Vətəni sevməyən insan olmaz

 

Klassik ədəbiyyatımızın görkəmli poeziya ustası Abbas Səhhət Vətənə həsr etdiyi məşhur şeirini qələmə alarkən Azərbaycanın dövlət kimi mövcudluğunu demirik, heç konkret sərhədləri belə yox idi. O zaman şairin heç Qarabağ dərdi də olmamışdı. Amma ikicə misrası ilə Vətəni sevməyənlərə elə qiymət vermişdir ki, indinin özündə bundan kəsərlisini tapmaq çətindir. Həmin misranın şairin başqalarına rəva bilmədiyi ikinci mənası isə Vətəni sevməyənlər üçün daha ağır ittihamdır. Onlar buna layiq olsalar belə...

Vətəni Anaya bənzədənlər səhv etməyiblər. Ən azından anaya sevgi tərbiyə ilə yaranmadığı kimi, Vətənə məhəbbətin də təkcə təbliğatla aşılanması mümkün deyil. Doğrudan da nə valideyncanlılıq, nə vətənpərvərlik tərbiyə və təbilğatdan yaranan hisslərdir. Onları qana, cana hopdurmaq lazımdır. Əməllərlə, nümunələrlə və sözsüz ki, məhəbbətlə! Övlad valideynini ona görə sevmir ki, onu dünyaya gətirib. Ona görə ata-anasına səcdə qılır ki, onu böyüdür, ev-eşik edir, əlini çörəyə çatdırır.

Mübariz İbrahimov sanki gənclərimizi ayıltdı, kişilərimizi papaqlarını qarşılarına qoyub düşünməyə məcbur etdi, xalqın üstünə su çilənmiş səbir ocağını közərtdi, bir neçə saat davam etmiş sücaəti ilə bir neçə onilliyə bəs edəcək vətənpərvərlik nümunəsi göstərdi və nəhayət, mifoloji igidlərlə zəngin tariximizə real qəhrəman kimi düşdü.

Mübariz kim idi? Sadə kəndli ailəsində doğulub böyümüş sıradan bir gənc. Nə xüsusi imtiyazlı qohum-əqrəbası vardı, nə də geniş imkanları. Olanı hər cəhətdən özünə tən gələn dostları idi və bir də ürəyindəki müqəddəs hiss - ata-ana və Vətən sevgisi.

Heyf ki, hamımız Mübariz deyilik! Əksəriyyətimiz özgə hədəflərin mübarizləriyik - var-dövlətin, şan-şöhrətin, şəxsi maraqların... Yox, elə çıxmasın ki, biz insan yaranandan şüuruna hopmuş bu meyarların hədəf seçilməsini qəbul etmirik! Elə deyil! İnsanın normal yaşaması üçün var-dövlət, ad-san da lazımdır, şəxsi maraqların təminatı da! Amma bunlardan öndə olan meyar da var. Bir müdrikin fikridir: övlad üçün var-dövlət yığmaqdansa, normal cəmiyyət qurmaq daha yaxşıdır! Çox sadə bir məntiqlə - anormal cəmiyyətdə yığılmış var-dövlətin əldən çıxmaq ehtimalı, normal cəmiyyətdə isə onu övladın özünün qazanmaq imkanı olur.

Cəmiyyətsə Vətəndən başlayır. Və bu gün ərazisinin beşdə biri işğal altında olan Vətəndə meyar və hədəf şəxsi maraqların çərçivəsindən kənardadır. Nümunəsini Mübariz və dostları göstərdilər. Yalnız bu nümunənin hesabına Vətənin ərazi bütövlüyünü bərpa edərək normal cəmiyyət qurmaq mümkündür. Kim fikirləşirsə ki, ərazi bütövlüyünün normal cəmiyyət quruculuğuna dəxli yoxdur, səhv edir! Sərhədsiz Vətən, Vətənsiz cəmiyyət olmadığı üçün!

Əgər bu gün sərhədlərimizə tam sahib ola bilməmişiksə, deməli, Vətənimiz və cəmiyyətimiz natamamdır, deməli, Mübarizimiz azdır, mübarizliyimiz zəifdir, deməli, hədəfimiz özgə, meyarımız özəldir və nəhayət, tamlaşmaq vaxtıdır! Amma bu "nəhayət" kifayətdirmi ki, övladlarımıza natamam Vətən qoyub getməyək, onsuz da ata-babalarımız o ki var itiriblər, bölüblər, bölünüblər... Heç olmazsa biz bu bədnam ənənəni davam etdirməyək! Bacaracağıqmı?

Şəxsən məni həmişə bir sual düşündürür: niyə çox vaxt Vətənin səfasını görənlər cəfasını çəkmək istəmirlər? Vətən yolunda Mübariz olmaq üçün doğrudanmı sadə bir ailədə doğulub böyüməlisən?! Bəs, bu Vətənin hesabına varlanıb gözləri ayaqlarının altını görməyən, adları yalan-doğru cürbəcür sərgüzəştlərdə hallanan "övlad"ların övladlıq borcları harada qaldı? Əgər onlar bu borcu atalarının sərvətlərini artırmaq kimi başa düşürlərsə, onda gərək vətəndaşlığı və vətən daşını unutmasınlar. Birinci nə qədər müqəddəsdirsə, ikinci o qədər ağırdır.

Vətəndaş olmaq üçün "vətən daşı"na sahib olmaq azdır, bəlkə də lazım deyil. Vətəndaş olmaq üçün tamam başqa amallar uğrunda Mübariz olmaq gərəkdir. İndi (ümumiyyətlə, həmişə) Vətən qarşısında borcları olduğunu unudanlar üçün fürsət yaranıb. Bu amallar uğrunda Mübariz olmaq istədiklərini sübut etmək məqamıdır.

İnanın, buna ehtiyac var. Səngərdə növbə çəkən sadə kəndli balası əsgər yoldaşı kimi yanında hansısa yüksək çinli məmurun övladını görmək, səhra yeməkxanasında, yaxud çöldə, meşədə diz üstə tanınmış iş adamının oğlu ilə çörək kəsmək, üzdə olan akademikin nəvəsi ilə bir sırada addımlamaq, general balası ilə eyni kazarmada gecələmək istəyir. İstəyir ki, onlar da sinələrində avtomat bu Vətənin keşiyində dursunlar, səfası kimi, cəfasını da görsünlər. Gənclər arasında vətənpərvərlik hissini alovlandırmaq üçün bundan təsirli nə ola bilər ki... Məgər İkinci Dünya müharibəsi zamanı sovet əsgəri özünü düşmən tankının altına o zamankı rus şairlərinin şeirlərindən təsirlənərək atırdı? Xeyr! O, bilirdi ki, bu savaşda xüsusi imtiyazlı heç kim yoxdur, özünün, yaxud valideyninin tutduğu vəzifədən, daşıdığı səlahiyyətdən asılı olmayaraq, hamı Vətən əsgəri kimi ön cəbhədə, odun-alovun içindədir. Məgər Böyük Britaniyanın şahzadəsi Əfqanıstanda taliblərlə döyüşə Müdafiə Nazirliyinin çağırış vəsiqəsi ilə getmişdi? Yenə də xeyr! Şahzadə bilirdi ki, onun ingilis əsgərlərinin yanında olması nə deməkdir. Bəs, canı-qanı bizimlə bir olan Türkiyə... Məgər orada əsgər ən yüksək hörmətə boş yerdən malik olub? Təbii ki, yox! Qardaş ölkədə heç bir vəzifəli şəxsin, nüfuzlu generalın, sözü keçən siyasətçinin, imkanlı şou əhlinin ağlına belə gəlmir ki, övladını, yaxınını əsgəri xidmətdən yayındırsın. Belə hərəkət Türkiyədə inzibati cəzalarla yanaşı, çox böyük ictimai qınağa, sorğu-suala çevrilir.

Bizdə isə...

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-6 fevral.- S.3.