Londondakı konfransda amerikalı tarixçi erməniləri ifşa etmişdir

 

London İqtisadiyyat Universitetində keçirilmiş "Türk-erməni münasibətləri: əsassız ittihamlar, yalanlar və erməni problemi" mövzusunda konfransda çıxış edən ABŞ-ın Luisvill Universitetinin professoru Jastin MakKarti ermənilərin soyqırımı iddialarının uydurma olduğunu və bu məsələnin Amerika-ingilis mətbuatında birtərəfli işıqlandırıldığını söyləmişdir.

Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz, İngiltərə Türk Dərnəkləri Federasiyasının üzvləri və tarixçi alimlərin iştirak etdikləri konfransda amerikalı tarixçi ermənilərin hücumuna məruz qalmışdır.

Professor MakKarti 1890-cı ildən başlayan hadisələrə toxunaraq bildirmişdir ki, bütün bu iddiaların mənbəyi o zaman ingilis və Amerikan mətbuatında erməni yalanlarına istinadla Osmanlı imperiyası və türklər haqqında yayılan əsassız xəbərlərdir. Həmin illərdə baş vermiş köçlərin və qətliam iddialarının hələ əvvəlcədən Qərb mətbuatında yer alması da şübhə doğuran amildir. Bu qəzetlərin bölgədə öz müxbirləri yox idi və ermənilərdən aldıqları məlumatları yayırdılar. Ən qəribəsi odur ki, xəbər və məqalələri yazanlar təxəyyülünə güc verərək hadisələrin çoxunu uydururdular.

Amerikalı tarixçi bölgədəki missionerlərin də öz mənafelərinə uyğun olan və həqiqəti əks etdirməyən müxtəlif kitablar yazdığını, onların "öz hekayələrini özləri uydurduqlarını" demişdir. Təəssüf ki, bir sıra siyasi ambisiyaları olan lobbi təmsilçiləri bu yalanları bu gün də həqiqət kimi təqdim edirlər.

Jastin MakKarti o dövrdə mətbuatda dərc olunmuş müxtəlif xəritələri də konfrans iştirakçılarına göstərərək, diqqəti onlardakı böyük səhvlərə yönəltmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-6 fevral.- S. 3.