Karib adalarından Vətənə...
Azərbaycan gəncliyinin son illər Vətənə ləyaqətli xidməti bütün sahələrdə özünü göstərməkdədir. Təbii ki, bu, ilk növbədə, yetişməkdə olan gəncliyə dövlət və hökumət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Azərbaycandan kənarda yaşayıb, onu layiqincə təmsil etmək isə bu torpaqda doğulub-doğulmamasından asılı olmayaraq, hər bir soydaşımızın Vətənə övladlıq borcudur. Muzeylər mərkəzində 120 əsərdən ibarət fərdi foto-sərgisi keçirilən Lalə Ağayeva-Lambert də gənc nəsli təmsil edənlərdən biridir.
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva sərgini açaraq, müəllifi qonaqlara təqdim edərkən bildirdi ki, Lalə Ağayeva-Lambert respublikanın tanınmış cərrahı, akademik Böyükkişi Ağayevin ailəsində dünyaya göz açıb. Peşə fəaliyyəti ilə əlaqədar Azərbaycandan uzaqlarda - Karib adalarında yaşayan gənc fotoqraf-rəssamın sərgiyə təqdim etdiyi əsərlərin hər birinin maraq doğuran məzmunu var. Daha çox fantaziyaya söykənən və peyzaj janrına üstünlük verən müəllifin "Kölgələr nə vaxt yox olur" adlı foto-sərgisində daha çox "Nardaran peyzajı"nın diqqət çəkməsi heç də təsadüfi deyildi. Müəllif bu əsəri ilə doğulduğu Azərbaycana məhəbbətini bir daha sərgiləməyə çalışıb.
Hər dəfə Vətənə gəlişində diqqətini çəkən maraqlı görüntüləri fotoyaddaşa köçürüb uzaq Karib adalarına apardığı kimi, yaşadığı uzaq Karib adaları və gəzib-dolaşdığı dünyanın ekzotik mənzərələrindən ibarət kolleksiyasını da özü ilə gətirməyi unutmayan foto-rəssam bu dəfə də sənət nümunəsi sayılacağına əmin olduğu xeyli əsərlə Azərbaycana qayıtdığını bildirdi.
Xalq rəssamı Ağaəli İbrahimov və digər peşəkarlar sərgiyə təqdim olunan hər bir əsər barəsində dəyərli fikirlər söylədilər.
Sərgidə iştirak edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri də gənc fotoqraf-rəssamın sənət nümunəsi sayılacaq əsərləri barədə fikirlərini bölüşərək, müəllifə yaradıcılıq uğurları arzuladılar.
Sonra Azərbaycanda ilk dəfə fərdi sərgisini təşkil etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Muzeylər mərkəzinin kollektivinə, eləcə də qonaqlara təşəkkürünü çatdıran müəllif gündən-günə gözəlləşən paytaxt Bakının, ümumiyyətlə, doğma Azərbaycanının hər guşəsindəki göz oxşayan, heyranedici təbiət mənzərələrindən ibarət fotolarını vətəndən uzaqlardakı tamaşaçılara çatdırmağı özünün vətəndaşlıq borcu, vətənpərvərlik duyğusu hesab etdiyini bildirdi.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-6 fevral.- S. 5.