Azərbaycanın Misirdəki səfirliyi
fəaliyyətini davam etdirir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Misirdə 2011-ci il yanvarın 25-dən başlayan kütləvi iğtişaş və etiraz aksiyalarının daha da kəskinləşməsini, insan həyatına təhlükə yaradan halların meydana çıxmasını, səfirliyimizin əməkdaşı N.Qocayevin yanvarın 29-da həlak olmasını və onun cənazəsinin tez bir zamanda Azərbaycana çatdırılması zərurəti nəzərə alınaraq, Misirdə müvəqqəti və daimi yaşayan azərbaycanlıların Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında təxliyəsi təşkil olunmuşdur. Bu göstərişin icrası məqsədi ilə səfirliyimizdə operativ qərargah və "qaynar xətt" xidməti təşkil olunmuş, vətəndaşlarımızın qısa müddətdə və operativ şəkildə toplanması və hava limanına çatdırılması həyata keçirilmişdir.
Yanvarın 30-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin xüsusi çarter reysi ilə, 23-ü uşaq olmaqla, 103 nəfər azərbaycanlı, o cümlədən N.Qocayevin cənazəsi operativ qaydada və təhlükəsiz şəraitdə Vətənə çatdırılmışdır.
Misirdə siyasi böhranın və qeyri-sabit vəziyyətin davam etməsinə baxmayaraq, səfirliyimiz fəaliyyətini və Misirdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsini davam etdirmişdir. Səfirlikdə qeydiyyata düşməyən vətəndaşlarımızın toplanmasında müəyyən çətinliklər olsa da, bütün vasitələrdən istifadə edilmiş, həmin vətəndaşlarımızla da əlaqələrin qurulması təmin olunmuşdur.
Xüsusi reyslə həyata keçirilmiş təxliyə əməliyyatından sonra, yanvarın 31-dən fevralın 3-dək daha 60 nəfər Azərbaycan vətəndaşı Misirdən çıxarılmış, Türkiyənin Qahirədəki səfirliyinin dəstəyi ilə "Türk Hava Yolları"nın təyyarələri ilə İstanbula yola salınmışdır. Az sayda digər bir qrup isə Moskvaya göndərilmişdir. Onlar da İstanbul və Moskva şəhərlərindən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarələrlə heç bir xərc tələb olunmadan Vətənə çatdırılmışlar.
Ümumiyyətlə, bu müddət ərzində Misirdən yola salınan şəxslər arasında Azərbaycan vətəndaşları ilə bərabər, milliyyətcə azərbaycanlı və yaxud qarışıq ailələrin nümayəndələri, amma Rusiya və digər ölkələrin vətəndaşları da olmuşdur.
Misirdəki
qeyri-sabit və təhlükəli vəziyyətə
baxmayaraq, Azərbaycan Respublikasının MƏR-dəki səfirliyi
məhdud rejimdə olsa da, fəaliyyətini davam etdirir və
müəyyən səbəblər üzündən hələ
də bu ölkədə qalan vətəndaşlarımıza
yardım göstərməkdə davam edir.
Azərbaycan.- 2011.-6 fevral.- S. 5.