Şəhərsalma layihələndirmə sahəsində şəffaflığın artırılması əsas müzakirə mövzusu olmuşdur

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsində (DŞAK) geniş kollegiya iclası keçirilmişdir. DŞAK-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə şəhərsalma layihələndirmə sahəsində şəffaflığın artırılması əsas müzakirə mövzusu olmuşdur.

İclasda komitənin sədri Abbas Ələsgərov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə cari il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrasından söz açmışdır. Bildirmişdir ki, burada komitənin adı hallanmasa da, qurumun fəaliyyətində günün tələblərinə cavab verməyən bəzi nöqsanlar vardır. A.Ələsgərov yığıncağın idarəetmə məsələlərində xüsusi yeri olacağına böyük ümüd bəslədiyini qeyd etmişdir.

İclasda DŞAK aparatının rəhbəri Elmar Hüseynzadənin şəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə sahəsində komitənin gördüyü tədbirlər, qarşıda duran vəzifələr haqqında hesabatı dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

Səsləndirilən fikirlərə münasibət bildirən A.Ələsgərov korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacibliyini vurğulamış bu məsələlərin hər bir işçinin vəzifə borcu olduğunu nəzərə çatdırmışdır.

 

Azərbaycan.- 2011.-5 fevral.- S. 5.