Regionların inkişaf etdirilməsiölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azaldır

 

Müxtəlif təbii sərvətlərlə zəngin və zəruri istehsal sahələrinin inkişafı üçün əlverişli imkanlara malik olan Azərbaycan uzun müddət imperiyanın tərkibində olduğu üçün iqtisadiyyatını öz mənafeyinə uyğun inkişaf etdirə bilməmişdir. İmperiya Azərbaycanın bu böyük üstünlüklərini öz maraqlarına uyğun istifadə edərək ona xammal mənbəyi kimi baxmışdır. Bunun nəticəsi idi ki, Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan sənayenin istehsal quruluşu birtərəfli olmuş, regionlar isə ümumi iqtisadi inkişafdan xeyli geri qalmışdır. Məsələn, keçən əsrin əvvəllərində Azərbaycan sənayesinin quruluşunda neft sənayesinin xüsusi çəkisi 80 faiz təşkil etmiş, onun ərazisinin təqribən 4 faizini və əhalinin 14 faizini əhatə edən Bakı şəhərinin yerləşdiyi kiçik Abşeron ümumi sənaye məhsulunun 95 faizdən artığını vermişdir.

Keçmiş SSRİ dövründə də uzun illər Azərbaycana münasibət dəyişməmişdir. Sovet sisteminin mahiyyətinə uyğun olaraq ölkədə bütün əsas istehsal sahələri dövlət mülkiyyətinə verildiyindən onun hakimiyyət orqanları Azərbaycan neft sənayesinin imkanlarından və başqa üstünlüklərindən yalnız ümumi mənafelər üçün istifadə etmişdir. Həmin dövr neft istehsalı sürətlə artaraq keçən əsrin ortalarında, daha dəqiq desək, 1941-ci ildə ən yüksək səviyyəyə - 43,5 milyon tona qalxmışdır.

Amma etiraf etmək lazımdır ki, sovet hakimiyyəti illərində, xüsusən, ötən əsrin 70-ci illərində Azərbaycanın ümumi yüksəlişində, o cümlədən sosial-iqtisadi inkişafında irəliləyişlər də baş vermişdir. Həmin irəliləyişlər respublikaya yeni rəhbər seçilmiş Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlı olmuşdur. Böyük vətənpərvər, zəngin həyat və dövlətçilik təcrübəsi, son dərəcə uzaqgörən və istedadlı siyasi rəhbər olan, Azərbaycanın geniş inkişaf imkanlarını yaxşı bilən ümummilli lider Heydər Əliyev respublika həyatının bütün sahələrində elmi əsaslarla misilsiz quruculuq işlərini həyata keçirmişdir.

Heydər Əliyev Sovet İttifaqının o zamankı rəhbərlərinə anlatdı ki, Azərbaycan ümumölkə inkişafından geri qalmamalıdır. SSRİ rəhbərliyi bu sadə məntiqi tezliklə qəbul etməli oldu. Bu hesaba respublikada qısa vaxtda müxtəlif sənaye müəssisələri tikildi, dəmir və avtomobil yolları şəbəkələri yenidən quruldu və genişləndirildi, böyük vüsət alan inşaat üçün zəruri olan ümumi və ixtisaslaşmış tikinti təşkilatları yaradıldı, kənd təsərrüfatının zəngin imkanlarından düzgün və səmərəli istifadə edilməsi məqsədilə onun yerli şəraitə uyğun ixtisaslaşması həyata keçirildi və sairə. Özü də bu siyasət Azərbaycanın bütün ərazisini əhatə etdi və nəticədə keçmişdə zəif inkişaf etmiş regionların yüksəlişinə səbəb oldu. Ümumiyyətlə, həmin dövrün sosial-iqtisadi yüksəlişinin nəticələrinin təhlili belə bir həqiqəti ortaya çıxarır və onu söyləməyə əsas verir ki, məhz o illər Azərbaycanın müstəqil iqtisadiyyatının möhkəm əsasları qoyulmuşdur.

Lakin Heydər Əliyevin Azərbaycan və sovet dövləti rəhbərliyindən getməsi ilə respublika iqtisadiyyatı ciddi tənəzzülə uğradı, bir çox aparıcı istehsal sahələrində məhsul hasilatı xeyli aşağı düşdü. Sovet dövlətinin dağılmasından sonra isə qazanılan müstəqilliyin ilk illərində gənc ölkənin idarə olunmasının naşı və səriştəsiz əllərə düşməsi üzündən Azərbaycan iqtisadiyyatı daha ağır böhranla qarşılaşdı və bu ümumi geriləmədə ən böyük zərbə regionlara dəydi.

Müstəqil Azərbaycan dövlətinin bərpasından sonra onun düşdüyü bu ağır vəziyyətdən çıxması, ölkədə sağlam ictimai-siyasi sabitliyin yaranması və gələcək yüksək inkişafı naminə ulu öndər Heydər Əliyev xalqın seçimi ilə yenidən siyasi rəhbərliyə dəvət edildi. Bu, o zaman idi ki, ölkə iqtisadiyyatının əsas aparıcı istiqamətlərində, o cümlədən məhsuldar qüvvələrin tarazlı ərazi nisbətlərinin pozulmasında son dərəcə çətin vəziyyət yaranmışdı. Xarici havadarlarının dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz işğalçılıq müharibəsi isə vəziyyəti daha da gərginləşdirmişdi.

Amma Heydər Əliyevin apardığı düzgün milli dirçəliş siyasəti nəticəsində yaradılan ümumi sağlam inkişaf mühitində ölkənin müstəqil həyatının yeni dövrü başlandı. Ölkənin müqəddəratı ilə bağlı qarşıda duran təxirəsalınmaz problemlər içərisində Azərbaycanın mükəmməl iqtisadi inkişafı əsasında regionların sosial-iqtisadi yüksəlişinin təmin olunması əsas hədəflərdən biri seçildi. Çünki müstəqil ölkənin dayanıqlı inkişafı üçün regionların imkanlarından əhatəli istifadə edilməsi bu vəzifənin uğurla həllinin əsas şərtlərindən birini təşkil edirdi.

Şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının səviyyəsi və səmərəliliyi, habelə onlar arasında zəruri tarazlığın yaranması məsələlərinin həlli o zamankı şəraitdə çox mürəkkəb və çətin idi. Məsələ onda idi ki, sovet hakimiyyəti illərində məhsuldar qüvvələrin regionlarda inkişafında müəyyən müsbət irəliləmələr baş versə də, onun əhatə dairəsi son dərəcə birtərəfli olmuş və bu proses tələb edilən səviyyədə axıra qədər çatdırılmamışdı. Nəticədə əksər regionların ümumi sosial-iqtisadi durumu nisbətən aşağı olmuşdur. Odur ki, müstəqil Azərbaycana keçmişdən miras qalmış bu problemi qabaqcıl ölkələrin nümunələri əsasında həll etmək tələb olunurdu.

Bu cəhətdən regionların 2004-2008-ci və 2009-2014-cü illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan tədbirlərin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Həmin proqramlarla müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf yoluna ilk dəfə idi ki, miqyaslı şəkildə düzgün diqqət yetirildi. Adıçəkilən sənədlərdə qarşıya qoyulan vəzifələr təkcə regionlarda məhsuldar qüvvələrin artımında tarazlığın yaradılması ilə bölgələrin sosial-iqtisadi inkişafını təmin etmir, həm də ölkənin ümumi maraqlarına xidmət edir. Bu vəzifənin həlli isə dünya bazarlarında məhsullarına böyük tələbat olan neft-qaz sənayesinin dirçəldilməsinin gənc müstəqil Azərbaycan dövlətinin həyatı üçün müstəsna əhəmiyyətinin düzgün qiymətləndirilməsi ilə təmin edilə bilərdi. Odur ki, hər tərəfdən (istər daxildən, istərsə də xaricdən) çox ciddi əngəllərin yaranmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin ərsəyə gətirdiyi "Əsrin müqaviləsi"nin ölkənin həyatında mühüm rolu xüsusi vurğulanmalıdır. Məhz bu müqavilənin imzalanması öz sərvətlərinin müstəqillikdən sonra həqiqi sahibi olan Azərbaycana onlardan hər cəhətdən önəmli töhfələr gətirmək şansı verdi. Bu şans reallaşdıqdan sonra bazar istehsal münasibətləri geniş vüsət aldı, liberallaşma və çoxcəhətli iqtisadi islahatlar aparıldı, özəlləşdirmə proqramları həyata keçirildi, pul-kredit və maliyyə sistemi yenidən quruldu və bu əsasda milli sahibkarlıq yarandı ki, onlar da nəticədə regionların hər cəhətdən inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratdı. Qısa vaxtda bölgələrdə geniş təyinatlı infrastruktur şəbəkələri yaradıldı, mühüm istehsal sahələrini inkişaf etdirmək üçün elektrikləşdirilmə və qazlaşdırılma xətləri yeniləşdirildi, magistral avtomobil yolları yenidən quruldu, Gəncədə, Naxçıvanda, Lənkəranda və Zaqatalada dünya standartları səviyyəsində müasir təyyarə limanları tikildi, müasir xidmət sahələri yaradıldı, çoxlu yeni məktəblər, müalicə-diaqnostika mərkəzləri, olimpiya idman kompleksləri inşa olundu və s. Bu möhtəşəm işlərin görülməsi üçün sözsüz ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vaxtında istifadəyə verilməsinin sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin, iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsinin, İnvestisiya Şirkətinin və "Aqrolizinq" ASC-nin yaradılmasının, daxili investisiyaların yeni istehsal sahələrinin yaradılmasında üstünlüyünün təmin olunmasının, Sahibkarlığa Kömək Milli Fondunun yerli iş adamlarına böyük dəstək verməsinin və digər tədbirlərin həlledici təsiri oldu.

Məlumdur ki, qabaqcıl ölkələrin hərtərəfli inkişafının ən vacib əlamətlərindən biri də onlar arasında yaradılan etibarlı və səmərəli iqtisadi tərəfdaşlıq əlaqələridir. Müstəqillik qazandıqdan sonra Azərbaycan da bu şəraitin imkanlarından səmərəli istifadə etməyi qarşısına məqsəd qoymuşdur. Lakin məcburi qaydada yox, bu tərəfdaşlığın ölkə üçün ən doğru istiqamətlərini seçmək yolu ilə. Nəticədə Azərbaycan bu gün beynəlxalq iqtisadi əməkdaşlıqdan lazımınca bəhrələnir.

Yeri gəlmişkən xatırlatmaq maraqlıdır ki, hələ sovet dönəmində belə inkişaf meyarının zəruriliyi barədə dəfələrlə yazılsa və deyilsə də, o zamankı mühitdə buna məhəl qoyanlar tapılmırdı. Görünür, müvafiq dairələrdə bu vacib məsələyə məsul olan adamlar çox yaxşı anlayırdılar ki, xarici ticarət əlaqələrinin, hətta ümumi mənzərəsi iqtisadi inkişafın əsas göstəricilərindən biri kimi qəbul edilsəydi, onda keçmiş SSRİ respublikalarının qeyri-bərabər inkişaf etdiyi üzə çıxa bilərdi. Məhz bunu nəzərə alan ulu öndər Heydər Əliyev həmin illərdə Azərbaycanın iqtisadi inkişafında ixrac potensialına xüsusi diqqət vermişdir. Artıq 1987-ci ildə respublikanın xarici iqtisadi əlaqələrində ixracın xüsusi çəkisi 58,2 faiz təşkil edirdi. Müstəqillikdən sonra da ümummilli lider bu məsələyə münasibətini dəyişmədi, əksinə, ölkənin ixrac potensialının genişlənməsi üçün zəruri tədbirlər gördü. Bu gün isə Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycanın beynəlxalq əməkdaşlığı çox yüksək səviyyəyə yüksəlib. Ölkəmiz beynəlxalq əmək bölgüsünün bütün əsas tələblərinə elmi düşüncə ilə əməl etməklə özünün milli maraqlarına müvafiq olan dünyanın əksər dövlətləri ilə səmərəli iqtisadi əməkdaşlıq qurub, kənardan heç bir kömək və yardım almadan öz imkanları daxilində müstəqil iqtisadiyyatının möhkəm əsaslarını yaradıb. Az vaxt içərisində Azərbaycanın nəinki xarici ticarət əlaqələrinin miqyası artıb, eyni zamanda, əməkdaşlıq etdiyi ölkələrin coğrafiyası genişlənib və bu fəaliyyətin iqtisadi səmərəsi xeyli yüksəlib. Nəticədə az vaxt ərzində Azərbaycan iqtisadiyyatın inkişaf sürətinə görə dünyada qabaqcıl yerlərdən birinə çıxıb və məhsuldar qüvvələrin artım imkanları baxımından çox cəhətdən əksər ölkələri xeyli üstələyib. Bu gün Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Regionun ümumi iqtisadiyyatının əsas hissəsinin Azərbaycanda cəmləşməsi ölkəmizin inkişafını sübut edən mühüm faktdır.

Azərbaycanın dünyada nüfuzunun artması və möhkəmlənməsi ilə onun beynəlxalq əməkdaşlığının genişlənməsi ölkə iqtisadiyyatının yüksəldilməsi üçün əlavə imkanlar açır. 2009-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi balansında ixracın xüsusi çəkisi 70,6 faiz olmuşdur. Gələcəkdə isə ölkənin bu sahədə nailiyyətlərinin daha böyük olacağına şübhə yoxdur. Yerli tələbatı əsasən daxili istehsal hesabına təmin etmək və ixracyönümlü sahələrin inkişaf miqyasını genişləndirmək məqsədilə ölkədə hazırda həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Azərbaycanın dünya ölkələri arasında mövqeyinin möhkəmlənməsi təbii ki, öncə beynəlxalq əməkdaşlığın günün tələblərinə uyğun aparılması ilə əlaqədardır. Prezident İlham Əliyevin təbirincə desək: "...Ölkəmizin çox davamlı beynəlxalq reytinqi vardır, bütün reytinq agentlikləri uğurlarımızı çox yüksək qiymətləndirir".

Ötən müddət ərzində regionların da sosial vəziyyəti və iqtisadi imkanları yaxşılığa doğru xeyli dəyişmişdir. Təkcə 2008-ci ildə ölkə üzrə hasil edilən ümumi məhsulun həcmində regionların xüsusi çəkisi 19 faizə qədər qalxmışdır. Son 7-8 ildə Azərbaycanda 950 mindən çox yeni iş yerləri açılmışdır ki, onların da 80 faizə yaxını regionların payına düşür. Çox sevindirici haldır ki, ölkə iqtisadiyyatında çalışanların orta illik sayının artıq 50 faizdən çoxu regionlarda cəmləşmişdir. İstər yerli, istərsə də xarici iş adamlarının fəaliyyəti üçün münbit biznes mühitinin yaradılması nəticəsində sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, tikintinin, ayrı-ayrı xidmət sahələrinin genişləndirilməsi hesabına regionlarda istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac da olunur. Bu gün Azərbaycanda elektrik enerjisinin 75 faizi regionlarda istehsal edilir. Bu həm də o deməkdir ki, regionlar ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayırlar. Regionlar həmçinin Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında aparıcı rola malikdirlər.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən mühüm bir məsələnin - məhsuldar qüvvələrin ölkə ərazisi daxilində düzgün tənzimlənməsinin gerçəkləşdirilməsinə də səbəb olmuşdur. Bu, əhalinin regionlar üzrə düzgün və səmərəli məskunlaşması işində böyük əhəmiyyəti olan bir məsələdir. Söhbət paytaxtda və Abşeron iqtisadi regionunun başqa məntəqələrində əhalinin və istehsalın sıxlığının qarşısının alınmasından gedir. Məlumdur ki, uzun müddət bölgələrdə bir çox zəruri istehsal sahələrinin zəif inkişafı həmin ərazilərdə yaşayan əhalinin Abşeron yarımadasına, xüsusən, Bakıya axınına səbəb olmuşdur. Heç də təsadüfi deyildi ki, 1897-1991-ci illərdə Azərbaycanda əhali 4 dəfə artdığı halda, Bakıda 16,4 dəfə çoxalmışdı. Digər fakt: sovet Azərbaycanı əhalisinin 26,2 (1959-cu ilin siyahıyaalma materiallarına görə), onun dağılması ərəfəsində isə (1991-ci ildə) 24,4 faizi Bakıda cəmləşmişdi. Bu prosesi yalnız son illər regionların sosial-iqtisadi inkişafına verilən xüsusi diqqət dayandırdı. Hətta məlum hadisələrdən sonra paytaxtda və Abşeron yarımadasında qaçqın və məcburi köçkünlərin kütləvi surətdə məskunlaşmasına baxmayaraq, regionların inkişafı ilə əlaqədar urbanizasiya prosesinin qarşısının alınması ölkə əhalisinin ümumi sayında Bakının xüsusi çəkisini xeyli azaltmışdır. Bu, həmçinin son zamanlar regionlarda əhalinin səmərəli yerləşdirilməsinə səbəb olmuşdur. Bölgələrdə hər kvadratkilometrə düşən əhalinin sayı 2000-ci ildə 72,6, 2003-cü ildə 74,5 olduğu halda, 2009-cu ilin yazına bu rəqəm 78,6 nəfər təşkil etmişdir.

Bununla belə, etiraf etmək lazımdır ki, iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin ümumi inkişaf səviyyəsinə görə regionlar hələ də geri qalırlar. Müqayisə edək: keçən əsrin 70-80-ci illərində respublika sənayesində məhsul istehsalının 40 faizi regionların payına düşürdü. 2009-cu ildə isə regionlar üzrə bu rəqəm cəmi 5 faizdən bir qədər çox olmuşdur. Bunun əsas səbəblərindən biri sənaye müəssisələrinin 60 faizə qədərinin (2009-cu ilin məlumatına görə) Bakı şəhəri də daxil olmaqla Abşeron iqtisadi regionunda toplanmasıdır. Bundan əlavə, regionlarda fəaliyyət göstərən istehsal təyinatlı sənaye müəssisələri adətən kiçikdirlər. Böyükləri isə istehsal güclərini müxtəlif səbəblərdən dərhal tam mənimsəyə bilmirlər. Deməli, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi qeyri-neft sektorunun güclü artımına səbəb olmaqla bərabər, bölgələrdə məhsuldar qüvvələrin daha miqyaslı artımı üçün hələ geniş imkanların olduğunu ortaya qoyur. Regionların inkişafının yaratdığı əlverişli şərait belə bir əlamətdar cəhəti üzə çıxarır ki, vaxtilə ümumi yüksəlişdən kənarda qalmış qeyri-neft sektoru əsasən regionların hesabına genişləndirilməlidir. Prezident İlham Əliyev 2010-cu il aprelin 29-da Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir: "...elə etməliyik ki, ölkəmizin inkişafı bölgələrin hesabına təmin edilsin. Bu, indi əsas məqsəddir. Yəni, bölgədə, rayon mərkəzində olan vəziyyət şərait baxımından böyük şəhərlərdə olan vəziyyətə yaxın olsun". Bununla da dövlət başçısı regionların inkişafını ümumi tərəqqimizin ən vacib tərəflərindən biri olması kimi xüsusi qiymətləndirmişdir.

Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycan iqtisadiyyatının səmərəliliyini daha da artırmaq üçün regionlarda çox əlverişli mühit yaranmışdır. Bu mühitdən istifadə etmək iqtisadi sahədə keçid dövrünün uğurla başa çatdığı indiki vaxtda daha zəruridir.

Ölkənin regionları üzrə məhsuldar qüvvələrin tarazlı tənzimlənməsi üçün qeyri-neft sektorunun mövcud imkanlara müvafiq hərtərəfli inkişafı, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası həmin məqsədin gerçəkləşməsinin həlledici istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclası göstərdi ki, respublikanın böyük iqtisadi yüksəlişinin ən mühüm tərkib hissəsi olan regionların sosial-iqtisadi inkişafına dair ikinci proqramının da qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində önəmli rolu olacaq. Bu sırada birinci növbədə ÜDM-in 85 faizdən artığını verən özəl sektorun əsasında hazırda sürətlə inkişaf edən qeyri-neft sektoru durur. Faktlar göstərir ki, 2010-cu ildən başlayaraq qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunun artım sürətini üstələyir. Bu, bütünlükdə Azərbaycanın, o cümlədən regionların indidən sonra da yüksək və səmərəli sosial-iqtisadi inkişafının davamlılığı üçün müstəsna əhəmiyyəti olan bir faktdır. Belə diqqətəlayiq inkişaf meyli, ilk növbədə, ölkənin bütün ərazilərindəki müxtəlif təbii sərvətlərin və onlara bərabər başqa amillərin geniş imkanlarından Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsi üçün istifadəyə yeni və əlverişli şərait yaradır. Lakin bəzən yerli sərvətlərin ölkənin mükəmməl inkişafı naminə vacibliyini lazımınca dəyərləndirməyən müxtəlif fikirlər də səslənir. Hətta bir sıra başqa ölkələri nümunə kimi misal göstərərək qeyd edirlər ki, gətirilmə xammal ilə də müasir texnologiyaların, elmi-texniki nailiyyətlərin geniş tətbiqi sayəsində güclü iqtisadiyyat yaratmaq mümkündür. Düzdür, amma hər halda, istehsalın səmərəli inkişafı üçün yerli xammaldan istifadə daha düzgündür. Nəzərə alınmalıdır ki, müəyyən xammal məhsulları üzrə ölkələrin idxal-ixrac əməliyyatlarında tez-tez gərginləşmə halları yarana və bunun da nəticələri ağır ola bilər.

Azərbaycan iqtisadiyyatının həm yerli təbii sərvətlərə, həm də müasir texnologiyalara əsaslanması, elmi-texniki nailiyyətlərlə yeniləşməsi az dövlətlərə qismət olan bənzərsizliklərdən biridir. Bu hər iki amil Azərbaycan iqtisadiyyatının bundan sonra da təminatlı və etibarlı inkişafının əsasını təşkil edir. Yerli sərvətlərin bolluğunun hər hansı bir ölkənin iqtisadi inkişafındakı əhəmiyyəti dünya təcrübəsində çoxdan təsdiqlənmişdir. Elə Azərbaycanın özü də bu cəhətdən yaxşı nümunə ola bilər. Son zamanlar qeyri-neft sektorunun şaxələnməsi məgər bunun nəticəsi deyilmi?

Azərbaycanın uğurlarından biri də ölkədə investisiya mühitinin xeyli yaxşılaşmasıdır. Azərbaycan müstəqillik şəraitində ilk dəfə öz təbii sərvətlərindən əldə etdiyi mənfəətin və onun icrasının əsl sahibi olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin ərsəyə gətirdiyi möhtəşəm yeni neft strategiyasının təntənəsi nəticəsində ölkəmiz qazanılan maliyyə resurslarını öz istəyinə uyğun olaraq sərf etmək kimi fürsət qazandı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin işə düşməsindən sonra - 2007-ci ildən başlayaraq ölkədə əsas kapitala bütün mənbələr hesabına yönəlmiş vəsaitlər içərisində daxili investisiyaların xüsusi çəkisi 61,9 faizdən 2009-cu ildə 79,9 faizə qalxdı. Başqa sözlə, indi daxili vəsait qoyuluşları xaricdən cəlb edilən vəsaiti 4 dəfə üstələyir. Bu da imkan verir ki, Azərbaycan milli iqtisadiyyatının keçmiş dövrdən müstəqil ölkəmizə miras qalan birtərəfli inkişafını aradan qaldırsın.

Müstəqillik şəraitində regionlarda iqtisadi inkişafın mahiyyəti və məqsədi də tamamilə dəyişmişdir. Bölgələrdə hazırda istehsalın inkişafı ilk növbədə, ölkənin, o cümlədən regionların tələbat və problemlərinin həlli ilə uzlaşdırılır. Bu cəhətdən regionlarda yerli sərvətlərdən istifadənin xarakteri də kökündən dəyişmişdir. Məlumdur ki, əvvəlki dövrlərdə Azərbaycanın qiymətli təbii sərvətləri ilkin emaldan sonra yarımfabrikat kimi başqa yerlərə göndərilirdi. Daha yüksək əməktutumlu və istehsalın yüksək gəlirliyi ilə səciyyələnən sonrakı mərhələləri əsasən Sovet İttifaqının başqa yerlərində davam etdirilirdi. Hazırda Azərbaycanın təbii sərvətlərindən hazır məhsullar almaq üçün ölkənin özündə ardıcıl tədbirlər həyata keçirilir. Lakin yerli tələbatı ödəmək və xammal sərvətlərindən daha səmərəli istifadə etmək imkanları ölkədə hələ çoxdur. Bunu toxuculuq sənayesinin timsalında nəzərdən keçirək. Azərbaycan hazırda yüngül sənaye məhsulları istehsalına görə hətta keçən əsrin 70-80-ci illəri ilə müqayisədə çox geri qalır. Bunu demək kifayətdir ki, 80-ci illərin əvvəllərində toxuculuq sənayesinin üstünlük təşkil etdiyi yüngül sənaye Azərbaycan sənayesində məhsul istehsalının həcminə görə 24-25 faizə malik olmuşdur (müqayisə üçün bildirək ki, indi bu rəqəm 0,2 faizdir). O illər respublikada xüsusən, toxuculuq və ayaqqabı istehsalı sahələri inkişaf etmişdir. Təkcə bir faktı göstərək ki, 1985-ci ildə Azərbaycanda 189 milyon kvadratmetr parça, 20 milyon cüt ayaqqabı istehsal olunmuşdur. Həmin zaman təkcə toxuculuq sənayesi müəssisələrində 100 mindən artıq adam çalışırdı.

Lakin müstəqilliyin ilk illərində Azərbaycan üçün çox gərəkli olan bu sənaye sahələri məlum səbəblərdən tənəzzülə məruz qaldı və indiyəcən də vəziyyət düzəlməyib. Hazırda bu məhsullar ölkədə keçən əsrin ortalarına nisbətən on dəfələrdən az istehsal olunur. İş o yerə çatıb ki, toxuculuq malları və ayaqqabı 2009-cu ildə Azərbaycanın idxalının 10 faizdən artığını təşkil etmişdir. Bu, ölkənin şəraitinə və imkanlarına tamamilə uyğun olmayan yolverilməz haldır. Çünki həmin malların istehsalı üçün bu gün ölkədə daha əlverişli mühit mövcuddur. Azərbaycanda bu sahələrin inkişafı üçün kifayət qədər xammal ehtiyatı ilə yanaşı, istehsalın təşkili məqsədilə bütün zəruri imkanlar var. Peşəkar kadr və ustalar sarıdan da problem yoxdur. Əsası isə odur ki, bu sənaye məhsullarına tələbat çox böyükdür. İstehsalın bu yüksək əməktutumlu (Azərbaycan üçün çox vacib şərtdir) və gəlirli sahələrinin inkişafına yerli iş adamlarının, müxtəlif şirkətlərin və Sahibkarlığa Kömək Milli Fondunun soyuq münasibəti ən azı, təəccüb doğurmaya bilməz. Həm də nəzərə almaq lazımdır ki, əvvəllər bu sahələr üzrə yaradılmış çoxlu müəssisələr indi də mövcuddur. Söhbət sadəcə olaraq onları mütərəqqi texnologiyalar əsasında müasirləşdirməklə ölkə iqtisadiyyatında son dərəcə vacib ənənəvi sənaye sahələrini yenidən dirçəltməkdən gedir. Belə olarsa, Azərbaycan müxtəlif toxuculuq parçaları və ayaqqabı ilə öz tələbatını ödəməklə yanaşı, dünya bazarlarına da yüksək keyfiyyətli və rəqabətədavamlı ucuz məhsullar da (ilk növbədə, yerli xammalın və başqa münasib istehsal şəraitinin olması nəticəsində) çıxara bilər. Üstəlik, toxuculuq sənayesinin tələb olunan səviyyədə inkişafı ilə qabaqcıl ölkələrdə olduğu kimi, mədən sənayesi və emal sənayesi arasında nisbəti sonuncunun xeyrinə dəyişmək mümkündür.

Azərbaycanın daha güclü inkişafına xidmət edəcək müxtəlif ehtiyat mənbələri kənd təsərrüfatında da mövcuddur. Xüsusən, əkin sahələrinin müasir quruluşunun torpaq-iqlim şəraiti baxımından təkmilləşdirilməsinə ehtiyac var. Əkin sahələrinin quruluşunun təkmilləşməsi isə öz növbəsində müxtəlif emal sənaye sahələrinin inkişaf imkanlarını xeyli genişləndirə bilər.

Söz yox ki, regionların hərtərəfli istehsal potensialının ildən-ilə artan nəticələri göz qabağındadır. Hələlik əsasən dövlətin maliyyə dəstəyi ilə yaşayan və inkişaf edən bu ərazilərdə qeyri-neft sektoru sahələrinin çox sürətlə şaxələnməsi və yüksəlişi baş verir. Nazirlər Kabinetinin 2010-cu ilin yekunları ilə bağlı keçirilmiş iclasında ölkə Prezidenti demişdir: "Regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni, 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır. Bizim ixracdan asılılığımız azalır. Biz artıq qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı artıq başqa ölkələrdə nümayiş etdiririk. Bu il həmin siyasət daha da sürətlə aparılmalıdır".

 

Asəf NADİROV,

Akademik

 

Azərbaycan.- 2011.-5 fevral.- S. 5.