Münxendə təhlükəsizlik
məsələlərinə dair konfrans davam edir
Fevralın 4-də Münxendə təhlükəsizlik məsələlərinə dair 47-ci konfrans açılmışdır. Konfransda 50 ölkəni təmsil edən nümayəndələr, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, parlament üzvləri və ekspertlər iştirak edir. Konfransın işində Azərbaycanı ölkəmizin xarici işlər nazirliyinin rəhbəri Elmar Məmmədyarov təmsil edir.
Şimali Afrikada və Yaxın Şərqdə vəziyyətin dəyişməsi ilə əlaqədar, konfransın gündəliyinə təcili dəyişikliklər etmək lazım gəlmişdir. Müzakirələrin əsas mövzusu Misirdə və digər ərəb ölkələrində vəziyyət məsələsidir. Planlaşdırılan mövzular arasında kibernetik müharibələrdən səmərəli müdafiə sistemlərinin yaradılması məqsədilə beynəlxalq əməkdaşlığı da qeyd etmək olar. Bundan əlavə, həmişə olduğu kimi, transatlantik münasibətlərin inkişafı, NATO-Rusiya əməkdaşlığının perspektivləri, habelə Əfqanıstanda vəziyyət də müzakirə ediləcəkdir.
Münxen konfransı təkcə Almaniyada deyil, bütün Avropada, ola bilsin ki, bütün dünyada təhlükəsizlik məsələlərinə dair ən mühüm forum hesab edilir. Dünyanın aparıcı siyasətçiləri və bu sahə üzrə ekspertlər hər il fevralın əvvəlində Bavariya paytaxtında toplaşırlar. 3 gün davam edən forum məşvərət xarakteri daşıyır. Münxen konfransının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, müzakirələrin çox vaxt qızğın keçməsinə baxmayaraq, forum iştirakçıları heç bir qərar qəbul etməli deyildirlər. Konfransın üstünlüyü budur ki, onun iştirakçıları hər hansı kompromis qərar tapmağa və ya bu qərarın axtarışına təkan verməyə vaxt itirməli olmurlar, yekun sənəd qəbul edilməsi tələb olunmur. Sadəcə olaraq, müzakirə edilən məsələlər barədə müxtəlif mövqeləri dinləmək və istənilən qədər mübahisə etmək olar.
Münxen konfransı keçirilən günlərdə "Bayerischer Hof" otelində danışıqlar üçün ayrılmış otaqlarda BMT baş katibinin ABŞ dövlət katibi ilə birlikdə çay içməsinin, yaxud İran və İsveçin xarici işlər nazirlərinin ucadan mübahisə etməsinin şahidi olmaq mümkündür. Bu cür qeyri-rəsmi şəraitdə ünsiyyət imkanı Münxen forumuna xüsusi cəlbedicilik verir. Hərçənd, bu konfransın əleyhdarları (belələrinin də sayı az deyil) onu müharibə qızışdırıcılarının toplantısı adlandırırlar. Buna görə də forum iştirakçılarını radikal əhval-ruhiyyəli nümayişçilərdən qorumaq üçün bir neçə yüz polis işçisi cəlb etmək lazım gəlir.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Münxen
Azərbaycan.- 2011.-6 fevral.- S. 3.