Ermənistan tənəzzülün kəskin mərhələsinə qədəm qoyur

 

Ağır sosial-iqtisadi vəziyyət demoqrafiya probleminin daha da dərinləşməsinə səbəb olub

 

Sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanda bütün sahələrdə olduğu kimi, sosial sferada da yaşanan çətinliklərin miqyası durmadan genişlənir. Real vəziyyəti qiymətləndirən erməni sosioloqlarının qənaətincə, proseslərin gedişi Ermənistan iqtisadiyyatının iflic vəziyyətə düşdüyünü göstərməklə yanaşı, ölkəni tezliklə etiraz dalğalarının bürüyəcəyini də qaçılmaz edir. Ermənistan parlamentinin deputatı Lilit Qalstyan da bu fikirləri bölüşənlər sırasında yer alır. Onun sözlərinə görə, artıq indidən qeydə alınmağa başlayan sosial zəminli etirazlar tezliklə böyük bir qiyama çevrilə bilər.

 

Ermənistanda ümumi vəziyyəti qiymətləndirən ekspertlər hesab edirlər ki, ölkə uçuruma yuvarlandığı üçün xalq indiki iqtidarın mümkün qədər tez hakimiyyətdən getməsini istəyir. Çünki hakimiyyətin yarıtmaz siyasəti Ermənistanda bütün sahələrdə, o cümlədən iqtisadiyyatda ciddi tənəzzül yaradıb. Bunun ağırlığını isə dövlət əmlakını talan edən, korrupsiya və rüşvət sayəsində böyük varidat toplayan məmurlar yox, yalnız sadə xalq öz üzərində hiss edir. Sözügedən kontekstdə ona da diqqət çəkilir ki, səfalət içində yaşayan əhalinin aprelin 1-dən etibarən təbii qaza görə əlavə vəsait ödəmək məcburiyyətində qalması xalqın güzəranını daha da pisləşdirəcək. Xatırladaq ki, aprel ayından başlayaraq Rusiyanın "Qazprom" şirkəti Ermənistana satdığı təbii qazın qiymətinin artırılacağını bildirib. Bundan sonra isə Ermənistanda qaz satışını həyata keçirən "ArmRosGazprom" əhaliyə qazın 1 kubmetrinin 132 drama (0,33 dollar) satılacağını açıqlayıb. Bu isə əvvəlki tarifdən 37,5 faiz çoxdur. Xatırladaq ki, Ermənistanda ötən ilin aprelində əhaliyə satılan təbii qazın qiyməti qaldırılmışdı. Həmin vaxt bu, Ermənistanda digər sahələrdə qiymət artımına, o cümlədən ərzaq mallarının bahalaşmasına gətirib çıxarmışdı. İndi də analoji halın yaşanacağına heç bir şübhə olmadığından əhali arasında böyük təşviş yaşanır və bu da öz növbəsində hakimiyyətdən narazılığı daha da gücləndirir. Ermənistan mediası bildirir ki, təbii qazın bahalaşmasından sonra bütün məhsullara və bütün növ xidmətlərə görə qiymətlərin qalxacağını demək üçün falçı olmaq lazım deyil.

Qiymət artımı əslində yeni ildən etibarən özünü qabarıq şəkildə büruzə verməyə başlayıb. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, təkcə yanvarda ümumilikdə 3 faizdən artıq bahalaşma qeydə alınıb. Lakin müstəqil ekspertlər bahalaşmanın daha çox olduğunu və ən azı 8-9 faiz təşkil etdiyini bildirirlər. Erməni iqtisadçısı Şavarş Stepanyan isə bildirir ki, əhali yeni qaz tariflərinə uyğun ödəmələr edilməsini həyata keçirə bilməyəcək: "Birmənalı həqiqətdir ki, Ermənistanda hakimiyyət tərəfindən olduqca yarıtmaz bir siyasət həyata keçrilir. Hələ də fəsadları özünü qabarıq büruzə verən qlobal böhran, ölkə hakimiyyətinin reallığa əsaslanmayan absurd siyasəti xalqın acınacaqlı vəziyyətdə yaşamasına səbəb olmaqdadır. Bu gün Ermənistanda hansı sahəyə diqqət yetirsəniz, kütləvi işsizliyin şahidi olarsınız. Belə vəziyyətdə enerjidaşıyıcılarının qiymətlərinin qaldırılması vəziyyəti daha da ağırlaşdırır. Fikrimcə, hökumət enerjidaşıyıcıların qiymətinin qaldırılması ilə yanlış addım atır. Çünki əhalinin böyük əksəriyyəti bundan əvvəl də enerji tariflərini ödəməkdə çətinlik çəkirdi. Qiymətlərin qalxmasından sonra enerji haqlarının toplanmasında indi daha böyük kəsir yaranacaq".

Ermənistan mediasında yayılan digər məlumata görə, hökumət sosial xərclərin icrasında problemlərlə üzləşib. Xüsusən də əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin verilməsində böyük gecikmələr qeydə alınır. Təqaüdlərin verilməsinin ləngiməsi baş nazir Tiqran Sarkisyanla əmək və sosial məsələlər naziri Artur Qriqoryan arasında ciddi polemikaya çevrilib. Sonuncu təqaüdlərin gecikməsini pensiyaların verilişini həyata keçirən təşkilatın yenilənməsi ilə əsaslandırmağa cəhd göstərib. Lakin Ermənistan mediası bildirir ki, Tiqran Sarkisyanla Artur Qriqoryan arasında baş verən ziddiyyətlər sadəcə ictimaiyyəti aldatmağa yönəlmiş görüntüdən başqa bir şey deyil. Əslində isə hökumət büdcəni doldurmağa və büdcədən maliyyləşənlərin pulunu ödəməyə vəsait tapmadığından belə vəziyyət yaşanır.

Hesab olunur ki, hadisələrin belə gərginləşməsini şərtləndirən ilk əsas amil qlobal iqtisadi böhran nəticəsində Ermənistanda xeyli sayda iş yerinin bağlanmasıdır ki, bu da vergi hesabına büdcə daxilolmalarının miqdarını nəzərəçarpacaq dərəcədə azaldıb. İkinci tərəfdən Ermənistanın ixrac məhsullarının əsasını təşkil edən metalların dünya bazarında qiyməti xeyli azalıb. Bu da Ermənistan büdcəsinin doldurulmasında əlavə problemlər yaradır. Ermənistana xaricdən göndərilən pulların azalması isə dövlətlə yanaşı, əhalinin də maddi durumunu xeyli çətinləşdirib. Bütün bunlar sonda ölkədə sosial zəmində narazılıqları gücləndirir. Proseslərin gedişini qiymətləndirən Ermənistan Sosioloji Assosiasiyasının prezidenti Qevorq Poqosyan da bildirir ki, hakimiyyət fərqində olmaq istəməsə belə əhalinin durumu getdikcə ağırlaşmaqdadır: "Hazırda mən Ermənistanın özünüməhv yolunu getməsindən qorxuram, çünki biz XXI əsrdə bir sıra ölkələrin səmərəsiz idarəçilik səbəbindən müflis olmalarının və böyük beynəlxalq ittifaqlara qoşulmalarının şahidi olacağıq. Ermənistanın özünüməhv yolu ilə getməməsi üçün hər şey etmək lazımdır, çünki bu gün ölkədə ümumi tendensiya mənfidir".

Ölkəsinin daxili siyasi vəziyyətinə toxunan sosioloq qeyd edib ki, həm Ermənistanda, həm regionda hazırda baş verən proseslər qarşıdan gələn seçkilərə daha güclü təsir göstərə bilər, məsələn, 2008-ci il 1 mart hadisələri təkrarlana bilər. Xatırladaq ki, 2008-ci ilin martında Ermənistanda polislə mitinqçilər arasında baş verən qarşıdurma zamanı 10 nəfər həlak olub.

Ermənistanın Milli Statistika Xidmətinin demoqrafiya və qeydiyyat şöbəsinin rəisi Karin Quyumcan mövcud ağır sosial-iqtisadi durumda ölkədə demoqrafik problemlərin daha kəskin formada qabarmasına nəzər salır. Onun sözlərindən belə aydın olur ki, Ermənistanda doğum tempi kəskin şəkildə aşağı düşüb.

Erməni sosioloq Aqaron Adibekyan da xəbərdarlıq edib ki, Ermənistanda doğum göstəricisi çox aşağıdır və bu o deməkdir ki, erməni cəmiyyəti qocalır: "Dünyada orta doğum göstəricisi hər 1000 nəfərə 20-dir. Hər 3-4 qadın 5 uşaq doğmalıdır, bizdə isə hər 3 qadın 2 uşaq dünyaya gətirir. Bu, həm də evlənmə yaşının özünün "qocalması" ilə əlaqəlidir. Neçə ki, bizim evlənən qızlarımız 3, oğlanlar isə 7 yaş "qocalıb", yaşlı cütlükdən uşaq gözləmək çətin məsələdir". Sosioloq burada maddi durumun da əsas rollardan birini oynadığını diqqətə çatdırıb.

Lakin Ermənistanda demoqrafik problemin kəskinləşməsinə yol açan mühüm səbəblərdən biri həmişəki kimi miqrasiyadır. Araşdırmalara görə, əgər 1999-cu ilə qədər əhali iş yerinin olmaması səbəbindən Ermənistanı tərk edirdisə, indi yaşamaq üçün lazımi qədər qazanc əldə edilməməsi mühüm faktorlar kimi üzə çıxmağa başlayıb. Bu səbəbdən də 1999-cu ildən başlayaraq Ermənistanı təkcə işsizlər yox, həm də müəyyən işi olan şəxslər də tərk etməyə başlayıb. Çünki onların gördükləri iş müqabilində qazandıqları vəsait özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarının ödənilməsinə imkan vermir və bu proses indi də davam edir. Ekspertlər bildirir ki, artıq yaxın illərdə bütöv ölkə miqyasında əhalisizləşmə prosesi və ölüm sayının artması daha qabarıq şəkildə müşahidə olunacaq. Bununla yanaşı, Ermənistanda demoqrafiya ilə bağlı müşahidə edilən digər maraqlı proses əhalinin qocalması, eləcə də orta yaş həddinin aşağı düşməsidir. Səhiyyə problemlərinin miqyasının durmadan genişlənməsi, doğum səviyyəsinin aşağı düşməsi, əhalinin ümumi say tərkibində uşaqların xüsusi çəkisinin azalması Ermənistanda demoqrafik qocalmanı qaçılmaz edir.

Rəsmi rəqəmlərə görə, son 20 ildə Ermənistanı 1,5 milyon insan tərk edib. Qeyri-rəsmi rəqəmlər bu göstəricinin daha artıq olduğunu və 2 milyona yaxınlaşdığını göstərir. Ermənistanın ümumi əhalisinin rəsmi rəqəmlərdə 3,2 milyon nəfər olduğu nəzərə alınarsa, onda belə çıxır ki, hazırda işğalçı ölkədə təxminən 1 milyon insan qalıb. Onun da böyük əksəriyyətini qocalar və qadınlar təşkil edir. Bütün bunlar Ermənistanın bir cəmiyyət olaraq öz məhvinin astanasında olduğunu aydın şəkildə nümayiş etdirir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-6 fevral.- S. 5.