Qədim və müasir Zeyvə
Naxçıvan-Sədərək magistral yolunun
kənarında yerləşən Zeyvə kəndində yeni
sosial obyektlərin istifadəyə verilməsi onun
sakinlərinə sevinc bəxş edib. Çünki bu gün
ölkədə, eləcə də Naxçıvan Muxtar
Respublikasında aparılan genişmiqyaslı quruculuq
tədbirlərindən onlara da pay düşüb.
Burada tikilib
istifadəyə verilən təhsil ocağının
görkəmi arxitektura və memarlıq cəhətdən
digər kəndlərdəki məktəblərdən
fərqlənir. Binanın fasad hissəsində
işlənən dekorativ travertin üzlüklər, rəngli
şüşələr tikiliyə xüsusi gözəllik
verir. Başlıcası isə müasir layihə
əsasında inşa olunan bu məktəb binası üçmərtəbəlidir.
O, kənddə ən uca bina hesab olunur.
Əslində,
məktəb üçmərtəbəli olmaya da bilərdi.
Çünki bu gün təhsil ocağında cəmi 337
şagird oxuyur, onlar üçün də
ikimərtəbəli bina kifayət edərdi. Rayonun digər
kəndlərində tikilən məktəb binalarının
əksəriyyəti də elə bu
hündürlükdədir. Zeyvədə isə
üçmərtəbəli, 612 şagird yerlik təhsil
ocağı tikilib. Görünür, yerli hakimiyyət orqanları
inşaat işlərinə başlanmazdan əvvəl
kəndin gələcək inkişaf perspektivlərini
nəzərə alıblar. Onlar
çalışıblar ki, yaxın iyirmi-otuz il
ərzində burada yeni sinif otaqlarının, yaxud
əlavə korpusun tikilməsinə ehtiyac olmasın.
İnşası "Gəmiqaya" MMC tərəfindən
aparılan obyektdə tikinti-quraşdırma işləri
beş aya, həm də yüksək keyfiyyətlə başa
çatdırılıb.
Ötən
ilin son günlərində kənddə bayram
təntənəsi yaşanıb. Həmin gün burada iki
sosial obyektin açılış mərasimi keçirilib.
Onlardan biri yeni təhsil ocağı olub. Hamı
yeni obyektin istifadəyə verilməsi münasibətilə
kənd sakinlərini təbrik edib, pedaqoji kollektivə
uğurlar arzulayıb. Ümumiyyətlə, bu kənddə
tikinti-quruculuq tədbirləri kompleks şəkildə
həyata keçirilib, nəticədə o, muxtar
respublikanın abad, gözəl və yaraşıqlı
yaşayış məntəqələri sırasına
daxil olub.
Üçmərtəbəli
məktəb binasında 34 sinif otağı, zəngin
əyani vəsaitlərlə təmin olunmuş fənn
kabinələri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana
müəllim və şagirdlərin ixtiyarına verilib.
Yeniyetmə və gənclərin müasir informasiya
texnologiyalarına yiyələnməsi üçün iki
kompüter otağı yaradılıb. Hər bir otaqda 11
kompüter internetə qoşulub. İki elektron lövhəli
sinif otağı da tədrisin yüksək
səviyyədə aparılmasına imkan yaradır.
Məktəbin kitabxanasında kataloq işi
kompüterləşib.
Şagirdlərin
sağlamlığı daim diqqətdə saxlanılır.
Onların fiziki tərbiyəsi üçün
müxtəlif qurğularla zəngin olan idman zalı
yaradılıb. Burada mini-futbol, voleybol, basketbol
yarışlarının keçirilməsi üçün
şərait var. Məktəb müasir istilik sistemi ilə
təmin olunub.
Zeyvə
kənd orta məktəbi rayonun qabaqcıl təhsil
müəssisələrindən biridir. Ötən il
məktəbi bitirən 35 məzundan 7-si ali məktəb
tələbələri sırasına daxil olub. Onlardan
üç nəfəri test imtahanlarında yüksək
nəticələr əldə edib. Bünyamin Babayev
yüksək balla Azərbaycan Tibb Universitetinə, Əhliman
Həsənov və Ceyran Qasımova Naxçıvan
Dövlət Universitetinə daxil olublar. Üç məzun
isə orta ixtisas məktəblərinə qəbul edilib.
Məktəbdə
təcrübəli müəllimlər çoxdur. Azərbaycan dili və ədəbiyyatı
müəllimi Gültəkin Həsənova inişil
"İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qaliblərindən biri olub, ölkə
başçısının sərəncamı ilə
birdəfəlik beş min manat məbləğində pulla
mükafatlandırılıb. Məhərrəm
Rəhimov, Əhliman Həsənov, Ceyran Qasımova,
Dünyamir Hüseynli də rayonda təcrübəli pedaqoqlar
kimi tanınıblar.
2800 nəfərdən çox sakini olan Zeyvə
əhalisinin sayına görə qonşuluqda
yerləşən Düdəngə, Mahmudkənd, Maxta,
Dəmirçi, Cəlilkənd ilə müqayisədə
kiçik kənddir. Əsas məşğuliyyət
sahələri əkinçilik və heyvandarlıqla
bağlıdır. Bu sahələrin inkişafı
üçün geniş imkanlar var. Ümumi torpaq sahəsinin
cəmi 450 hektarı suvarılır. Digər
sahələrdən isə örüş kimi istifadə
edilir. Burada torpağın dilini mükəmməl bilən,
ondan yaxşı qazanc əldə etməyi bacaran insanlar az
deyil. Belələrindən söhbət düşəndə
Qadir Rzayev, Zaur Əliyev, Emin Hüseynov, Bəylər
Əhmədov kimi fərdi təsərrüfat sahiblərinin
adları birincilər sırasında çəkilir.
Düz
beş il bundan əvvələ qədər kənd ayrı
bir ərazi icra nümayəndəliyinin tərkibində olub.
Bu mənada gözdən bir qədər uzaq düşüb.
Son illərdə isə ərazi icra nümayəndəliyi,
bələdiyyə yaradılıb. Kənddə insanların üzləşdikləri
sosial-iqtisasdi problemlərin həllinə həsaslıqla
yanaşılıb.
Ötən
əsrin 70-80-ci illərində Azərbaycanda aparılan
quruculuq tədbirlərindən bu yaşayış
məntəqəsinə də pay düşüb. 320
şagirdlik orta məktəb binası tikilib. Sonralar
kənddəki məscid binasına əl gəzdirilib. Amma
həllini tapmayan sosial problemlər də az olmayıb. Uzun
illər boyu kənddə kitabxana, klub, tibb məntəqəsi,
poct şöbəsi yararsız binalarda, taxta fin
"evcik"lərdə yerləşib. Baytar
məntəqəsi üçün heç yer də
tapılmayıb. Bu səbəbdən xidmətin adi
səviyyəsindən danışmaq əbəs
sayılıb. Sakinlər isə ehtiyaclarını
ödəmək üçün daha çox rayon
mərkəzinə üz tutublar. "Kənd
mərkəzi" adlı yeni təyinatlı obyektin
inşası isə bu çətinlikləri, problemləri
yerində həll edib. Mərkəz kəndə yeni
mədəniyyət gətirməklə bərabər
insanların düşüncə və
təfəkkürlərində də yeniliklər yaradıb.
Geniş ərazidə inşa olunmuş,
ikimərtəbəli binada kənddə fəaliyyət
göstərən dövlət qurum və
təşkilatları - ərazi icra nümayəndəliyi,
YAP-ın ərazi ilk təşkilatı, klub, kitabxana, poct şöbəsi,
ATS, baytarlıq məntəqəsi, sahə polis
müvəkkili, eləcə də yerli özünü
idarəetmə orqanı olan bələdiyyə bir yerə
toplaşıb. Yeni təyinatlı obyektdə 20 iş
otağı yaradılıb. Onlardan 7-si icra
nümayəndəliyi ilə yerli bələdiyyənin
ixtiyarına verilib. Digər qurumların hər biri
üçün də normal iş şəraiti
yaradılıb. Otaqlar lazımi avadanlıq və mebel
dəstləri ilə təmin olunub. 50 nəfərlik iclas
salonundan isə buradakı təşkilatların hamısı
istifadə edəcək.
"Kənd
mərkəzi"nin yaradılmasının bir
əhəmiyyəti də ondan ibarətdir ki, indiyədək
bu təşkilatlar ayrı-ayrılıqda
üzləşdikləri problemlərin,
çətinliklərin birlikdə həllini tapıblar. Bu
səbəbdən də qış mövsümünün
sərt şaxtalı günlərində də əmək
ahəngi pozulmur. Çünki istilik məsələsi
mərkəzləşlmiş formada həll olunub. Bu
işlə məşğul olmaq da ərazi icra
nümayəndəliyinin səlahiyyətinə aid edilir.
Son vaxtlar
istifadəyə verilən obyektlərdən biri həkim
ambulatoriyasıdır. Müasir layihə əsasında inşa
olunan və iki mərtəbədən ibarət binada insanlara
yüksək səviyyədə xidmət göstərmək
üçün burada çalışan terapevt, pediatr,
stomatoloq və ginekoloqlara normal şərait yaradılıb.
İki çarpayılıq palata, peyvənd
və doğuş otaqları onların ixtiyarına verilib.
Kabinet və otaqlar müasir tibb
avadanlıqları ilə təmin olunub. Burada
11 həkim və orta tibb işçisi insanların
sağlamlıqları keşiyində dayanır.
Xidmət
mərkəzində isə ticarət və məişət
sahələri cəmləşib. Burada qadın gözəllik salonu, kişi bərbərxanası, ət
dükanı, ərzaq, sənaye və təsərrüfat
malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 9 nəfər işlə təmin
olunub.
Ötən il
Şərur rayonunda həyata keçirilən
genişmiqyaslı quruculuq-abadlıq tədbirləri
sayəsində yeniləşən,
gözəlləşən, yaraşıqlı və abad
yaşayış məntəqələrindən biri də
Zeyvə kəndi olub. Burada tikinti-quruculuq
tədbirləri kompleks şəkildə aparılıb.
Kənd yollarında, elektrik və su
təsərrüfatlarında aparılan əsaslı təmir
və yenidənqurma tədbirlərinə də böyük
həcmdə maliyyə vəsaitləri xərclənib. Bu sahədə daxili imkanlardan və ehtiyat
mənbələrindən bacarıqla istifadə olunub. Zeyvə
və Düdəngə kəndlərini əhatə
etməklə 2,5 kilometr uzunluğunda yola
asfalt salınıb. Naxçıvan-Sədərək
magistral yolunun kənd ərazisindən keçən
hissəsində 1200 metr uzunluğunda qoruyucu divarların
tikilməsi də sakinlərin ürəyincə olub.
Ən
təqdirəlayiq hal isə kənd sakinlərinin quruculuq
tədbirlərində fəal iştirak etmələri olub.
Sonda isə
onu da qeyd edək ki, Zeyvə kəndi qədim tarixə və
mədəniyyətə malik yurd yerlərimizdən biridir.
Kənd ərazisində yerləşən və erkən
dəmir dövrünə aid edilən arxeoloji abidədə
eramızdan əvvəl ikinci minilliyin sonu və birinci
minilliyin əvvəllərinə aid maddi-mədəniyyət
nümunələri aşkar olunub. Digər bir qədim
yaşayış yerindən isə orta əsrlərə aid
arxeoloji tapıntılar - qara rəngli çölmək
parçaları, boyalı və boyasiz keramika materialları
tapılıb.
O ki qaldı
Zeyvə sözünün mənasına, o, ərəb
dilindəki zaviyyə sözündən olub,
"hücrə", "ibadətgah", "künc",
"bucaq", "guşə" mənalarında
işlədilib. Deyilənə görə,
Səfəvilər dövründə ruhanilər
cəmiyyətin imtijazlı zümrələrindən hesab
olunduqlarından Zeyvə adlı məntəqələr də
kənarda, ömürlərini ibadətlə keçirən
ruhanilər üçün salınmış
yaşayış məntəqələri olub. Bir vaxtlar
məmləkətimizdə Zeyvə adında ondan artıq
kəndin olması və 18-ci əsrin
əvvəllərinə aid sənədlərdə bu
yaşayış yerinin Əhmədpaşa zaviyyəsi kimi
qeydə alınması da deyilənləri təsdiqləyir.
Məmməd MƏMMƏDOV,
Azərbaycan.- 2011.-5 fevral.- S. 6.