Beynəlxalq jurnalın xüsusi buraxılışı dünya şöhrətli alim Lütfi Zadənin 90 illiyinə həsr olunmuşdur

 

Bakıda ingilis dilində nəşr olunan "Applied and Computational Mathematics" ("Tətbiqi hesablama riyaziyyatı") beynəlxalq jurnalının məşhur həmyerlimiz - Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, riyaziyyatçı alim, professor Lütfi Zadənin 90 illik yubileyinə həsr edilmiş "Fuzzy Set Theory and Applications" ("Qeyri-səlis çoxluğun nəzəriyyəsi tətbiqi") adlı xüsusi buraxılışı capdan çıxmışdır.

Xüsusi buraxılışda qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif istiqamətləri üzrə dünyada tanınmış alimlərin 14 məqaləsi nəşr olunmuşdur. Bu müəlliflərin sırasında D.Dubois, H.Prade, E.Kerre, V.Novak, J.Mendel, E.Trillas, Y.Hata başqa məşhur alimlər vardır.

Beynəlxalq jurnalın xüsusi buraxılışı professor Lütfi Zadənin öz həyat yaradıcılığına həsr etdiyi "Mənim həyatım yaradıcılığım - retrospektiv baxış" adlı məqaləsi ilə başlayır. Məqalədə görkəmli alim Bakıda keçirdiyi uşaqlıq illərini xatırlayır.

Jurnalın baş redaktorlarından biri, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev böyük alimin həyatı və elmi yaradıcılığı barədə məlumat verərək bildirmişdir ki, dünyanın elm nəhəngləri ilə bir sırada dayanan Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, Tehran və Amerika universitetlərində təhsil almışdır.

Bu gün dünya elminə Lütfi Zadənin mühüm nəzəriyyələri məlumdur. Hazırda onlar elm istehsalatda geniş şəkildə tətbiq olunur. Lütfi Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (ingiliscə Fuzzy Logic, rusca Neçetkaja Loqika, türkcə Bulanık Mantık) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə külli məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Bu gün ABŞ-ın, Yaponiyanın ayrı-ayrı nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" ilə təltif olunmuşdur.

Görkəmli alim, eyni zamanda, "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış kəşflərin müəllifidir.

Görkəmli alimin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan fotovideo cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem qurğular, xüsusi "ağıllı" ekspert sistemlər hazırlanır. Lütfi Zadənin nəzəriyyələrindən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində istifadə olunur.

"Applied and Computational Mathematics" beynəlxalq jurnalı 2002-ci ildə Rabitə İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunmuşdur. Jurnalın fəxri redaktoru İllinoys Universitetinin professoru Tamer Başar, baş redaktorları - akademiklər Əli Abbasov, Fikrət Əliyev, professor Vladimir Larin (Ukrayna), aparıcı redaktoru isə fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımovdur. Redaksiya heyətində isə dünyanın 14 ölkəsindən 24 tanınmış alim təmsil olunmuşdur.

Jurnal Azərbaycan elm tarixində ilk dəfə Tomson Reyter Agentliyinin genişləndirilmiş siyahısına daxil edilmiş (2008), sonradan isə agentlik tərəfindən verilən təsir əmsalı (Impact Factor) almışdır (2010).

Yaxın günlərdə Bakıda beynəlxalq jurnalın professor Lütfi Zadənin 90 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçiriləcəkdir.

 

Azərbaycan.- 2011.-5 fevral.- S. 7.