Harada Vətən var, orada şəhidlik, qəhrəmanlıq var

 

Dünyaya bəsirət gözüynən baxan aşıq Veysəl deyirdi: "Mənim sadiq yarım qara torpaqdır". Bir dəyərli qələm sahibi isə deyir: "Dünyada bir aşiq tanıyıram, torpağın, yurdun aşiqi. Yerdə qalan bütün sevdalar ötəri, gəldi-gedərdi". Hər iki məqamda söhbət bizə babaların əmanəti, ataların qeyrəti, anaların isməti sayılan torpaqdan gedir. Torpağı qoruyanların, lazım gələndə canını qurban edənlərin isə bir adı var, Şəhid!

1400 ildən bəri bəşəriyyətə elm və hikmət bəxş edən Qurani-Kərimdən də məlum olur ki, harada Vətən var, orada şəhidlik, qəhrəmanlıq var.

Görünür, Odlar yurdu Azərbaycanın taleyinə daha çox şəhid vermək yazılıbmış... Bizdən əvvəl baş verənlərin tarixini vərəqləmədən də deyə bilərik. Qarabağda doğma yurdun hər otu, çiçəyi şəhid qanıyla suvarılıb. Belə şəhidlərdən, sözün əsl mənasında, yurd aşiqlərindən biri haqqında danışmaq istərdik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq və rəşadət göstərmiş Əvəz Əli oğlu Novruzov 1940-cı il oktyabrın 28-də Ağdərə (keçmiş Mardakert) rayonunun Başgüney kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra keçmiş SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət keçmiş, 1962-1967-ci illər Ağdam Kənd Təsərrüfatı Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirərək aqronomluq ixtisasına yiyələnmişdi. Tələbəlik illərində idmanın sərbəst güləş növü üzrə respublika və SSRİ çempionatlığında keçirilən seçmə turnirin qalibi kimi idman ustası adına layiq görülmüşdür. Bir neçə təsərrüfat birliklərində briqadir, müdir və baş aqronom kimi məsul vəzifələrdə çalışmışdı. İşdə qazandığı uğurlara və ictimai fəaliyyətinə görə fəxri fərman və medallarla təltif olunmuşdu. Dəfələrlə rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Hər zaman mübarizliyi, vətənpərvərliyi ilə seçilən Ə.Novruzov torpaqlarımızda yaşayıb ona xəyanət edən ermənilərin müəyyən yer adlarını dəyişdirib erməniləşdirdikləri barədə dəfələrlə Azərbaycan SSR KP Mərkəzi Komitəsinə yazılı məlumat vermiş və tədbir görülməsi tələbini irəli sürmüşdü. Buna görə də ermənilər Əvəzə millətçi adı verərək, onun nəzarət altında saxlanılmasını Dağlıq Qarabağ Vilayət Komitəsindən tələb etmişdi.

Qarabağ müharibəsi başlananda Əvəz Novruzov respublikamızın ərazi bütövlüyünün qorunması üçün özünümüdafiə dəstələrinin yaradılması təşəbbüsünü irəli sürmüş, könüllü müdafiə dəstəsi yaradaraq ona komandirlik etmişdir. Sonradan bu təşəbbüsə Sırxavənd, Ortagüney, Xatınbəyli, Manik və digər kəndlər də qoşulmuşdur. 1990-1992-ci illərdə Əvəz Novruzovun rəhbərlik etdiyi dəstə bir çox mühüm əməliyyatları uğurla yerinə yetirmişdir. 1992-ci il fevral ayının 5-də Qazançı kəndi erməni quldurlarından təmizlənərkən Xankəndi istiqamətindən gələn düşmən qüvvələrinin məhv edilməsini "N" saylı özünümüdfiə alayının komandiri Şirin Mirzəyev cəsur komandirə tapşırmışdır. Bu döyüşdə 30-a yaxın erməni qulduru və 2 ədəd BMP-2 məhv edilmişdi. 1992-ci ilin fevral ayında ermənilərin Sırxavənd kəndinə hücumu zamanı Ə.Novruzov öz dəstəsi ilə düşmən qüvvələrinin arxasına keçərək ermənilərin 17 canlı qüvvəsini, bir top, bir artilleriya qurğusunu gəzdirən hərbi texnikasını məhv etmişdi. Sonradan düşmənin Manik kəndinə hücum etdiyi ərəfədə də Başgüney, Ortagüney və Xatınbəyli kəndlərinə köməyə gələn dəstələrə Əvəz Novruzov komandirlik etmiş, düşmən geri oturdulmuşdu.

1992-ci il mart ayının 12-də çoxsaylı erməni hərbi birləşmələri Sırxavənd, Başgüney, Xatınbəyli, Ortagüney və Manik kəndlərinə artilleriya və zirehli texnikanın köməyi ilə hücuma keçdiyi zaman igid komandir öz əsgərləri ilə birlikdə adlarını qəhrəmanlıq tarixinə yazdılar. Səhər saat 7-dən axşam saat 10-a qədər davam edən bu döyüşdə düşmənin bir neçə hücumu dəf edildi. Lakin əlavə qüvvələrin köməyilə Başgüney kəndi mühasirəyə düşdü. Çıxılmaz vəziyyətin 700-ə yaxın qoca, qadın və uşaqlardan ibarət dinc sakinlər üçün pis nəticələnəcəyini görən Əvəz Novruzov mühasirəni yarıb camaatı çıxarmaq əmrini verdi. Bu qeyri-bərabər döyüşdə ermənilər 100-dən artıq canlı qüvvə itirdi. Son anadək döyüş mövqeyini tərk etməyən Əvəz Novruzov və igid döyüşçüləri Qəzənfər Aslanov, Möhü İbrahimov, Ələddin Abdullayev və digərləri yüzlərlə insanı öz həyatları bahasına xilas etdilər.

Xatırladaq ki, həmin döyüşdə Ə.Novruzovun oğlu, qardaşı da şəhidliyin zirvəsinə ucaldılar. Əvəz Novruzovla çiyin-çiyinə döyüşmüş Qarabağ müharibəsi əlili, "Azərbaycan Bayrağı" ordenli Nağı Novruz deyir: "Əvəz Novruzov təkcə cəsur döyüşçü, ağıllı komandir deyildi, həm də müdrik ağsaqqal, sağlam şəxsiyyət idi. Hər zaman bizə Azərbaycanın qəhrəman, ziyalı və tarixi şəxsiyyətləri haqqında söhbət edərdi. Ermənilərin qorxaq və nankor olduğunu deyərdi. Nağı Novruz onun üçün ağır olan bir məqamı da yada salaraq deyir ki, 1991-ci ilin avqust ayında ermənilər qəfil hücumu zamanı atamı və qardaşımı öldürmüşdülər. O vaxt hamıdan əvvəl Əvəz dayı ov tüfəngi ilə köməyimizə çatmışdı.

Bu da qəhrəman komandirin özünümüdafiə dəstəsində döyüşən ən kiçik yaşlı əsgəri Azər Kərimovun xatırlamasıdır: "Alim Göyüşov, Sərvər Həsənov, Ayaz Mustafayev və Əvəz dayının öz oğlu Ziya Novruzov döyüşlərə qatılanda hələ 18 yaşına çatmamışdıq. Amma Əvəz dayı erməni quldurlarına qarşı bizdə elə nifrət hissi yaratmışdı ki, döyüş vaxtı sevinirdik ki, onların üzərinə gedəcəyik və torpaqlarımızı qatillərdən təmizləyəcəyik".

Əvəz Novruzovun qəhrəmanlıqla dolu döyüş tarixçəsindən danışanların sayı bununla bitmir. Onu tanıyanların hamısı sanki bir əfsanəvi qəhrəmandan söz açır. Və sonunda da hər kəsin inandığı bir məqam var. Əvəz kimi oğulların qanı yerdə qalmayacaq.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2011.-6 fevral.- S. 3.