunu erməni folkloru
üçün xarakterik deyildir. Həmin mətnlərin
məzmunu tematik tipləri, hər tip üçün
xarakterik olan süjet, motiv, epizodlar sistemi, istisnasız olaraq,
Azərbaycan folklorunun məzmun poetikasını, tematik
strukturunu əks etdirir.
İkincisi, mətnlərin
obrazlar sistemi:
Hər bir
xalqın folklorunun obrazlar sistemi həmin xalqın gerçəkliyə
tarixən formalaşmış bədii münasibətini əks
etdirir. Ermənilərin mənimsəməyə cəhd
etdikləri folklor nümunələrinin obrazlar sistemi Azərbaycan
folklor obrazlarının bütün poetik özünəməxsusluğunu
inkarolunmaz şəkildə qoruyur.
Üçüncüsü,
mətnlərin formal poetik strukturu:
Ermənilərin
mənimsəməyə cəhd etdikləri folklor örnəklərinin
formal strukturu bütün poetexniki elementləri səviyyəsində
erməni folklor yaradıcılığına yad olub, Azərbaycan
folklor obrazlaşdırmasının özəlliklərini əks
etdirir.
Dördüncüsü, mətnlərin
bədii təsvir və ifadə sistemi (bədii fiqur və
poetik sintaksis):
Göründüyü
kimi, hər bir xalqın folkloru özünəməxsus metaforik
sistemə malikdir. Bura daxil olan bədii təsvir və ifadə
vasitələri həmin xalq üçün xarakterik olub,
onun gerçəkliyi qavrama və bədiiləşdirmə
üsullarını əhatə edir. Ermənilərin
mənimsədikləri folklor örnəklərinin bədii təsvir
və ifadə vasitələri Azərbaycan türkünün
dünyanı bədii təsvir və ifadə vasitələrini
- obrazlaşdırma üsul və vasitələrini əks
etdirdiyi üçün onların erməni bədii
düşüncəsinə aid olmadığı dərhal
bilinir. Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd
teatrı mövsümü" ermənilərə dünyanın
bu danılmaz həqiqətini izah etməklə, onları
öz milli enerjilərini məkrli niyyətlərə sərf
etməkdən əl çəkib, insanlığın ali bəşəri dəyərləri
uğrunda çalışmağa çağırır.
Hüseyn İSMAYILOV,
AMEA Folklor İnstitutunun
direktoru, filologiya
elmləri doktoru
Azərbaycan.- 2011.-5 fevral.- S.4.